“Səssiz dualar – Zirə Cümə
məscidində qorunan mədəni irs” sərgisi
açılıb
Fevralın 5-də Azərbaycan Milli Xalça Muzeyində
“Səssiz dualar – Zirə Cümə
məscidində qorunan mədəni irs” sərgisi sənətsevərlərin
ixtiyarına verilib.
Tədbirdə Milli Məclisin deputatları,
tanınmış mədəniyyət və incəsənət
xadimləri iştirak ediblər.
Muzeyin direktoru, Əməkdar mədəniyyət
işçisi Əminə Məlikova sərgi barədə məlumat
verib.
O qeyd edib ki, “Səssiz dualar – Zirə Cümə məscidində
qorunan mədəni irs” adlı sərgi mədəni
yaddaşımızın, mənəvi dəyərlərimizin
və tarixi irsimizin qorunmasına xidmət edən mühüm
hadisədir.
Əminə Məlikova layihənin ərsəyə gəlməsi
prosesindən də danışaraq sərginin təşəbbüskarı
Milli Məclisin deputatı, Mədəniyyət komitəsinin sədr
müavini Günay Əfəndiyevaya təşəkkürünü
bildirib. Direktor vurğulayıb ki, Zirə Cümə məscidində
unikal eksponatların mövcudluğunun şahidi olub və bu
nümunələrin toplanması, qorunması, eləcə də
ictimaiyyətə təqdim edilməsi mədəni irsin
yaşadılması və gələcək nəsillərə
ötürülməsi baxımından xüsusi əhəmiyyət
daşıyır.
Milli Məclisin deputatı, parlamentin Mədəniyyət
komitəsinin sədri Polad Bülbüloğlu
çıxışında sərginin gözəl təşəbbüs
və uğurlu ideya olduğunu bildirib. O qeyd edib ki, məscidlərimiz
və dini məkanlarımız xalqımızın və
tariximizin ayrılmaz hissəsidir.
“Bu məkanlar bu gün də fəaliyyət göstərir,
mənəvi həyatımızda öz yerini qoruyub
saxlayır. Eyni zamanda, muzeylərimizdə, xalça sərgilərində
və müxtəlif ekspozisiyalarda nümayiş olunan tarixi-mədəni
irsimiz cəmiyyətimiz üçün böyük dəyər
daşıyır. Bu sərgi məhz həmin iki aləmi –
dini məkanla mədəni irsi bir araya gətirməsi
baxımından xüsusilə əhəmiyyətlidir”, – deyə
o əlavə edib.
Deputatın sözlərinə görə, bundan sonra
digər muzeylər, o cümlədən Azərbaycan Milli
Xalça Muzeyi də bu cür sərgilərin təşkilinə
daha geniş şəkildə qoşula bilər. O
vurğulayıb ki, bu, həm zəruridir, həm də cəmiyyət
üçün faydalıdır. Ən əsası isə məscidlərlə
mədəniyyət ocaqları arasında vəhdətin
yaranmasıdır ki, bu da müsbət haldır.
Milli Məclisin deputatı, Mədəniyyət komitəsinin
sədr müavini Günay Əfəndiyeva
çıxışında sərginin əhəmiyyətindən
danışıb. O bildirib ki, maddi və qeyri-maddi mədəni
irsimizin qorunması, müasir dövrdə təbliği və
gələcək nəsillərə ötürülməsi
Azərbaycan dövlət siyasətinin əsas prioritetlərindəndir.
Günay Əfəndiyeva vurğulayıb ki, təmsil
etdiyi Xəzər və Pirallahı rayonlarının ərazisində
çoxsaylı mədəni, dini və tarixi abidələr
mövcuddur. Onun sözlərinə görə, sərgidə
təqdim olunan eksponatlar uzun illər məscidin özündə,
eləcə də sakinlərin arxivlərində, evlərində,
nənələrin sandıqlarında qorunub saxlanılıb.
Deputat, həmçinin qeyd edib ki, Zirə Cümə
məscidi qədim dini ibadət məkanlarımızdan
biridir.
“Məscid 2016-cı ildə Azərbaycanın Birinci
vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü
və dəstəyi ilə əsaslı təmir olunub. Məscidi
ziyarət edərkən imam və dini rəhbər Hacı Qədirlə
görüşdüm, o, məscidin tarixi və burada qorunan əşyalar
barədə ətraflı məlumat verdi. Daha sonra
xalçalara və digər nümunələrə
baxdıqda gördüm ki, bu məscid, eyni zamanda, kiçik
bir muzeyi xatırladır. Burada yalnız Azərbaycana məxsus
əl sənəti nümunələri deyil, müxtəlif
ölkələrdən gətirilmiş dəyərli
eksponatlar da yer alır: Özbəkistan, Türkiyə,
İran, İraq, Türkmənistan və digər ölkələrdən
olan nümunələr”, – deyə Günay Əfəndiyeva
qeyd edib.
Daha sonra deputat sərginin təşkilində əməyi
olan hər kəsə təşəkkür edib, bu cür təşəbbüslərin
milli-mənəvi dəyərlərimizin qorunması və təbliği
baxımından xüsusi əhəmiyyət
daşıdığını vurğulayıb.
Bakı şəhəri Xəzər Rayon İcra
Hakimiyyətinin başçısı Elşən Salahov
bildirib ki, sərgi xalqımızın böyük tarixinin,
yaddaşının və mədəni irsinin təcəssümüdür.
Onun sözlərinə görə, belə təşəbbüslərə
dövlət başçısı tərəfindən hər
zaman xüsusi diqqət və önəm göstərilir.
İcra başçısı vurğulayıb ki, bu cür
layihələr cəmiyyətimizi daha da birləşdirəcək,
milli-mədəni dəyərlərimizin qorunmasına və təbliğinə
mühüm töhfə verəcək.
Elşən Salahov təşəbbüsün
reallaşmasında əməyi olan hər kəsə minnətdarlığını
bildirib, həmçinin qəsəbə sakinlərinə,
ziyalılara və ağsaqqallara təşəkkür edib. O,
bu cür eksponatların qorunub saxlanılmasının mədəni
irsimizin yaşadılması baxımından xüsusi əhəmiyyət
daşıdığını qeyd edib.
Tədbir çərçivəsində Zirə
Cümə məscidi haqqında “Tarixin əmanəti” adlı
qısametrajlı film nümayiş olunub. Filmin rejissoru
Mübariz Nağıyevdir.
Milli Məclisin Mədəniyyət komitəsi, Mədəniyyət
Nazirliyi və Azərbaycan Milli Xalça Muzeyinin birgə təşkilatçılığı
ilə həyata keçirilən layihə milli-mənəvi və
mədəni dəyərlərin, tarixi yaddaşın, eləcə
də xeyriyyəçilik ənənələrinin təbliğinə
xidmət edir.
Sərgidə müxtəlif dövrlərdə
ayrı-ayrı şəxslər tərəfindən Zirə
Cümə məscidinə ianə edilmiş milli irs nümunələri
nümayiş olunub. Ekspozisiyada xovlu və xovsuz xalçalar,
xalça məmulatları, bədii metal, geyim və tikmə
nümunələri, “Qurani-Kərim”in nüsxələri, həmçinin
nadir əlyazma kitablar yer alıb. Eksponatların əksəriyyətinin
yaşı bir əsrdən çoxdur və onlar azərbaycanlı
sənətkarlar tərəfindən yaradılıb.
Qeyd olunub ki, sərgidə təqdim edilən tarixi-mədəni
irs nümunələri təkcə keçmişin
yadigarı deyil, həm də Azərbaycanda mövcud olmuş
xeyriyyəçilik ənənəsinin
yaşadılmasının göstəricisidir. Bu nümunələrin
məscidlərdə qorunması milli dəyərlərə
yüksək diqqətin, humanizm ideyalarının və ictimai
həmrəyliyin təzahürü kimi dəyərləndirilir.
Sərgi fevralın 8-dək davam edəcək.
525-ci qəzet .- 2026.- 6 fevral(¹5).-S.18.