Umud Mirzəyevin 65
illik yubileyinə həsr olunmuş tədbir keçirilib
Beynəlxalq
Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti, Əməkdar mədəniyyət
işçisi, ictimai xadim, şair-publisist Umud Mirzəyevin (Rəhimoğlu)
65 illik yubileyi münasibətilə Azərbaycan
Yazıçılar Birliyində (AYB) tədbir keçirilib.
525.az
xəbər verir ki, tədbirdə tanınmış qələm
adamları, siyasi-ictimai xadimlər iştirak ediblər.
AYB-nin
sədr müavini, Azərbaycan Mətbuat Şurasının sədri
Rəşad Məcid açılış nitqində Umud Mirzəyevin
bir ziyalı kimi ölkə üçün əhəmiyyətli
işlər gördüyünü vurğulayıb: “Umud Mirzəyevin
yaratdığı təşkilat Azərbaycan
hüdudlarından kənarda da ölkəmiz üçün
vacib və əsaslı fəaliyyət göstərir. Onun bu
təşkilatı yaratması və rəhbərlik etməsi
Umud müəllimin ziyalı mövqeyinin nə qədər əhəmiyyətli
olduğunu göstərir”.
AYB-nin
sədri, Xalq yazıçısı Anar bildirib ki, Umud Mirzəyev
təkcə ədəbiyyat sahəsində deyil, eyni zamanda, ədəbiyyatdan
kənarda da mühüm fəaliyyətlər göstərib:
“Umud Mirzəyev Azərbaycanın ölkə xaricində
tanınması üçün də ciddi işlər
görüb. O, yalnız ədəbiyyat və publisistika ilə
kifayətlənməyib”.
AYB-nin
birinci katibi, Xalq yazıçısı Çingiz Abdullayev
Umud Mirzəyevin həm də səmimi dost olduğunu qeyd edib:
“Artıq iyirmi ildən çoxdur ki, dostluq edirik. Umud həm qələm
adamı, həm də dost kimi yaxşı mənada seçilən
insanlardandır. Təsadüfi deyil ki, ədəbiyyata gəldiyi
ilk gündən seçilən imzalardan biri olub”.
Deputat
Fazil Mustafa Umud Mirzəyevin fəaliyyətini yüksək qiymətləndirib:
“Bəzi adamlar sadəcə yazmaqla kifayətlənirlər.
Amma Umud Mirzəyev yazmaqla yanaşı, paralel şəkildə
ölkə xaricində də insanların diqqətini Azərbaycana
cəlb edib”.
Qeyri-Hökumət
Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin
icraçı direktoru Aygün Əliyeva ölkənin bir
çox ziyalısını bir araya topladığına
görə yubilyara təşəkkür edib: “Belə tədbirlərin
keçirilməsi həm ədəbiyyatımız, həm də
mədəniyyətimiz üçün çox önəmlidir.
Gözəl haldır ki, Umud müəllim üçün bu
qədər ziyalı insan bir araya toplaşaraq onu təbrik
edir”.
Tədbirdə
həmçinin AYB-nin katibləri Elçin Hüseynbəyli
və Səlim Babullaoğlu, Azərbaycan Dövlət Pedaqoji
Universitetinin rektoru Cəfər Cəfərov, iqtisad elmləri
doktoru, professor Ziyad Səmədzadə, “Xalq qəzeti”nin
baş redaktoru Əflatun Amaşov, Atatürk Mərkəzinin
direktoru, filologiya elmləri doktoru, professor Nizami Cəfərov,
AMEA Dilçilik İnstitutunun baş direktoru, professor Nadir Məmmədli,
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun direktor
müavini, tarix elmləri doktoru, sabiq səfir Eynulla Mədətli,
qələm adamları Ağacəfər Həsənli, Zakir
Fəxri, Murad Köhnəqala, ədəbi tənqidçi
Əsəd Cahangir və digər tanınmış ədəbiyyat
və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxış edənlər yubilyarın
yaradıcılıq yolu, həyat fəaliyyəti və Azərbaycanın
ədəbi-mədəni inkişafına verdiyi töhfələrdən
danışıblar.
Tədbir
çərçivəsində şair-publisist Xəqani
Qayıblının və tanınmış şairlər Xanəmir
Telmanoğlu və İbrahim İlyaslının
redaktorluğu ilə bir qrup yazıçı tərəfindən
hazırlanaraq nəşr edilən “Avrasiya Press” nəşrinin
“Avrasiya portreti – Umud Mirzəyev 65” adlı xüsusi
buraxılışı təqdim olunub. Həmçinin
yazıçı-jurnalist Gülşən Behbudun Umud Mirzəyevin
həyat və fəaliyyətindən bəhs edən, onun 65
illik yubileyinə həsr olunmuş “Təmənnasız
missiya” adlı kitabı tədbir iştirakçıları
tərəfindən maraqla qarşılanıb.
Qeyd
edək ki, Umud Rəhim oğlu Mirzəyev 1 fevral 1961-ci ildə
Azərbaycan Respublikasının Füzuli rayonunun
Aşağı Əbdürrəhmanlı kəndində
anadan olub. 1982–1987-ci illərdə Moskvada Maksim Qorki adına
Ədəbiyyat İnstitutunun poeziya şöbəsində təhsil
alıb. 1988-ci ildə Azərbaycan Yazıçılar
İttifaqının mətbu orqanı olan “Ədəbiyyat və
incəsənət” qəzetində əmək fəaliyyətinə
başlayıb, 1989–1993-cü illərdə isə həmin qəzetin
“Elm, publisistika və məktublar” şöbəsinə rəhbərlik
edib. 1992-ci ildə yaradılan və hazırda BMT-nin
İqtisadi və Sosial Şurasının ən yüksək
statuslu üzvü olan Beynəlxalq Avrasiya Mətbuat Fondunun
qurucusu və prezidentidir.
Onun
şeirləri və publisistik yazıları yerli və
respublika əhəmiyyətli mətbuatda dərc olunub, eyni
zamanda rus, ingilis və türk dillərində müxtəlif
ölkələrdə yayımlanıb.
Umud
Mirzəyev 2012–2016-cı illərdə Beynəlxalq Mətbuat
İnstitutunun (BMI) İdarə Heyətinin, 2013–2016-cı illərdə
isə Nobel Sülh Mükafatı laureatı olan Beynəlxalq
Sülh Bürosunun Ali Şurasının üzvü və
qurumun 18 Qərbi Asiya ölkəsi üzrə nümayəndəsi
olub. 2009–2016-cı illərdə Azərbaycan Respublikasının
Prezidenti yanında KİV-in İnkişafına Dövlət
Dəstəyi Fondunun Müşahidə Şurasına sədrlik
edib. 2010–2022-ci illərdə Azərbaycan Mətbuat
Şurasının sədr müavini, hazırda isə
Şuranın İdarə Heyətinin üzvü, Azərbaycan
Yazıçılar Birliyinin üzvü və Azərbaycan
Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA)
yanında İctimai Şuranın sədridir.
525-ci qəzet .- 2026.- 6 fevral(¹5).-S.18.