Kanada-Azərbaycan Gənclərinin
Birinci Forumu keçirilib
Azərbaycan Respublikasının Diasporla İş
üzrə Dövlət Komitəsinin dəstəyi, “Vətən”
Azərbaycan İncəsənət və Mədəniyyət
Mərkəzinin təşkilatçılığı ilə
Kanadanın Toronto şəhərində 2 Fevral – Azərbaycan
Gəncləri Günü münasibətilə “Növbəti
nəsil kanadalılar” adlı Kanada-Azərbaycan Gənclərinin
Birinci Forumu keçirilib.
Bu barədə AZƏRTAC-a Diasporla İş üzrə
Dövlət Komitəsindən məlumat verilib.
Forumun Kanadadakı azərbaycanlı gənclər
üçün şəbəkələşmə, liderlik
bacarıqlarının inkişafı və milli kimliyin
qorunması baxımından vacib platforma olduğunu
vurğulayan Komitənin sədr müavini Vaqif Seyidbəyov bu
mühitin onların cəmiyyətə inteqrasiyasına və
Azərbaycanla bağlarının güclənməsinə
töhfə verdiyini qeyd edib.
Kanadadakı Azərbaycan Evinin rəhbəri Lalin Həsənova
gənclərin Azərbaycan Evinin imkanlarından səmərəli
istifadə etməsinin, milli kimlik və mədəni dəyərlərə
daim önəm verməsinin, məskunlaşdıqları
ölkədə Vətənimizi layiqincə təmsil etməsinin
vacibliyindən danışıb.
Forumda Ontario vilayətinin Turizm, Mədəniyyət və
Oyun Biznesi üzrə naziri və Ontario Əyalət
Parlamentinin üzvü Stan Çonun “Vətən” Azərbaycan
İncəsənət və Mədəniyyət Mərkəzinə
göndərdiyi rəsmi təbrik məktubu səsləndirilib.
Məktubda forumun işinə və gənclərə
uğurlar arzulanıb.
Digər çıxışçılar gənclərin
inkişafına yönələn və onlar üçün
faydalı ola biləcək imkanları müzakirə edərək,
şəbəkələşməyə xidmət edən bu
addımları yüksək qiymətləndiriblər.
Forum işini sessiya və panellərlə davam etdirib.
Təlimçi Pərvin Abdullayeva “Gələcəyin
Qurucuları: Gənclər necə innovativ ola bilər,
sahibkarlar kimi ünsiyyət qura və idarə edə bilər?”
adlı sessiyada gənclərə innovativ düşüncə
və liderlik bacarıqlarının inkişafı ilə
bağlı tövsiyələr verib. Təlimçi Stiv
Elliot isə “Sürətli düşün, təsirli
danış: Gələcək liderlər üçün ünsiyyət”
mövzusunda ictimai natiqlik təlimi ilə
iştirakçıların səmərəli ünsiyyət
və təqdimat bacarıqlarını gücləndirməsi
üçün maraqlı məsləhətlər səsləndirib.
Forumda, həmçinin “Böyük ideyalar, real hekayələr:
uğurlu sahibkarların düşüncələri”, “Öyrənmək,
qazanmaq və böyümək: dərslər və karyera
arasında”, “Təcrübə səsləri: dərsliklərdə
tapmayacağınız dərslər” adlı panellərdə
gənclərlə yanaşı, Kanadanın müxtəlif
universitetlərində akademik təcrübəsi olan azərbaycanlı
professorlar da çıxış ediblər.
525-ci qəzet.-2026.- 6 fevral (¹5).- S.6.