Əcəmi Naxçıvaninin
eşq manifesti: Möminə xatun türbəsi
XII əsrin Naxçıvanı səltənət
saraylarının sükutu altında əbədiyyəti bir
türbənin daşlarına həkk edən möhtəşəm
bir sevgi yaşayırdı. Bu sevgi nə nağıl
mövzusu idi, ne şeir məzmunu. Nə sözə
sığırdı, nə dastana. Bu sevgi Əcəmi
Əbubəkr oğlu Naxçıvaninin memarlıq dilində
danışan gerçək bir manifesti idi. Atabəylər
dövlətinin hökmdarı Şəmsəddin Eldəniz
öz gücü ilə deyil, məhz həyat yoldaşı
Möminə xatuna olan sədaqəti ilə tarixə
düşmüşdür. Renessans qadını Möminə
xatunun 1175-ci ildə dünyadan köçməsi
böyük hökmdar Şəmsəddin Eldənizi dərin
bir səssizliyə qərq etmişdir. Lakin o, sevgisinin səsini
susdurmamış, əksinə, elə bir günbəz ucaltmaq
əmri vermişdi ki, abidənin üzərində
hökmdarın kədəri, sevgisinin böyüklüyü
və sədaqəti əks olunsun. Həyat yoldaşı
Möminə xatunun dünyadan köçməsinə dözə
bilməyən Şəmsəddin Eldəniz onun
ölümündən bir ay sonra vəfat edib. Əcəmi
Naxçıvani Şəmsəddin Eldənizin Möminə
xatuna duyduğu bu sevginin ifadəsinin memarı olub. Atabəy
Şəmsəddin Eldənizin ürəyində
daşlaşan həsrətini o, onbucaqlı türbənin hər
üzünə naxış-naxış işləyib. Hər
üz bir xatirə olmuş, hər xətt bir nəfəs, hər
ornament bir dua. Türbənin onbucaqlı prizmatik gövdəsi,
göyə doğru ucalan forması və sonsuzluğu əks
etdirən ritmik ornamentləri insanı bir şeyi
düşünməyə vadar edir: "Biz öz sevdiyimiz
insana eyni sədaqəti göstərə bilərikmi?"
Şərqin dahi sənətkarı Əcəmi
Naxçıvani bu əsərdə dövrünün ən
mütərəqqi memarlıq üslubunu tətbiq edib. Abidə
üzərindəki müxtəlif həndəsi və nəbati
ornamentlər, kufi yazılar, kitabələr təkcə bəzək
elementləri deyil, zamanın nəfəsi, hökmdarın
eşqinin səsidir. Əcəmi Naxçıvani bu abidəni
sadəcə tikməmiş, sanki Şəmsəddin Eldənizin
sevgisini bu abidənin dili ilə əbədiləşdirib. Ulu
hökmdar Atabəy Şəmsəddin Eldəniz Əcəmi
Naxçıvanidən çox uca bir abidə inşa etməsini
istəmişdi. Bu, onun qəlbindəki sevgisinin
ucalığının tərənnümü idi. Əcəmi
Naxçıvanin inşa etdiyi türbənin göyə
doğru qalxan forması Möminə xatunun ruhunun Tanrıya tərəf
yönəlməsinin təsviri idi. Abidə üzərində
kərpiclərin düzülüşü, ornamentlərin
ritmi, kufi yazıların axarı sanki Şəmsəddin Eldənizin
sevdiyi qadının ruhuna son dəfə söylədiyi
cümlə idi: "Sən yanımda deyilsən, lakin mən
səni əbədiyyətə yazdım".
Əcəmi Naxçıvaninin 1175-1186-cı illərdə
ucaltdığı Möminə xatun türbəsi tək bir
insanın deyil, bütöv bir mədəniyyətin sevgiyə
münasibətini ifadə edir. Bu unikal əsər sadəcə
bir memarlıq abidəsi deyil, bir hökmdarın içində
gizlətdiyi sonsuz dərinlikdə sevginin təcəssümüdür.
Sanki Şəmsəddin Eldənizin sevgi məktubunu ustad memar
daşda oxuna bilən dilə çevirmişdi. Onbucaqlı
gövdə sanki on parçaya bölünmüş həsrəti
xatırladır. Sanki hər bir üz Şəmsəddin Eldənizin
Möminə xatunsuz keçirdiyi günləri, gecələri,
aldığı nəfəs sayısını ifadə edir.
Bu gün Möminə xatun türbəsinin
qarşısında dayanan hər bir insan yalnız bir
memarlıq abidəsi görmür. Sonsuz sevgini yaşayan hər
kəs bu abidədə bir kişinin qadını
üçün yaratdığı ən saf, ən təmiz
eşq manifestini görür. Türbə
qarşısındakı hər bir kəs zamanın necə
donub qaldığını, sevginin isə necə əbədiyyətə
çevrildiyini hiss edir. Möcüzələr yurdu olan
Naxçıvandakı bu türbə bizi bir daha
inandırır ki, eşq sadəcə yaşanmır, bəzən
daşda da əbədiləşir. Qədim tariximizin sərt
illərinin içindən keçərək bu günə gəlib
çatan Möminə xatun türbəsi bizə bir həqiqəti
xatırladır: "Sevgi bəzən bir ömürlük
deyil, bir dövlətlik, bir tarixlik, bir əbədiyyətlik
olur". Atabəylər dövlətinin ulu hökmdarı
Şəmsəddin Eldəniz həyat yoldaşı Möminə
xatunu itirdi, lakin onu unutmadı, unutdurmadı. Və dahi Şərq
memarı Əcəmi Naxçıvani onun hisslərinə
daşdan bir səs verdi. Bu səbəbdən Möminə
xatun türbəsi bu gün sadəcə tarixi memarlıq abidəsi
deyil, Şərqdə ilk dəfə bir kişinin
qadınına yazdığı ən uca şeir, daşa
çevrilmiş sədaqətin ən parlaq nümunəsidir.
Bu möhtəşəm memarlıq abidəsi təkcə XII əsr
sənətkarlığının nümunəsi deyil, həm
də bir ailənin, bir dövlətin və bir dövrün mənəvi
əzəmətini daşıyan eşq və sədaqət rəmzidir.
Möminə xatun türbəsi Naxçıvanın
memarlıq irsində yalnız bir tarixi artefakt deyil, həm də
zamanın içində qorunmuş mənəvi miras kimi dəyərləndirilir.
Və bu yüksək dəyərin qorunmasına dövlət
səviyyəsində də diqqət göstərilir. Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev 22 may 2025-ci il
tarixli Sərəncam imzalayaraq türbənin bərpası və
konservasiyası üçün Naxçıvan Muxtar
Respublikasının Nazirlər Kabinetinə ilkin olaraq 1 milyon
manat vəsait ayırdı. Bu mühüm addım yalnız
abidəyə fiziki qayğının ifadəsi deyil, Atabəy
Şəmsəddin Eldənizin möhtəşəm sevgisini,
böyük həsrətini, Möminə xatunun xatirəsini,
Əcəminin dahiliyini gələcək nəsillərə
çatdırmaq istəyidir.
Möminə xatun türbəsi daşdan
hörülmüş bir abidə olmaqdan daha artıqdır.
O, sevginin tarixə, sədaqətin əbədiyyətə
çevrildiyi nadir nümunələrdəndir. Əcəmi
Naxçıvani bu əsərdə təkcə memarlıq
dahisi kimi deyil, insan hisslərinin dərinliyini anlayan bir sənətkar
kimi çıxış edib. Şəmsəddin Eldənizin
şəxsi kədəri və sevgisi burada fərdi çərçivəni
aşaraq ümumbəşəri məna qazanıb. Bu türbə
bizə xatırladır ki, güc yalnız qılıncda
deyil, sədaqətdə, əbədiyyət yalnız
daşda deyil, sevgidə yaşayır. Möminə xatun
türbəsi zamanın sınağından çıxaraq bu
gün də eyni sualı ünvanlayır: "İnsan öz
sevgisini tarix qədər uca yaşada bilirmi?"
Brilyant CƏFƏRLİ
(AMEA Naxçıvan Bölməsi İncəsənət,
Dil və Ədəbiyyat İnstitutu)
525-ci qəzet .- 2026.- 6 fevral(№5).-S.16.