Ehtiyatda qırxıncı fəndi
olan
Vaxt məntiqiylə gərək onunla aramızdakı
ayrılıq illərinin sayı artdıqca bizdən,
axarında olduğumuz günlərdən daha çox
uzaqlaşa idi. Ancaq əksinədir. Unudulmaz sənətkarımız
Canəli Əkbərovla əbədi ayrılığın
üstünə illər qalandıqca onunla bağlı anlar
yaddaşın alt qatına çökməkdənsə, daha
artıq qabarır, onun yeri ürəyimizdə də, musiqi
gerçəkliyimizdə də daha artıq
görünür.
Canəli Əkbərov yalnız qabil sənətkar
deyildi, həm də içərisində tarix daşıyan bir
insandı və nə qədər ki həyatda idi, ondan əvvəl
sənət meydanında olmuş, az gördüyümüz,
ya daha köhnələr - heç qulaq asıb zövq
almağa macal tapmadığımız muğamçılar,
el sənətkarları da bizimçün daha yaxın idilər.
Canəli Əkbərovun bir qiymətliliyi də onun
varlığında və hafizəsində (həm də qəlbində)
tarix daşıması, bizi vaxtaşırı o
ötüb-keçmiş tarixin gözəllikləri ilə
qovuşdura, həmzaman edə bilməsi idi.
Biz Xan Şuşinskinin, Mütəllim Mütəllimovun
ixtiyar çağlarını görmüşdük, biz
İsmayılxan Talışinskini görməmişdik,
Haşım Kələntərlini səhnədə, el məclislərində
oxuyarkən eşitməmişdik. Ancaq Canəli yeniyetməliyində,
gəncliyində elə ixtiyarları görmüşdü və
möhkəm yaddaşına onlarla bağlı elə xatirələri
yığmışdı ki, hər danışmağa,
onların tərzində oxumağa, onların filan
boğazı, filan keçidi necə etdiklərini, filan nəfəsi
necə vurduqlarını göstərəndə biz sanki elə gerçəkdən 40,
50 il, bəlkə bir az da uzaqlara enə, özümüzü
o çağların qoynunda hiss edə bilirdik. Axı bununla
da bitmirdi. Canəli öz gənclik çağlarının ağsaqqallarının
onların gənclik çağlarının
ahıllarından, qocalarından eşitdiklərini, öyrəndiklərini
də bizə ötürən canlı naqil idi.
Belə insanların gedişiylə ən çox
mühit itirir. Çünki onlar sənətləriylə,
şəxsiyyətləriylə, cazibələriylə ilk
növbədə saf, sağlam sənət və insanlıq
mühiti yaratmağı bacarırlar.
Canəlinin gedişiylə bizim olan, əsl olan, tam və
qarışıqsız halda, bir qızıl külçəsi
kimi tərtəmiz halda özümüzün olan, diliylə,
ruhuyla başqa qonşu və qohum xalqlardakı muğamdan
sırf bizə xas özəllikləriylə seçilən
muğam bizim itirdiyimizdən də çox itirdi.
Çünki muğam mülkünün bu cür
etibarlı əsgərləri həmişə az olur və hər
birinin gedişi ilə o möhtəşəm saraydan hökmən
bir kərpic düşür.
Canəli Əkbərov cah-calalı qonşuda görənlərdən
deyildi. Gözünü açıb doğma ocağında
muğam eşitmişdi, xanəndə balası idi. Ona görə
də lap uşaqlıqdan Canəliyə muğamın təəssübünü
çəkmək ailəsinin namusunu qorumaq kimi qeyrət məsələsi
olmuşdu.
Axıracan da bu yolda ləyaqət və dəyanətlə
irəlilədi.
Atası Xanəli kişidən - cənub bölgəsinin
tanınmış xanəndəsindən məclislərdə
oturub-durmağın, el içində rəftarın ədəb-ərkanından
savayı muğamın da sirlərini erkən mənimsəmişdi.
Əlbəttə, tale artıq yazıldığı və
gerçəkləşdityi kimi deyil, bir başqa şəkildə
cərəyan etmiş olsaydı, Canəlinin atasından mənimsədiyi
o muğam bilikləri elə hərdən dost-tanış
arasında, kefinin duru məqamlarında sadəcə ürək
boşaltmaq, xoşallanmaqçün oxumaqdan o yana getməyəcəkdi.
Canəli orta tibb təhsili almışdı, kənd həkimliyi
ilə elə ahıl vaxtlarınacan babat güzəranını
da təmin edəcəkdi, camaat arasında xətir-hörməti
də olacaqdı. Ancaq Tanrı bu cavana səsdən əlavə
oxumaq eşqi də bağışlamışdı və bu
səs mütləq hamıya, bütün Azərbaycana, sərhədlərimizdən
kənarlara da yayılıb eşidiləməli idi. Elə həmin
İlahidən ona nəsib olmuş muğam və oxumaq
sevgisinin nəticəsi idi ki, günlərin birində Asəf
Zeynallı adına orta ixtisas musiqi məktəbində
böyük Xan Şuşinskinin qarşısımda əyləşdi.
Xanın sinfindəki cavanların əksəri
üçün bu böyük sənətkarın tələbəsi
olmaq bir yana, onu hər gün görməyin, onunla mütəmadi
təmasın özü belə möcüzə kimi idi. Canəli
üçünsə ustadı Xan Şuşinski dəfələrlə
öz evlərində gördüyü, atasının dostu
Xan əmi idi.
Xan da Canəliyə həmişə yalnız qabil
yetirməsi, gələcəyinə inadığı xanəndə
kimi deyil, özünə başqa tələbələrindən
bir köynək yaxın olan qardaşoğlusu kimi baxdı,
ona ərklə yanaşdı.
Hər yay yetişcəyin Xan Şuşaya gedər,
2-3 ayı orada keçirərdi. Hər ayın müəyyən
günlərində bir başqasından yox, elə Canəlidən
rica edərdi ki, "Məktəbdən mənim donluğumu
(maaşımı - R.H.) al, Şuşaya gətir. Canəli
üçün də bu tapşırığı yerinə
yetirmək hər dəfə xüsusi ləzzət verirdi.
Əvvələn, fəxr edirdi ki, Xan əmi bu sözü bir
başqasına yox, məhz ona deyib. Onsuz da Xan belə bir təvəqqe
ilə dost-tanışdan, Asəf Zeynallının müəllimlərindən-tələbələrindən
kimə müraciət etsəydi, can-başla yerinə yetirərdi.
Canəli fərəhlənirdi ki, ustadı bu xahişlə
bir başqasına deyil, məhz yaxın bilərək ona
üz tutub. Bunu Lənkərana gedəndə, şəstlə
atasına söyləyəndə, elə Xanəli kişi də
məmnun qalmışdı. Amma Xan əminin məvacibini
götürüb Şuşaya çatdırmağın Canəliyə
sonra ömrü boyu unutmayacağı başqa faydaları da dəyirdi
axı. Hər gedəndə azı 2-3 gün Şuşada
qalırdı. Orda olduğu müddətdə isə daim Xan əminin
yanında idi. Axşamüstülər Xan gəzməyə
çıxanda Şuşanın ağsaqqalı-qarasaqqalı
yığışardı onun başına, yüz cür
şirin söhbətlə bəzənən o saatların hər
dəqiqəsi Canəlidən ötrü bir ömrə bərabərdi.
Bunu əlavə şahidsiz-sübutsuz ondan bilirəm ki,
üstündən 25-30 il, lap bundan da çox vaxt ötəndən
sonra Canəli Əkbərov Şuşanın yay
axşamlarında Xan əminin cazibəsi ilə bir ağac
kölgəsindəmi, bir çay süfrəsi
arxasındamı olan söhbətlərin hər anını
maqnitofon lentinə yazılıbmış kimi dəqiqliyi ilə
xatırlayırdı və nağıl edirdi. Bəzən həmin
günlərdən xatırlayıb
danışdıqlarının içərisində elə təfərrüatlar
olurdu ki, məəttəl
qalırdım, belə adi məişət cizgilərini
də niyə yaddaşına yük edir. Sanki heç nə
deməsəm də elə bunu baxışımdan,
qırımımdan özü hiss edirdi və
qayıdırdı ki, orda Xan əmi vardı, bunları o da
eşidirdi, adicə gülümsəməsi ilə, bircə
kəlməsi ilə münasibətini bildirirdi, ona görə
də həmin danışlanların lap ən sayası belə
məndən ötrü xüsusi məna qazanırdı.
Yəqin ki, Canəli haqlı idi. Məgər tarixlə
nəfəsini duyacaq qədər ünsiyyətin hansısa anı
sadə sayıla bilərmi?
Xan Şuşinski canlı tarix idi və Canəli də
xoşbəxt idi ki, bu tarixin böyründə əyləşmişdi.
...O, sədaqətli insan idi və nə qədər
etibarlı adam olduğunu həyatının mənası
hesab elədiyi muğama ilk gənclik illərindən
ömrünün bitəcəyinədək sadiqliyilə
sübut etdi. Xanəndə atasından və ustadlarından
muğamın saflığını qorumaq dərslərini
almış Canəli Əkbərov bu öyüdlərə
daim dəqiqliklə əməl etməklə yanaşı, həmin
ibrətləri yeniyetmələrə də
aşıladı.
Biri malıyla-puluyla, biri əlindəki ixtiyarın
genişliyiylə, biri bu qəbil məişətə
bağlı daha hansısa üstünlüyüylə
öyünər. Neynək, qoy qürrələnsin, onun da
haqqıdır, mənsəbə, sərvətə
çatmaq da asan iş deyil. Ancaq Canəli
öyünürdü ki, bir vaxtlar camaatımız gitaralara bənd
olub toya xanəndə çağıranda "tarla gəlməyin,
gitara gətirin, özü də qırmızısından
olsun" deyəndə dolanışığın xatirinə
dövrün bu bəd dəbinə əyilməmişdi,
sıxıntıya tab gətirmişdi, dəvət
aldığı 5 toydan 2-sinə getmişdi, amma tarı,
kamançası ilə olmuşdu.
Lap yaxşı oxuyanlarımızın da neçəsinin
muğamı incitdiyi, muğamın dədə-baba dürüstlüyü və
bakirliyinə öz aləmində guya etdikləri ilə bəzək
vurduğu, əslində isə xələl gətirdiyi
dönəmlərdə həmişə düz oxudu, məktəbə
bivəfa çıxmadı, doğru yoldan bir qədəm belə
sapmadı.
Onillər keçəcək, yüzillər dəyişəcək,
müasirimiz olmuş Canəli Əkbərovun oxuları yeni nəsillərin
yaşayacağı sabahlara da çatacaq. İndi olduğu
kimi, uzaq sabahlarda da bu yadigarlara müntəxəbat, örnək
kimi baxacaqlar. Həm də indikindən də daha artıq. Gələcəkdəkilər
bu öygülərdən öyrənəcəklər.
Səsyazma kəşflərinin hələ əlçatmaz
olduğu keçmiş əsrlərdən üzü bəri
ağızdan-ağıza, dildən-dilə,
barmaqdan-barmağa, yaddaşdan-yaddaşa ötürülə-ötürülə
indiyədək muğamatımız salamat gəlib
çatıbsa, bunun səbəbkarları elə Canəli
Əkbərov kimi muğamın təmizliyini, duruluğunu
qoruyub saxlamağı bacarmış insanlar, muğama, el
musiqimizə sədaqətli şəxsiyyətlər olub.
Canəli Əkbərov həm də müəllim idi,
dərs deyirdi və onun tələbələri indi daha
gözəl bilərlər ki, bir vaxtlar nə xoşbəxt
imişlər. Bəxtiyarmışlar ki, canlı tarix olan bir
azman sənətkar bir ömür boyu zərrə-zərrə
yığdıqlarını onlara qucaq-qucaq
bağışlayır. Bəlkə bir vaxtlar Canəlinin dərs
verdiklərinin bundan belə qat-qat səxavətli, fədakar
ustadları da olacaq. Ancaq Canəli kimi yarım əsrdən də
artıq müddətdə hərəsi bir dastan olan nəhənglərdən
gilə-gilə sərvət yığmaq onlardan
hansının payına düşüb və düşə
bilər ki, içəriləri Canəlininki sayaq ləbələb
dolmuş ola?! Nə qədər dolusansa, o qədər də
çox bəxş edə bilirsən - hökm-i zərdir.
Elə ailə, nəsil də beləcə, tale
hökmüdür, alın yazısıdır. Canəli
Əkbərov el adamı idi. Daim xalq içərisində idi.
Oxuduğu muğamında səliqəli olmağı, həmişə
nizamı, sahmanı hifz etməyi bacardığı kimi,
insani münasibətlərində də eyni meyarlara daim riayət
edirdi. Sənətkardan ötrü bütöv millət elə
doğma ailəsi deməkdir. Ancaq sən bu böyük ailənin
layiqli övladı olmaq üçün gərək öz
balaca ailənin, nəslinin, şəcərənin içərisində
nümunəvi olmağı bacarasan.
Canəli Əkbərov hələ yeniyetmə
yaşlarından ailənin də, nəslin də sevimlilərindən
olmuşdur.
Yaşa doldu, sənət aləmində şöhrətləndi,
ailənin də, nəslinin də iftixarına çevrildi.
Vətən doğma qucaqdır.
Ailə ilk ocaqdır.
Ocağa sadiq olan
Müdam yaşayacaqdır.
Bu el sözünün həqiqəti elə Canəli
Əkbərovun nəsibi oldu.
Radiodakı "Axşam görüşləri"
verilişimə Xalq artisti Canəli Əkbərovu tez-tez
çağırardım. Ayrı-ayrı sənət hadisələrinə
münasibət bildirməyə, ən çox da köhnə
sənətkarlar haqda xatirələrini bölüşməyə.
Gör vaxt hara gəlib yetişdi ki, 2025-ci ilin yaz
astanasında, Canəlinin özünün
çatmadığı 85 illiyi yetişəndə
hazırladığım verilişə artıq Canəlinin
özü haqda xatirə söyləməyə
başqalarını dəvət edəsi oldum.
Başqalarını deyəndə ki, yaxınlardan,
doğmalardan başladım. İlk dindirdiyim də onu
hamıdan daha yaxşı tanıyan və duyan qardaşı
Tərlan Əkbərov oldu.
Tərlan sözünə belə başladı ki,
o gün - martın 10-da Canəli
Əkbərovun 85 illik yubiley günü idi. Əvvəlki
yubileyləri möhtəşəm Opera və Balet
Teatrında, Azərbaycan Dövlət Filarmoniyasında qeyd
olunsa da, bu il son mənzilinin ətrafına
yığışdıq. Canəlinin vəfatından az sonra
"Axşam görüşləri"nin bir sayı onun xatirəsinə həsr
olunmuşdu. Ancaq o verilişdə Canəli, elə
sağlığında olduğu kimi, sənətdəki
böyük həmkarları haqqında
danışırdı. Azərbaycan tar
ifaçılığına yeniliklər gətirmiş
Hacı Məmmədovu, muğam padşahı Seyid
Şuşinskini xatırlayırdı. Veriliş nəinki
bizi, deyərdim ki, dinləyənlərin hamısını
kövrəltmiş, ürəklərini riqqətə gətirmişdi.
Bunu vurulan zənglərdən, mesajlardan bildik. O axşam
qardaşım diri idi, bizimlə idi, bütün nəslimiz
son dərəcə mütəəssir olmuşdu. Canəli
Əkbərovun qardaşı olmağımla həyatı
anlayandan fəxarət duymuşam, ömrüm boyu da fəxarət
duyacağam. Mən məktəbli olanda qardaşım
artıq Bakıda yaşayırdı, tanınmış xanəndə
idi. Kəndə hər gəlişi toy-bayram olurdu. Bu toy-bayram
təkcə ailəmizə, kənd adamlarına aid olmurdu. O
zaman evimizdə telefon yox idi. Lənkəran şəhərinin
tanınmış ziyalıları haradan, necə xəbər
tuturdularsa, bizim evə Canəlidən qabaq yığışardılar.
Onların görüşmələri, qucaqlaşıb
öpüşmələri qeyri-adi olardı. Sanki bu adam Həcc
ziyarətindən, Kərbəla səfərindən
qayıdıb. Canəli həmin gəlişlərində təkcə
şəhər ziyalıları ilə görüşməz,
gedə bilmədiyi xeyir-şər yerlərinə baş
çəkər, kənd ağsaqqallarıyla
görüşər, bir növ öz həmkəndlilik
borcundan çıxardı. Bilirsiniz ki, atam Xanəli Əkbərov
dövrünün sayılan xanəndələrindən olub.
Radio-televiziyanın fonotekasında, filmotekasında az da olsa,
lent yazıları qalır. Lakin bu lent yazıları
ömrünün ixtiyar çağlarının səs
yadigarlarıdır. Atam Xan əmiylə, Zülfü bəylə
dostluq münasibətlərində idi. Zülfü
Adıgözəlov ona qaval bağışlamışdı.
Xalq artisti Bəhram Mansurov xatirələrində yazır ki,
Xanəli Əkbərov düz 25 il kiçik qardaşı
Nadir Mansurovun və dahi Müslüm Maqomayevin tələbəsi,
möhtəşəm kamança ustası İsmayıl
Talışinskinin kamançasına oxuyub. Özü
muğamın, el-obanın ağsaqqalı olsa da, məndən
kiçik qardaşlarımı bir şuluqluq eləyəndə
Canəli müəllimlə qorxudardı, "Qoy o oğlan kəndə
gəlsin, sizin şikayətinizi ona edəcəyəm" deyərdi.
Mülayim təbiətli atam böyük
qardaşımızı özünün də
ağsaqqalı sayardı.
Böyük qardaşım tələbəlik illərində
mənə atalıq qayğısı göstərirdi. Azərbaycan
Dövlət Universitetinin Hüquq fakültəsində təhsil
alarkən 5 il onların evində qalmışam. Məni
övladlarından ayırmaz, bütün maddiyyatımı
ödəyərdi. Tələbə yoldaşlarımın əksəriyyəti
ya yataqxanada, ya da kirayədə qalırdı. Mənsə
qardaşımın hər cür təminatlı mənzilində
qalırdım. Bundan başqa, hər bir hərəkəti həyat
dərsi idi. Mən ondan həyat dərsi, kişilik dərsi
alırdım. Qapısı daim açıq idi. Bir də
gördün dahi Xan əmi külfətiylə gəldi.
Başqa gün baxardın ki, Əbülfət Əliyev gəldi,
ya ayrı gün Yaqub Məmmədov təşrif gətirdi. O
dövrün öndə gedən xanım xanəndələri
- Rübabə Muradova, Sara Qədimova, Şövkət
xanım, Tükəzban xanım ailənin daimi qonaqları
idi. Gəlinimiz Arifə xanımın ləzzətli yeməklərindən
bəh-bəhlə nuş edərdilər. Biz
tanınmış qonaqlara xidmət etməkdən xüsusi
zövq alardıq. Bütün bunlar bu gün unudulmaz xatirələrdir.
Lənkəranda Şağlaser kəndi var, onlar muğama, qəzələ
həssaslıqda Bakının Nardaran kəndi ilə
müqayisə oluna bilər. Hər çalıb-oxuyanı qəbul
etməzlər. O kənddə qadınlar da muğamı dərindən
bilir. Bir gün tanınmış xanəndələrdən
biri deyir ki, bu gündən Şağlaser kəndinin
adını qara siyahıma yazdım. Məni bəyənmədilər.
Həmin xanəndə "Bayatı-Şiraz" oxuyanda toyu
mağarın arxasından izləyən qadınlar söyləyirlər
ki, muğamın qol-qıçını sındırdı,
Canəli Əkbərov olsaydı, bunu belə oxumazdı.
...Canəli Əkbərovla mən 1980-ci illərin əvvəllərindən
mehriban münasibətlərdə olmuşam və bu səmimi
dostluğa İlahinin ayırdığı müddət 40 il
oldu. Bütün bu müddət ərzində onu zahirən həmişə
şux, xoş ovqatlı görsəm də,
qayğılarının az olmadığı da hər zaman
sezilirdi. Canəli ailəcanlı, övladcanlı insan idi. Lap
cavanlığından qohum-əqrəba yükünün
ağırlığı həmişə onun çiyinlərində
olmuşdu. Onu qayğılı edən də məhz həmin
yükün məsuliyyəti, hər dəfə bir başqa
yaxınının hansısa dərdinə çarə
tapmağa, hansısa umacağını həll etməyə
can atması idi. Amma təbii ki, öz övladlarına
münasibətdə daha həssas, daha nəvazişkar idi. O
vaxt, 2025-ci ilin martında, yazağzı - səsində, xatirələrində
Canəlini təzədən canlı görmək istədiklərimdən
biri də qızı Sevinc idi. Onunla söhbəti belə
başlamışdım ki, atası hamının
tanıdığı bir insan olmaq, əlbəttə, şərəfdir,
xüsusən kiçikkən məktəbdə oxuyanda, gənc
tay-tuşlarınla oturub-duranda bundan daha artıq iftixar duyur.
Amma tanınmış bir atanın, tanınmış bir
valideynin övladı olmağın özünün həm də
məxsusi məsuliyyəti var. Gərək elə davranasan, cəmiyyət
içərisində elə hərəkət edəsən
ki, dodaq büzən, ardınca danışan olmasın ki, bax
filankəsin övladı özünü necə aparır.
Sevinc xanımı söhbətə kökləmək
üçün sözü bir qədər
uzatmışdım ki, tam sərbəstləşsin. Söyləmişdim
ki, həyatı uzunu Canəli muğamatı sevib, şeiri
sevib, sənəti sevib, amma təbii ki, balasını
onların hamısından çox sevib. Siz onun ürəyinin
bir parçasısınız. Çünki bilirəm ki, Canəli
övladları, nəvələri sevən, ailəyə sədaqətli
adam idi. Onda bu keyfiyyətlər olmasaydı, bəlkə
heç o cür yaxşı da oxuya bilməzdi əslində.
Cünki muğamat elə məhək daşıdır ki, onu
yaxşı oxuya bilmək üçün gərək içəridən də mütləq
saf, dürüst adam olasan.
Sevinc xanım Salayeva qayıtmışdı ki, mən
ailəmizin ilk qızıyam. İki qardaşım məndən
böyük, iki bacım isə kiçikdir. Əksər
qız uşaqları kimi, kiçik yaşlarımdan atama
çox bağlı idim. Atam son dərəcə ailəcanlı
idi. Xarici səfərlərə gedəndə də
çatan kimi evə zəng vurardı. Mobil telefonların
olmadığı dövrlərdən danışıram.
Anamla danışmasa, rahatlıq tapmazdı. Beşimizlə də
danışıb, səsimizi eşidəndən sonra
arxayın olardı. Bizi şəhərə gəzməyə
aparanda, sanki dərs keçirmiş kimi, hər bir tarixi, mədəniyyət
abidələri barədə məlumat verərdi.
Sonralar nəvələrini gəzdirəndə də
bu adətini davam etdirərdi. Deyərdim ki, atam balalarıyla nəfəs
alan bir şəxs idi. Sonra bu eşqi nəvələrinə,
daha sonra nəticələrinə aşıladı. Şənbə-bazar
günləri nəvə-nəticələri evimizə
yığışanda sanki bir toyun adamı olardı.
"Canbaba" dedikləri babalarına bir dünya sevinc bəxş
edərdilər. Ümumiyyətlə, evimiz qonaq-qaralı idi.
Elə sənət adamı tapılmaz ki, bizim evdə
olmasın, anamın bişirdiyi təamlardan dadmasın. Atam
gülərüz, xoşrəftar olduğu qədər də,
sərt və tələbkar idi. Ədəb-ərkan sevər,
artq hərəkətdən zəhləsi gedərdi. Biz bir yerə
gedəndə qayıdana qədər rahatlıq tapmazdı. Məktəbli
dövrümdə adımı musiqi məktəbinin rəqs
qrupuna yazdırmışdım. Evə gəlib məni
görməyəndə anamdan soruşur ki, uşaq
hardadır? Anam rəqs qrupuna yazıldığımı deyəndə
atam elə gəldiyi kimi də qayıdıb ardımca məktəbə
yollanır. Məni fikrimdən daşındırdı.
Ümumiyyətlə, övladlarını - heç birimizi
incəsənət sahəsinə yaxın buraxmırdı.
Sevinc xanımı dinləyirdim və xəyalımdan
daha əvvəllərdə mənə ürək
açmış qadınlı-kişili müxtəlif sənətkarların,
həm də sıradan olanların deyil, üstünlərin
sözləri düşürdü. Onlar sənət
ömürləri ərzində
yaradıcılıqlarının onlara verdiyi bütün
sevincləri, ləzzətləri, şöhrətləri, təltifləri,
təminatları tərəzinin bir gözünə,
qarşılaşdıqları çətinlikləri tərəzinin
digər gözünə qoyanda heç vəchlə rəva
bilmirdilər ki, nə qədər istedadlı olsa belə, ciyərparaları
sənətə bağlansın, onlar çəkəni
çəksin.
Danışdıqca, atasıyla olan günlərin
xatirələr lenti fikrində kadr-kadr dəyişdikcə elə
Sevinc xanımın üzünün ifadəsindən duyurdum
ki, içərisindən nələr keçir. Çox
gözlətməmişdi, özü də etiraf etmişdi
ki, söhbətlərimiz onu gənclik illərinə
qaytardı: "Yadımdadır, "Axşam
görüşləri"ni bazar günləri atamla birgə
dinləyərdik. Bir verilişi də ötürməzdik. Bu
gün atama həsr etdiyiniz verilişə görə ailəmiz,
xüsusilə anamın adından xüsusi minnətdarlıq
bildirirəm. Var olun, hər zaman yazın-yaradın. İndi
onun haqqındakı bu veriliş səslənəndə bir
vaxtlar atam edən kimi, mən də uşaqları, atamın nəvə-nəticələrini
başıma yığacağam, birlikdə qulaq
asacağıq. Bunları deyə-deyə yadıma bir əhvalat
düşdü. Ali məktəbdə dövlət
imtahanı verirdim. Bileti çəkəndə baxdım ki,
bütün sualları bilirəm. Dərhal cavab vermək istədiyimi
söyləsəm də, müəllim oturub fikirləşməyimi
tapşırdı. Bu anda sinif nümayəndəmiz mənim
Canəli Əkbərovun qızı olduğumu söylədi.
Müəllim də təəccüblə söylədi ki, 4
il müddətində Sevincin Canəli Əkbərovun
qızı olduğunu ilk dəfə eşidirəm. Əlavə
etdi ki, mən Canəlinin aşiqiyəm, Canəli Əkbərov
muğam sənətimizin cəh-cəh vuran
bülbülüdür, görək qızı necə cavab
verəcək. Atamın adı çəkiləndə ürəyim
başladı bərk-bərk döyünməyə, dərhal
cavab versəydim, bəlkə daha yaxşı
danışardım, indi isə həyəcanımdan
"beşlik" deyil, "dördlük" cavab verdim. Bunu
müəllim də hiss etdi. Dedi ki, çox da cavabın
yaxşı bir "4"ə layiqdir, bunun da üstünə
atanın səsinin şərəfinə "1" bal da mən
artırıram, "5" alırsan!
Hədsiz sevindim. Təkcə ona görə yox ki,
yüksək qiymət almışdım. Məni daha çox
fərəhləndirən atama olan hörmət, onun
adının qarşımızda hər qapını
açması idi.
Elə daim belə olub. Atamın adı bizim
üçün hər yerdə, hər zaman "yaşıl
işıq" yandırıb. Anama hərdən deyərdim
ki, səni də çox istəyirəm, amma atanı səndən
neçə pillə çox istəyirəm. Anam da bundan
inciməzdi, əksinə, sevinərdi. Atam mənə deyərdi
ki, sən həm mənim qızımsan, həm gəlinimsən,
həm dostumsan. Bir gün Mələkxanım Əyyubova bizə
zəng vurmuşdu, dəstəyi mən qaldırdım,
soruşdu ki, danışan kimdir, adımı dedim.
Qayıtdı ki, nə yaxşı oldu, sənin səsini
eşitdim, sənin adın Canəli müəllimin dilindən
heç düşmür, sözünün əvvəli də
Sevincdir, axırı da".
Səhnədəki, el şənliklərindəki Canəlini
çoxları görüb və onun
oturuşunun-duruşunun, hərəkətlərinin də elə
sənəti kimi nizamlı, ölçülü-biçili
olmasını da, yəqin, hər kəs müşahidə
edib. Fəqət onu öz evində, doğmaları
arasında yaxınlarından savayı görən az olub. Mən
ki görmüşdüm, o evə, o ailəyə simsar olan
adam kimi Canəlinin necə bir nümunəvi, köhnə Azərbaycan
kişilərinə xas ağırtəbiətliliyi,
sanbalı hər nöqtədə necə gözlədiyini dəfələrlə
daxili məmnunluqla seyr etmişdim. İndi qızı
danışırdı və evin içərisindəki Canəlini
təsvir edirdi və bunları gərək siz də eşidəsiniz-biləsiniz
ki, sabah Canəli Əkbərovun oxusunu dinləyəndə bu
da nəzərinizdə ola: "Atam səliqə-sahmanı
çox sevərdi. Süfrədə hər şey yerində
olmalı idi. Adi baxışından nəyinsə yerində
olmadığını bilərdik. Amma
sağlamlığının qeydinə qalmazdı.
İradımızı bildirib, həkimə getməyi məsləhət
biləndə, söylərdi ki, yaxşıyam, mənə nə
var ki, oxuyuram, elə özüm özümü ruha gətirib
sağaldıram. Bu sözündə həqiqət də
vardı. O, muğamın, xalq musiqisinin Məcnunu idi. İki
cavan balasını itirsə də, yaşayırdı, amma
muğamsız yaşaya bilməzdi. Hərdən evdə lent
yazılarını qoyur, dəfələrlə qulaq
asırdı. Bu anlarda həm öz ifalarından ləzzət
alır, həm də özünə ən kəskin tənqidçi
kimi yanaşırdı. Sənət dostlarının
ifalarına belə münasibət bəsləyirdi. Bunu kimsə
başa düşərdi, nəticə çıxarardı,
kimisə süngüylə qarşılayardı. Adam var
torpaq uğrunda şəhiddir, Vətən uğrunda şəhiddir.
Atam muğamın şəhidi oldu. Canı qədər sevdiyi
muğamın. Balaları qədər sevdiyi muğamın
ömrü boyu bir notuna da xələl gətirmədi. Tələbələrinə
də nəsihəti, vəsiyyəti bu idi ki, amanın
günüdür, qoymayın muğamatın halalına haram
olan nəsə qatışsın".
Ataların "su axar, çuxurunu tapar" məsəlinin
həqiqətinə əyani şahid olmaq istəyən Nurəddin
Salayevi tanısa, yetər. Tale onu Canəli Əkbərovun ailəsiylə
-sevimli qızı ilə qovuşdurub və Nurəddin də
bu ailəyə kürəkən yox, əsl oğul olub.
Mənim yadıma yadımdan çıxanı
salır. 1990-cı ildə Canəli haqqında növbəti
verilişimi hazırlamaqçün səsyazanımı da
götürüb evlərinə getmişdim, o xatirimdədir
ki, tək deyildim, bir neçə qonaq da gəlmişdi və
sən demə, o gün həmin qonaqlarla gələnlərdən
biri də Nurəddin imiş: "Hə, o gün, 1990-cı
illərin əvvəllərində siz Canəli müəllim
haqqında veriliş hazırlayanda mən də sizinlə bir
süfrə arxasında oturmuşam. Sizi o vaxtlardan
tanıyıram. Ancaq ondan qabaq da Azərbaycan radiosundan sizin
müəllifi və aparıcısı olduğunuz
verilişlərdən tanıyırdım. Amma bundan da əvvəl
təxminən 1987-ci və ondan sonrakı illərdə sizin
üç kitabınız çıxmışdı. Mən
o kitabları alıb oxumuşdum. Siz yeganə
yazıçı olmusunuz ki, əsərlərınızı
oxuyanda səsinizi eşidirdim. Sanki siz özünüz
onları mənə danışırsınız".
Nurəddin danışır və Canəli Əkbərovun
öz sənətini cilalama gedişinin xeyli
ayrıntılarını açır. Danışır ki,
Canəli müəllim öz ifalarını da dinləməyi
çox xoşlayardı. Mənə deyərdi ki, hər
hansı muğamı qoy, qulaq asaq. Özü də yüksək
səsdə qulaq asmağı xoşlayardı. Demək olar
ki, televizorun bütün səsini verərdim. Dinləyərdi,
muğamın müəyyən söbələrinə təkrar-təkrar
qulaq asardı. Sonra deyərdi, tarı gətir. Çalardı və bayaq qulaq
asdıqlarının bəzi hissələrini oxuyardı, deyərdi
ki, orda yaxşı oxumamışam, belə olsa
yaxşıdır. Yəni həmişə özünə tələbkar
yanaşar, oxuduqlarını daha gözəl eləməkçün
durmadan çalışardı".
Nurəddinin Canəli Əkbərovun səs irsi ilə
yerinə yetirdiyi bir işə isə ən dərin minnətdarlıq yaraşır.
Radioda-televiziyada nə oxuyub, hamısını
yığıb. Bu heç, asanı budur, ardınca olsa,
başqaları da hər xanəndənin, müğənninin
müxtəlif illərə aid fonotekada, videotekada olan səs
yazılarını elə həmin təhər cəmləyə
bilər. Amma Canəli yalnız oralarda oxumayıb axı!
Toy-düyündə, görüşlərdə, tədbirlərdə
də çox oxuyub. Bunların da əksərini həvəskarlar
lentə alıblar. Nurəddin illərdir ki, həmin itib-bata
biləcək yazıların ardıncadır. Gücü
çatdıqca bircə-bircə toplayır: "Allaha
şükür, indi imkanlar artıb. Mən illərdən bəri
Canəli müəllimin bütün arxivlərini - harada nə
oxuyubsa, nə danışıbsa,
çalışmışam əldə edim, qoruyum. İndi
sosial şəbəkələr geniş fürsətlər
verir, öz Youtube kanalımı açmışam. Canəli
müəllimin bütün külliyyatını orada yerləşdirmişəm,
xalqın istifadəsinə vermişəm. İndi xalq istədiyi
anda, Canəli müəllimin ifasında nəyi xoşlasa,
dinləyə bilir. Bakı kəndlərində möhtəşəm
toylar olardı. Canəli müəllim bilirdi ki, biz muğamı
sevirik. Deyərdi ki, Kürdəxanıda, Hövsan kəndində,
Nardaranda möhtəşəm toy olacaq, çoxlu xanəndələr
dəvətlidir, siz də gəlin. Biz də gedib həmin
toylardakı füsunkar oxumaqlardan feyziyab olmuşuq. Bizim
çox sevimli xanəndələrimizlə yanaşı, Canəli
müəllim də o toylarda iştirak edirdi. Orada elə
möcüzələrin şahidi olmuşuq ki, sözlə
ifadə etmək mümkün deyil. Həmin toylardan da
neçəsinin lentini əldə edib
köçürmüşəm, Youtube kanalımda yerləşdirmişəm.
Lakin izinə düşdüyüm, sorağını
aldığım bir çox yazılar da var ki, hələ gəlib
əlimə çatmayıb. Onların da ardıncayam".
...O toylar daha olmayacaq. Qurtardı o toylar. Cünki o
toylar o xanəndələrə
bağlı idi, o xanəndələrsə onların
oxuduqlarının cikinə-bikinə elə onlar qədər
vaqif olan, bu səslərdən hər üzünə zövq
almağı bacaran səriştəli dinləyicilərə
bənd idilər. Muğam müsabiqələrinin hələ
uzaq gələcəkdə sayrışdığı,
muğam konsertlərinin radioda həftədə bitcə dəfə
bircə saat verildiyi əyyamlarda Abşeron camaatı muğam
müsabiqələri də təşkil edirdi, heç bir
radio və televiziyanın bu cür məharət və məlahətlə
qura bilməyəcəyi konsertləri də araya-ərsəyə
gətirirdi.
Bir məclisə bir xanəndə və tək
tarçı, tək kamançaçı gətirməklə
ürəklər soyumurdu. Məclisdə ustad xanəndələr
qatarlanırdı. Hacıbaba Hüseynovun bir tərəfində
Yaqub Məmmədov otururdu, o biri yanında Canəli Əkbərov.
O tərəfdə Ağaxan Abdullayev əyləşirdi,
böyründə İslam Rzayev. Bir yanda Alim Qasımov,
yanaşı əyləşən Arif Babayev. O xanəndələr
həyatlarının ən gözəl ifalarını belə
toylarda edərdilər. Televiziyada, radionun Səsyazma evində
onlar hamımızın sonralar dönə-dönə
eşidib heyran qaldığımız oxularını lentə
aldıranda onları dinləyənlər kim olub? Həmin anda
yazılış gedən məkandakı 5-6 nəfər -
yazılışa nane olmasınlar deyə
cınqırlarını çıxarmayan operatorlar, rejissorlar,
redaktorlar.
Əjdahaların bir-birinin bəhsinə daha da cuşa
gəlib sənət hünərləri göstərdikləri
o cür toy mağarlarında olardı 100, uzaqbaşı 150,
lap çoxu 200 adam. Ancaq həmin anda o xanəndələr, o
çalğıçılardan ötrü bu 100, bu 150, bu
200 nəfər milyonlara bərabərdi. Həm də sadə
milyonlara yox, anlayan milyonlara. Bu muğam cıdırında
özünü unudaraq sona qədər necə çapmayasan,
möcüzə doğurmağa necə can atmayasan?! Canəli
belə sınaqlardan keçə-keçə, belə
cıdırları qət edə-edə Canəli olmuşdu,
muğam fatehlərimizin ən güclülərindən birinə
çevrilmişdi.
Odur ki, o toylar olmayacaq, qurtardı. Yəni toylar
olmağına olacaq, yenə insanlar evlənəcək, ailə
quracaq, musiqi də səslənəcək, alqışlar da
gurlayacaq, ancaq o xanəndələr olmayacaq, o
tamaşaçılar olmayacaq. Ona görə də onlardan - o
misilsiz xanəndələrdən, o müstəsna dinləyənlərdən
qalan nə varsa, irsdir, sərvətdir, bütün millətə
aid dəyərdir. Gərək hamısı yığıla,
qoruna, sabahlara ötürülə. Gərək Nurəddin
Salayev kimi belə nəcib yığıcılıq işini
görənlər də çox ola!
Xalq artisti Canəli Əkbərovdan danışanda
unudulmaz müğənnimiz Sara Qədimova söyləyərdi
ki, o, xas xanəndə, bütöv xanəndə, həmişə
ehtiyatda 40-cı fəndi olan xanəndədir.
Bu, qətiyyən sadə müşahidə
deyildi. Bu, istər xanəndənin,
istərsə də, başqa hər hansısa sənət sahəsində
ad çıxarmış bir insanın peşəkarlıq,
peşəkarlıqdan da daha artıq DƏRİNLİK,
KAMİLLİK ölçüsüdür.
Başlanğıcda o qırxıncı fənd
söhbətini pəhləvanlarla aid etmişdilər. Sonra bəlli
oldu ki, bu elə qiymətdir, əslində hə kəsə
uyğun gəlir. Sən hansısa sənəti, peşəni,
elmi yaxşıca öyrənərsən, hamı da səni qəbul
edər. Lakin bu azdır. Gərək dərinlərə
işləyən kökün ola, sədası uzaqlardan gələn
təcrübən qat-qat yığıla. Bu, insana tükənməzlik
verir, daraqdakı bütün güllələr bitəndən
sonra da sənin yenə atəş aça biləcəyin
ehtimalını qüvvədə saxlayır.
Xanəndəsənsə, bir məclsidə sanki hər
oxunmalılar oxunub bitəndən sonra da, gərək ətrafdakıları
heyrətləndirmək üçün boxçanda həmin
qırxıncı fənd sayılan ehtiyatın və
ehtiyatların olmuş ola. Həm də o həddə ki, məqamı
yetişəndə bunu özünə zor edərək
axtarmayasan, elə içərin bədahətən bunu
qaynayan bulaq kimi üzə çıxara. Hətta yeri
düşəndə səsin xəstə olanda belə
ustalığının, gizlindəki qırxıncı fəndlərinin
hesabına elə oxuyasan ki, cana yatasan, diksindirməyi bacarasan.
Canəlidə bunların hamısı vardı və
o, musiqi mühitimizdəki əlini ürəyinin üstünə
qoyaraq arxayınca "əsl xanəndə" deyə biləcəyin
təklərdən idi.
...Canəlinin ata yurdu, doğulub boya-başa
çatdığı Tükəvilə kəndi Azərbaycanın
yüzlərlə irili-xırdalı kəndi arasında
hansısa xüsusi əlamətləri ilə seçilməyən
bir balaca yaşayış məntəqəsidir. Ancaq o kənddən
çıxmış bir övladın sayəsində Tükəvilə
Azərbaycanın mənəviyyat, mədəniyyət xəritəsində
şərəfli bir mərtəbəyə ucaldı.
Canəli Əkbərov məlahətli avazı ilə
sənət üfüqlərimizin yüksəklərində
qaldıqca, öz doğma ata-baba yurdunu da, bütöv Azərbaycanı
da qaldıracaq, nurlandıracaq, şərəfləndirəcək.
Ruhları həmişə şad edə bilənin, əlbəttə
ki, özünün də ruhu gərək daim şad ola!
31 yanvar, 2026
Rafael HÜSEYNOV
Akademik
525-ci qəzet .- 2026.- 6 fevral(¹5).-S.20-21.