Ustada sonsuz
ehtiramın ifadəsi
Medianın İnkişafı Agentliyi və Audiovizual
Şuranın dəstəyi ilə hazırlanan, ATV
kanalında yayımlanan, mədəniyyətimizin,
teatrımızın təbliğinə hədəflənmiş
"Teatr" telelayihəsini müəllif - Xalq artisti Fəxrəddin
Manafovun dünyanın və Azərbaycanın qabaqcıl teatr
ənənələrindən, incəsənət xadimlərinin
həyat və yaradıcılığından bəhs edən
ustad dərsləri də adlandırmaq olar (layihənin ideya
müəllifi və rəhbəri tanınmış
prodüser Ələkbər Tağızadədir) .
Ardıcıl izləyə bilməsəm də, imkan
tapdıqca baxdığım bu proqram hər dəfə məni
öz aurasının cazibəsinə salır.
"Yeri dolmayan bir boşluq qoyub getmiş" mərhum
teatr rejissoru Vaqif İbrahimoğluya həsr etdiyi budəfəki
verilişdə Fəxrəddin Manafov "qəribəliyinə
darıxdığı qəribə ustadından"
böyük ehtiram və sonsuz minnətdarlıq duyğusuyla
söz açır. "Sənət dünyasının
öncəgörəni" adlandırdığı,
"onunla tanışlığını elə özüylə
tanışlıq" kimi dəyərləndirdiyi ustadının
xarakterini, həyat və yaradıcılıq tarixçəsini
düz 1 saat 7 dəqiqə mövzunun ruhuna uyğun xüsusi
həyəcanla, sirli-sehrli nağıl kimi danışır;
onu çox oxumuş, zəkalı, intellektual insan kimi
xatırlayır, hüdudsuz, iti yumorunu yada salır, hələ
gənclik illərindən tanıdığı Vaqif
İbrahimoğlunun cazibəsindən çıxmağın
mümkünsüzlüyünü deyir. Yeniliyin həmişə
qısqanclıqla qarşılandığını, bu səbəbdən
İbrahimoğluya ağız büzənlərin olduğunu
da vurğulayıb həmin dövrdə ona birinci, hər kəsdən
əvvəl yazıçı Anarın güvəndiyini, dəstək
verdiyini əminliklə dilə gətirir.
Proqram boyu başqa teatrlardan "insan ruhunu tərpətməsiylə"
fərqlənən "Yuğ" teatrının
yaradıcısı, heç kimə bənzəmək istəməyən
Vaqif İbrahimoğlu barədə sənət dostlarından,
görkəmli sənət adamlarından zərgər dəqiqliyi
ilə seçilmiş, yerində işlədilən sitatlar
onun xarakterini sərrast ifadə edir, mərhum rejissorun
yaradıcılığına müxtəlif rakurslardan
işıq salan fərqli yanaşmalar sənətkar
ömrünün həyat xalısına əlavə ilmələr
vurur.
Tamaşaçını zəngin fikirlərin, düşündürücü
mülahizələrin tilsiminə salan kadrlar qəfildən dəyişir
və maddi sıxıntıların, sosial problemlərin sənətkarı,
yaradıcı sənət adamını bir gün hansı
çətinliklərlə üz-üzə qoya biləcəyi
kimi ağrılı mövzuya keçid alınır. Və
efirdən müəllifin tükürpədən səsini
eşidirik: "Kasıbçılığın üzü
qara olsun!" Vaqif İbrahimoğlunun xəstəliyi
kontekstində işlədilən bu ifadə, xüsusən
ustad rejissordan gətirilən,
kasıbçılığın sənət
adamlarının həyatında doğurduğu məhrumiyyətləri
bir-bir sadalayan sitatın hər kəlməsi qısa
partlayış, şimşək işığı kimi beyni
aydınladır, izləyicini diksindirib dərin
düşüncəyə qərq edir. Gəlinən qənaətlərin
sərrastlığı heyrət doğurur:
"Kasıbçılığın qara üzü öncə
sənətçinin psixologiyasına kölgəsini
salıb, bir görün nə kimi önəmli xassələrini
zədələməyə başlayır: qürurunu,
sabitliyini, özgürlüyünü,
bağımsızlığını, təxəyyülünü,
alicənablığını..."
Bəs ziyalı kimdir, ziyalı necə
olmalıdır? İbrahimoğlunun düşüncə
prizmasından bu sualın da dəqiq və dürüst
izahı verilir.
Ssenarinin ekran həllinin mükəmməlliyini, müəllifin
emosiya və jestlərini, üz ifadələrini, əllərinin
hərəkətini, səsləndirdiyi fikirlərin mahiyyətinə
uyğun dəyişən səs tembrini vizual görüb hiss
etməyin üstünlüklərini xüsusi vurğulamaqla bərabər,
bir qənaətimi də bölüşməyi lazım bilirəm.
Düşünürəm ki, veriliş boyu səslənən
ağır, ləngərli cümlələri tam mənimsəmək,
deyilənlərin dərin qatına varmaq üçün
bütöv mətnin yazılı variantını oxumaq da
yaxşı olardı. Bu yerdə Fəxrəddin Manafovun
yazıçı-publisist istedadı barədə
düşünməyə başlayıram və qərara gəlirəm
ki, Fəxrəddin müəllimdən verilişin mətnini
çap üçün "525-ci qəzet"ə verməsini
xahiş edim. Fikrimcə, bu həm də gənc jurnalistlərə
yaxşı bir məxəz, bir dərs ola bilər.
Sonda bir məsələni də deyim. Mən
teleproqramı yutub-dan izlədim və belə səviyyəli
bir proqramın baxış sayının gözlədiyimdən
xeyli az olduğunu görəndə bərk təəssüfləndim.
Hələ ötən il bu layihəyə diqqət çəkmək
məqsədilə "525-ci qəzet"də istedadlı gənc
jurnalist Aytac Sahədin bir yazısını (Yazını bu
linkdən oxuya bilərsiniz:
https://525.az/news/292424-danisir-fexreddin-manafov--aytac-sahed-yazir)
vermişdik. Yazıda bu layihənin digər verilişlərinə
izlənmə sayının azlığı məsələsinə
də toxunulur, tamaşaçıların biganəliyindən
məyusluq ifadə edilirdi.
Təəssüf ki, mənzərə bu gün də
eynidir. Baxış sayı kəlləçarxa vuran
bayağı və primitiv şou-proqramların izləyici
auditoriyası sarıdan dərin məzmunlu,
düşündürücü ekran işlərini nədən
kölgədə qoysun axı? Niyə biz peşəkarların
və istedadlı adamların hazırladıqları səviyyəli
verilişlərimizi lazımınca təbliğ edə
bilmirik? Belə sanballı telelayihələrin sayını
artırmaqla tamaşaçı zövqünə müsbət
mənada təsir göstərmək
mümkündürmü?
Bilirəm, suallar ritorikdir. Amma sısqa da olsa, ümid
həmişə yaşayır.
Rəşad MƏCİD
"525-ci qəzet"in baş redaktoru, Azərbaycan
Yazıçılar Birliyinin sədr müavini
525-ci qəzet .- 2026.- 6 fevral(№5).-S.16.