"Lilit və Həvva"
"Bir rəsmin dedikləri" rubrikasının budəfəki
qonağı sənətşünas Ülkər
Əliyevadır. Onunla rəssam Şahnaz Ağayevanın
"Lilit və Həvva" əsərindən
danışmışıq.
Şahnaz Ağayeva müasir Azərbaycan rəssamlığının
maraq doğuran nümayəndələrindəndir. Rəssamlıq
üzrə ilk təhsilini doğulduğu Sumqayıt şəhərində
alan Şahnaz, daha sonra təhsilini Azərbaycan Dövlət Rəssamlıq
Akademiyasında bakalavr (2002-2006) və magistr (2008-2010) pillələri
üzrə davam etdirib. YARAT Müasir İncəsənət Məkanının
təşkil etdiyi mühazirələrdə, uşaq
yaradıcılıq laboratoriyalarında, eləcə də
illik ARTIM Lab layihəsinin sərgilərində iştirak edən
rəssamın əsərləri həmçinin ölkəmizdən
kənarda - Gürcüstan, Tayvan, eləcə də Paris, Nyu-York,
İstanbulda sərgilənib.
Şahnaz Ağayevanın
yaradıcılığının başlıca mövzusu
qadındır. Rəssamın yaradıcı fəaliyyətində
sözügedən mövzunu özündə ehtiva edən, həm
Azərbaycanda, həm də ölkəmizdən kənarda
nümayişi baş tutan təsviri sənət əsərləri
ilə yanaşı, çoxsaylı instalyasiyaları və
performansları da mövcuddur.
- Lilit və Həvva obrazlarını əsərdə
necə görürük?
- "Lilit və Həvva" adlı təsviri sənət
əsərində də biz gender əsaslı mövzuya
dini-mifoloji kontekstdən yanaşma, bununla bərabər, rəssamın
bədii stilini vurğulayan "Şahnazsayağı" ifadə
üslubunu görürük. Adından da bəlli olduğu
kimi, əsərin mövzusu Lilitin və Həvvanın hekayəsinə
söykənir. Qısa olaraq bu hekayəni yada salaq.
Həvva İbrahimi dinlərdə (İslam,
Xristianlıq, Yəhudilik) ilk qadın kimi tanınır. Adəm
ilə birlikdə, fəqət Adəmin
qabırğasından yaradılıb və bəşəriyyətin
anası sayılır. Klassik dini mətnlərdə Həvva
itaətkar, ailə və analıqla bağlı qadın
obrazını təmsil edir. Günah, cənnətdən
qovulma və tövbə mövzuları da onun obrazı ilə
sıx bağlıdır.
Lilit isə əsasən yəhudi mifologiyasında və
apokrif mənbələrdə yer alan fiqurdur. Rəvayətə
görə, Lilit Həvvadan öncə Adəmlə eyni
zamanda və eyni maddədən - torpaqdan yaradılıb. Adəm
Lilitdən ona itaət etməsini istəyəndə, Lilit tabe
olmağı rədd etdiyi üçün cənnəti tərk
edib. Buna görə də, o, ilk dövrlərdə itaətsizliyin,
müasir feminist düşüncədə isə azadlıq,
müstəqillik və patriarxal nizama qarşı
çıxan qadın simvolu kimi qəbul olunur.
Orta əsrlər və klassik Qərbi Avropa incəsənətində
dini janr aparıcı rol oynadığı üçün
biz incəsənətdə ilk qadın obrazı kimi Həvvanın
təsvirinə tez-tez rast gəlirik. Lakin bu obraz bir çox
hallarda günah, cazibə, zəiflik, hətta Adəmin
"yoldan çıxmasının səbəbkarı"
kimi əks olunub. Bu isə Həvvanı - qadını
birbaşa məsuliyyət daşıyan mövqeyə qoyur. Həvvanın
belə şərh olunduğu dövrdə isə Lilit
obrazı incəsənətdə ya görünmür, ya da
ödemonlaşdırılmış, yarı qadın,
yarı ilan siluetində, bəzən isə cənnət meyvəsi
üçün şirnikləndirən şeytanın
prototipi kimi qarşımıza çıxır. Beləliklə,
itaət edən qadın məsuliyyət
daşıyıcısı, boyun əyməyən isə
şeytan. Əsrlərdir möhkəm kök salan, iyerarxiyaya əsaslanan
patriarxal düşüncə.
XIX-XX əsrlərdən etibarən isə Lilitin
obrazı incəsənət səhnəsində artıq daha
intensiv yer almağa başlayır. Lilit artıq bir "femme
fatal" nümunəsi - gözəl, cazibədar, amma bir o qədər
də təhlükəli qadın obrazında
görünür. Müasir feminist düşüncə və
incəsənət isə tarixin bu iki ikonik qadın
obrazını yenidən şərh edir. Həvva sistemin
içində, Lilit isə azadlığını əldə
etmək bahasına susdurulmağa çalışılan
obrazlar olaraq. Yəni klassik incəsənətə nəzər
salanda bu iki obraz biri-birinin əksi kimi görünsə və
qarşı-qarşıya qoyulsa da, müasir incəsənətdə
bəzən onlar qadın olmağın iki paralel halı kimi dəyərləndirilir.
Bu yanaşma müasir rəssamlıqda bir çox rəssam
kimi Şahnaz Ağayevanın yaradıcılığında
da yer tapıb.
Sözügedən əsərdə Həvva və
Lilit sanki eyni bir "damın" altında təsvir olunub.
Birləşmənin başlanğıcı əsərin sol
kənarında yerləşdirilən ağacın əsər
boyu uzanan, yaşıllıqla örtülü budaqları ilə
təsvir olunub. Bu, cənnətdən qovulma hekayəsindəki
həmin o qadağan olunmuş ağacdır. Ağacın
qadağan olunmuş meyvəsi isə mərkəzdəki
qadın obrazlarının birinin əlində diqqəti
çəkir.
- Əlində alma tutan Həvvadır, yoxsa Lilit?
- Bunu bilmirik. Rəssam bunu bildirəcək hər
hansı bir işarə qoymayıb. Onların ikisi də
eynidir - eyni bədən proporsiyaları, eyni rəng koloriti.
Əslində, bunu bilmək bizə maraqlı da deyil.
Çünki Şahnaz burada kimisə əsas qəhrəman,
kimisə günahkar və s. kimi göstərmək istəmir.
Burada kəskin xarakter sədləri olan obrazlardan daha çox,
psixoloji portretlər görürük. Bu baxımdan sol tərəfdəki
obrazın üz ifadəsi və bədən dili həmcinsinə
güvən verən, sağ tərəfdəki isə güvənən
ab-havadadır. Elə iki obraz arasındakı birləşmə
də ağac motivi və koloritlə yanaşı, onların
arasındakı emosional dialoqda, qadınların biri-birinə
toxunma anlarında da hiss olunur. Bu birləşmə
"bacılıq" ("sisterhood") ideyası ilə
şərh oluna bilər. Qadın bədənlərinin
bir-birinə toxunuşu, xüsusilə sağ fiqurun sol fiqura
söykənməsi, əsərdə asılılıq deyil,
paylaşma hissi yaradır. Burada nə hökm edən, nə də
tabe olan var. Bu da bacılıq ideyasını yalnız
emosional deyil, etik bir mövqe kimi oxumağa imkan verir.
- Kompozisiya quruluşu haqqında nə deyə bilərsiniz?
- Kompozisiya quruluşu üfüqi formatda qurulub.
Kağız üzərində sulu boya ilə işlənən
əsərdə yaşıl səth və səma ilə
kompozisiya ikiyə ayrılsa da, rəssam sonradan yaşıl
saplar və tikiş texnikası ilə üfüqi istiqamətdə
ağac budaqları əlavə edib. Ağacın budaqları
yuxarı hissədə bütün səthi kəsərək
vizual olaraq səhnəni üç məkana bölür:
yuxarıda sıx, ağır, demək olar ki, basqı yaradan
yaşıl kütlə; aşağıda isə
açıq, nəfəs alan səma və landşaft sahəsi.
Kompozisiyada iki obraz olsa da, onların yerləşdirilməsində
tam simmetriyadan qəsdən imtina edilib. Fiqurların
duruşlarının birinin daha frontal, digərinin isə
yarımprofil vəziyyətdə olması kompozisiyanı
statiklikdən bir qədər kənarlaşdıraraq onu
dialoji edir. Sanki baxış xətti bir fiqurdan digərinə
ötürülür.
Yuxarı hissədə yerləşdirilən ağac
budaqlarını kompozisiya motivi kimi dəyərləndirəndə
onun əsas yükü daşıdığını görə
bilərik. Fiqurların uzun boyunları yuxarıya doğru hərəkət
edərkən, budaqlar bu hərəkəti kəsir. Beləliklə,
kompozisiya daxilində gərginlik və balans eyni anda mövcud
olur.
Sol kənarda yerləşdirilmiş ağac gövdəsi
kompozisiyanın vizual olaraq bir növ dayaq nöqtəsidir.
Yuxarıdakı sapla işlənmiş elementlər
baxışımızı ağaca doğru yönəldir.
Bu yerləşmə ilə kompozisiya sol tərəfdən
ağacla qapansa da, sol tərəfdə budaqların
uzantısı onu açıq strukturlu edir, yəni sanki
ağac kadrdan - kağızdan kənarda da davam etməkdədir.
Sulu boyanın yumşaq bədii dillə işlənməsi
və fiqurların aşağı hissələrinin
landşaftla birləşməsi səbəbindən əsərdə
xətlərin sərhədləri sərt deyil. Bədən və
məkan keçidlərinin yumşaq olması nəticəsində
fiqurlar səhnənin üzərində yerləşdirilmiş
obyektlər kimi yox, kompozisiyanın özündən
yaranmış formalar kimi vizuallaşır.
- Əsərin rəng həlli necədir?
- Burada yaşıl, çəhrayı rənglər
və vərəqin öz ağlığı diqqət
çəkir. Rənglərin sulu boya ilə belə yumşaq
işlənməsi onu daha çox təbiətə yaxın
edir, sakitlik və idillik hissi yaradır. Bu
yumşaqlığı ağırlaşdıran sıx şəkildə
toplanan ağac kütləsidir. Bu detal haqqında yazanda məndə
başqa bir simvolik mənanın təəssüratı da
oyandı. Bu sənətçinin nə dərəcədə
niyyəti olub-olmadığını bilmirəm, amma əsrlərdir
günahın simvolu kimi işlənən o ağacın
budaqları məndə qadınların başı üzərində
dayanan bir nəzarət mexanizmi görüntüsünün
hissini yaratdı. Lakin yenə də əsərin
"bacılıq" ideyasına fokuslanmağı daha
çox istəyərəm. Qadın bədənlərində
istifadə olunan çəhrayı və
qırmızımtıl tonlar erotik və ya idealizə
olunmuş bədən təəssüratı yaratmır.
Ümumiyyətlə, rəssamın
yaradıcılığına ümumi nəzər salanda
Şahnaz Ağayevanın bir qrup əsərlərində
qadınların yumşaq çəhrayı tonlarında
(xüsusilə sulu boya texnikası ilə) işlənməsi
xarakterikdir. Bədənlərdə şəffaf çəhrayı
rəngi görmək fərahlıq, canlılıq hissi
oyadır. Bu, həmin qadınları daha çox psixoloji
reallığa yaxınlaşdırır. Rəssamın
"Lilit və Həvva" adlı (2025) başqa əsəri
də var ki, burada biz fərqli texnikada bənzər rəng
tonlarını görə bilərik.
Biz az əvvəl də qeyd etdiyim kimi, rəng
keçidləri kəskin deyil, axıcıdır. Rənglərin
doymuşluq səviyyəsi də diqqətəlayiqdir; nə
yaşıl, nə də çəhrayı maksimum intensivliyə
çatdırılıb. Bu, rəngləri emosional
baxımdan "qışqıran" yox, sakit edir və izləyicini
yavaş-yavaş öz içinə çəkən bir rəng
dili formalaşır.
Rəngin bu cür həlli həm də bir növ rəssamın
dramatik qarşıdurma yaratmamaq istəyinə xidmət edir.
Almanın yaşıl tonunun da çox nəzərə
çarpmaması əsərin əsas fokusunun
"günahlandırma" ideyası olmadığı ilə
bağlana bilər. Nəticə etibarilə, Şahnazın rəng
həlli əsərdə nə Həvvanı, nə də
Liliti ittiham edir, əksinə, onları eyni hekayənin iki səsi
kimi təqdim edir. Biri digərinin alternativi deyil,
davamıdır. Bu da əsəri mifoloji süjetdən
çıxarıb, qadın təcrübəsinin
çoxşaxəliliyinə yönəldir.
- Sizcə, bu rəsm bizə nə deyir?
- Şahnaz Ağayevanın yaradıcılıq xəttini
və gender mövzusuna yanaşmasını nəzərə
alaraq, "Lilit və Həvva" əsərinin
ötürdüyü mesajı kişi
baxışının (male gaze)
formalaşdırdığı "günah" narrativindən
uzaqlaşmaq cəhdi kimi oxumaq mümkündür. Burada əsas
məsələ almanı kimin tutması deyil; məsələ
qadının tarix boyu üzərinə yüklənmiş məsuliyyət
və ittiham mexanizminin sorğulanmasıdır. Rəssam Havva
və Liliti qarşı-qarşıya qoymur, onları bir
iyerarxiyanın iki qütbü kimi təqdim etmir. Əksinə,
onları eyni vizual və psixoloji müstəvidə birləşdirərək
qadın təcrübəsinin çoxqatlı və paralel
xarakter daşıdığını göstərir. Uzanan
budaqlar bayaq qeyd etdiyim "nəzarət
mexanizmi"dirsə belə, rəssamın mövcud sistemin
daxilində belə alternativ bir qadın məkanının
mövcud ola biləcəyi ideyasını, bəlkə də
arzusunu göstərir. Şahnaz sanki bizi qətiyyən
mühakimə meydanı olmayan, gizli qadın məkanına -
"cənnət bağ"ına dəvət edir. Heç
bir qovulma aktının olmadığı cənnətə...
Aytac SAHƏD
525-ci qəzet .- 2026.- 13 fevral (№6).- S.26.