"30 il boyunca
heç yerdə bir dəfə də olsun demədim ki, mən
şəhid bacısıyam"
Onu təxminən 10 ildən çoxdur ki,
tanıyıram. Hər zaman vətənpərvər, qəlbi
yurd eşqiylə, millət sevgisiylə aşıb-daşan
peşəkar jurnalist, istedadlı qələm sahibi kimi
qalıb xatirimdə. İki qadın, könül dostu kimi
xoş söhbətlərimiz də az olmayıb. Amma onun bir
şəhid bacısı olduğunu, qardaşının hələ
I Qarabağ müharibəsində qəhrəmanlıqla
vuruşub şəhadətə yüksəldiyini bir neçə
ay öncə hörmətli professorumuz Cahangir Məmmədli
ilə müsahibəsindən öyrənmişəm. Bu vaxta
qədər heç yerdə bir dəfə də olsun dilinə
gətirmədiyi bu həqiqəti həmin müsahibədə
də cəmi bir neçə cümlə ilə demiş və
üstündən keçmişdi Gülşən xanım.
Bu dəfə mən onu danışdırmaq qərarına gəldim,
amma məhz illərdir qəlbində gizli yara kimi gəzdirdiyi
şəhid qardaşı haqqında.
Həmsöhbətim Milli Dəyərlər üzrə
Maarifləndirmə İctimai Birliyinin sədri, Prezident
mükafatçısı, Azərbaycan Jurnalistlər və
Yazıçılar birliklərinin üzvü Gülşən
Behbuddur. Onunla söhbətimiz əvvəlində
uşaqlıq illərinə, böyüyüb-boya başa
çatdığı, anasını və
qardaşını əmanət etdiyi Gülablıya "səyahət
etdik":
"Uşaqlıq insan həyatının ən saf və
ən rəngli fəsli, zamanın toxunmadığı yeganə
bahardır. Həyat bizi böyüdür, amma içimizdəki
uşaq hər zaman uşaq olaraq qalır. Qarabağlıyam.
Atam Ağdamın Abdal, anam Gülablı kəndindəndir.
Anam məşhur Qarabağ bəylərindən Səlim bəyin
nəvəsi olub.
Evimiz dağın ətəyində yerləşirdi.
Böyük həyətimiz, bağ-bağçamız, ikimərtəbəli
evimiz vardı. Atam biologiya müəllimi idi. Onun
çarpayısının yuxarısında xalçanın
üzərində gümüşdən böyük
qılınc və xəncər asılmışdı.
Baxdığım filmlərin baş qəhrəmanlarına,
məsələn, "Dəli Kür" filmindəki Cahandar
ağaya bənzədirdim atamı.
Böyük Vətən müharibəsi veteranı
idi atam. Həmişə bizə müharibədən, orada
başına gələnlərdən danışardı. Hərdən
onun danışdıqlarını gözümün
önündə canlandırırdım, bəzən isə
qorxurdum.
Uşaqlıq illərimdən yadımda qalan nənəmin
ermənilər haqqında dediyi gerçəkliklər,
anamın rəhmətə getməsi,
kəndimizdə ermənilərin yaratdığı bir
neçə qorxunc hadisələridir ki, onları da xəyal
kimi xatırlayıram".
Söz müharibənin üzərinə gəlmişkən,
I Qarabağ müharibəsi və 30 il qəlbində gizlətdiyi
"şəhid bacısı" adına toxunuruq:
"30 il boyunca heç yerdə bir dəfə də
olsun demədim ki, mən şəhid bacısıyam.
Çünki mən elə düşünürdüm ki,
ağdamlıyıq və bu, təkcə qardaşımın
yox, hər birimizin vətəndaşlıq borcu idi. Mən
onda Bakıda tələbə idim və inanın ki, əgər
bizi buraxsaydılar, mən də gedər, vuruşardım.
Bizim nəslimizdə təkcə qardaşım Adil deyil, xalam
oğlu və bir çox qohumlarımız da şəhid
olublar.
Şəhid qardaşımın 33 yaşı
vardı, nənəm ona "yıxılı evin dirəyi"
deyirdi. Əlindən hər şey gəlirdi
qardaşımın, çox sağlam idi, idmanla məşğul
olurdu. Kəndin sayılıb-seçilən gənclərindən
biri idi. Yay vaxtı erməni kəndinə tut
yığmağa gedərdik, ermənilər onu görən
kimi qabağına qaçırdılar, hər cür kömək
edirdilər.
Atam xüsusi çox istəyirdi Adili, həyətimizin
aşağısında ev tikdirirdi ona, usta da erməni Vanya
idi. Nənəmin Vanyadan heç xoşu gəlməzdi, həmişə
onun yeyib-içdiyi qabları ayrıca qoyardı. Atam isə
Vanya ilə söhbət edərdi, onun işini bəyənirdi.
O, bizim kəndin arxasındakı erməni kəndində
yaşayırdı. Hərdən Vanya atama deyərdi ki, əgər
erməni-müsəlman davası başlasa, mən müsəlmanlardan
tərəf olacam. Atam da dodaqucu gülümsərdi onun bu
sözünə. Sonralar atam danışırdı ki, Vanya
deyirmiş, ermənilər bu qırğınlara çoxdan
hazırlaşırdılar.
Bir dəfə nənəmdən Vanyadan niyə
acığı gəldiyini soruşdum. Məlum oldu ki, 1915-ci
ildə - nənəm 9 yaşlı uşaq olanda ermənilər
kəndə hücum edib, onlarla insanı öldürüblər.
Ölənlərin arasında nənəmin qohum-əqrabaları
da çox olub. Kəndimizdə Səxvan kişi vardı.
Çox qoca idi, ömür boyu darvazanın ağzında
büzüşüb oturardı. Qəribə bədən
quruluşu var idi. Nənəm danışırdı ki, onda Səxvan
cavan oğlan idi, ermənilər onun belinə qaynar samovar
bağlayıb, ayaqlarına da nal vurub göndərmişdilər
kəndə. Möcüzə ilə Səxvan sağ
qalmışdı, amma bədəni əcaib bir hala
düşmüşdü.
1993-cü il iyulun 17-də Ağdam uğrunda
döyüşlərdə şəhid oldu qardaşım. Mən
o vaxt tələbə idim, günlərlə, aylarla
gözümün yaşı qurumadı... Atamın beli
qırıldı, Adildən sonra o da çox yaşamadı,
il yarım sonra o da vəfat etdi. Ruhları şad olsun. Adilin Pərviz
və Təbriz adlı iki oğlu qaldı. Son dəfə onu
şəhid olmamışdan 1 həftə öncə
Bakıya gələndə gördüm, ailəsini gətirmişdi.
Gətirib onları qardaşımgilə qoydu, onlar
üçün yataqxanadan kiçik bir otaq tapıb, getdi.
Sonra isə onun şəhid olduğu xəbərini aldım.
Yoldaşı cavan yaşında dul qaldı, bütün
ömrünü balalarına həsr elədi.
Adil mənim uşaqlıq xatirəmdir. Onunla
bağlı xatirələrim çox az olsa da, əzizdir,
unudulmazdır. Adil də daxil olmaqla, o oğullarımız
düz 3 il yalın əllə vətən qorudular. Bu gün
mən Vətən müharibəsi şəhidlərimizin ailələri
ilə görüşəndə deyirəm ki, I Qarabağ
müharibəsində 20 mindən çox şəhid verdik,
amma torpaqlarımız da işğal olundu. Vətən
müharibəsində isə ondan qat-qat az sayda şəhidlə
bütün torpaqlarımızı azad etdik. Bu, həm sizin
üçün təsəlli olsun, həm də biz - I
Qarabağ müharibəsi şəhidlərinin ailələri
üçün təsəllidir ki, bizim şəhidlərimizin
30 ildən sonra qanı alındı, onların da ruhları
şad oldu".
Gülşən Behbud ictimai mövqeyinə, statusuna
görə tez-tez Qarabağ bölgəsinə səfərlər
edir, dövlət tədbirlərinə dəvətlər
alır. Amma yeganə Ağdamdır ki, beş ildir azad
olunmağına baxmayaraq, hələ də oraya getmədiyini,
gedə bilmədiyini deyir:
"Ağdama gedə bilmirəm. Dəfələrlə
getmək üçün şans yaransa da,
düşünmüşəm, ürək edə bilməmişəm.
Çünki Ağdamı uşaqlığımdakı kimi
görmək istəyirəm. Amma bilirəm ki, elə görməyəcəm.
İndi orada nə evimiz var, nə anam, nə qardaşım, nə
atam. Anamın və Adilin məzarları oradadır. Atam isə
Bakıda rəhmətə getdi. Maraqlıdır ki, anamın ən
sevdiyi övladı Adil idi, sanki Adil məzarda da anamı
qorumaq üçün şəhid olub orada qaldı. Elə
bilirəm ki, oraya getsəm, həmin dəqiqə ürəyim
partlayar. Anamın ölümü ilə başlayan
iztirablarım qardaşımın, atamın itkisi,
Ağdamın işğalı ilə daha da artdı. Sanki mən
orada uşaqlığımı qoyub çıxdım. Anam vəfat
edəndə bir az böyüdüm. Sonra qardaşım şəhid
oldu, xalam oğlu şəhid oldu, atam dünyasını dəyişdi
və mən daha da böyüdüm... Bir daha uşaq ola bilmədim".
Şahanə MÜŞFİQ
525-ci qəzet .- 2026.- 13 fevral (№6).- S.28.