Birinci qurultayın ilk tarixçisi -
Birinci Türkoloji qurultay iştirakçılarının izi
ilə
ƏLİ BƏY HÜSEYNZADƏ BİRİNCİ
TÜRKOLOJİ QURULTAYDA
(Əvvəli ötən sayımızda)
Başqırd Əbilov (əslində M.Bilalov
olmalıdır. Başqırdıstan Xalq təhsili
komissarlığının təmsilçisi idi.
Görünür, qonağın soyadı Əli bəyin qeydlərində
qeyri-dəqiq yazılmışdır) nitqini başqırdca
etdi. Eston əsilli Zifeld eston dilinin özəlliklərindən
söz açdı. Filoloji baxımdan eston dili ilə türk
dilləri arasında qarşılaşdırma apardı.
Çeşidli türk ləhcələrində mən, min,
men, ben kəlmələrinin olduğunu və onlara eston dilində
də təsadüf edildiyini dedi. On dəqiqəlik tənəffüsdən
sonra Sereye (soyad yanlış transkripsiya edilmişdir. Söhbət
Leninqraddan qurultaya dəvət olunmuş professor L.V.Şerbadan
gedir. O, qurultayın on beşinci iclasında "Ana dilinin tədris
metodikasında ən yeni təmayüllər" mövzusunda
məruzə etmişdi) Samoyloviçin (A.N.Samoyloviç,
tanınmış türkoloq, həmin dövrdə SSRİ
EA-nın müxbir üzvü. Qurultayın beşinci
iclasındakı məruzəsinin mövzusu: "Türk dilləri
tədqiqinin müasir vəziyyəti və ən yaxın vəzifələri)
mövzusu ilə bağlı danışdı. Özbək
Halit Sait (Xalid Səid Xocayev -Bakı universitetində
çalışan özbək əsilli türkoloq, Mahmud
Kaşğarinin "Divani-lüğət-it Türk" əsərinin
Azərbaycan dilinə ilk tərcüməçisi) mükəmməl bir türkcədə
öz nitqini oxudu. Onun fikrincə, danışıq fərqlərinin
sərhədini müəyyən etmək çətindir.
Çünki ləhcələr coğrafi baxımdan bir-birinə
qarışmaqdadır. Türklərin bir-birlərini
anlamaları üçün ümumi bir ədəbi dilin
mövcudluğu zəruridir. Əbilov başqırd ləhcəsi
ilə danışdı. Başqırdcada iki şivə var
ki, biri tatar başqırdcasıdır. Özəl səsli hərfləri
olan başqırd ədəbiyyatı proletar ədəbiyyatı
olmaqla həm də yenidir.
Həsən Musayev (sənədlərdə Azərbaycan
türkü və tələbə olduğu, qurultayın
işinə xüsusi dəvətə əsasən
qatıldığı göstərilir) uyğur mədəniyyətindən
bəhs etdi. Türkcəsi yaxşı başa
düşülürdü. İstanbulda, Qalatasaray liseyində
təhsil alıb. Turfan, Tyan-Şan, Pamir bölgələrində
yaşayan türklər barəsində danışdı.
"Sarı Uyğurlar həp Kaşqarlıyıq deyirlərmiş.
Əski zamanlarda "Uyğuruq" deməkdən
utandıqları halda indi Uyğur olmaqları ilə iftixar
edirlər. Dilləri sadə qalmışdır". Erməni
türkiyatçılarından Açaryan (R.A.Açaryan,
erməni dilçisi, filoloq və etmoloq. Beşinci
iclasdakı məruzəsinin adı: "Türk və erməni
dillərinin qarşılıqlı təsiri") türkcə danışdı.
Mövzusu türkcənin erməni dilinə və ermənicənin
türk dilinə təsiri məsələsinə həsr
olunmuşdu.
1. Türkcənin ermənicəyə təsiri
çox böyükdür. 69-dan 99-a qədər say isimləri
bəzi yerlərdə sırf türkcədir. Ahalkalakda
dörd kənd, Nokhada üç kənd türkcə
danışır. Bir çox yerlərdə ermənicə hərflərlə
türkcə yazırlar. Bir çox erməni şairləri
türkcə şeir yazıblar. Erməni əlifbası ilə
türkcə də yazılırmış. Bir tarixçi bir
çox türk şəhərlərini gəzmiş və
bu faktları təsbit etmişdir. Erməni dilindəki
türkcə kəlmələrin toplanması türkoloji
araşdırmalar baxımından bir xidmət ola bilər.
2. Bunun müqabilində ermənicənin də
türk dili üzərində təsiri vardır. Bu xüsusda
Kopenhagen universiteti (çap zamanı bir bölümün
üzərindən keçilib. Bu çatışmayan
bölümə dair bəzi məlumatlara Hilmi Ziya Ülkənin
digər bir məqaləsində təsadüf etmək
mümkündür - Əli Rza Bayatın qeydi).
Professor Malov (S.E.Malov, rus türkoloqu, əski türk
yazılı abidələri üzrə mütəxəssis.
Məruzəsi: "Qədim türk dillərinin öyrənilməsi")
Orhun yazısından, Uyğur yazısından, daha sonra ərəb
əlifbasından istifadə edən türklərin əlifbalarını
təkmilləşdirmək, daha mükəmməl şəkillər
tapmaq xüsusiyyətini vurğulamışdır.
Maqsudov (Qayaz Maksutov, Tatarıstan nümayəndəsi,
Tatarıstan MSSR xalq maarif komissarlığının kollegiya
üzvü) tatarca nitqində dildə xalqa doğru getmək
fikrini müdafiə etdi. Səməd Ağam Aliyev
"Osmanlı" təbiri yerinə "Anadolu
türkü" deyilməsi fikrini irəli sürdü.
Özü qurultayın rəsmi başçısıdır.
Krımlı şair Şevki Bektöre (qurultayda
Dağıstanı təmsil edən Krım əsilli Dobruca
tatarı, türk dillərinə dair bir sıra əsərlərin
müəllifi, şair - V.Q.) təmiz, aydın türk dilində
danışdı.
Professor Yakovlev Qafqaz ölkələrində fərqli
əlifbalardan istifadə məsələsinə toxundu. Bu
baxımdan uğuru təmin edən şəhər əhalisinin
kənd əhalisinə faiz nisbətinin yüksək
olmasıdır. Ən yüksək faiz Azərbaycanda 10,
Qazanda isə 4.3-dir. Bəzi nöqsanlarına görə rus əlifbasının
mənimsənilməsi o qədər də əlverişli
deyil. Bu nöqsanlar üzündən hətta rus əlifbası
bir sıra slavyan əsilli millətlər tərəfindən
də qəbul edilməmişdir. Ərəb əlifbasının
xristian dininə sitayiş edən xalqlara təklif
olunmasını yersiz sayır. Bütün bu amilləri nəzərə
aldıqda ən əlverişlisi latın əlifbasıdır.
Qazanlı Alparos (İ.X.Alparov - tatar türkoloqu, ərəb
əlifbası bünövrəsində islah olunmuş qazax və
türkmən əlifbalarının müəllifi) əlifba
məsələsində mühafizəkar mövqe tutaraq ərəb
hərflərinin estetik dəyərindən, hər biri
ayrıca bir sənət əsəri olan cami
divarlarındakı lövhələrdən söz etdi. Nəşriyyatlarda
istifadə olunan 250-300 hərfi müəyyən bir həddə
qədər azaltmaq mümkündür. Hərf dəyişdirmək
isə zəruri deyildir.
Qazax Turyakov (əslində N.T.Turyakulov, publisist, filoloq,
partiya və dövlət xadimi, diplomat. Qurultayın on birinci
iclasında latın əlifbasına keçidi zərurətə
çevirən səbəblər haqqında məruzəsi
dinlənilmişdi) Ərəb əlifbasının əleyhinə
danışdı. Qazaxıstanda tətbiq olunan ərəb əlifbasının
tamamilə iflasa uğradığını bildirdi. O, radikal əhval-ruhiyyədədir
və qeyd-şərtsiz latın əlifbasına keçilməsinin
tərəfdarıdır.
Qaraçay nümayəndəsi Ömər Əliyev
(Ö.C.Əliyev, Qaraçay maarifçisi, qaraçay-balkar
dili qrammatikasının müəllifi. Qurultaydakı məruzəsi
qrafika sistemlərinə həsr olunmuşdu) Şimali
Qafqazdakı məktəblərdə latın əlifbası
ilə aparılan təlimin ərəb əlifbasından daha
uğurlu olduğunu bildirdi. Min illər bundan əvvəl
ixtira edilmiş bir çox alətlər, vasitələr,
üsullar hazırkı dövrdə işə
yaramadığı kimi, yazıçının iş aləti
olan ərəb əlifbasının da bu gün bir işə
yaramadığı fikrini ortaya sürdü. Fikirlərini əsaslandırmaq
üçün ərəb yazıçısı Cürci
Zeydana (Corci Zeydan, əslən Livandan olan ərəb
tarixçisi və yazıçısı, 5 cildlik
"Türk sivilizasiya tarixi" əsərinin müəllifi)
istinad etdi.
Berqayev (əslində B.E.Berdıyev, pedaqoq, Türkmənistan
Xalq Maarif Komissarlığının əməkdaşı,
qurultaydakı məruzəsi əlifba islahatı məsələsinə
həsr olunmuşdu) bildirdi ki, latın hərfləri ilə
yazı hər zaman soldan sağa yazıldığı halda ərəb
yazısı tamamilə fərqli şəkildə dəyişmişdir.
Bəzən soldan sağa, bəzən sağdan sola, bəzən
isə yuxarıdan aşağı dəyişilmişdir. Bir
sıra digər qüsurları da vardır. Terminologiya mütəxəssislərinin
də səyləri boşuna gedir.
Xivəli Rəhimi (Ş.R,Rəhimi, özbək
maarifçisi, pedaqoq) də ərəb əlifbası üzərində
dayandı. Özbəkistanda latın əlifbasına meylin
olduğunu dedi. Halbuki hərflərin islahı yolu tutulursa, bu
işin illərlə, yüz illərlə davam edəcəyi
və sonda heç bir səmərə verməyəcəyi
fikrinə inandırmağa çalışdı. Türklər
arasında ortaq əlifbanın latın əlifbası
olması fikrinə tərəfdar
çıxdığını bildirdi.
Əli bəy Hüseynzadə
Professor Jirkov (L.İ.Jirkov, rus dilçisi, orfoqrafiya və
lüğətçilik üzrə mütəxəssis.
Qurultayın altıncı iclasında orfoqrafiya, doqquzuncu
iclasda isə türk dillərinə
uyğunlaşdırılacaq latın əlifbasının
texniki problemləri barədə məruzələrlə
çıxış etmişdi) ərəb hərflərindən
çox qısa müddətdə imtina olunması fikrini dəstəkləmir.
Onun fikrincə, indiyə qədər bu hərflərin təkmilləşdirilməsi
məqsədi ilə bir çox işlər
görülmüşdür. Bundan sonra da davam etdirilə bilər.
Bu baxımdan da hələlik tələsməməyi, bir
neçə il də gözləməyi və təkmilləşdirmə
işini davam etdirməyi daha məqsədəuyğun
sayır.
Moskva universitetinin professorlarından Yakovlev türk
xalqlarının latın əlifbası vasitəsi ilə birləşməsi
fikrinə önəm verir.
Özbək Xalid açıq və çox aydın
anlaşılan türkcə nitqində ortaq türk dili məsələsinə
toxundu. "Bütün türklərin biri-birlərini
anlamaları üçün ortaq ədəbi bir dil
olmalıdır". Açaryan da müxtəlif türk
ulusları arasında rabitə qurmaq üçün ortaq bir
dilin olması məsələsinə toxundu və natiqin fikirlərinə
şərik çıxdı.
Qorxmazov (C.Ə.Qorxmazov, qumuq maarifçisi, dövlət
xadimi, diplomat və publisist) və Alimcan Şərəf də
ortaq türkcə ədəbi dilinin lehinə
danışdılar.
Alimcan İbrahimov (A.Q.İbrahimov, tatar
yazıçısı, dilçi və ictimai xadim.
Qurultayın altıncı iclasında türk dillərinin
orfoqrafiyası ilə bağlı məruzə etmişdi)
Qazandakı nəşriyyat və mətbuat fəaliyyətindən
bəhs etdi. "Biz bura hərflər ətrafında
mübahisə açmaq üçün gəlmədik. Hər
iki fikrə tərəfdarıq (söhbət islah olunmuş ərəb
və latın əlifbalarının tətbiqindən gedir -
V.Q.). Yerinə görə ikisindən də istifadə oluna
bilər. Ancaq hazırda ortada islah edilmiş ərəb əlifbası
ilə bir nəşriyyat və mətbuat olduğu
üçün latın əlifbasına keçid birinci dərəcəli
zəruriliyə malik bir məsələ deyildir".
Toplantıda Mustafa Quliyev (Türkoloji qurultayın
keçirildiyi dövrdə Azərbaycan xalq maarifi
komissarı) Mustafa Kamalın maarif sahəsindəki işləri
barədə danışdı. Fuad Köprülüzadə
(türk ədəbiyyatşünası, siyasətçi və
dövlət xadimi. Qurultayın on dördüncü
iclasında "Türk xalqlarında ədəbi dilin
inkişafı" mövzusunda məruzə etmişdi) onun
fikirlərini tamamladı. Atam Aliyev Mustafa Kamal Paşanın
şərəfinə badə qaldırdı. Sarabski
(Hüseynqulu Sarabski - Azərbaycan opera səhnəsinin ilk Məcnunu,
xanəndə) musiqinin müşayiəti ilə Mustafa Kamal
Paşanın şəninə qoşulmuş mahnını
oxudu. O arada mən də bir nitq söylədim. Samoyloviç
də öz nitqini türkcə söylədi. Mesaroş
söz alaraq özünün yabançı
olmadığını dedi və belə fikirlər səsləndirənlərə
etirazını bildirdi. Nahar fasiləsindən sonra professor
Zirkov (mətndə bu şəkildə getmişdir, əslində
Jirkov olmaldır). "Ərəb hərflərini qəbul
edin, hərf dəyişməkdə tələskənliyə
yol verməməyiniz çox vacibdir. Daha bir neçə il
gözləmək və çalışmaları davam etdirmək
lazımdır", - deyə məsləhət verdi.
"İki reallıqdan ən yaxşısını
seçin" - sözləri ilə fikrini tamamladı.
5 mart 1926-cı ildə ümumi ədəbi türk
dili haqqında toplantı oldu. Samoyloviç ümumi ədəbi
türk dilinin lehinə uzun bir nitq söylədi. "Daşkənd
küçələrində gəzərkən məktəb
görmüş yeni nəslin danışığında bir
dəyişiklik baş verdiyi dərhal hiss olunur" - dedi. Təhsilini
Sorbonnada almış Feyzi Kırımlı (söhbət
tanınmış Ukrayna alimi, akademik-şərqşünas,
mənşə etibarı ilə Litva tatarı olan
A.E.Krımskidən gedir. "Aqafangel" adı qədim yunan
dilində "feyz", "xeyirxahlıq", mənalarını
bildirir. Görünür, alimi yaxından tanıyan və həyat tarixçəsinə
yaxşı bələd olan Əli bəy xəfif yumor hissi
ilə ad və soyadını türkləşdirmişdi)
türkcə danışdı. Ümumi ədəbi türk
dilindən bəhs etdi və belə bir dilin
mövcudluğunun türk xalqlarını birləşdirəcəyi
məsələsində Samoyloviçin fikrinə tərəfdar
çıxdı. Krımlı Şevki Bektöre isə təxminən
aşağıdakı sözləri dedi: Özəl şivələrlə
yazı yazmaqdan məqsədim bu idi ki, hər ləhcə
varını və yoxunu material halında meydana qoya bilsin.
Bundan sonra da ortaya böyük və ümumi bir dil
çıxa bilsin. Bu surətlə Şevki Bektörənin
özəl ləhcələrdə kitab çapı məsələsi
regionalizmə xidmət etmir. Nəticədə türk ədəbi
dilini birləşdirmək istəyənlərin fikrinə dəstək
verir. Sadəcə üsul olaraq onlardan ayrılırdı. Həbib
Cəbiyevə (Azərbaycan nümayəndəsi,
"Kommunist" qəzetinin baş redaktoru) görə
ümumi türk dili məsələsi ilk növbədə
bir terminologiya məsələsidir. Çeşidli türk
qövm və camaatları terminoloji birliyi təmin etsələr,
o zaman ortaq ədəbi dil də qura bilərlər. İndiki
halı ilə bu vəzifə hələlik təmin olunmaqdan
uzaqdır.
Rusca danışan Omadova (çox güman,
qurultayın Qazaxıstandan olan nümayəndəsi Eldes Omarov
nəzərdə tutulur) görə ümumi ədəbi dil
mövzusunda birləşmək mümkündür. Ancaq bu təşəbbüs
yuxarılardan deyil, aşağı təbəqədən gəldiyi
təqdirdə! Çünki məhdud sayda olan
ziyalıların eyni ədəbi dildə yazmaları hələ
məsələnin həlli üçün yetərli deyil.
Xalq yenə də istifadə etdiyi ləhcələrdə
bir-birindən ayrı qalacaq. Özbək dilində
danışan Qazi Ali Alimcan (burada soyad dolaşıq
salınıb. Ehtimal ki, müəllif özbək nümayəndəsi
Qazi Alim Yunusovu nəzərdə tutur) təxminən
bunları söylədi: Azəri türk şairi Sabiri
Türküstanın hər tərəfində oxuyurlar,
anlayırlar, zövq alır və gülürlər. Deməli,
xalqa yaxınlaşdıqca anlama imkanı da artır. Nəvaini
niyə yaxşı başa düşürük?
Çünki xalq dilinə yaxın bir dildə yazıb. Bu vəziyyətdə
ümumi ədəbi dildə qüvvənin
aşağıdan gəlmə ehtimalı güclüdür.
Dilin özü birləşməyi və
yaxınlaşmağı təmin edir. Buna heç bir şey,
heç bir kimsə mane ola bilməz. Amma bunun
üçün ümumi bir mərkəz lazımdır. Xalq
dilindən nə qədər çox kəlmə gəlirsə
və xalq onlarla nə qədər çox zənginləşirsə,
türklər arasında ortaq dil də o qədər
asanlıqla bərqərar olur.
Birinci Türkoloji qurultayın açılış
günü
Çobanzadənin fikrincə, iki əsas cərəyan
var. Biri Samoyloviçin ifadə
etmiş olduğu obyektiv cərəyan, digəri isə hələ
köhnə vaxtlardan Kayum Nasıri (XIX əsr tatar
maarifçisi) tərəfindən müdafiə edilmiş
olan subyektiv cərəyan. Elm yolu və sağlam
düşüncə obyektiv yolu tutmağı fərz bilir. Nəvaidən
sonra ən çox oxunan İsmayıl Qaspralı xalqa
nüfuz etdiyi, xalqdan alınan söz və kəlmələri
ortaq ədəbi dillə qaynayıb
qarışdırdığı üçün öz
populyarlığını təmin etmişir. Ondan sonra Qabitov
(Başqırdıstan təmsilçisi Həbibulla Qabitov -
V.Q.) tatarların başqırd istiqlalına qarşı
assimlyator davranışından şikayət edən bir vəziyyət
aldı. Nemət Hakim (qurultaya Özbəkistan tərəfdən
qatılan tatar əsilli dilşünas alim və pedaqoq - V.Q.)
ona cavab verdi. Osmanlıca (yəni İstanbul türkcəsi ilə)
yazılmış kitabdan bir neçə sətir oxudu. Sonra
da Kazan tatarlarının dilində olan başqa kitabdan bir
neçə sətir oxudu. Hər iki mətni bir-biri ilə
qarşılaşdırdı. İkincinin yalnız birinci bilənlər
tərəfindən anlaşılmayacağını göstərdi.
Fuat Köprülü də bu arada ikinci məruzəsini oxudu.
Burada islama qədərki İranın türklər üzərində
təsirindən danışılırdı. Oğuz türkləri
ilə peçeneqlər arasındakı yaxınlığa
dair bir sıra dəlillər gətirdi. Anadolu xalqının
türk yerləşməsindən sonra və tarix boyu etnik (mətndə
bu söz fransız dilində verilib - V.Q.) təbəqələr
halında təşəkkül etdiyini anlatdı.
Bu münasibətlə başqa bir məsələyə
də toxundu. "Xalq ədəbiyyatı müqayisəli bir
şəkildə tədqiq olunarsa, müxtəlif türk
qövmləri arasındakı yaxınlıq daha bariz şəkildə
meydana çıxar. Dilin ərəb və fars təsirindən
qurtarıb türkçülüyə doğru getməsi
geriləmə deyil, öz ruhuna, mənliyinə qovuşan bir
lisanın irəliyə doğru hərəkətidir. Mədəni
bir addım və inkişafdır. Ədəbi dilin ümumiləşməsi
amilləri siyasi bir iş deyil. Bunun dərin mədəni-tarixi
səbəbləri var. Yabançı kəlmələr
xalqın vicdanında (burada inamında, yaddaşında - V.Q.)
yer edibsə, qalacaqdır. Bütün insanlar elm sahəsində
dağılmağa, fərdiləşməyə doğru
deyil, birliyə doğru gedirlər. Kiçik millətlərin,
bir-iki milyonluq qəbilə zümrələrinin yüksək
mədəniyyət yaratması ehtimalı yoxdur", - dedi və
çox alqışlandı.
6 mart 1926-cı il. Şənbə.
Öncə Akademiyadan Oldenburq (SSRİ EA-nın həqiqi
üzvü S.F.Oldenburq, qurultayın 6 mart tarixli yekun
iclasında "Türk xalqları arasında ölkəşünaslıq
işlərinin metodları" mövzusunda məruzə
etmişdi - V.Q.) danışdı. Sonra təkrar Fuad
Köprülü söz aldı. Danışığı
radio vasitəsi ilə küçədəki insanlara da
çatdırılırdı. Görünür, bunu nəzərə
alıb "Ərəb mədəniyyəti yox, İslam mədəniyyəti"
dedi. Alman professoru Menzel (Teodor Mentsel - alman türkoloqu) rusca və
türkcə olaraq Anadolu və Balkan türklərinin ədəbiyyatı
haqqında danışdı. Əbdürrəhman Səədi
(Kazan tatarlarının təmsilçisi) Oğuzların təsiri
ilə yaranmış Qıpçaq ədəbiyyatından bəhs
etdi. Uyğur ədəbiyyatının "Kutadqu-Biliy"ə,
Mahmud Kaşğariyə, XII əsrdə, yəni Xoca Əhməd
Yəsəvinin gənclik dövründə mövcud olmuş
türk ədəbiyyatına toxundu (Bu münasibətlə
sosializm, romantizm mövzularından da yan keçmədi).
Özbək ədəbiyyatından (Əbülqazi Bahadır
xan) sonra Krımda İsmail Qaspralıdan, nəhayət, Azərbaycan
və tatar ədəbiyyatından da bəhs etməklə
türk qövmlərinin ədəbi tarixinə ümumi bir
baxış sərgilədi.
Günortadan sonra mənim məruzəm vardı. Sonra
bir Sibiryalı türkün (Türkoloji qurultayın son
iclasına gəlib yetişən Xakas nümayəndəsi,
Xakasiya Tərcümə Komissiyasının əməkdaşı
N.N.Katanov nəzərdə tutulur) çox qısa
çıxışını dinlədik. Hitay
(yanlışdır, əslində Xakas olmalıdır)
türkləri tərəfindən göndərildiyini elan edən
nümayəndə ancaq bu gün gəlib çata bildiyini
deyib üzr istədi.
Özbək Rəhminin (Özbəkistan nümayəndəsi
Rəhimi Şakircan) nitqindən sonra buxaralılar və
özbəklər qurultay sədrinə hədiyyələr təqdim
etdilər.
Qapanış nitqini Atam Aliyev (Səmədağa
Ağamalı oğlu nəzərdə tutulur) rusca oxudu.
Sözündə aşağıdakı məsələlərdən
bəhs etdi: "Tarixdə bundan əvvəl heç bir təcrübə
olmadığı təsbit edilmədiyi halda ilk dəfə
belə bir qurultaya toplanmaq çətin məsələ idi.
Şərqdə iki mühüm inqilab oldu. Birincisi, Anadolu
türkləri xəlifəliyi ləğv etdilər.
İkinci inqilabı Azərbaycan ortaya qoydu. Yeni əlifbaya
keçdi. Qurultay quru yerdə meydana çıxmayıb,
yalnız bir beyinin, bir qafanın məhsulu deyil. Onu həyatın
özü yaradıb". Atam Aliyev nitqini türk dilində, öz ləhcəsi
ilə təkrar etdi.
8, 9, 10, 11 mart tarixlərində özəl səyahətlərə
çıxdıq, məktəbləri gəzdik. 11 martda
klubda Fuad Köprülünün, mənim və Mustafa Qulbəyin
(Mustafa Quliyev nəzərdə tutulur) nitqlərimiz vardı.
12 mart cümə günü Bakıya qayıtdıq.
Əli bəy Hüseynzadənin qeydlərinə
görə, "Qurultayda 127 üzv iştirak etmiş, onlardan
82 nəfəri türk (18 azəri, 3 Anadolu təmsilçisi,
6 krımlı, 4 türkmən, 13 kazanlı, 5 başqırd,
1 noqay, 1 balkar, 3 qaraçay, 2 qumuq, 3 yakut, 1 xakas, 1 oyrot
(kalmık), 1 uyğur, 1 mişer türkü. İkinci qrup
moğol-fin və uyğur qrupudur (3 üzv).
Üçüncü qrup yafəs qrupudur ki, burada çərkəz,
çeçen, Qafqaz təmsilçilərindən 6 nəfər
vardır. Dördüncü qrup iranlılardır (3 üzv).
Beşinci qrup avropalılardır (2 alman, 16 rus, 2 ukraynalı).
Ayrıca 2 nəfər yəhudi ilə 5 nəfər əsillərini
bilmədiyim şəxslər vardı. 25 mart 1926-cı ildə,
cümə axşamı günü Odessa limanına saat
4.00-da hərəkət edərək İstanbula
döndük". Burada Əli bəyin qurultay günlərində
qələmə aldığı qeydləri sona
çatır.
Mətnini tam şəkildə gətirdiyim bu qısa,
lakonik qeydlər Əli bəy Hüseynzadəni qurultayın
ilk salnaməçisi, yaxud tarixçisi adlandırmağa
imkan verir. Çox güman ki, müəllif Türkiyəyə
qayıtdıqdan sonra həmin qeydlər əsasında daha
tutumlu bir icmal məqalə hazırlamaq fikrində imiş.
Lakin bizə naməlum səbəblərdən Əli bəy
fikrindən vaz keçmişdi. Uzun illər arxivində qalan əlyazması
isə Birinci türkoloji qurultaydan 70 il keçəndən
sonra ilk dəfə elmi-ədəbi cameəyə təqdim
edilmişdi.
Qeyd: Qurultayın sonuncu günü, martın 6-da Mandat
komissiyasının hesabat məruzəsi ilə
çıxış edən Azərbaycan nümayəndəsi,
xalq maarifi komissarının müavini Cəlil Məmmədzadə
aşağıdakı məlumatı
iştirakçıların diqqətinə
çatdırmışdı:
"I Türkoloji qurultay nümayəndələrinin
ümumi sayı 131 nəfərdir. Onlardan 93 nəfəri
türk, 38 nəfəri qeyri-türkdür. Nümayəndələrin
118 nəfəri həmkarlar ittifaqının
üzvüdür. 12 nəfər bu statusa malik deyil. Nümayəndələr
arasında yalnız bir qadın - Azərbaycandan olan müəllimə
Sultanova var.
Sağdan Salman Mümtaz, Əli bəy Hüseynzadə,
Mehmet Fuad Köprülüzadə
İndi isə respublika və vilayətlərdən
olan nümayəndələr və fərdi şəkildə
dəvət olunmuş şəxslər haqqında: Azərbaycandan
- 6 nəfər, Təşkilat Komitəsindən - 15 nəfər,
Gürcüstandan - 1 nəfər, Acarıstandan - 1 nəfər,
Türküstandan - 4 nəfər, Naxçıvan
Respublikasından - 1 nəfər, Krımdan - 3 nəfər,
Tatarıstandan - 6 nəfər, Başqırdıstandan - 3 nəfər,
Qazaxıstandan - 3 nəfər, Özbəkistandan - 6 nəfər, Türkmənistandan
- 4 nəfər, Qırğızıstandan - 2 nəfər,
Oyrat vilayətindən (Altay nəzərdə
tutulur) - 1 nəfər, Yakut Respublikasından - 3 nəfər,
Kalmık vilayətindən - 1 nəfər, Çuvaş
Respublikasından - 2 nəfər, Qərbi Çinin Uyğur
vilayətindən - 1 nəfər, Abxaziyadan - 1 nəfər,
Xakasiya dairəsindən - 1 nəfər; Şimali Qafqazdan -
Qaraçay vilayəti - 2 nəfər, Balkar vilayəti - 1 nəfər,
Çeçenistan - 1 nəfər, İnquşetiya - 1 nəfər,
Çerkes vilayəti - 1 nəfər, Şimali Osetiya - 1 nəfər,
Cənubi Osetiya - 1 nəfər, Şimali Qafqazın Türkmən
rayonu (Stavropol türkmənləri nəzərdə tutulur) -
1 nəfər, Türküstan - 1 nəfər, Elmlər
Akademiyası - 3 nəfər, Şərqşünaslar
Assosiasiyası - 3 nəfər, Leniqrad Canlı Şərq Dilləri
İnstitutu - 1 nəfər, Daşkənd universiteti - 1 nəfər,
Leniqrad universiteti - 1 nəfər, Şimali Qafqaz Ölkə
İcraiyyə Komitəsinin Millətlər Şurasından -
2 nəfər, Şimali Qafqaz Ölkəşünaslıq
İnstitutundan - 1 nəfər, Ufa Xalq Maarifi
Komissarlığından - 1 nəfər, RSFSR Xalq Maarifi
Komissarlığının Millətlər Şurasından -
4 nəfər, SSRİ MİK Millətlər
Şurasının Rəyasət Heyətindən - 1 nəfər,
İran Azərbaycanından - 2 nəfər, Şimali Qafqaz
Elmi Assosiasiyasından - 1 nəfər. Şəxsən dəvət
olunanlar: Azərbaycandan - 2 nəfər, Tatarıstandan - 2 nəfər,
Şimali Qafqazdan - 2 nəfər, Moskvadan - 2 nəfər,
Ukraynadan - 1 nəfər, Leninqraddan - 4 nəfər, Krımdan
- 2 nəfər, Dağıstandan - 2 nəfər, Zaqafqaziyadan
- 2 nəfər, Ermənistandan - 1 nəfər, Özbəkistandan
- 4, Başqırdıstandan - 2 nəfər; xarici ölkələrdən
şəxsən dəvət edilənlər: Türkiyədən
- 3 nəfər, Almaniyadan - 2 nəfər, Avstriyadan - 1 nəfər,
Macarıstandan - 1 nəfər".
Rəsmi hesabatın fərqli səslənməsi
Mandat komissiyasının qurultay
iştirakçılarının statistikasını həm
milli zəmində - yəni ölkələr və xalqlar
timsalında, həm də adminstrativ-təşkilati zəmində,
yəni elmi təşkilatlar, assosiasiyalar, rəsmi qurumlar,
universitetlər, cəmiyyətlər və s. əsasında
aparmasından irəli gəlmişdir. Bütünlükdə
isə, gizli deyil ki, qurultayın həm stenoqrafik
hesabatında, həm iştirakçılarla bağlı
bilgilərin hazırlanması və təqdimində islah edilməsi
hələ də mümkün olmayan bir sıra qüsur və
yanlışlıqlara yol verilmişdi. Amma bir qədər
şablon və ənənəvi səslənsə də,
yazmalıyam ki, bu təşkilati çatışmazlıqlar
türk xalqlarının mühüm mətləblərin
gündəliyə çıxarıldığı ilk
böyük Məşvərət Məclisinin əhəmiyyətini
qətiyyən azaltmır və azaltmamalıdır.
Sarayevo, yanvar, 2026.
Vilayət QULİYEV
525-ci qəzet .- 2026.- 6 fevral(№5).-S.14-15.