Təmənna ummadan
yaşamaq və çalışmaq əzmi
Missiya Yaradanın sevimli bəndəsinə bəxş
etdiyi şərəfli görəvdir; O, seçdiyi bəndəsini üzərinə
qoyduğu vəzifə ilə toplumun, insanların
qarşısına göndərir. Bu günlərdə anadan
olmasının 65 illiyini Mətbuat Şurasında qeyd etdiyimiz
Umud Mirzəyevin-Rəhimoğlunun bu ada və bu göndərişə
layiq olduğu məclis iştirakçılarının əksəriyyətinin
çıxışlarında bəzən birbaşa, bəzən
də xatırlanan faktlarla öz təsdiqini tapdı. Təsadüfi
deyil ki, Umud Rəhimoğlunun yubileyi ərəfəsində nəşr
edilən, xatirini dünyalar qədər istədiyim
yazıçı-publisist Gülşən Behbudun müəllifli
olduğu kitabın adında da "missiya" sözü
xüsusi vurğulanırdı: "Təmənnasız
missiya". Bu ad həm də yubilyarın ömür yolunun xəritəsini
cızan bir ifadədir.
Mən də bu yazıda "Təmənnasız
missiya"nın insanlığa aparan yol xəritəsi ətrafında
söhbət açmağa çalışacağam.
İlk növbədə Azərbaycanda və beynəlxalq
mediada hamının yaxşı tanıdığı Umud Rəhimoğlu
Mirzəyevin rəsmi portret cizgilərini təqdim edim: Umud Rəhimoğlu
(Mirzəyev) Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəridir,
Əməkdar mədəniyyət işçisidir, görkəmli
publisist və şairdir. "Təmənnasız missiya"
kitabında Umud Rəhimoğlu haqqında təxminən doxsan
nəfərə yaxın Azərbaycan ziyalısının
ürək sözləri çeşidli publisistik janrlarda yer
alıb. Müxtəlif formatda və müxtəlif müəlliflər
sistemində ifadə olunan bu fikirlərin hamısında Umud Rəhimoğlu
şəxsiyyətini ümumiləşdirən belə bir məzmun
var: Umud Rəhimoğlu vətəndaşlığın,
dövlətçiliyin, Qarabağ sevgisinin, azərbaycançılığın,
Qarabağı viran qoyan erməni düşmənçiliyini
dünyaya - beynəlxalq arenaya çatdıran, Azərbaycanın
haqq səsini ən yüksək beynəlxalq platformalara
daşıyan, çətin günlərdə lazım olan hər
kəsə özünün mümkün
qayğısını əsirgəməyən - bir sözlə,
messiya borcunu təmənnasız missiya formatına çevirən
bir şəxsiyyət timsalıdır. Kitabda doxsana yaxın
imzanın hər biri Azərbaycan oxucusuna yaxşı
tanışdır və onların hamısı öz fikirlərində
səmimiyyətə, verdikləri qiymətdə obyektivliyə
və həqiqətə sona qədər sadiq olmağı əsas
tutmuşlar. Bu müəlliflər içərisində Xalq
yazıçısı Çingiz Abdullayev, akademik İsa Həbibbəyli,
AMEA-nın müxbir üzvü Misir Mərdanov, akademik Nizami Cəfərov,
akademik Ziyad Səmədzadə, Rəşad Məcid,
Əflatun Amaşov, Zahid Oruc və d. görkəmli alim və
publisistlərimiz var.
Hamıya məlumdur ki, Umud Rəhimoğlu
Qarabağın Ermənistan tərəfindən
işğalı ilə bağlı ayrı-ayrı ölkələrdə
Azərbaycanın haqq səsini dünyaya çatdırmaq
işində misilsiz xidmətlər göstərmişdir. Onu
bu istiqamətdə yaxşı tanıyan xarici dövlət və
media nümayəndələri - amerikalı jurnalist Tomas Qolts,
litvalı jurnalist Riçerdas Lapaytis, Türkiyə
ziyalıları - Hulusi Kılıç, BAMF-in
Niderlanddakı nümayəndəsi Henri Van Rens və
başqaları da Umud Rəhimoğlunu Qarabağ sevdalı bir
şəxsiyyət kimi oxucuya təqdim edirlər. Bütün
bu imzaları toplamaq və onları bir kitab formatına salmaq
çox ağır zəhmət tələb edir. Bu zəhməti
Gülşən Behbud öz boynuna götürmüş və
birbaşa deyim ki, çox böyük uğurla gerçəkləşdirmişdir.
Kitab beş bölümdən ibarətdir. Hər
bölümün kontent istiqaməti maraqlı sərlövhələrlə
ifadə edilir: "And yeri Vətəndir",
"Hamımız bir adamıq", "Yaxşıların
dünyası", "Biz yazdıq, bizdən
yazdılar", "Fraqmentlər".
"Təmənnasız missiya"ya giriş
sözünü Xalq yazıçısı Çingiz
Abdullayev yazıb. Müəllif
"Ön söz"də belə bir həqiqət
vurğulayır:
"Bu bir həqiqətdir: hər bir xalqın
ictimai-siyasi və mədəniyyət tarixində nadir simalar həmişə
olub, indi də var. Belə şəxsiyyətlərin ədəbi,
siyası fəaliyyəti nəticəsində xalqın təfəkkürü,
millətin mənəvi dünyası, həyat və
mübarizə təcrübəsi idrak süzgəcindən
keçərək ümumiləşir, şüurları
oyadır, yeni düşüncə tərzinin üzə
çıxmağına səbəb olur, tərəqqipərvər
əməllər və arzulara qol-qanad verir. Xalq
özünün tarixi və istiqlaliyyəti ilə fəxr
edir, məhz bu əvəzsis mənəvi irs hesabına
dünyanın mədəniyyət səhnəsində yer
alır, digər ölkə və xalqların nəzərində
yüksəlir, bəşəri hörmət və məhəbbət
qazanır. Həmin şəxsiyyətlərin həyatları
və əməllərinin yekunu fövqəladə dəyərdir,
milli sərvətdir. Onların varlığı cəmiyyətə
ən zəruri doğal nemətlər olan hava, su, gün
işığı, bərəkətli torpaq qədər gərəklidir.
Kamil şəxsiyyət millətin qüruru, baş
ucalığıdır"! Bu nəzəri həqiqətdən
sonra Xalq yazıçısı nəzərdə tutduğu
obyektin rəsmi tərəflərini qələmə alır:
"Onlardan biri, mənim dostum, qələm yoldaşım, bu
kitabın legitim qəhrəmanı, Beynəlxalq Avrasiya Mətbuat
Fondunun rəhbəri, Beynəlxalq Mətbuat İnstitutu Azərbaycan
Komitəsinin təmsilçisi, Azərbaycan Mətbuat
Şurasının, Milli Qeyri-Hökumət Təşkilatları
Forumu idarə heyətinin üzvü, Əməkdar mədəniyyət
işçisi, şair-publisist Umud Rəhimoğlu Mirzəyevdir.
"Yazıçı-publisist, teleaparıcı Gülşən
Behbudun "Təmənnasız missiya" kitabının əlyazması
ilə tanış oldum və açıq etiraf edim ki, Umud
Mirzəyevin portreti dolğun şəkildə yenidən gözüm
önündə canlandı. Onun haqqında
yaxınlarının, dostlarının, qələm
yoldaşlarının, üstəlik, övladlarının
ürək sözlərinin səmimiyyətinə qəlbən
inandım.
Onu yazıçı və şairlər, jurnalistlər,
ziyalılar vətən təəssübü çəkən,
doğma yurda bağlı, yaşadığı dünyanın
taleyindən narahat olan, Qarabağın azadlığı
uğrunda yorulmadan çalışan bir insan kimi yüksək
dəyərləndirirlər. Umud Rəhimoğlu Mirzəyev vətənpərvərliyi,
vətəndaşlıq borcunu hər şeydən uca və
ülvi bir keyfiyyət hesab edir, bu faktora tərəqqi və
inkişafa təkan verən başlıca amil nəzəriylə
yanaşır. Vətənpərvərlik, milli qürur adi
keyfiyyət deyil, bilavasitə məslək, əqidə,
insanın şüurlu fəaliyyəti ilə bağlı məfkurədir,
ictimai anlayışdır".
Çingiz Abdullayevin bu ürək sözləri
kitabdakı bütün imzaların hamısının dediyi və
demək istədiyi fikirlərin ümumiləşdirilmiş
formatıdır. Və o da təsadüfi deyil ki, ön
söz müəllifinin yazısındakı bu abzas
yazıçı-publisist, teleaparıcı Gülşən
Behbud adı ilə başlayır. Gülşən Behbud
özü də kitabın ilk səhifələrində yer
alan "Müəllifdən" sərlövhəli təqdimatında
"Vətənin əsgəri" kimi qiymətləndirdiyi
Umud müəllimdən bəhs edərək yazır:
"Yaxşıların qəlbindəki vicdan
çağırışları çox zaman sükuta
bürünsə də, o, canlı aləmdə var olan səslərin
ən güclüsüdür. Çevrəndəki hər kəsin
yorulduğu dar macalda qolundan tutar o səs, hər kəs tərəfindən
tərk edildiyin anda yanında olarlar yaxşı adamlar!
Yaxşı adamların nəzəri qocaman
dünyanın bərk üzünü yumuşaldıb muma
döndərmək qüdrətindədir. Onlar, yaxşı
adamlar - "mən də varam", - deyə gözə girməzlər,
onlar laməkan qəhrəmanlardır, onların
yurdu-yuvası yaxşı ürəklərdir!
Əziz oxucu! Siz bütün digər tanınma keyfiyyətləri
ilə bərabər, yaxşı bir insandan bəhs edən bu
kitabı vərəqlədikcə gözünüz
önündə qəhrəmanımızın ibrətamiz
ömürnaməsi canlanacaq. Heç bir təmənna
güdmədən yaxşılıq deyilən ali xislətin
hökmüylə Vətənə, xalqa, millətə,
insanlara xidmət göstərən müasirimizin qaynar, ləyaqətli
həyatı qəlbinizi qürur hissi ilə
döyünüdürəcək. Mən buna əminəm!"
Mənə bir oxucu kimi bu kitabdakı oxucu qəlbini
"qürur hissilə düşündürəcək"
kimi inamlı bir fikir daha çox təsir etdi. Çünki həqiqətən,
bu kitabı oxuduqca insanın insan haqqında fikirləri dərindən
və qürur hissilə düşünəcəyinin
şahidi olmaqdayam.
İnsanı ləyaqətli bir şəxsiyyətin
65 ili tamam olan ömür yolu ətrafında
düşündürən bu kitabın bu qədər
maraqlı olmasını təmin edən daha bir neçə
faktı qeyd etmək istərdim. Bu faktlar sırasında
görkəmli yazıçı-publisist Rəşad Məcidin
kitabın ərsəyə gəlməsinə bir məsləhətçi
kimi köməyi, şair-publisist Vaqif Bəhmənlinin və
yazıçı-publisist Əflatun Amaşovun redaktorluğu
xüsusi qeyd edilməlidir.
"Təmənnasız missiya"nın poliqrafik
keyfiyyəti də yüksək səviyyədədir.
"Avrasiyapress" nəşriyyatının müasir
poliqrafiyanın ən yeni texnoloji imkanları ilə çap
etdiyi kitabın formatı da hər kəsin diqqətini cəlb
edir. Belə bir yüksək məzmunda və müasir
poliqrafik formatda təqdim olunan bu kitabın başda
Gülşən Behbud olmaqla 87 müəllifinə oxucu təəssüratımı
və minnətdarlığımı bildirirəm. Umud Rəhimoğlu
yaradıcılığına həsr olunan bu kitab
hamının və mənim də əziz dostuma çox
yaraşır.
Cahangir MƏMMƏDLİ
BDU Milli mətbuat tarixi kafedrasının müdiri,
filologiya elmləri doktoru, professor
525-ci qəzet .- 2026.- 6 fevral(№5).-S.23.