Qərblə Şərq
əks qütblər olmamalıdır
(Əvvəli ötən cümə sayımızda)
Qədim Misirdə faraonlar canlı allah sayılsalar
da, onlar da öz qüvvələrini və ağalıq səlahiyyətlərini
canlı olmayan və göydə məskən salmış
hesab edilən allahlardan alırdı. Misirlilər allah Osirisə,
onun arvadı və sədaqətlilik rəmzi olan İsidaya,
çünki xəyanət edən qardaşı Set Osirisi
öldürdükdən sonra, İsida onun bədəninin hissələrini
tapıb, onu yenidən həyata qaytarmışdı və həm
də onların oğlu Qora sitayiş edirdilər. Hətta nəhayətsiz
hakimiyyəti ilə öyünən məşhur faraon II
Ramzes də özünə heykəl portretləri qoydurduqda,
onlar hökmən allah Osirisin daş təsvirləri ilə əhatə
olunurdu və bu faraonun şöhrətinin böyüməsində
heç də az rol oynamırdı.
Yeni Babilistanda allah Marduka və ilahə İştara
sitayiş edilirdi. Gözəl Babil şəhərində
İştar qapısından başlanan mərkəzi
küçə Marduk Yolu adlanırdı.
Yaxın Şərqdə iudaizm dini meydana gəlməklə,
vaxtilə faraon Exnatonun Misirdə ilk dəfə irəli
sürdüyü monoteizm ideyası artıq özünü
real və geniş şəkildə büruzə verdi. Yəhudilər
tək allah Yahveyə, onu Savaof və ya İeqova da
adlandırırdılar, sitayiş edirdilər. İudaizm
özünü qorumaq üçün çox sayda
qadağalardan istifadə edirdi, sonralar ortodoks iudey
üçün onların sayı 613-ə
çatmışdı. Yəhudilər öz inanclarına
görə əsrlər boyu ağır təqiblərə məruz
qalsalar da, bu dinin mövcudluğunu üç min il ərzində
qoruyub saxlaya bilmişlər.
Qədim dinlər yüksək mənəvi təsir
gücünə malik olmaq üçün, ona xidmət edən
maddi vasitələrdən də imtina etmirdi. Onlara paytaxt şəhərlərinin
mərkəzində, ən möhtəşəm binaların
timsalında məbədlər tikilirdi. Monoteizm dini də
çoxallahlı xalqların bu təcrübəsini inkar etməyərək,
belə məbədlər yaranmasını vacib saydı.
Çar Solomon birləşmiş İudea və İsrailin
paytaxtı, atası Davidin əsasını qoyduğu Yerusəlimdə
allaha həsr olunmuş iri və möhtəşəm məbəd
tikdirmişdi. Yeni Babilistan çarı II Nabuhodonosor Yerusəlimi
işğal etdikdə, Solomon məbədini də
dağıtdırmışdı. Bizim eradan əvvəlki
yüzilliyin sonunda çar İrod yəhudilərin arzusunu nəzərə
alaraq, yeni məbəd tikdirmişdi. Lakin bizim eranın 70-ci
ilində Roma sərkərdəsi, gələcək imperator
Tit Yerusəlimdəki bu məbədi də
dağıtdırmışdı və bu günə ondan
yalnız "Ağlama divarı" nişanə
qalmışdır.
Xristianlar da müsəlman məscidlərini də
viran qoymaqdan çəkinməmişdilər. Bosniya və
Herseqovina XIX əsrdə Avstriya imperiyasının tərkibinə
keçdikdə, türklərin tikdirdikləri məscidlərin
hamısı dağıdılmışdı. İspaniyada isə
dörd əsr əvvəl müsəlmanlar, güc tətbiq
edilməklə ya xristianlığa keçirilmiş, ya da
ölkədən qovulmuşdu. Katolik kral Ferdinandın və
kraliça İzabellanın iyrənc dini siyasəti nəticəsində
ölkədəki yəhudilər də eyni acı taleyi
yaşamışdılar.
Hindistanın şimalında, Şakyamuni əyalətində
doğulub boya-başa çatmış Qautama Budda ölkədəki
çoxallahlığa son qoydu və öz adı ilə
adlanan dinin əsasını yaratdı. Buddizmə qədər
Hindistanda hinduizmin, krişnaizmin, caynizmin müxtəlif
qolları fəaliyyət göstərirdi və hindusların
Brahma, Vişnu və Şiva kimi ali allahları var idi.
Buddizm qısa müddətdə ətraf ölkələrdə
də yayıldı və dövlətlərin siyasətinə
də öz müsbət təsirini göstərə bildi.
Kambocada, Çində, Koreyada, sonralar isə Yaponiyada
yayılan buddizm böyük təsir gücünə yiyələndi.
Belə geniş miqyasda yayılmasına görə buddizmi ilk
dünya dini hesab etmək olardı.
Buddizmin dövlət siyasətinə müsbət təsirini
isə b.e.ə. III əsrdəki Maurya imperiyasındakı
çar Aşokanın idarəçiliyi timsalında
aydın görmək olar. Aşoka çox sayda müharibələrdə
iştirak etmiş, qan çayı axıdılmasına səbəb
olmuşdu. Buddizmlə tanış olduqdan sonra, Aşoka əvvəlki
təcrübəsinə son qoydu, müharibə aparmaqdan imtina
etdi və öz xalqını ədalətli qaydada idarə
etməyə başladı. O, şəhərlərin
abadlığına, yollar çəkilməsinə xüsusi
diqqət verirdi. Yolların üstündə səfər edənlərin
təminatı üçün su quyuları
qazdırtdırırdı. Aşoka dünyada ilk universitet
yaratmışdı, orada başqa ölkələrdən gəlmiş
tələbələr də təhsil alırdılar. Avropada
isə ilk universitetlər bizim eranın XIII əsrində və
ya Aşokanın yaratdığından 1,5 min il sonra fəaliyyətə
başlamışdı.
Bizim eranın ilk yüz ilinin əvvəllərində
Yerusəlimdə İisus Xrist, məbədləri pul dəyişdirmək
məntəqələrinə çevirən İudaizm din
xadimlərinə qarşı mübarizə aparırdı və
onları allahın məbədini təhqir etməkdə
ittiham edirdi. Əks tərəf də ona daha kəskin cavab
verdi və fitnəkarlıq yolu ilə İisusun
çarmıxa çəkilməsinə nail oldu. Onun
adından götürülən Xristian dini qədim Romada
yayılmağa başladı, baxmayaraq ki, xristianlar imperatorlar
tərəfindən əvvəllər sərt qaydada təqib
olunurdular. İisusun apostolları Pyotr və Pavel də Romada edam edilmişdi. Lakin IV əsrin
birinci yarısında imperator Konstantin xristianların təqibinə
son qoydu və adamlara dini ibadət sərbəstliyi verdi. Həmin
əsrin sonunda isə xristian dini Romada dövlət dini elan
edilməklə, bütpərəstliyin yerini tutdu. Bu vaxt
xristianlar da bütpərəstlərin məbədlərini
dağıtmağa başladılar. Onlar sənət əsərləri
olan heykəlləri də məhv edirdilər. Bütpərəstlik
dövründən yalnız Kapitoli təpəsindəki
imperator Mark Avrelinin at belindəki heykəli
qalmışdır, xristianlar onda sevdikləri imperator
Konstantinin təsvir edildiyini hesab etdiklərindən, ona toxunmamışdılar.
Xristan dini geniş ərazilərdə yayılmağa
başladı. Hətta 476-cı ildə Roma imperiyasını
məhv edən vestqotlar da bura gələnə qədər
xristianlığı qəbul etmişdilər.
Avropada yaranan Qərb imperiyası xristian dininin
yayılmasında xeyli köməklik göstərdi. İlk dəfə
imperator Böyük Karl 800-cü ildə Romada papa tərəfindən
taclandı və bu hadisə xristian dininin
yayılmasını sürətləndirdi. Şərqi Roma
imperiyası olan Bizansda xristian dini yüksək təsir
gücünə malik idi və imperator I Yustinian 537-ci ildə
Konstantinopolda məşhur Aya Sofiya məbədini tikdirməyə
başlamışdı. XVI əsrə qədər onunla
müqayisə edilə bilən başqa bir böyük
xristian kilsəsi yox idi.
VII əsrdə isə Məhəmməd peyğəmbər
öz ardıcılları ilə birlikdə Ərəb Şərqində,
Məkkədən Mədinəyə 622-ci ildə mühacirət
edərkən İslam dinini yaratmışdı. Digər
dünya dinlərinin yaradıcılarından - Buddadan, Zərdüştdən,
İisus Xristdən fərqli olaraq, onun bünövrəsini
qoyduğu din onun öz adı ilə deyil, allaha itaəti ifadə
edən "İslam" adı ilə adlanmışdı.
Məhəmməd peyğəmbər banisi olduğu tək
allahlı din naminə, iudeylərin peyğəmbəri Moisey
kimi bütpərəstliyə qarşı kəskin mübarizə
aparırdı. İslama qədər bədəvi
tayfaları, allahın rəmzi kimi meydanda qoyulmuş bir
daşa sitayiş edirdilər. Kəbədəki qara daş isə
meteorit mənşəli olmaqla, böyük allah hesab olunurdu və
bütün tayfalar onun aliliyini etiraf edirdilər. Zamanın nəbzini
tutmağı bacaran peyğəmbər bütpərəstlik
nümunələrini məhv etsə də, Kəbədəki
qara daşa toxunmadı və onun müqəddəslik statusunu
saxlamaqla, Məkkəyə ziyarətin başlıca məqsədinə
çevirdi.
Məhəmməd peyğəmbər həm də
çox məharətli inzibatçı idi. O, bütün
dövlətlərin yaşaması üçün gəlir
mənbəyi sayılan vergi sistemini ləğv etdi, onu
varlıların fitrə, zəkat verməsi qaydası ilə əvəz
etdi. Onlar bu yolla yoxsullara maddi yardım göstərməli
idilər və Xilafət də bundan faydalanırdı.
Məhəmməd peyğəmbərin 632-ci ildəki
ölümündən sonra, onun varisləri olan xəlifələr
İslamın yayılmasında hərbi gücdən də
istifadə edərək, Xilafət imperiyasını xeyli
genişləndirdilər. Xəlifə Ömər 640-cı
ildə Misiri və Yerusəlimi işğal etdi.
Xəlifə Osman qətlə yetirildikdən sonra bu
post uğrunda mübarizə qızışdı və xəlifəliyə
yiyələnmək üçün Əli şiə adlanan
öz partiyasını yaratdı. Əli Məhəmmədin
doğma əmisi oğlu, yeganə qızının əri və
ən qızğın tərəfdarı idi. Xəlifə
Əli İslamda yeni müqəddəslik institutları - əhli-beytlik
və İmamlar iyerarxiyası yaratdı. Onlara İslamı
idarə etməkdə xüsusi hüquqlar verilməli və
toxunulmazlıqları təmin edilməli idi. İmam Əlinin
xəlifəliyi beş il davam etsə də, münaqişələrə
səbəb oldu və o, bu vəzifəni Müaviyəyə
güzəştə getməli oldu. Dördüncü xəlifə
olan Əli özü də, vaxtilə onun ardıcılı
olan xaricit tərəfindən 661-ci ildə
öldürüldü. Lakin Əməvi sülaləsinə
qarşı da mübarizə qızışdı və
750-ci ildə onu hakimiyyətdə Abbasilər sülaləsi əvəz
etdi. Onlar paytaxtı Dəməşqdən yeni salınan Bağdad
şəhərinə köçürdülər.
Lakin şiələr Abbasilərə qarşı da
mübarizə aparırdı və XI əsrdə türklərin
də köməyi ilə onlar açıq
çıxış etdilər. Bu, təkcə sülaləyə
qarşı olmayıb, bütöv İslam dünyası
üçün ağır zərbə xarakteri
daşıyırdı. 1258-ci ildə isə Çingizxanın
nəvəsi Hülakü xan
Bağdadı işğal etdi və müqəddəs şəhərlərin
statusu da XVI əsrə qədər zəiflədi. İslam
sivilizasiyasının inkişafı sönməyə
başladı. Lakin müqəddəs şəhərlərin
Osmanlı sultanı Səlimin dövründə türklər
tərəfindən tutulması, İslam dininin reinkarnasiyasına
səbəb oldu. Şərqin tərəqqisi naminə yaranan
bu sivilizasiya üçün problemlər artıq daha da
böyümüşdü və Avropa İslamın bu geriləməsindən,
xristian dininin və öz dövlətlərinin hərtərəfli
inkişaf etdirilməsinə çalışdı və
Avropa tezliklə dünyada aparıcı mövqeyə yiyələndi.
Xristofor Kolumbun 1492-ci ildə Amerikanı kəşf
etməsindən altı il sonra portuqaliyalı Vasko da Qama
Atlantik okeanından Xoş Ümid Burnunu ötüb-keçərək,
Hind okeanı suları ilə üzləşməklə
Hindistandakı Kalikut şəhərinə gəlib
çıxdı. Zənginliyi barədə rəvayətlər
gəzən bu iri subkontinentə ilk dəfə olaraq dəniz
yolu açıldı. Çünki Konstantinopolu 1453-cü
ildə işğal edən Osmanlı Türkiyəsi
Avropanın Şərqlə ticarət yolunu bağlamaqla, ona
ağır zərbə vurmuşdu.
XI əsrin sonundan başlayan Səlib yürüşləri
isə Şərq torpaqlarını işğal etmək və
onlardan fayda götürmək niyyətlərinin həyata
keçirilməsinə müvəffəq ola bilməmişdi,
onlara bəslənən ümid də puç olmuşdu.
Amerikaların kəşfi İngiltərəyə,
İspaniya və Fransaya müvafiq olaraq hər iki qitədə
böyük ərazilər tutmağa imkan vermişdi.
Britaniyalılar Ost-İndiya kompaniyası vasitəsilə və
hərbi yolla portuqaliyalıları və fransızları
Hindistandan çıxarmaqla, gələcəkdə oranı
öz müstəmləkəsi etməyə yönəlmiş
bir prosesin bünövrəsini qoymuşdu.
Beləliklə, əvvəllər o qədər də
fərqli görünməyən və düşüncələrdə
də olsa, vahid xarakter daşıyan dünya artıq bir-birinə
bənzəməyən iki hissəyə bölündü.
Avropa Amerikalarda, Asiyada və sonralar Afrikada müstəmləkə
torpaqlarına və qitələrdəki bütöv ölkələrə
yiyələndi, Şərq isə Avropanın imperialist cəhdlərinin
uğurla həyata keçirildiyi bir əraziyə
çevrildi. Müstəmləkə siyasəti və yeni
imperiyaların yaranması dünyanı, Qərblə Şərq
kimi adlananlar arasındakı düşmənçilik
hesabına, əks qütblərə çevrildi. Əgər
Monqol işğalı nəticəsində İslam
sivilizasiyası tənəzzülə uğramasaydı və
yeni imperializm meydana gəlməsəydi, bəlkə də,
dünya belə ədalətsiz şəkildə hakim və
tabelikdə olan böyük hissələrə və xalqlara
parçalanmazdı. Dünyanın vahidliyi, birliyi iri
miqyaslı, xüsusən XX əsrdə baş verən iki
Dünya müharibəsinin və onun nəticəsində
Avropanın bütünlüklə, Asiyanın isə xeyli
hissəsinin və Şimali Afrikanın xarabazara çevrilməsinin
baş verməsi ilə pozulmuşdu.
Lakin tarix feilin lazımi formasını qəbul etmir,
dünyada baş verən hadisələr böyük mənada
inkişafa xidmət etsə də, ona fasilə verən
müharibələr də bu nəcib prosesin
dayandırılmasına, ləngiməsinə,
ardıcıllığının kəsilməsinə səbəb
ola bilmədi. Müharibənin müsbət çalarlar
daşıdığını təsdiq və təbliğ
edən siyasi xadimlər, hərbçilər və
tarixçilər də vardır. Onlar müharibəni
xalqın qanını təmizləyən bir proses kimi qiymətləndirirlər.
(Ardı var)
Telman ORUCOV
525-ci qəzet .- 2026.- 13 fevral (№6).- S.30.