Azərbaycanda "Roblox" oyun
platforması bağlana bilər
Dünyanın bir sıra ölkələrində
qadağan olunan "Roblox" oyun platformasına Azərbaycanda
da məhdudiyyətlər qoyulması
planlaşdırılır. Ailə, Qadın və Uşaq
Problemləri Dövlət Komitəsi tərəfindən
"Roblox"a müraciət ünvanlanıb.
Komitədən bildirilib ki, bu platforma geniş oyun
şəbəkəsinə malikdir və uşaqlar
üçün demək olar ki, heç bir ciddi giriş məhdudiyyəti
mövcud deyil. Uşaqlar orada öz ideyalarını sərbəst
şəkildə reallaşdıra, həmin məzmunu dərhal
ictimailəşdirə və digər uşaqları da bu
prosesə cəlb edə bilirlər. Bu isə ciddi və zərərli
nəticələr doğura bilər: "Rəsmi müraciətdə
iradlar bildirilib və onların nəzərə
alınmasını tələb edilib. Əgər bu məsələlər
əməkdaşlıq çərçivəsində həll
olunarsa, bu yol seçiləcək. Əks halda isə
qanunvericilik təşəbbüsləri ilə
çıxış olunacaq. Hesab edilir ki, təkcə
uşaqların deyil, ümumilikdə vətəndaşların
sosial şəbəkələrdə davranışı məsələsi
də bizi ciddi addımlar atmağa vadar edir. Təəssüf
ki, bəzən yalnız uşaqlar və gənclər deyil,
yetkin yaşlı-başlı adamlar belə etik normaları və
dəyərləri pozan davranışlar sərgiləyirlər".
Məlumata görə, 2006-cı ildə istifadəyə
verilən "Roblox" təkcə oyun deyil, istifadəçilərin
yaratdığı minlərlə fərqli "təcrübə"
və minioyundan ibarət platformadır. Burada istifadəçilər
avatarlarını fərdiləşdirə, öz
dünyalarını qura, digərlərinin
hazırladığı oyunlara qoşula bilirlər. Şirkətin
açıqlamasına görə, hazırda 85 milyondan
çox gündəlik aktiv istifadəçi platformadan istifadə
edir. Onların təxminən 40 faizini 13 yaşdan
aşağı uşaqlar təşkil edir. Bu isə
"Roblox"u azyaşlılar üçün
dünyanın ən geniş istifadəçi bazasına
malik onlayn mühitlərindən birinə çevirir.
İrlandiyada aparılan araşdırmalara görə, 8-12
yaş arası uşaqlar arasında ən populyar platforma məhz
"Roblox"dur. Məktəblilərin 40 faizi burada aktiv
oyunçudur.
Qeyd edək ki, Küveyt bu həftə dünyada
milyonlarla uşağın oynadığı məşhur
onlayn oyun platforması "Roblox"u rəsmi şəkildə
qadağan edib. Rabitə və İnformasiya Texnologiyaları Tənzimləmə
Təşkilatı valideynlərin çoxsaylı şikayətlərinə
və digər qurumların xəbərdarlıqlarına əsaslanaraq
qərarın uşaqları zorakılıq, qeyri-etik
davranış və təhlükəli sosial təcrübələrdən
qorumaq məqsədi daşıdığını bildirib.
Bununla "Roblox"un bloklandığı ölkələrin
siyahısına Türkiyə, Oman, Qətər və
Çinlə yanaşı, Küveyt də qoşulub. Hökumətlər
əsas səbəb kimi uyğun olmayan məzmunu və
uşaqlar üçün təhlükə risklərini
göstərirlər.
Platforma həmçinin ABŞ-də də təzyiq
altındadır. Luiziana ştatında açılmış
məhkəmə iddiasında "Roblox" uşaqları təhlükəli
məzmun və risklərindən qoruya bilməməkdə
ittiham olunur. Bundan əlavə, 2025-ci il sentyabrın 1-də
"Roblox"un bağlanacağı barədə yayılan
şayiələr də milyonlarla istifadəçi
arasında çaşqınlıq yaradıb, lakin şirkət
bu məlumatı təkzib edib.
"Roblox" oyun platforması Rusiyada rəsmi olaraq
bloklanıb. "Roblox" istifadəçilərin oyunlar
yaratdıqları və başqaları tərəfindən
yaradılan oyunları oynadıqları onlayn platformadır.
Bu, həm uşaqlar, həm də yeniyetmələr
arasında populyar olan, bir-biri ilə qarşılıqlı əlaqədə
ola və öz dünyalarını yarada bilən bir çox
janrı əhatə edən geniş virtual məkandır
Qazaxıstanda da uşaqlar və yeniyetmələr
arasında "virtual asılılıq", aqressiv
davranış və real həyatdan uzaqlaşma halları ilə
əlaqədar Roblox platformasına girişin məhdudlaşdırılması
təklif edilib.
Psixoloq Vəfa Əkbərin sözlərinə
görə, videooyun asılılığı son zaman
uşaq və yeniyetmələr arasında çox geniş
yayılıb. Çünki o yaş dövründə istəkləri,
maraqları nəzarətdə saxlamaq bir az çətin olur.
Daha çox internet, videooyun asılılığı bir
sıra problemlər yaradır: "Son illərdə
"Roblox" platforması uşaqlar və yeniyetmələr
arasında ən populyar rəqəmsal oyun mühitlərindən
birinə çevrilib. Oyun təkcə əyləncə vasitəsi
deyil, eyni zamanda sosiallaşma, yaradıcılıq və
özünüifadə platforması kimi təqdim olunur. Lakin
"Roblox"un bəzi xüsusiyyətləri düzgün nəzarət
olunmadıqda asılılıq yaradan davranışlara səbəb
olur. Səviyyələr, virtual pullar (Robux), nadir əşyalar
beynin dopamin sistemini aktivləşdirir. Bu isə "daha bir dəfə
oynamaq" istəyi yaradır. Uşaqlar oyunda dostluq qurur, qruplara
daxil olur, tanınmaq və qəbul olunmaq hissi
yaşayırlar. "Roblox"da oyunlar heç vaxt "tam
bitmir". Bu da psixoloji olaraq fasilə verməyi çətinləşdirir.
Uzunmüddətli və intensiv oyun prosesi uşağın diqqət
mexanizmini zəiflədir, səbr və davamlılıq tələb
edən tədris fəaliyyətlərini isə onun
üçün maraqsız edir. Oyun
asılılığı olan insanlarda davranış
pozğunluğu, reallığı qəbul etməmək
problemi, vaxtı boşuna sərf etmək vərdişi
yaranır. Belə şəxslər öz
davranışlarında da idarəetməni itirirlər. Onlarda
aktivlik azalır, yuxu, qida problemi yaranır - ya çox yeyir,
ya da qidadan tamamilə imtina edirlər. Beləliklə də,
psixoloji və fiziki asılılıq başlayır. Bu
asılılıq nikotin, narkotik və alkoqol vasitələrdən
asılılığa bənzəyir. Baxmayaraq ki, burada
heç bir kimyəvi təsir yoxdur. Bu, psixoloji
asılılıqdır. Yeniyetmələrdə bu vərdişin
yaranmasına səbəb həmyaşıdları ilə
ünsiyyətdə olmamalarıdır. Ünsiyyətə
girməyən, asosial və özünəqapanıq
uşaqlar internetdən, videooyunlardan asılı olurlar. Belə
insanlar virtual həyatda özlərini daha komfortlu hiss edirlər".
Vəfa Əkbər bildirib ki, yeniyetməyə təzə
telefon və kompüter alındıqda ilk bir ayda onların bu
smart cihazlara marağı və həvəsi çox
güclü olur. Bir aydan sonra bu maraq keçməzsə, onda
asılılığın ikinci mərhələsi
başlayır. Yeniyetmə artıq videooyunlara 2-3 saat, bəzən
isə daha artıq vaxt ayırır. Real dünyadan
uzaqlaşıb sırf virtual həyata qapanma onun
inkişafına, həyata marağının azalmasına səbəb
olur. Tədricən onun davranışlarında emosional gərginlik,
neqativ reaksiyalar müşahidə edilir. Növbəti,
üçüncü mərhələdə yeniyetmə
özünə nəzarəti itirməyə başlayır.
Çox emosional olmaqla yanaşı, tez həyəcanlanır,
yüksək səslə danışır, valideynlərinə
qarşı kobud davranış nümayiş etdirərək
aqressiv olur. Onlar dərslərə, oxumağa maraq göstərmir,
fikir dağınıqlığından, özünü ifadə
etməkdə çətinlik çəkirlər.
Əhval-ruhiyyəsi tez-tez dəyişir. Ən ağır,
klinik asılılıq zamanı isə yeniyetmə
vaxtının 16-18 saatını videooyun oynamaqla keçirir.
Bu zaman onlarda inpulsivlik itir, isterik davranışlar,
özünəqapanma kimi hallar müşahidə olunur".
Vəfa Əkbərin dediyinə görə, yeniyetmələrin
maraq göstərdiyi videooyunlara valideynlər tərəfindən
ciddi nəzarət olunmalıdır. Çünki uşaqlar
valideynlərin diqqətindən yayınıb uyğunsuz
videoyunlara baxırlar: "Valideynlər övladlarının
hansı oyunları oynadıqlarına mütləq şəkildə
nəzarət etməlidir. Videooyunların mənfi təsirləri
barədə uşaqlara məlumat verilməlidir. Mümkün
qədər çox ünsiyyətdə olmaq, söhbətləşmək,
onlarla daha çox vaxt keçirmək lazımdır. Uşağın
boş vaxtını səmərəli şəkildə dəyərləndirilməlidir
ki, o da videooyunlara maraq göstərməsin. Yox, əgər
yeniyetmədə videooyun alidəçiliyi varsa, valideyn
çalışmalıdır ki, tənqid etmədən, cəzalandırmadan
övladını oyun asılılığından xilas
etsin".
Sevinc QARAYEVA
525-ci qəzet .- 2026.- 6 fevral(№5).-S.12.