"Tərcümə
təcrübələri", yoxsa tərcümə dərsləri?!
SEYFƏDDİN HÜSEYNLİNİN KİTABI HAQQINDA
DÜŞÜNCƏLƏR VƏ QEYDLƏR
Mənə görə, orijinal əsərlə
müqayisədə tərcümənin ədəbi zəhməti
daha böyükdür. Tərcüməçinin
yazıçı ilə əsərləri vasitəsilə
tanışlığı - bədii ədəbiyyata
baxış prizması, təmsil olunduğu xalqın
özünəxas həyat, davranış tərzinə,
yazı manerasına bələdliyi, mətndə təsvir
olunan hadisə-əhvalatın səciyyəvi xüsusiyyətlərini,
obrazların xarakterini duya bilməsi, bir növ işinin istiqamətini
bəlli edən kompasdır. Bir məqam da tərcüməyə
aldığı əsərə nə kimi keyfiyyətlərinə
görə üstünlük verməsidir. İlk baxışda
nəzəri cəlb etməyən digər incəlikləri də
gözə alsaq, əsas olan tərcüməçinin
hansı qayda və meyarla işləməsi prinsipidir. Nəticə
etibarilə, oxucunun görmək istədiyi və sonda qane
olacağı tərcümənin səviyyəsidir...
Əslində bu fikirləri düşüncəmdə
yaradan tanınmış ədəbiyyatşünas, tərcüməçi,
esseist, redaktor Seyfəddin Hüseynlinin yaxın zamanda
oxuduğum "Tərcümə təcrübələri"
kitabı oldu. Toplu ilə ilk tanışlıqdan aydın oldu
ki, onun tərcüməyə seçdiyi ölkələr,
müəlliflər, müxtəlif janrlarda qələmə
alınmış bədii mətnləri dilimizə
çevirməkdə məqsədi, Azərbaycan oxucusunu
dünya ədəbiyyatının ən yaxşı nümunələri
ilə tanış etmək, diqqəti örnək ola biləcək
məqamlara yönəltməkdir. Bu isə Seyfəddin
Hüseynlinin tərcümə ədəbiyyatına ciddi, həm
də mükəmməl baxışının ən
yaxşı göstəricisidir.
Qeyd edim ki, tərcüməyə cəlb olunmuş
müxtəlif ölkə yazıçılarının əsərləri
ideya və məzmunu, dünyəvilik mahiyyət kəsb etməsi
baxımından tədqiq-təhlil üçün əsl
xammaldır. Lakin məqsədimiz tərcüməçinin
bu mətnləri Azərbaycan oxucusuna hansı səviyyədə
çatdırmasına münasibət bildirmək
olduğundan fikrimizi bu istiqamətə yönəltdik.
Topluda yazıçıların bir neçə janr və
istiqamətdə əsərləri (hekayələr, esselər,
söhbətlər) tərcüməyə alınıb. Hər
birinin də yazı üslubu, ahəngi fərdilik
baxımından maraqlı və cəlbedicidir. Bu halda tərcüməçidən
gözlədiyimiz, onun mətnlərə özəl
münasibəti, müəlliflərin fərqli yazı
üslubuna həssaslıqla yanaşması, səriştəsi,
ümumən işinin səviyyədir. Tərcüməçi
mətnlərin ifadə formasını, daxili quruluşunu
duymalı, "emal etməkdə" müəyyən təcrübəyə
malik olmalı, özünün ədəbi potensialına
güvənməlidir...
Qeyd etdiyimiz kimi, Seyfəddin Hüseynli müxtəlif
ölkə müəlliflərinin və əsərlərin
seçimində rəngarəngliyə diqqət edib. Hər
bir əsərin tərcüməsi də mətnin
doğurduğu prinsiplərə söykənir. Təbii ki,
müxtəlif mövzuda və xarakterdə olan əsərlərin
zərgər incəliyi ilə işlənməsi tərcümədə
ən vacib amildir. "Tərcümə təcrübələri"
ilə bağlı ilk başdan onu deyim ki, Seyfəddin
Hüseynlinin dünya ədəbiyyatından çevirdiyi
çeşidli əsərlər yazıçı, tərcüməçi
iddiasında olan gənclərə mövzu seçimində,
dil-üslub fərdiliyinə malik olmasında bir növ
nümunə olacaq mətnlər kimi qəbul oluna bilər.
Fikrimizcə, o, tərcüməyə əsl ədəbiyyat
nümunələrini seçməklə bir növ dünya ədəbiyyatının
örnəklərindən öyrən(t)məyi də diqqətə
almışdı. Unutmayaq ki, ədəbiyyatın
başlıca vəzifəsi öyrətmək, ictimai
şüura təsir və təlqin etməkdir. Öyməklik
olmasın, Xalis Ədəbiyyat Adamı kimi
tanıdığımız Seyfəddin Hüseynli bu halal
haqqı çoxdan qazanıb...
Bu əsərlərdə ədəbi
zövqümüzü oxşayan təhkiyə dilinin rəvanlığı,
insanların gündəlik həyatında müşahidə
olunan hadisə, davranış tərzi və vərdişlərin
bədii təcəssümünün düşüncəmizdə
doğurduğu qənaət belədir: tərcüməçi
mətnlərin təsir gücünü, ruhunun bir qətrəsini
belə itirmədən, ədəbiyyatımızın
çoxçalarlı, zəngin epitetlərini yerinə
oturtmaqla dilimizə çevirmişdir. Bu da tərcüməçinin
işinə peşəkarcasına yanaşması, mətnlərdə
dil-təhkiyə gözəlliyini incəliklə qoruması,
müəllif və personajları rahatlıqla idrak etməsinin
təzahürüdür.
lll
Seyfəddin Hüseynli Çin ədəbiyyatından
etdiyi tərcümələrində bəzi mövzuların
digər xalqların ədəbiyyatında bir başqa
biçimdə oxşarlığına "Tərcüməçidən"
yazısında aydınlıq gətirir. Eləcə də
xalqımızın yaratdığı qəhrəman
obrazların digər formada təsvirinə çinli
yazıçıların, əsərlərində, həmçinin
bir çox ölkələrin ədəbiyyatında
mövcud olan oxşarlıq və eyniliyi baxış müstəvisinə
gətirərək, maddi dəlillər əsasında paralellər
aparır: "Alt çənə" novellasını
bütün Şərqdə yayılan Molla (Xoca) Nəsrəddin
lətifələrinin "çinli əcdadı" saymaq
olar. Yaxud "Səfehlər kəndi"ndə baş verənlərə
Azərbaycan və dünyanın digər xalqlarının məişət
nağılları arasındakı eyniliyi görməmək
üçün gərək ədəbiyyatdan, folklordan
tamamilə xəbərsiz olasan. "Qabaqcadan bilinən
evlilik"də əsas ideya xətti insanın alın
yazısından qaça bilməməsi, taleyin, qismətin
qarşısında gücsüzlüyüdür. Bu
ideyanın təsirilə təxminən min il sonra, xüsusən
Latın Amerikası ölkələrindən
çıxmış nəhəng yazıçıların
qələmilə, bütün zamanların ən dəyərli
roman və hekayələri yaradıldı. "Paytaxtlı
alimin sərgüzəşti" novellasının müəllifi
Xuanfu Şini isə güclü və sağlam yumor hissinə,
duzlu qələminə görə tam ixtiyarla, birbaşa
böyük Qoqolun və ölməz Mirzə Cəlilin sələfi
saymaq olar. Xuanfu Şinin "mən-mən" deyib, sinəsinə
döyən, danışanda ağzına çullu dovşan
sığmayan, əslində isə miskin, qorxaq personajı
Qoqolun "Kolyaska", Mirzə Cəlilin "Qurbanəli bəy"
əsərinin qəhrəmanlarının çox-çox əski
nümunəsidir".
Mənə görə dünya ədəbiyyatına
bu cür izahlı yanaşmanın özü ədəbiyyatşünaslıqda
yeni bir istiqamətdən tədqiqat predmetidir. Belə
düşünmək olar ki, mövzuya ilkin və orijinal
baxış da Seyfəddin Hüseynliyə məxsusdur...
Tərcümədə peşəkarlığın
bir ümdə cəhəti də mütaliə zamanı əsərin
tərcümə olunduğunu unutmaqdır. Bu zaman oxucu
bütün marağı ilə özünü təsvir
olunmuş əhvalatın, həyatın içində və
personajın yerində hiss edir. Elə mən də bu əsərləri
oxuduqca bəzən onların tərcümə olduğunu
unudur, sanırdım ki, mətnlərin müəllifi Seyfəddin
Hüseynlinin özüdür. İndi təqdim edəcəyimiz
əsərdən müəllifin adını bir kənara
qoysaq, oxucu onun orijinal əsər olduğunu düşünər.
Belə ki, bədii mətndən duyduğumuz hiss, nəfəs,
ifadə-detallar əsərin ana dilimizdə
yazıldığı ehtimalını doğurar.
"Əcnəbiləri niyə sevmirik" hekayəsində
bir çox ölkələrdə mövcud olan ciddi qaydalar
kiçik hadisələrin fonunda təsvirə alınıb.
İlk baxışda hekayədən aldığımız nəticə
sadə təsir bağışlayır. İngiltərə
yazıçısı Cerom Klapka Ceromun bu hekayədə
xalqın həyat-yaşam qaydalarına bədii don geyindirmədən
təsvirə alması diqqət çəkir. İngilis
adamının təbiətini olduğu kimi açması, tərcüməçi
vasitəsilə bu xalqın düşüncə,
davranış tərzindən məlumatlı
olmağımız maraqlı olduğu qədər də həyat
gerçəkliyinin bədii ədəbiyyatda əksinin ən
yaxşı nümunəsi kimi diqqət çəkir. Əsərdən
aldığımız nəticə isə budur: qanunlara riayət
etmək hamının borcudur.
Oxuyuruq: "Anadangəlmə nəciblik - əcnəbilərin
ingilisdən üstünlüyü bundadır. İngilisin
tayı deyil əcnəbi: yalandan özünü nəcib adam
kimi göstərməyə can atmaz. Əcnəbi olan kəs hər
yeni il ərəfəsi "bundan belə daha yaxşı adam
olmaq" barədə özü-özünə söz verməyə,
sonra da bu vərdişinə, uzaqbaşı, yanvarın
ortalarınacan sadiq qalmağa vərdiş etməyib.
Çünki o, elə bütün il boyu öz nəcibliyində
qalır". Burdan belə digər əcnəbi ölkə
insanının mədəniyyəti, nəcibliyi ingilislərin
həyat tərzi ilə müqayisəli şəkildə təsvir
olunur. Və sonuncu cümlədə müəllif müqayisələrin
nəticəsində ingilis "nəcibliyinin" yerli-dibli
olmadığını açıq-aşkar söyləyir:
"Əcnəbilərdə anadangəlmə nəciblik var:
bax biz buna görə sevmirik onları!"...
Əsərin dilimizə belə səlis, axıcı,
rahat, mənəvi həzlə qavranılacaq tərzdə tərcüməsi,
çoxçalarlı detal və ifadələrin yerli-yerində
işlənməsi, bədii mətnin ədəbi
yükünü çəkə bilməsi Seyfəddin
Hüseynlinin işinə son dərəcə məsuliyyətlə
yanaşmağının, yüksək peşəkarlığının
təzahürüdür. Yeri gəlmişkən, tərcüməçinin
layiq olduğu bu fikirləri "Tərcümə təcrübələri"ndə
yer almış bütün mətnlər haqqında demək
olar...
Anatol Fransın (Fransa) "Yaxşıca mənimsənilmiş
dərs" hekayəsindən iqtibas etdiyimiz bu cümlə isə
uzun, mürəkkəb olmasının müqabilində
özünün rəvan və rahat oxunuşu ilə diqqətimizi
çəkdi: "- Sizə baxanda, xanım, mən Kukurbitus
Pigerin Strabona yazdığı şərhlə bizə
çatdırdığı bir rəvayətin, yəni qədimdə
Parisin və buradakı universitetin Lütesiya, yaxud Levtesiya, ya
da yunancadan çevirəndə "bəyaz" mənasını
verən "Leuke" sözündən törəmiş
hansısa oxşar kəlməylə
adlandırılmasının, buranın qadınlarının
- sizdəki qədər dümağ və parlaq olmasa da - bəmbəyaz
sinələrilə şöhrət qazanmalarının
inandırıcı, hətta tamamilə gerçək
olduğunu düşünürəm". Bax burda tərcüməçinin
öhdəsinə aldığı işin (özü də
belə bir uzun mürəkkəb cümlə!) əziyyətini
duymamaq, dəyərləndirməmək mümkün deyil...
Aleksandr Soljenitsının "Qara şam",
"İldırım", "Uqliç zəngi",
"Qocalmaq", "Zəng qülləsi", "Xəcalət",
"Bəd toxum" esselərində müəllifin
üslubunu, bədii məntiqini Azərbaycan oxucusuna məharətlə
çatdıra bilməsini təkcə Seyfəddin
Hüseynlinin deyil, ümumən tərcümə ədəbiyyatımızın
mühüm uğuru hesab etmək doğru olar. Şam
ağacının xarakteri, təbiəti, quruluşu
çoxlarının görə bilmədiyi, fərqində
olmadığı bir incəlik, həssaslıqla təsvir
olunur. Obraz kimi təqdim olunan bu ağacın yaşamı
insanın həyatı ilə
qarşılaşdırılır. Müəllif təbiətlə
insan arasındakı oxşarlığı məntiqi şəkildə
təsvir edir. Mətnin dilimizdə xalq ruhuna uyğun olan ahəngi,
yapışıqlığı, səliqəli, rəvan təsviri
fikrimi necə sardısa, "Qara şam"dan kiçik bir
budaq timsallı hissəni təqdim etməyə bilmədim:
"... Sonra da öz səmtinə aşıb, hündür
bir "bacı"sının dostyana açılmış
haçasına yıxıldı. Biz də eynən belə
oluruq: vicdan əzabının zərbəsi haqladısa,
içimizi və bütün ömrümüzü boydan-boya
dəlib keçir. Ondan sonra kim ölə, kim qala..." Burda
bədii detal-tapıntılara diqqət yetirdinizmi...
"boydan-boya dəlib keçmək",
"bacısının dostyana açılmış
haçasına yıxıldı", "ondan sonra kim
ölə, kim qala..." Bu bədii parçada insanın qəlbini
dələn dərdin, ağrının, mətnin ifadə
gözəlliyinin, doğurduğu həyəcanın dilimizin
ahəngində zərif, məntiqi və incə detallarla
işlənməsi və ustalıqla çevrilməsinin
güclü təsiri tərcüməçinin səriştə,
bacarıq və peşəkarlığının mükəmməl
təzahürüdür. Seyfəddin Hüseynlinin
bütün mətnləri orijinaldan, yaxud ikinci dildən etdiyi
tərcümələrində həyati detalları incəliyinədək
qavraya bilməsi, çətin anlaşılan ifadələrin
məna gözəlliyinin qarşılığını
tapması və yerində işlətməsi onun ana dilimizin, folklorumuzun
zəngin çalarlarına vaqif olduğunu göstərir. Tərcüməçi
üçün gərək olan ümdə cəhətlərin
zəruri olanı da budur.
İndi təqdim edəcəyimiz mətnin qəlbə,
şüura təsiri isə insanı bir başqa ovqata
kökləyir... "O dalğalanan zəng sədaları -
böyük Fəlakətin carçısı - Birinci
Qarışıqlığın ayaq səsləri idi.
İndi mənə də nəsib oldu bu: haradasa altdan-altdan
baş qaldıran Üçüncü Qarışıqlığın
həyəcan zəngini çaldım. Müqayisədən
necə yayınasan: xalqın bəsirətli həyəcanı
hakimiyyətin və basılmaz əyanların önündə
miskin bir maneədir yalnız - ha dörd yüz il əvvəl,
ha indi... " ("Uqliç zəngi"). Mətn hadisələrin
baş verdiyi dövrü, zamanı gözəl xarakterizə
edir. Amma tərcümə də zordu ha...
"Qocalıq heç də Tanrı cəzası
deyil, o, özü də bir nemətdir və xoş olan cilvələri
var... Ağlı başında qocalmaq aşağıya deyil,
yuxarıya aparan bir yoldur. Aclıq içində, soyuqda
keçən qocalıq nəsib etmə bircə, İlahi. Biz
o halda neçələrini tərk etmişik, neçələrini..."
("Qocalmaq").
Təbiətin canlı zümrəsinin həyatından
bəhs edən yığcam esselərdə belə, göz
önünə yaxşı və pis insan gəlir. Məsələn,
alaq otları ilə mədəni bitkilərin xisləti
açılanda birinin bədliyi, digərinin zəifliyi bədii predmet kimi önə
çıxır: "... alaq otları çılğın
bir əzmlə boy atır: nəinki hansısa bir
qayğı-qulluq görmədən, əksinə, -
cırnadıcı olan da burasıdır - hər cür
qayğıya rəğmən. Bu məsəl də oradan gəlir:
bəd toxum torpaqda çətin məhv olar". Yaxud da:
"Mədəni bitkilər niyə həmişə zəif
olur axı?" ("Bəd toxum") Bu əsərlərin bədii
çəkisi ağır olduğu qədər də fəlsəfidir.
Tərcüməçi də bu fəlsəfi nizamı
pozmadan, mətləbin zərifliyni, həssaslığını
saxlamaqla, bir ifadəyə belə, xələl gətirmədən
mətni dilimizə mükəmməl çevirmişdir.
Əsərlərdən gətirdiyimiz parçalar, bəzən
də onların məzmun və ideyasına varmaqda məqsəd,
əslində diqqəti tərcüməçinin ədəbi
zəhmətinə çəkməkdir. Biz Seyfəddin
Hüseynlini dünya ədəbiyyatında gedən prosesləri
izləyən, öyrənən və mütəmadi olaraq
onlardan seçmə nümunələri Azərbaycan oxucusuna
təqdim edən, mətnlərə ədəbi estetik
baxımdan yanaşan mükəmməl ədəbiyyatşünas,
ədəbi tənqidçi statusunda görürük.
Bu əsərlərin mütaliəsi zamanı
gördük ki, Seyfəddin Hüseynli mətnlərin ahəngini,
çoxçalarlı məna gözəlliyini bədii dəyərini
yüksək səviyyədə çatdırmaqdan
ötrü tərcüməni dilimizin zəngin
çalarları ilə təqdim edir. Onun bədii əsərlərdə
əsl tapıntı olan uğurlu cəhdlərini tərcüməyə
aldığı bütün mətnlərə şamil etmək
olar.
Seyfəddin Hüseynli illərin tərcümə zəhmətinə
qatlaşaraq gördüyü işlərə (kitaba) "Tərcümə
təcrübələri" adını verib. Mənsə,
onun yüksək ədəbi səviyyə və peşəkarlıqla
etdiyi tərcümələrini "Tərcümə dərsləri"
adlandırardım. Elə həqiqət olan da budur!
Şəfəq NASİR
Filologiya üzrə fəlsəfə doktoru
525-ci qəzet .- 2026.- 6 fevral(№5).-S.26;27.