Azərbaycan-BƏƏ: Strateji tərəfdaşlıq yüksələn xətlə inkişaf edir

 

 

Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Bu gün iki ölkə arasında ən müxtəlif sahələrdə əməkdaşlıq mövcuddur. Tərəflər əlaqələri daha da genişləndirməkdə qərarlıdırlar. Bu baxımdan Prezident İlham Əliyevin fevralın 2-də BƏƏ-yə işgüzar səfəri mühüm əhəmiyyət daşıyır. Səfər çərçivəsində dövlət başçısı BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan və Müsəlman Ağsaqqalları Şurasının baş katibi Məhəmməd Əbdülsalam ilə görüşüb. Söhbət zamanı Azərbaycan-BƏƏ ikitərəfli əlaqələrinin strateji tərəfdaşlığa əsaslandığı vurğulanıb, ölkələrimiz arasında əməkdaşlığın bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi, enerji, həmçinin bərpaolunan enerji, mədəni, humanitar və digər istiqamətlərdə inkişafından məmnunluq ifadə olunub.

Eyni zamanda, Prezident İlham Əliyev Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb. Tərəflər ABŞ Prezidenti Donald Trampın ev sahibliyi və şahidliyi ilə baş tutan Vaşinqton Sülh Sammitinin nəticələrinin həyata keçirilməsi istiqamətində əldə olunan irəliləyişi alqışlayıblar. Onlar Ermənistan və Azərbaycan arasında normallaşma prosesinin ikitərəfli əsasda irəlilədilməsində müsbət dinamikanın qorunub saxlanmasının vacibliyini vurğulayıblar.

Tərəflər hər iki cəmiyyətin sülhün faydalarına real həyatda şahid olduqlarını qeyd ediblər, ikitərəfli ticarətin başlamasından və Azərbaycandan Ermənistana neft məhsullarının ixracının davam etməsindən, həmçinin üçüncü ölkələrdən Ermənistana taxıl və digər malların Azərbaycan ərazisindən tranzitinin həyata keçirilməsindən məmnun olduqlarını bildiriblər. Tərəflər ikitərəfli ticarət və iqtisadi əməkdaşlığı genişləndirmək üçün imkanları araşdırmağı davam etmək barədə razılığa gəliblər.

Səfərdə mühüm məqamlardan biri Azərbaycan və BƏƏ liderlərinin iştirakı ilə Əbu-Dabidə keçirilən "Sülh Qalxanı - 2026" birgə əməliyyat-taktiki təlimləri olub.

Səfər zamanı 4 fevral tarixində "Zayed İnsan Qardaşlığı Mükafatı" BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan tərəfindən şəxsən Azərbaycan liderinə təqdim edilib. Prezidentin bu ali mükafata layiq görülməsi onun humanizm missiyasına, sülh siyasətinə əsaslanır. Azərbaycan lideri artıq bütün dünyada sülh qurucusu, sülh carçısı, humanizm missiyası ilə tanınır və qəbul edilir. Ölkəmiz müharibədə böyük zəfər əldə etməklə yanaşı, həm də regionda sülh və sabitliyin qarantına çevrilib. Eyni zamanda, Azərbaycan öz siyasətində humanizm prinsiplərini hər zaman əsas götürüb. Bu gün ölkəmiz dünyada tolerantlıq nümunəsinə çevrilib. Bütün bunlar Azərbaycan liderinin apardığı siyasətin təzahürləridir.

"Zayed İnsan Qardaşlığı Mükafatı" 2019-cu ildə Roma Papası Fransisk və Əl-Əzhərin Baş İmamı Əhməd Əl-Tayyib tərəfindən imzalanmış "İnsan Qardaşlığı Sənədi"nə istinad edir.

Milli Məclisin deputatı Rasim Musabəyov "525"ə deyib ki, Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri mühüm əhəmiyyət daşıyır: "Səfər zamanı dövlət başçısına "Zayed İnsan Qardaşlığı Mükafatı" təqdim edildi. Əsas hadisələrdən biri də iki ölkənin silahlı qüvvələrinin iştirakı ilə Əbu-Dabidə keçirilən "Sülh Qalxanı - 2026" hərbi təlimlər oldu. Bütün bunlar Azərbaycanın BƏƏ ilə strateji tərəfdaşlığını ən yüksək səviyyəyə qaldırmasının təzahürüdür".

O bildirib ki, səfər zamanı bir sıra böyük investisiya layihələri nəzərdən keçirilib. Azərbaycan və BƏƏ prezidentlərinin iştirakı ilə "Cənub Qaz Dəhlizi"də ölkəmizə məxsus payın müəyyən hissəsinin Əbu-Dabi Milli Neft Şirkətinin investisiya qolu olan XRG şirkətinə satışı ilə bağlı sənəd imzalanıb. BƏƏ-yə Azərbaycanın payının bir hissəsini almaq imkanı verildi ki, bununla da, o, "Cənub Qaz Dəhlizi"nin iştirakçısına çevrilir.

Deputat söyləyib ki, rəqəmsal iqtisadiyyatın inkişafı ilə bağlı böyük planlar var: "Gözlənilir ki, ABŞ-nin iştirakı, BƏƏ-nin maliyyə dəstəyi ilə Azərbaycanda süni intellektlə bağlı böyük data mərkəzi yaradılsın. Yaşıl energetika ilə bağlı böyük planlar var. Yəni bizim əsas məqsədimiz BƏƏ ilə çox sıx və qarşılıqlı fayda verən tərəfdaşlığımızı irəli aparmaqdır".

Deputat hesab edir ki, Azərbaycan-BƏƏ əməkdaşlığı üçün böyük potensial var: "BƏƏ-nin təxminən 10 milyon əhalisi var, ərazisi də Azərbaycan qədərdir, maliyyə imkanları isə genişdir. Onların Dubayda yaratdıqları Azad İqtisadi Zona ilə bağlı təcrübəsini bütün dünya nümunə kimi qəbul edir. Böyük potensial, böyük inkişaf var. Təbii ki, həm onların təcrübəsi, eyni zamanda, maliyyə dəstəyi Azərbaycan üçün olduqca önəmlidir. BƏƏ-nin səsi də, nüfuzu da dünya üçün əhəmiyyətlidir. Ölkələrimiz bəzi məsələlərdə oxşar dəyərləri bölüşür, davranışları da eynidir. Bizim və BƏƏ-nin seçimi dünyəviliyə, dinlərin qovuşmasına bağlıdır. Hər iki ölkə bütün dinlərə hörmətlə yanaşır, dini dözümlülük mühiti hökm sürür, hər iki ölkədə məscidlərlə yanaşı, digər dinlərə məxsus ibadət yerləri də var".

R.Musabəyov BƏƏ-nin digər missiyasını, dialoq məkanı kimi rolunu da yüksək qiymətləndirib. O bildirib ki, bütün gərginliklərə baxmayaraq, İsraillə ərəb ölkələri arasında xüsusi münasibətləri qoruyub saxlayan ərəb ölkəsi BƏƏ-dir. Azərbaycanın da İsraillə münasibətləri yüksək səviyyədədir. Bu da daha bir oxşarlıqdır: "Mən BƏƏ-nin bizdən uzaq məsafədə yerləşməsinə dair fikirləri bölüşmürəm. Bakıdan Əbu-Dabiyə məsafə 2 saatdır. Demək istəyirəm ki, əslində biz qonşuyuq. BƏƏ bizim üçün əhəmiyyətli bir dövlətdir və təcrübəsi də Azərbaycan üçün olduqca vacibdir".

Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov "525"ə deyib ki, Azərbaycan Prezidenti İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı" humanizm missiyası, sülh çarçısı olduğuna, sülh təşəbbüsləri ilə bağlı apardığı siyasətə görə təqdim edilib.

O bildirib ki, keçmiş münaqişənin digər tərəfinin Ermənistan olduğu üçün bu mükafat Azərbaycan və Ermənistan liderlərinə eyni vaxtda verilib: "Nəticə etibarilə biz tarixdə ilk dəfə olaraq Azərbaycan və Ermənistan arasında münaqişənin geridə qaldığını görürük. Ermənistan hökuməti ölkəmizə qarşı heç bir ərazi iddiasının olmadığını, hər hansı mübahisəli məsələnin irəli sürülmədiyini bəyan edir. Biz bilirik ki, digər coğrafiyalarda olduğu kimi, bizim bölgədə də bəzi qüvvələr ziddiyyətlərdən istifadə edirlər. Ziddiyyətləri münaqişəyə, münaqişələri müharibəyə çevirirlər ki, xalqlar, dövlətlər bir-birinə yaxınlaşmasın. Bütün bunları çox yaxşı dərk edən Azərbaycan atdığı addımlarla Ermənistan tərəfinə göstərmiş oldu ki, rasional və praqmatik siyasət nədən ibarət ola bilər", - politoloq deyib.

O əlavə edib ki, Nikol Paşinyan erməni xalqının tarixində yeni səhifə açmış oldu. Paşinyanın atdığı hazıkı addımlar ona gətirib çıxardı ki, o, bu il keçiriləcək seçkilərdə də qalib gələ biləcək. Bundan sonra bəzi həssas məsələləri referenduma çıxarıb, Cənubi Qafqazın gəlcəyi üçün erməni xalqının bu və ya digər şəkildə fikrini öyrənmiş olacaq: "BƏƏ-də çıxışlar zamanı vurğulandığı kimi, cəmiyyətlərin sülhə hazırlanması vacibdir, artıq Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətləri arasında görüşlərə başlanılıb, bundan sonra da görüşlərin ayrı-ayrı qruplar arasında davam edəcəyi gözlənilir, həmçinin ikitərəfli əməkdaşlığın artırılmasını da görmüş olacağıq. Hər bir halda bütün dünya son hadisələrlə bir daha şahid oldu ki, Azərbaycan tərəfi müharibə deyil, sülh istəyir. Azərbaycan siyasi, iqtisadi, hərbi cəhətdən güclü olmasına baxmayaraq, bölgədə yeni səhifənin açılmasının, sabitliyin tərəfdarıdır və hazırda biz bu proseslərin davam etdiyini görürük".

 

Pərvanə

525-ci qəzet.-2026.- 6 fevral (№5).- S.5.