İçməli sudakı plastik təhlükə
Plastik qablarda satılan sular ilk baxışdan zərərsiz
görünsə də, əslində insan
sağlamlığı üçün potensial təhlükədir.
Steril, mineral tərkibli olduğunu düşünürək
alıb içdiyimiz suların nəinki içməyə, hətta
məişətdə istifadə üçün də
yararsız olduğu bildirilir. Azərbaycan Qida Təhlükəsizliyi
Agentliyi (AQTA) tərəfindən dəfələrlə
aparılan monitorinqlər zamanı da ticarət obyektlərində
satışı həyata keçirilən su nümunələrinin
mikrobioloji göstəricilərin qida sahəsində normativ sənədlərin
tələblərinə cavab verməyi aydın olub. Əhaliyə
satılan sular bir çox hallarda mərkəzləşdirilmiş
su sistemindən gələn sular, həmçinin artezian
suları olduğu halda, məhsulun üzərində
onların müxtəlif təbii mənbələrdən -
dağlardan və bulaqlardan gətirilərək
qablaşdırıldığı qeyd edilir. Bu yazılar
vasitəsilə də insanlar aldadılır.
Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri,
sağlam qidalanma mütəxəssisi Məhsəti
Hüseynova deyir ki, keyfiyyətli su qəbul edərkən
ağızda yüngül, xoşagələn dad yaranır.
Suyun mineral dəyəri isə içilə biləcək qədər
olmalıdır. Suyu içdikdən sonra ağırlıq,
şişkillik olursa, bu, həmin suyun keyfiyyəsiz
olduğunun əlamətləridir. Bu hal həmçinin
mineral dəyərinin orqanizmin qəbul edəcəyi həddə
olmadığını da göstərə bilər:
"Ölkə ərazisində tez-tez monitorinqlər
aparılsa da, heç də bütün satılan sular
standartlara cavab vermir. Təəssüf ki mənşəyi bəlli
olmayan yerdən doldurulub satılan bəzi sular insan orqanizmi
üçün çox təhlükəlidir. Yaxşı
olar ki, mənşəyi bəlli olan, özünü
isbatlamış markalardan istifadə edilsin. Bu zaman suyun tərkib
hissəsi də dəyişmir. Plastik butulkalardaki sular
çox vaxt açıq günəş altında
satışda olur və daha sonra bir neçə dəfə
soyuducudan çıxardılıb, təkrar günəş
şüalarına məruz qalır və bu, daha təhlükəlidir.
Çünki istiliyə məruz qalan plastik butulkalar politeninin
tərkibinin dəyişməsinə gətirib
çıxardır. Həmin butulkalara isti çay, digər
isti mayelər tökürlər ki, bu da birbaşa qəbul edildikdə
butulkanın tərkibindəki zərərli kimyəvi maddələr
birbaşa insan orqanizminə keçir. Əgər plastik
butulkadakı su istiliyə məruz qalırsa, "polivinil
xlorid" adlı maddə suyun tərkibinə keçib, insan
orqanizmində birbaşa xərçəng xəstəliyi
yarada bilir və xərçəng xəstələrində
sürətli şəkildə xəstəliyin
ağırlaşmasına gətirib çıxardır".
Məhsəti Hüseynova bildirib ki, bəzən mənşəyi
bəlli olmayan yerdən doldurulub satışa
çıxarılan bu sular insan orqanizmi üçün
çox təhlükəlidir: "Yaxşı olar ki, mənşəyi
bəlli olan və etibarlı markalardan olan sulardan istifadə
edilsin".
Sevinc Qarayeva
525-ci qəzet .- 2026.- 6 fevral(№5).-S.13.