Xeyir-şər məclisi
Esse
"Sabah mənim ad günümdür, sən də dəvətlisən..."
İzdihamlı yığıncaq açıq səma
altında keçirilirdi. Rəyasət heyəti üçün yeri də
açılışına toplaşdıqları rayon xəstəxanasının
üç pilləli eyvanında əlüstü
quraşdırmışdılar. Elə buna görə də
köhnə xəstəxananın keçmiş baş həkimi rəhbərlik üçün nəzərdə
tutulan yerə qalxa bilmişdi. Boyunun
xırdalığından məharətlə istifadə edib
tünlükdə irəliləyərək gözünə
sataşan, qənşərinə çıxan köhnə
tanışlara yuxarıdakı kəlməni gah olduğu
kimi, gah da kiçik əlavələrlə təkrarlayırdı:
- Sabah mənim ad günümdür, doxsan illiyimdir, səni
də dəvət edirəm.
Hava bürkülü idi. Qara pencəyin
altındakı ağ köynəkləri tərli kürəklərinə
və qalstuklu boyun-boğazlarına yapışan təntənəli
mərasim iştirakçılarının keçmiş
baş həkimi həmin an görəsi gözləri yox idi. Elə bilirdilər,
o da köynək kimi tərli bədənlərinə
yapışır, qalstuklarından tutub onları qızmar
günəşin nəfəs daraldan istisində istər-istəməz
öz ad gününə dartır. Az qala boğulurdular. Amma nəzakət
xətrinə həkimin üzünə can dərdi irişir
- "Baş üstə!" - deyirdilər.
Sonra xəstəxananın ruh yüksəkliyi ilə
baş tutan açılış mərasimi sona
çatdı. Hələ xəstə olmayan, fəqət xəstələnməkləri
hər an ehtimal olunan tədbir iştirakçıları xəstəxananın
önündə oynadılar, oxudular, beləcə
şad-xürrəm və (hələlik) sağ-salamat öz
evlərinə dağılışdılar.
Onların böyük bir qismi keçmiş baş həkimin
sabahkı yubileyinə dəvət almışdı. Tərləri
soyuduqca həkimə olan acıqları da soyuyur və onun ad
gününə gedəcəklərini qətiləşdirdilər.
Say-seçmə rayon rəhbər işçiləri
açılışdan sonra sərin restoranda yeyib-içib,
tərlərini qurudar-qurutmaz gözlərini açıb
gördülər ki, keçmiş baş həkim
aralarındadır. O heç nə yemir, içmir, lakin
solğun çöhrəsinə batmış gözlərini
ətrafdakıların sərxoş üzlərində gəzdirir
və bayaqkı kimi gözü-gözünə sataşan
adamdan zəif səslə soruşur:
- Sənə dedimmi? - Sonra hamının zəhləsini
tökən kəlməsini təkrarlayır, - "Sabah mənim
ad günüdür, yəni doxsan illiyimdir, buyur gəl..."
Onunla üz-üzə oturanlar gördülər,
get-gedə həkimin sifətinin rəngi ağ saçlarının rəngindən
seçilməz oldu.
- Həkim, özünüzü necə hiss edirsiniz?
- Sabah mənim ad günümdür...
- Bir problem-zad yoxdur ki?
- Doxsanıncı il dönümüdür. - Həkimin
sönük üzü qımışantəhər oldu.
Təri və matı-qutu tamam qurumuş ziyafət əhli
gözlərini həkimə zillədi. Hamı hiss etdi ki, daha
ağ köynəkləri kürəklərinə
yapışmayıb, qalstukları boşalıb və
keçmiş baş həkimə qarşı zərrəcə
kin-küdurət hissi keçirmir, bayaqkı yapışqan
nifrətdən əsər-əlamət qalmayıb.
- Həkim, sizə nə oldu?
- Sabah mənim ad günümdür, - keçmiş
baş həkimin göyərmiş dodaqları
pıçıldadı.
- Həkim! Həkim! Həkim! - Bunu deyən adam elə
çığırdı, bilmək olmadı, keçinən
həkimi səsləyir, yoxsa köməyə həkim
haraylayır.
- Sabah mənim ad günümdür. - Keçmiş
baş həkim yığıncaqda refrenə çevrilən
kəlməsini sonuncu dəfə pıçıldayıb
keçindi.
Baş həkimin ad gününə və matəminə
gələnlər bir-birinə qarışmışdı.
Kim qatı açılmamış köynək, kim əklil,
kim qalstuk, kim solğun qərənfillər, kim
çilçıraq, kim saat, kim külqabı gətirmişdi.
Bəziləri isə üstlərində əlavə pul da
götürmüşdülər ki, lazım olsa,
yubilyarın cibinə bassınlar.
Elə həkimin ad gününə, yoxsa yas mərasiminə
gələnləri də üzlərinə tutub gətirdikləri
hədiyyələrə görə seçmək, ayırd
etmək olurdu. Amma xeyir işə gələnlər çox
idi, yoxsa şərə gələnlər, bunu həmin
gün heç kəs dəqiq deyə bilməzdi.
İmir MƏMMƏDLİ
525-ci qəzet .- 2026.- 13 fevral (¹6).- S.28.