"Şəhərsalma və Memarlıq İli" ilk növbədə Böyük Qayıdışla bağlıdır"

MEMARLIQ VƏ İNŞAAT UNİVERSİTETİNİN REKTORU, PROFESSOR GÜLÇÖHRƏ MƏMMƏDOVA: "BÜTÜN MƏNƏVİ DƏYƏRLƏRİMİZİN QORUNUB SAXLANILDIĞI KƏNDLƏRİMİZ ÜÇÜN DARIXIRAM"

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2026-cı il "Şəhərsalma və Memarlıq İli" elan edilib. Bəlli səbəbləri olan bu qərarın əsas qayəsi ilk növbədə "Böyük Qayıdış" proqramı çərçivəsində işğaldan azad edilmiş şəhər və kəndlərin yenidən salınması, insanların doğma torpaqlarına qayıtması, həyatın öz axarına düşməsidirsə, digər tərəfdə  paytaxt Bakının Baş plana uyğun salınması və inkişafı öz əksini tapıb. Hər iki halda isə əsas sözü deyən memarlıqdır.

Memarlıq yalnız bu gün üçün deyil, gələcəyə yönəlmiş yaradıcı fəaliyyətdir. Layihələrdə əks olunan ideya və düşüncələr insanların rahat yaşam mühitinin yaradılmasına xidmət etməli, şəhərlərin davamlı perspektivlərinin formalaşmasını təmin etməlidir. Hər bir layihə, incə bir eskiz, ən kiçik xətt belə, şəhərə yönəlmiş baxışdır. Və bu yanaşma nə qədər dəqiq düşünülərsə, şəhər bir o qədər davamlı, ömrü isə mənalı olar.  

Memarlıq zamanla dialoq sənətidir. Bu baxımdan çoxəsrlik tarixə malik olan Bakı həmin  dialoqda iştirak edən mürəkkəb məkanların bir halqasıdır. Burada tarixlə müasirlik, qoruma ilə yenilənmə daima üz-üzə dayanıb və belə bir şəhərdə memarlıq böyük  ictimai məsuliyyətə çevrilir. Ona görə ki, qəbul edilən hər bir qərar yalnız bir binaya deyil, mühitin ümumi düşüncəsinə təsir edir. Elə buna görə də memarlıq təhsili, onun fəlsəfəsi, gələcək memarların formalaşması xüsusi əhəmiyyət kəsb edir. Bu məqsədlə oxucularla görüşə respublikanın Əməkdar memarı, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, professor Gülçöhrə Məmmədovanı dəvət etmişik.

- Artıq bir ayı arxada qalan 2026-cı il "Şəhərsalma və Memarlıq İli" elan edilib. Bir memar kimi fikrinizi öyrənək...

- Bildiyim qədər hələ heç bir ölkə yaşanacaq bir ilin məhz "Şəhərsalma və Memarlıq İli" adlanacağına dair qərar qəbul etməyib. Ölkə başçısının bu şəxsi təşəbbüsü memarlar tərəfindən alqışla qarşılandı və hətta başqa ölkələrdə olan həmkarlarımız yaxşı mənada təəccüblərini gizlətmədilər. Sual yarana bilər ki, belə bir qərarın əsas amili nə ola bilər? Artıq hamıya məlumdur ki, BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası Bakıda keçiriləcək. Bu forum dünyanın memarlıq və şəhərsalma ilə məşğul olan dairələrinin diqqətini ölkəmizə yönəldəcək. Digər amil bu il məşhur orta əsr memarı, Naxçıvan memarlıq məktəbinin banisi Əcəmi ibn Əbubəkr Naxçıvaninin 900 illik yubileyinin qeyd olunmasıdır. Azərbaycan memarlığı deyiləndə ilk yada düşən Əcəmi Naxçıvanidir, çünki o, yaratdığı nadir memarlıq əsərlərilə adları tarixdə qalmış azsaylı memarların ən görkəmlisidir. Ən vacib və mühüm  səbəb isə odur ki, bu gün Azərbaycan siyasətində memarlıq və şəhərsalma sahəsinə diqqət çox böyükdür və bu, ilk növbədə Böyük Qayıdışla bağlıdır. İşğaldan azad olunan torpaqlarda şəhərlər, qəsəbələr, kəndlər sözün əsl mənasında yenidən tikilir və qısa zaman çərçivəsində, bu miqyasda  şəhərsalma fəaliyyətinin həyata keçirilməsi nadir hadisədir. Bu baxımdan 2026-cı ilin "Şəhərsalma və Memarlıq İli" elan edilməsi məntiqli və təqdirəlayiqdir.

- İrəvandan Bakıya ali təhsil almağa gələndə məhz memarlığı seçdiniz...

 - Mənim düşüncəmdə memarlıq gözəl sənətlərdən biridir. Memarlıq fərqli bir sahədir və daima inkişaf tələb edir. Bu ixtisasın əsasında həm incəsənət var, zövq var, təsviri sənət var, ruh var. Digər tərəfdən memar sənətinin texniki tərəfləri - konstruksiyalar, materiallar, mühitin formalaşması qaydaları, insanların rifahı naminə çalışmalıdır. Memar tək bir bina, bir tikili və ya şəhərin bir hissəsini yaratmır, bunlarla bərabər, insanların yaşam mühitini də yaradır. Məktəb illərindən təsviri sənətə böyük marağım olub və həvəslə də şəkillər çəkmişəm. Bu maraq sayəsində böyük rəssamların, heykəltaraşların yaradıcılığını izləməyə çalışırdım, onların əsərləri araşdırmaqdan, davamlı seyr etməkdən zövq alırdım. Eyni zamanda dəqiq elmləri də çox sevirdim, bu sahədə də biliyim yaxşı idi. Deyərdim ki, bu iki sahənin birləşməsi məni məntiqli seçim etməyə yönəltdi.

- Tələbə kimi daxil olduğunuz bu məkan sizi bir daha özündən kənara buraxmadı. Bu ya öz seçiminiz ola bilərdi, ya həyatın gedişatı...

- Heç vaxt düşünməmişdim ki, ali təhsili bitirəndən sonra fəaliyyətimi universitet daxilində davam etdirim. Çünki memarlıq təhsili alan hər kəs istəyir ki, layihələndirmə ilə məşğul olsun, evlər tiksin, bir interyer tərtibatı versin, yəni real memarlıqla məşğul olsun. Mənim isə universitetdə qalmağımı dediyiniz kimi, həyatın gedişatı tələb etdi. Tələbəlik illərində universitetin ictimai həyatında çox fəal idim. Bu da rektorluğun nəzərindən yayınmadığı üçün məni təhsil aldığım ocaqda saxladılar. Komsomol komitəsinin katibi kimi çalışdığım vaxtdan bir neçə il sonra kafedraya keçərək pedaqoji fəaliyyətə başlamağı təklif etdilər. Təklifi qəbul etdim, lakin ali məktəbdə dərs demək, eyni zamanda elmi fəaliyyəti davam etmək demək olduğundan namizədlik, daha sonra doktorluq işlərimi müdafiə etdim və beləcə, pillə-pillə qalxaraq, rektor kürsüsünə gəlib çatdım, yəni həyatın gedişatı belə gətirdi.

- Fəaliyyətiniz haqqında araşdırma apararkən elmi işlərinizin mövzusu diqqətimi çəkdi. Hər ikisində Qafqaz Albaniyasında dini memarlıq mövzusu yer alıb...

- Əgər ilkin və sonrakı orta əsrlərdən danışırıqsa, o zamanın monumental və günümüzə qədər gəlib çatmış memarlığının böyük hissəsi dini memarlıqdır. Əslində isə göz önündə qalalar, müdafiə qurğuları, daha möhtəşəm, inşaat texnikasına daha ciddi yanaşılan abidələr, dini binalar və çox az sayda yaşayış evlərinin, sarayların qalıqları qalıb. Yəni müdafiə qurğuları və dini abidələr dövrümüzə qədər gəlib çatan əsas memarlıq nümunələridir. Bu baxımdan həmin dövrün dini abidələrinin memarlığı dolğun memarlıq kimi qəbul edildiyindən əsas tədqiqat obyekti olublar. Suala bir qədər də aydınlıq gətirmək üçün deyim ki, 80-ci illərin əvvəlində Qafqaz Albaniyası az tədqiq olunmuş sahə idi. Ərazilərimizdə yerləşən xristian dini memarlığını tədqiq etmədiyimizdən, əsasən erməni alimləri, erməni kilsəsi bundan istifadə edərək, həmin abidələri öz adlarına çıxarmağı bacarırdılar. Kitablar yazılır, elmi-tədqiqat işləri aparılır, mənbələrə istinadlar edilərək onları bütün dünyaya erməni abidəsi kimi yaymağa çalışırdılar. Bizdə məhz bu istiqamətdə yazanlar, tədqiqat aparanlar kifayət qədər az idi. Elmi rəhbərim professor Davud Axundov Azərbaycanın islamdan əvvəlki dövrünün memarlığını tədqiq edən ilk alimlərdən idi və məni bu mövzuya o yönəltdi. Ola bilsin ki, burada mənim Qərbi Azərbaycandan olmağımın da bir təsiri vardı, orta təhsilimi İrəvanda almışdım. Bu baxımdan erməni dilində yazılan bütün mənbələri sərbəst oxuya bilirdim, məlumatları elmi rəhbərimlə bölüşüb Azərbaycan memarlıq irsi barədə qeyri-obyektiv fikirləri təkzib etmək üçün tədqiqatlar aparırdıq.       

- İrəvan həyatınıza toxunduğunuz üçün söhbətimizin məcrasını azacıq dəyişək və uşaqlıq, yeniyetməlik həyatınızın keçdiyi mühitdən bir az danışaq...

- Ətraf mühit yad olsa da, valideynlərimiz bizi azərbaycançılıq ruhunda yetişdirməyi bacarıb. Bunu  orada yaşayan bütün azərbaycanlılara şamil etmək olar. Bizim böyüklərimiz hər şeyə rəğmən, dinimizi, adət-ənənəmizi, mədəniyyətimizi, mənəviyyatımızı, bir sözlə, Azərbaycan və azərbaycanlı adımızı itməyə qoymayıblar. Böyüdüyüm mühit  bir qədər sərt, rahat və əlverişli deyildi. Oxuduğum səkkiz saylı şəhər məktəbində bizim ailənin uşaqlarından başqa yalnız bir azərbaycanlı ailəsinin uşaqları da  təhsil alırdı. Baxmayaraq ki, o zaman münasibətlər çox kəskin deyildi, lakin onların millətçiliyi, azərbaycanlılara qarşı soyuq münasibəti həmişə hiss olunurdu və bu, içimizdə həmişə bir narahatlıq doğururdu.

- Eşitdiyimə görə, İrəvan gözəl şəhərdir...

- İndiki İrəvan sovet dövründə tikilmiş şəhərdir. Azərbaycana məxsus, tarixən tikilib yaradılan İrəvandan heç nə qalmayıb. Ötən əsrin 20-ci illərində tarixi abidələri, unikal memarlığı olan bir şəhər tədricən dağıdılaraq, üzərində yeni sovet şəhəri quruldu. Hər bir şəhərin gözəlliyi, özünəməxsusluğu onun tarixiliyindədir, bu isə İrəvanda yoxdur. Kim sovet memarlığını görmək istəyirsə, gedib oranı gəzsin.

- İnsan adətən daha çox uzaq illərdə qalan xatirələri üçün darıxır...

- Boya-başa çatdığım şəhər üçün inanın heç zaman darıxmamışam.  Mən darıxıram qohum-əqrəbanın yaşadığı kəndlər üçün. Doğmalıq, azərbaycanlı mühiti, ab-havası olan, bütün mənəvi dəyərlərimizin qorunub saxlandığı kəndlərimiz üçün darıxıram. Məktəb tətilləri zamanı mehribanlıqıa qaynayıb-qarışdığımız kəndlərimizin insanları arasında keçirdiyimiz günlər üçün darıxıram. Orada açılan bayram süfrələri, böyüklərin söhbətləri, toylardakı yallı rəqsləri üçün darıxıram. Ətrafında şamlar yanan xonçalar üçün darıxıram, çünki orada özümüzü həqiqətən Vətəndə hiss edirdik.

- Qayıdaq söhbətimizə... II çağırış Milli Məclisin deputatı olmusunuz, bundan yan keçməyək. Nə üçünsə, həvəslə öz namizədinə səs verən seçici sonra ondan narazıdır...

- Millət vəkili seçildiyi ərazinin və orada yaşayan insanların təmsilçisi kimi ali qanunvericilik orqanı olan Milli Məclisdə ilk növbədə qanunvericilik fəaliyyətilə məşğul olmalıdır. Seçicilər isə səs verdiyi millət vəkilindən ərazinin problemlərinin və bəzi hallarda özünün həyatı və məişətlə bağlı problemlərinin həll edilməsini gözləyir. Millət vəkili təmsil etdiyi ərazinin böyük problemlərinin həlli ilə, onlara dövlət qurumlarının diqqətinin cəlb edilməsi, lazımi vəsaitin ayrılmasına nail olmaq kimi işlərlə məşğul ola bilər. Ayrılıqda hər bir vətəndaşın məişət problemlərini həll etmək gücü millət vəkilində yoxdur. Lakin bununla belə, millət vəkili vətəndaşa istədiyi diqqəti göstərməyə, çox ehtiyacı olanın köməyinə yetməyə, qayğı tələb olunana dəstək olmağa hər zaman çalışmalıdır.

- Hər dövrdə zamanın aparıcı qüvvəsi gənclər olub və davam edir. Ömrünüzün böyük hissəsi onların əhatəsində keçib. Bu günün gəncliyindən isə giley edənlər az deyil...

- Mənim düşüncəmdə 44 günlük Vətən müharibəsindən sonra bizim gənclikdən narazı olmağa haqqımız yoxdur. Desək ki, onlardan narazıyıq, şəhidlərimizin ruhunu incitmiş olarıq. İndiki gənclik bizdən çox fərqli olduğu üçün yaşlı nəsil bəzən onların hərəkətini, həyat tərzini, düşüncələrini qəbul edə bilmir, narazılığını bildirir. Amma unutmaq olmaz ki, zaman dəyişir və gənclər öz dövrünün yetirmələridir. Zaman onları necə formalaşdırırsa, qarşılarına necə tələblər qoyursa, həmin istiqamətdə də onlar hərəkət edirlər. Bugünkü gənclik daha məlumatlı, daha praqmatik, dünyaya daha açıqdır. Bir təhsil ocağı kimi çalışırıq ki, onları yanlış yollardan qoruyaq, vətənpərvərlik, milli dəyərlərimizə hörmət ruhunda tərbiyələndirək, öz işimizlə gənclərimizi haqq-ədalətə inandıraq, tələbə-müəllim münasibətlərini düzgün quraq, imtahan sessiyalarımızı obyektiv və şəffaf keçirək ki, tələbə uğurunun öz əlində olduğuna inansın. Təbii ki, hər kəsin intellekt və mənimsəmə səviyyəsi eyni deyil və buna baxmayaraq, professor və müəllim heyəti gənclərin mütəxəssis kimi yetişdirilməsi üçün çalışırlar.

- Sırada Əməkdar memar Gülçöhrə Məmmədovadır. Təbii ki, Bakının Baş planından xəbərdarsınız. Sürətlə sökülən şəhərə nəzər saldıqda elə fikir yaranır ki, Baş planda Bakı yalnız parklardan ibarət olmalıdır...

- Əslində yaşıllıqların artması çox gözəl olardı, şəhərsalmada "park şəhər" konsepsiyası çoxdan yaranmış yanaşmadır, lakin bunu Bakıda keçirmək yəqin ki, mümkün deyil və Baş plan da qarşıya belə bir vəzifə qoymur. Baş plan şəhərin inkişaf istiqamətlərini müəyyənləşdirir. Yəni şəhər yaşayış nöqteyi-nəzərindən hansı istiqamətə inkişaf etməlidir, sənaye zonası  hansı hissədə yerləşməlidir, nəqliyyat şəbəkəsi necə qurulmalıdır, dəyərini, aktuallığını itirmiş ərazilər necə yenilənməlidir ki, gələcəkdə əhalinin sayının artması nəzərə alınmaqla şəhər davamlı şəkildə yaşaya və inkişaf edə bilsin kimi məsələləri Baş plan özündə birləşdirir. Bakıda nə qədər çox yaşıllaşdırılma olsa, şəhərin görkəmi bir o qədər cəlbedici, insanların həyatı bir o qədər sağlam olar. Bu gün Bakıda dəyəri çox uzaqlarda qalan ərazilər var ki, onların yenilənməsi labüddür.          

- Bəli, var... Elə ona görə də Bayırşəhər bu gün sürətlə sökülür...

- Gəlin Bayırşəhər dediyiniz ərazinin ümumi mənzərəsinə baxaq. Həmin küçələrdən istər piyada keçəndə, istər tıxacda qalanda orada yaşayan əhalinin ev şəraitini, qeyri-sağlam mühiti görəndə düşünmüsünüzmü ki, buralar nə vaxt dəyişəcək? Bayırşəhərdə yerləşən həmin ərazilərdəki tikililərin müəyyən faizinin tarixi və memarlıq dəyəri varsa, qalanları aktuallığını müddətindən artıq başa vurub.

- Amma onlar Bayırşəhərin tarixi simasıdır...

- Mədəniyyət Nazirliyinin yanında Ekspertlər Şurası yaradılıb və mən onun üzvlərindən biriyəm. Biz həmin ərazidəki evlərə baxış keçiririk. Onların hansınınsa tarixi və ya memarlıq dəyəri varsa, abidə kimi qorunmağa layiqdirsə, tövsiyə edirik ki, onlar dövlət tərəfindən qorunan abidələr siyahısına daxil edilsin. Amma bir məqamı da xüsusi vurğulamaq istəyirəm ki, bəzən fasadı xoş gələn binaya daxil olur və görürsən ki, sakinlər həmin tikilinin daxilini dağıdıb, çoxsaylı müdaxilələr edib, əlavələr tikib, bir sözlə, o qədər dəyişikliklər ediblər ki, bina artıq dayanıqlığını itirib və onun bərpası mümkün deyil. Bununla belə, bərpa oluna biləcək, xilas edilə biləcək, memarlıq dəyəri, hansısa bir tarixi şəxsiyyətin adı ilə bağlı olan tikililərin saxlanmasını tövsiyə edirik. Əminəm ki, tam da olmasa, bizim rəyimiz müəyyən qədər nəzərə alınır.

- Tikililərdən danışdıniz, oranın  fərqli əhalisini də unutmayaq...

- Hər insanın böyüdüyü yer onun üçün əzizdir, uşaqlıq illəri, valideynləri ilə bağlı xatirələri vardır. Bu, hər birimizə xas olan hisslərdir və insanları anlamaq da olar. Amma bunun üçün balaca dar həyəti, ora açılan dörd-beş "mənzil" qapılarını, yöndəmsiz artırmaları, gün işığı görməyən otaqları və sairəni qoruyub saxlamaq lazımdırmı? İnsanların hisslərinə, duyğularına, yaddaşına hörmətlə yanaşaraq, bir memar kimi o fikirdəyəm ki, şəhərsalmadan söhbət gedirsə, bütövlükdə cəmiyyətin, şəhərin xeyri, inkişafın məqsədləri ilk növbədə düşünülməlidir və ona uyğun da yenilənmə prosesi getməlidir. Bilirsiniz, şəhərsalmanın tələblərindən biri də dəyərini itirmiş ərazilərin təzələnməsidir. Dünyada bütün böyük şəhərlərdə bu proses gedir. Buna hisslərlə yanaşmaq olmaz.

- Bəzən mənə elə gəlir ki, Bakı sanki imicini itirir...

- Bayırşəhər dediyimiz məkan Bakının Qoşa qala divarlarından kənarda başlayan hissəsidir. İçərişəhər, "kapitalist dövrü" dediyimiz Bayırşəhərdə tikilən gözəl binalar, gündən günə uzanan  Milli Park, Neftçilər prospekti boyu sıralanan tarixi binalar Bakının imici deyil ki? Amma bərpası mümkün olmayan, insanların müasir həyatını və sağlamlığını təmin etməyən ərazilərin də tənzimlənməsi vacibdir.

- XX əsrin əvvəllərində neft bumu sayəsində varlanan Bakı milyonçularının tikdirdiyi binaları xaricdən gələn memarlar inşa edib və həmin tikililər üç-dörd mərtəbədən hündür olmayıb. Bu gün Bakını göydələnlər ağuşuna alıb. Həmin milyonçular da hündür bina tikdirmək gücünə malik olub...

- Hər dövrün bütün sahələrdə əksini tapan tələbləri var. Şəhərlər böyüdükcə, orada torpağın qiyməti artır, ondan daha səmərəli istifadə etmək tələbi yaranır və tikilən binadakı mərtəbələrin sayı artır. XX əsrin əvvəlində Bakı əsasən bir-iki mərtəbəli evlərdən ibarət olub və həmin dövrdə üç-dörd mərtəbəli tikili hündür ev kimi qəbul edilirdi. Bu gün dünyanın inkişaf etmiş ölkələrində artan əhalini mənzillə təmin etmək üçün əsasən  çoxmərtəbəli evlər tikilir, zəlzələ təhlükəsi olan şəhərlərdə belə. Bu, dünyada, o cümlədən bizdə gedən ümumi bir prosesdir. Bakıda əhalinin sayı xeyli artıb, artmaqda davam edir və insanları yaşayış yerlərilə təmin etmək lazımdır. Təbii ki, bu, üç-dörd mərtəbəli binaların həll edə biləcəyi məsələ ola bilməz. Hər bir insanın haqqıdır ki, rahat mənzillərdə yaşayaraq həyatına davam etsin. Bu baxımdan heç də asan olmayan şəhərsalma prosesində cəmiyyətin əsas probemlərinin həlli və inkişafı naminə gərək məsuliyyətli qərarlar qəbul edilsin.

 

Tamilla M-ZADƏ

525-ci qəzet .- 2026.- 6 fevral(¹5).-S.10;11.