Sabir Abbaszadə:
"Yaradıcı yanaşmayanda süni intellekt sadəcə
səs-küydür"
Süni intellekt artıq yalnız gələcəyin
texnologiyası deyil, o, elə indidən həyatımızın
bir parçasına çevrilib. Dünyada olduğu kimi, Azərbaycanda
da bu sahəyə maraq sürətlə artır və gənc
mütəxəssislər yeni ideyalar, innovativ yanaşmalarla
diqqət çəkirlər.
Süni intellekt sahəsi üzrə gənc mütəxəssis
kimi fəaliyyət göstərən Sabir Abbaszadə son
zamanlar bu texnologiya vasitəsilə yaratdığı videolar,
fotolar və müxtəlif layihələrlə diqqət
çəkməyi bacarıb. Onun xüsusən öz
yaradıcılığında süni intellektlə mədəniyyəti
vəhdətdə təqdim etməsi, xalqımızın
milli-mənəvi dəyərlərinə olan yüksək
sevgisini və hörmətini gördüyü işlərdə
də əks etdirməsi nəsildaşları arasında fərqlənməsinə
səbəb olub.
S.Abbaszadə ilə müsahibəmizdə onun bu sahəyə
gəliş yolunu, qarşılaşdığı çətinlikləri,
əldə etdiyi təcrübəni və süni intellektin gələcəyi
ilə bağlı fikirlərini öyrənməyə
çalışdıq:
- Sabir bəy, bu sahəyə marağınız necə
yarandı? Sizi daha çox həvəsləndirən nə
oldu?
- Mən özümü heç vaxt bir peşə ilə
məhdudlaşdırmamışam. Çünki bu dövrdə
insan ya daim öyrənir, ya da yavaş-yavaş kənarda
qalır. Mənim yolum texnologiya ilə
yaradıcılığın kəsişdiyi yerdən
keçir. Həmişə inanmışam ki, insan yalnız
bildikləri ilə yox, öyrənməyə nə qədər
açıq olması ilə dəyər qazanır.
Mənim üçün inkişaf diplomla bitmir, o,
sual vermək, risk almaq, səhv etmək və yenidən
ayağa qalxmaqdır. Süni intellektlə
tanışlığım da məhz "bu alət mənim
düşüncəmə nə qata bilər?"
sualından doğdu.
Əslində, hər şey çox sadə bir müşahidə
ilə başladı. Eyni işi görən insanlar
arasında fərq yaradan cəhət istedad yox, yanaşma idi.
Bəziləri saatlarla vaxt sərf edir, bəziləri isə
eyni nəticəni daha sürətli, daha ağıllı
şəkildə əldə edirdi. Həmişə ikinci
qrupun içində olmaq istəmişəm. Bir çox insan
texnologiyaya "işimizi əlimizdən alacaq" deyə
baxır. Mən isə düşünürdüm ki, onu
öz işimdə işlədə bilsəm, nə olar?
İlk mərhələdə bu sahə mənə
bir alət kimi göründü. Amma dərinləşdikcə
anladım ki, süni intellekt sadəcə proqram deyil,
düşünmə modelidir. Düzgün sual verməyi
bilmirsənsə, ən güclü sistem də sənə zəif
nəticə verəcək.
- Bu sahədə biliklərinizi təkmilləşdirmək
üçün hansı addımlar atırsınız?
- Özümü bu sahədə təsadüfi biliklərlə
kifayətlənən biri kimi görmək istəmirəm. Ona
görə də beynəlxalq səviyyədə qəbul edilən,
praktiki və sistemli təlimlərə üstünlük
verdim. İlk olaraq süni intellektlə işləməyin əsasını
təşkil edən prompt düşüncəsi üzərində
fokuslandım. Bu istiqamətdə dörd mərhələli
beynəlxalq ixtisaslaşma proqramını uğurla
tamamladım. Bu təlim mənə öyrətdi ki, süni
intellektə "əmr vermək" yox, onunla düzgün
dialoq qurmaq lazımdır.
Daha sonra generativ süni intellektin real dünyada necə
işlədiyini anlamaq üçün növbəti beynəlxalq
proqramda iştirak etdim. Google Cloud tərəfindən autorizə
olunan və Coursera platforması üzərindən təqdim
edilən "Gen AI: Beyond the Chatbot" adlı onlayn təlim
artıq yalnız mətn və ya şəkil istehsalı ilə
kifayətlənmirdi. Burada generativ modellərin biznesə,
yaradıcılığa, təhsilə necə təsir
etdiyini, onların necə qurulduğunu və necə tətbiq
edildiyini öyrəndim. Bu sertifikatlar mənim
üçün sadəcə sənəd deyil. Onlar mənim
düşüncə tərzimin dəyişdiyinin rəsmi təsdiqidir.
- Təlimlərdən öyrəndiklərinizi bu
gün yaradıcılığınızda necə tətbiq
edirsiniz?
- Ən böyük fərq yanaşmadadır. Əvvəllər
"ideya - icra - nəticə" xətti daha uzun idi. İndi
isə ideya ilə nəticə arasındakı məsafə
qısalıb, amma keyfiyyət azalmayıb, əksinə,
artıb. Süni intellekt mənim üçün
"hazır cavab verən" alət deyil. O, mənim
düşüncə gücləndiricimdir. Məsələn,
bir ideyanı on fərqli bucaqdan yoxlaya bilirəm, alternativ
ssenariləri saniyələr içində görürəm,
yaradıcı tıxanıqlıq zamanı beynim
üçün güzgü rolunu oynayır.
Amma onu da deyim ki, süni intellekt
yaradıcılığı əvəz etmir.
Yaradıcılığı olan insanın əlində
güclü silaha çevrilir. Yaradıcı yanaşma
olmayanda isə süni intellekt sadəcə səs-küydür.
- Sizcə, süni intellektin sürətli
inkişafı ilə necə ayaqlaşmaq mümkündür?
- Belə deyək, daim öyrənməyə hazır
olmayan bu yarışda uduzacaq. Ayaqlaşmaq üçün
gündə bir az da olsa oxumaq, yeni alətləri yoxlamaqdan
qorxmamaq, "mən bilirəm" deməyi vaxtında
dayandırmaq lazımdır. Texnologiya artıq bizdən icazə
almır. O irəliləyir. Onun arxasında qaçmaq, ya da kənardan
baxmaq artıq öz seçimimizdir.
- Süni intellekt bizdən nəyi alır, bizə nə
qazandırır?
- Ən çox qazandırdığı vaxtdır.
Ən riskli tərəfi isə düşüncədə tənbəllik
aşılamasıdır. Əgər insan düşünməyi
süni intellektə həvalə edirsə, itirir. Amma əgər
düşünməni özündə saxlayıb, icranı
sürətləndirirsə, qazanır. Süni intellekt bizdən
yaradıcılığı almır. Əksinə,
yaradıcılığı olmayanı üzə
çıxarır.
- Hazırda karyeranızı qurmaq prosesində
hansı çətinliklərlə daha çox
qarşılaşırsınız və bu çətinlikləri
aşmaq üçün nələr etməyə
çalışırsınız?
- Qarşılaşdığım ən böyük
çətinliklərdən biri mühitin dəyişməyə
həmişə hazır olmamasıdır. Texnologiya çox
sürətlə irəliləsə də, insanların
düşüncə sürəti eyni templə dəyişmir.
Yeni ideya təqdim edəndə bəzən ilk reaksiya maraq yox,
ehtiyat olur. Bu isə insanı ya geri çəkilməyə,
ya da daha güclü olmağa məcbur edir. Mən ikinci yolu
seçmişəm.
Digər bir çətinlik isə daxili şübhədir.
İnsan bəzən özündən soruşur:
"Doğru yoldayam?", "Gecikmirəm ki?", "Daha
yaxşı edə bilərəmmi?" Bu suallar zəiflik
yox, inkişafın başlanğıcıdır.
Çünki özündən razı qalan insan dayanır,
soruşan insan isə böyüyür. Bu çətinlikləri
aşmaq özüm üçün davamlı öyrənmək,
səbirli olmaq, müqayidəsən uzaq durmaq riskdən
qorxmamaq kimi prinsiplər müəyyənləşdirmişəm
ki, onlara sadiq qalmağa çalışıram. Məncə,
karyera qurmaq əslində iş tapmaq yox, özünü
tapmaqdır. İnsan kim olduğunu anladıqca yolu da
aydınlanır.
- Öyrənmə mərhələsində olan gənc
kimi süni intellekt sahəsində sizi ən çox həyəcanlandıran
və eyni zamanda narahat edən məqamlar hansılardır?
- Süni intellekt təkcə texnologiya deyil. Bu, insan
düşüncəsinin yeni mərhələsidir. Ən
çox həyəcanlandıran tərəfi məhz əvvəllər
aylarla çəkən proseslərin indi saatlara, bəzən
dəqiqələrə sığmasıdır. Bu,
yaradıcı insan üçün inanılmaz imkan deməkdir.
Bundan başqa həyəcanlandıran tərəflərindən
biri yaradıcılığın sərhədlərinin
genişlənməsidir. Yəni artıq ideya ilə nəticə
arasındakı məsafə çox qısalıb. Həmçinin,
əvvəllər böyük bir komandanın
gördüyü işi indi tək bir insan görə bilir.
Biliklər daha əlçatandır. Yəni harada
yaşamağından asılı olmayaraq, öyrənə
bilirsən. Bu gün mən Bakıda oturub dünyanın
sayılıb-seçilən böyük bir təlimində,
beynəlxalq kursunda aylarla iştirak edə bilirəmsə, deməli,
indi elm dalınca Çinə getmək heç də adicə
məsəl deyil.
Eyni zamanda bu aspektdə narahatlıq doğuran məqamlar
da az deyil. Onlardan ən əsası asılılıq riskidir.
Əgər insan düşünməyi dayandırıb hər
şeyi süni intellektə həvalə edərsə, bu,
inkişaf yox, geriləmə olar. Texnologiya bizi gücləndirməlidir,
zəiflətməməlidir.
Digər narahatlıq isə etik məsuliyyətdir.
Süni intellekt güclüdür, amma onu necə istifadə
etməyimiz daha güclü nəticələr yaradır.
Yanlış əllərdə böyük texnologiya
böyük problemə çevrilə bilər.
- Gələcəkdə özünüzü süni
intellektin hansı istiqamətində görmək istəyirsiniz
və bu hədəfə çatmaq üçün
hazırda hansı addımları atırsınız?
- Özümü yalnız texnologiyadan istifadə edən
biri kimi görmürəm. İstəyirəm ki, texnologiya ilə
dəyər yaradan insan olum. Gələcəkdə məqsədim
süni intellekti yaradıcılıq, kommunikasiya və insan
düşüncəsi ilə birləşdirən istiqamətdə
inkişaf etməkdir.
Məni ən çox cəlb edən sahə generativ
süni intellektin yaradıcı sənayelərlə kəsişməsidir.
Çünki burada texnologiya təkcə hesablamır - o, təsəvvür
edir, formalaşdırır, vizuallaşdırır. Bu isə
yeni bir yaradıcılıq dili deməkdir. Bu hədəfə
çatmaq üçün beynəlxalq təlimlərdə
iştirak edirəm, yeni alətləri təcrübədən
keçirirəm, qazandığım bilikləri tətbiq etməyə,
düşüncəmi texnologiyanın sürətinə
uyğun inkişaf etdirməyə çalışıram.
- Sizcə, süni intellekt yaxın illərdə cəmiyyətimizin
hansı sahələrinə daha ciddi təsir göstərəcək
və bu dəyişikliklərə nə dərəcədə
hazırıq?
- Süni intellekt artıq gələcəyin
mövzusu deyil, bugünün reallığıdır. Fikrimcə,
yaxın illərdə təhsil, media və kommunikasiya, iş bazarı
kimi sahələrdə, eləcə də gündəlik həyatımızda
onun ciddi təsirlərini görəcəyik. Öyrənmə
fərdiləşəcək. Hər kəs eyni templə yox,
öz sürəti ilə inkişaf edəcək. Müəllimin
rolu azalmaq yox, dəyişmək istiqamətində gedəcək.
Kontent istehsalı sürətlənəcək. Bu xaosun
içərisində keyfiyyətlə səs-küyü
ayırmaq çətinləşə bilər. Amma yenə də
düşünürəm ki, bu sahədə insan
zövqü və düşüncəsi daha da dəyərli
olacaq. Bəzi peşələr dəyişəcək, bəziləri
yox olacaq, yeniləri yaranacaq. Bu, tarix boyu belə olub. Fərq
ondadır ki, bu dəfə dəyişimin sürəti daha
yüksəkdir. İnsan daha az fiziki, daha çox zehni iş
görəcək.
O ki qaldı hazır olmağımıza, məncə,
texnologiya baxımından bəli, sürətlə
yaxınlaşırıq, amma düşüncə
baxımından hələ də öyrənirik. Əsas məsələ
proqramlar yox, zehniyyətin dəyişməsidir. Çünki
gələcək texnologiyanın yox, ona uyğunlaşa bilən
insanın tərəfində olacaq. İnanıram ki, gələcək
texnologiyanı bilənlərin yox, texnologiya ilə
düşünməyi bacaranların olacaq. Süni intellekt
qorxulu deyil. Qorxulu olan dəyişməyə müqavimətdir.
Şahanə MÜŞFİQ
525-ci qəzet .- 2026.- 6 fevral(№5).-S.19.