Sənədsiz tikililər problemi:
çıxış yolu var?
Uzun illərdir, ölkədə sənədsiz evlərlə
bağlı müzakirələr aparılsa da, bu günədək
hələ də məsələ öz həllini
tapmayıb. Hazırda paytaxt ərazisində sənədsiz evlərin
sayı 450-600 min arasındadır. Vətəndaşların
belə mənzillərə "Çıxarış"
ala bilməmələrinin əsas səbəbi isə ərazi
ilə bağlı yaranan problemlərlə əlaqələndirilir.
Çünki həyət evləri çox zaman kənd təsərrüfatı,
yaxud sənaye əhəmiyyətli, habelə digər
kateqoriyalı sahələrdə tikilir. Həmçinin bələdiyyələr
tərəfindən bir çox hallarda müxtəlif dövlət
mülkiyyətindəki torpaq sahələri vətəndaşlara
qeyri-qanuni satılır.
Daşınmaz əmlak məsələləri üzrə
ekspert Elnur Fərzəliyev deyir ki, ümumilikdə ölkə
ərazisində sənədsiz evlərin sayı çoxdur. Təbii
ki, bu əmlaklara çıxarışların verilməməsində
müxtəlif səbəblər var. Səbəb həmin
torpaqların təyinatının fərqli olması, bəzilərində
tikinti normativlərinin uyğun aparılmaması, bəzilərində
isə həmin tikililərin qadağan olunmuş ərazilərdə
yüksəkgərginli elektrik naqillərinin ətrafında
tikilməsidir. Bu səbəbdən həmin əmlaklarla
çıxarışlar verilə bilmir. Burada itirən tərəf
isə vətəndaşdır. Çünki mülkiyyət
hüquq tanınmır, həm də dövlət büdcəsi
bu sahədən yararlana bilmir. Həmin əmlakların
çıxarışı olsaydı, əmlak, torpaq vergisi
ödəməli olardı, sığortalana bilərdilər:
"Kommunikasiya xətlərinin mühafizə zolağında
inşa olunmuş qanunsuz tikililərdən başqa, normativlərə
uyğun inşa edilmiş fərdi evlər də sənədləşdirilməlidir".
Ekspertin sözlərinə əsasən, hazırda 40
min qeyri-yaşayış obyekti digər təyinatlı
torpaqlarda tikildiyindən onlara çıxarış verilməsi
mümkün deyil. Bunun üçün ilk növbədə
həmin obyektlərin yerləşdikləri ərazilərdə
torpaqların təyinatı dəyişdirilməlidir.
Hazırda kənd təsərrüfatlı təyinatlı
torpaqlarda inşa edilən evlərə də
"kupça" almaq mümkün deyil. Çünki həmin
torpağın təyinatı onun üzərində
yaşayış məqsədilə fərdi ev tikməyə
imkan vermir: "Bunun üçün icra mexanizmi qurulmalı,
normativlərə uyğun inşa edilmiş
qeyri-yaşayış və fərdi evlərə
çıxarış verilməlidir. Bakıda və Bakı ətrafında
inşa edilmiş obyektlər illərdir ki, fəaliyyət
göstərir. Onların mütləq əksəriyyəti
vergi ödəyicisi kimi qeydiyyata da düşüb. Onlar
qeyri-yaşayış obyekti kimi kommunal xərclərə daha
çox rüsum ödəyirlər. Amma hələ də
obyektlərinə çıxarış ala bilməyiblər".
Əmlak məsələləri üzrə ekspert
Ramin Osmanlının fikrincə, sənədləşmə həm
vətəndaşlar, həm də dövlət
üçün müsbət nəticələr verəcək:
"Vətəndaşlar indiyədək istifadə edə
bilmədikləri hüquqlarını reallaşdıra biləcəklər:
evlərdə qeydiyyata düşmək, əmlaklarını
girov qoymaqla kreditlər götürmək, əmlaklarına sərəncam
hüququ əldə etmək və sair. Dövlət və bələdiyyələr
isə əmlak vergisi, sığortası, alqı-satqı əməliyyatlarından
rüsumlar və sairlə bağlı gəlirlər əldə
edəcək. Təxmini hesablamalara görə, dövlət
bu istiqamətlərdə sənədsiz evlər üzrə
ildə 50 milyon manata yaxın vəsait itirir.
İnventarlaşma prosesi başa çatdıqdan sonra dövlət
orqanları sənədsiz evlərin tikilməsinin
qarşısını tamamilə almalıdılar ki, gələcəkdə
yenidən belə problem yaranmasın".
Sevinc QARAYEVA
525-ci qəzet .- 2026.- 6 fevral(№5).-S.12.