Azərbaycanlı
oğlanla özbək qızının məhəbbəti...
Bir film haqqında düşüncələr - "Görüş"
Kino afişasını, bir qayda olaraq, qəsəbənin
mərkəzindəki qocaman çinar ağacının
gövdəsindən asırdılar. Bəlkə də
dünyanın heç bir yerində belə cəlbedici
afişa yazıla bilməzdi. Kinomexanik Əbülfət nələr
uydurmurdu? "Görməyə tələsin",
"Yalnız bu gün", "Axırda pələng gədənin
dədəsini yeyir", "Fərman müəllim də gələcək".
"Görüş" filmi isə nə müharibə
iştirakçısı Fərman müəllimlik idi, nə
də hind kinolarında olduğu kimi axırda pələng gədənin
dədəsini yeyirdi. Amma bu yeni filmin də reklamı mahiyyətcə
digərlərindən geri qalmırdı: qırmızı rəngli
yanpörtü hərflərlə "Görüş",
aşağıda mötərizə içində isə
"Azərbaycanlı oğlanla özbək
qızının məhəbbəti - həqiqi Leyli-Məcnun"
yazılmışdı.
Bəlkə də afişada yazılanların təsirindən
idi ki, axşam yay kinoteatrı ağzınacan
tamaşaçılarla dolmuşdu. Yer tapmayan uşaqlar
divarın o üzündəki əbrişim ağacına
dırmaşmışdılar. Kinoya ağacdan baxmağın
ayrı ləzzəti vardı, bir qəbahəti buydu ki, gərək
yuxulamayasan, yuxuladın ha, budaqların arasıyla necə
sürüşüb düşdüyündən xəbərin
belə olmurdu. Bu hallar, ələlxüsus, ikiseriyalı filmlər
göstəriləndə baş verirdi.
Film başlayanda biletyoxlayan Hökmalı gəlib kəsdirirdi
ağacın altını, uşaqlara hədə-qorxu gəlirdi,
deyirdi ya adambaşına 10 qəpik atın aşağı,
ya da sürüşün düşün, yoxsa milis çağıracam.
Hökmalının hədəsindən sonra asfalta düşən
qəpiklərin cingiltisi eşidilirdi. Filmə ağacdan baxmaq
üçqat ucuz başa gəlirdi, ona görə
böyüklərdən də ağaca dırmaşanlar
olurdu. Hamamın ocaqçısı Qara Qədir şax
budağı məngirləmişdi.
"Görüş" filmi tamaşaçılara
həm də ona görə maraqlıydı ki, bizim rayon da
pambıqçılıq rayonu idi və ekranda
gördüyümüz mənzərə, hadisələr,
insanlar necə deyərlər, bizə bir köynək
yaxın idi.
Film boyu ekrandakı hadisələrə münasibət
bildirənlər də tapılırdı.
- Ayə, məni qınamayın, deyəsən, bu,
bizim tərəflərin kəndidi axı. Vallah, Soltanlı kəndidi,
- orta sıradan kiminsə səsi gəldi.
- Böyük Mərcanlıya da oxşuyur, - başqa
biri əlavə elədi. - Ona bax, o kepkalı kişini
tanıyıram, evləri poçtun arxasındadır... Dinmə,
dinmə, sən ölmüyəsən, oxşuyur ki, bu
yaşlı kişi də özbək qızına vurulub!
Bu deyilənlərə Vıj-vıj Əli də
qoşuldu, xırıltılı səsi manşır idi,
film boyu atmacalarından, şərhlərindən qalmırdı.
Tamaşaçılar onun dedikləriylə
hesablaşırdılar. Kino başlar-başlamaz, Əli filmin
nəylə bitəcəyini görürdü, elə bil film
çəkəndə onunla məsləhətləşirdilər.
Başqalarını bilmirdim, bu sayaq söz-söhbət mənə
maraqlıydı. İnanırdım ki, ekranda gördüklərim
kino deyil, həyatdır və bəyaz pərdə də
dünyaya açılan pəncərədir və mən bu pəncərədən
boylanıb dünyaya baxıram.
Yenə Əlinin səsi gəldi:
- Vurulub, o da vurulub özbək qızına. Əlindəki
çiçək dəstəsinə fikir verin, siz allah. Sən
bunun yerişinə bax, sportsmendi e, sportsmen: bir-iki, bir iki... Təzə
ayaqqabı dabanını vurur... Sağ ol, Xasay məllim.
- Ayə! Aman verin kinoya baxaq! - Xankişioğlu Məhəmmədin
iradından sonra sakitlik çökdü, elə bil qurbağa
gölünə daş atmışdılar. Hamının
diqqəti ekrandaydı.
Gözümü ekrandan ayırmasam da, hiss edirdim ki,
sinif yoldaşlarım xəlvətcə məni süzür,
öz aralarında nəsə
pıçıldaşırlar.
Filmdəki Kamil mənim adaşım idi və qəribəydi
ki, familiyamız da eyniydi. Uşaqlar buna elə əhəmiyyət
verirdilər, guya filmin qəhrəmanı məndim, guya film mənim
həyatımdan bəhs edirdi. Burda nə vardı, bilmirdim,
nolar adam adaş olanda. Nə deyim, bəlkə də
dostlarım mənimlə ekrandakı Kamil arasında bir
xarakter oxşarlığı görürdülər. Bundan əməli-başlı
sıxılırdım. Keçən payız bizi - orta məktəb
şagirdlərini pambıq yığımına
aparmışdılar ki, kolxozçulara kömək eləyək.
İlk dəfəydi pambıq tarlası görürdüm, elə
bil yerin üzünə ağappaq nəhəng bir xalı sərmişdilər.
Gördüyümə heyran olmuşdum. Amma elə ki,
başladıq məhsul yığımına,
heyranlığım sönükdü, belə ağır
işə alışmamışdım. Mənim halımda
olanlar az deyildi. Qızlar biz oğlanlara yuxarıdan
baxırdılar, əslində buna haqları
çatırdı, əllə məhsul toplamaqda yaxşı
ad çıxarmışdılar. Qızlara cavabımız
bu olurdu ki, əllə pambıq yığmaq kişi işi
deyil... Oğlanlardan çoxunun karikaturasını divar qəzetinə
vurdular, kinodakı kimi.
Filmin qəhrəmanının - adaşım Kamilin
yerinə utanırdım, elə utanırdım, guya onun əməllərindən
ötrü mən cavabdeh idim. İşdən
yayınmağının, avaralanmağının
üstündə onun yerinə mən xəcalət çəkirdim.
Düzəlmək bilmirdi, işinin adı motosikleti at yerinə
ora-bura çapmaq idi.
"Heç görünən işdi? Gərək mənim
adaşım olaydı, özgə ad tapa bilmirdilər
ki?", - kinoçəkənləri özlüyümdə
qınayırdım. Təcrübə mübadiləsi
üçün Özbəkistandan gəlmiş qabaqcıl
pambıqçı Lala İsmayılovayla ilk
tanışlıqdan Kamilin ona yalan söylədiyini görəndə
isə lap bezdim, kinodan yarımçıq çıxmaq istədim.
- Baxarsınız, eşq-məhəbbət bu gədəni
axırda haqq yoluna gətirəcək. Məhəbbətin
aşırmadığı dağ yoxdur. - Əlinin səsiydi.
Onun sözləri məni saxladı, məndə ümid
oyandı ki, film maraqlı bir sonluqla bitəcək.
Ekrandan yayılan həzin musiqi Əlinin sözünə
qüvvət verirdi sanki. Mahnı adamın qəlbini titrədir,
ruhunu oxşayırdı. Bir nisgil vardı bu mahnıda. Baxdım
ki, yanımda oturmuş dostum Seyranın gözləri dolub, elə
mən özüm də doluxsunmuşdum. Zalda
cınqırını çıxaran yox idi,
tamaşaçılar aylı gecənin füsunkar mənzərəsi
fonunda səslənən ecazkar musiqinin sehrinə
düşmüşdülər. Özümün də
anlamadığım bir duyğu oyanmışdı qəlbimdə,
özbək qızını yalnız ekrandakılara deyil,
tamaşaçılara da qısqanırdım və
yaxşı bilirdim ki, bu hissləri təkcə mən
yaşamıram...
"Görüş" 50-ci illər kəndinin
romantikasıydı, Azərbaycan kəndinin mənzərəsini
canlandırır, kolxoz təsərrüfatının nailiyyətlərini,
xalqlar dostluğu ideyasını tərənnüm edirdi. Bu
cür filmlərə ehtiyac vardı. Vacib sənət
növü kimi kino insanların cəmiyyətdə öz yerlərini
tapmasında, onların formalaşmasında öz
sözünü deməliydi.
İkinci Dünya müharibəsindən sonra "yeni
kino" ənənələri yaranmaqda, təşəkkül
tapmaqda idi və təbii ki, Azərbaycan kinosu da bu yenilikdən,
təşəkküldən kənarda qala bilməzdi.
Stalinizmin süqutundan sonra demək olar sənətin hər
bir sahəsində, o cümlədən kinoda da yaradıcı
insanların əli-qolu açılmışdı,
az-çox sərbəstlik qazanmışdılar. Sənət
adamlarında həyata, cəmiyyətdəki hadisələrə
tənqidi yanaşmaq meyli baş qaldırmışdı. Biz
bunu 50-ci illər kinosunda, o cümlədən
"Görüş" filmində də görürük.
Bütün bunlar həm də insanlarda kino sənətinə
olan inamı, marağı artırırdı.
Tamaşaçı ekrandakı müsbət qəhrəmanlarla
yanaşı, həyatdakı mənfi tiplərin, zəhmətdən
yayınanların, avaraların ümumiləşdirilmiş obrazlarını
da görür, onları tanıyırdı. Kinonun
insanların mənəviyyatına, əxlaqına təsiri
danılmaz idi.
Kinoya yeni mövzular, yeni qəhrəmanlar, personajlar gərək
idi, o qəhrəmanlar, o personajlar ki, tamaşaçı
onları ekranda görmək istəyirdi, o mövzunu ki, tamaşaçını
düşündürür, maraqlandırırdı. Bu mənada,
kino sənətinin potensial imkanları geniş idi.
"İnsanı əmək ucaldır" - o
dövrün ən çox yayılmış, dəbdə
olan şüarlarından biri də bu ifadə idi. Bu
şüar orta məktəbin aşağı siniflərindən
başlayaraq təbliğ olunur, uşaqlarda, gənclərdə
əməyə məhəbbət hissi oyadırdı.
"Görüş" filmində də bu ideya qabarıq
şəkildə öz əksini tapır və bu ideya iki gəncin
- Kamillə özbək qızı, pambıqçı
Lalanın sevgi motivləri fonunda verilməklə sanki
çılpaq sovet təbliğatının üstünü
malalamaq işinə xidmət edirdi.
Kənddə əhlikef oğlan kimi tanınan Kamili
onun Lalaya olan məhəbbəti dəyişdirir. Onadək
bacısı - əmək qabaqcılı Bilqeyisin
danlağından belə nəticə çıxarmır,
yola gəlmirdi. Bu yerdə məhəbbət öz işini
asanlıqla görür.
Xalqlar dostluğunun tərənnümü filmin
süjetinin əsas xəttidir. Azərbaycanlı gənclə
özbək qızının münasibəti, sevgisi də bu
ideyanı açmağa xidmət edir, yəni sovetlər
birliyində milli ayrı-seçkilik yoxdur, müxtəlif millətlərin
nümayandələri birləşə, ailə qura bilərlər.
"Görüş" komediya janrında çəkilmiş
filmdir. Müharibədən çıxmış ölkədə
xalqın aldığı yaralar təzə-təzə qaysaq
bağlayırdı. Əzizlərini, doğmalarını
davada itirmiş insanların, Stalin despotizminin dəhşətlərini
yaşamış xalqların ovqatını dəyişməkdə,
onların əhval-ruhiyyəsini yüksəltməkdə kino ən
əlverişli, kütləvi sənət növü idi.
Komediya janrında çəkilən filmlərin mövzusu həm
şəhər, həm də kənd həyatını əks
etdirməliydi. İnsanlar gülüşün
acıydılar, o gülüşün ki, sadəcə
onları əyləndirmirdi, həm də
düşündürürdü.
Rejissor Tofiq Tağızadə
"Görüş" filmində daha çox
tanınmış aktyorlara yer verib. Leyla Bədirbəyli, Həsənağa
Salayev, Mustafa Mərdanov, Əliağa Ağayev, Minəvvər
Kələntərli, Barat Şəkinskaya və
başqaları çəkiliblər. Bu sənətkarlar daha
çox teatr aktyorları kimi tanınsalar da, kinoda da özlərini
təsdiqləmiş, tamaşaçı rəğbətini
qazana bilmişdilər. Sənətdə ilk
addımlarını atan, Arif Mirzəquliyevin də rolu
uğurlu idi. Məhz bunun nəticəsiydi ki, sonradan biz onu bir
neçə ekran əsərində, o cümlədən
"O olmasın, bu olsun" filmindəki Sərvər rolunda
gördük. "Görüş" filmindəki Kamil rolu, əslində,
Arif Mirzəquliyevdən ötrü bir tramplin idi. Peşəkar
aktyor olmayan, ixtisasca həkim olan Arif Mirzəquliyev Kamil
obrazını tamaşaçıya sevdirə bilmişdi.
Çox təəssüf ki, o, kinodan tez ayrıldı.
"Görüş" filmindəki aktyorlardan
danışanda, bir sənətkarı da yaddan
çıxarmamalıyıq - Lala İsmayılova rolunun
ifaçısı Özbəkistanın Əməkdar artisti
Nelli Ataullayevanı. Amma o gözəl, istedadlı sənətkarı
unutmuşuq, deyəsən. Azərbaycan mətbuatında onun
haqqında, az yazılıb.
Nelli Ataullayeva 1931-ci ildə Daşkənddə anadan
olub. "Görüş" filminə dəvət alanda onun
23 yaşı vardı. Özbəkistanın üzdə
tutulan, populyar aktrisalarından sayılırdı.
Tamaşaçıların sevimlisiydi. Tamaşaçılar
onun həm teatr, həm də kino personajlarının
sorağındaydılar. Nelli sonradan teatrdan uzaqlaşaraq
taleyini kinoya bağlayır. Ümumittifaq Kinematoqrafiya
İnstitutunun sənədli filmlər rejissorluğu
şöbəsini bitirir. Milliyyətcə rus olan tələbə
yoldaşı ilə ailə qurur. Oğlanın yüksək
mənsəbli valideynləri onların evliliyini qəbul etmədiklərindən,
yeni ailənin ömrü uzun sürmür, dağılır.
Nelli körpə oğlu Nikitanı da götürüb
Moskvadan Daşkəndə qayıtmalı olur. Öz
ixtisası üzrə işləyir, iyirmiyədək sənədli
film çəkir. Tale burada da bu şən, mehriban
qızın üzünə gülmür, o, 1974-cü ildə
uzun sürən ağır xəstəlikdən sonra
yaradıcılığının çiçəkləndiyi
bir vaxtda - 43 yaşında dünyadan köçür. Onun
ölümündən sonra keçmiş əri oğlu
Nikitanı Moskvaya aparır. Nellinin xatirəsini yaşatmaq
üçün uşağa anasının familiyasını
verirlər - Ataullayev. İndi Moskvada Ataullayev
familiyasını daşıyan bir nəsil yetişir.
Nelli Ataullayevanın
ömür yoluna nəzər yetirəndə
görürük ki, aktrisanın həyatının
özü bir filmdir - qəmli-qüssəli film...
Yadımdadır ki, əllinci illərin sonunda
"Görüş" filmindən sonra rayon cavanlarından
Orta Asiyaya işləməyə gedənlər oldu. Onların
arasında Cahan xalanın adar-madar oğlu Saday da vardı.
Yazıq arvad qalmışdı çar-naçar,
yanıb-yaxılırdı. Dilinə yiyəlik eləmir, o
filmi çəkənlərin qarasına gileylənirdi. Deyirdi
o kino mənim başıma bəla oldu, oğlumu
yurdundan-yuvasından elədi. Gədənin ağlını
başınnan o özbək qızı çıxartdı,
özbək qızı. Görüm o qızı...
"Görüş" filminin ekranlara
çıxdığı vaxtdan uzun illər ötüb. Nəsillər
dəyişir, amma filmə olan maraq dəyişmir,
sönmür.
"Görüş" filminə bu gün də həvəslə
baxıram, hər dəfə də yeni nəsə tapıram.
Xəyal məni qanadlarına alıb ötən illərə
aparır. Filmdəki aktyorları xatırlayıram, həyatdan
nakam köçmüş özbək aktrisası Nelli
Ataullayevanın siması gözlərim önündə
canlanır. Cahan arvadın sözləri qulağımda səslənir:
"Görüm o qızı..."
Soyuq gizilti keçir ürəyimdən. Yoxsa Cahan
arvadın ahı tutmuşdu o aktrisanı?..
Kamil ƏFSƏROĞLU
525-ci qəzet .- 2026.- 6 fevral(¹5).-S.25.