Biz burdayıq, İlahi...
Esse
Kim kimin qarşısında quldur, kimin
qarşısında ağa? "Dəvədən
böyük fil var" misalı kimi, fillər də daha
böyüklərin qarşısında dəvədir, ya da
dovşan.
Əsrlər sonra məlum olur ki, Zevsin qətiyyən
insanların od əldə etməyinə qarşı
qadağası yox idi. Yəni Prometey dostu Hefestdən (od
Allahı) od istəmiş olsaydı, o da Zevsə bu haqda məlumat
versəydi, cavabı "hə" olacaqdı. Bunun
üçün oğrun-oğrun Lemnosdakı Mosxa
dağına gedib usulluca od götürməyə gərək
yox idi axı. Bəs bu Prometeyə nə olmuşdu? Niyə
xahiş etməmişdi? Niyə istəməmişdi? Odu əldə
etməklə bəşəriyyətin ilk oğurluq
aktını niyə gerçəkləşdirmişdi ki? Hələ
buna bax, çəkinmədən söyləmişdi də:
"Ey, Zevs hakimiyyət ilə əsarətin fərqini sən
taxtdan düşəndən sonra biləcəksən".
Ciyərinin didik-didik olması belə onu peşman etməmişdi:
"Bil ki, mən öz dərdimi qul xidmətinə dəyişmərəm.
Qayaya zəncirlənmək Zevsin sadiq nökəri olmaqdan
yaxşıdır" demişdir. Bu boyda əsatir, bu boyda mif
niyə yarandı? Niyə insanın dostu Prometey, düşməni
obrazında, "olmaz"ların başında Zevs
göründü? Nə idi səbəb?
Dünyanın bir tərəfi ədəbiyyat
yaradır, bir tərəfi yeni dövlət quruculuğunda.
Bir tərəfdə iqtisadi çiçəklənmə,
bir tərəfdə aclıq, səfalət, müharibə. Və
biz bütün baş verənlərdən agahıq, hər
şeyi görürük. Sehrli güzgü ilə dünyaya
baxmaq qorxuludur, həm də etiraf edək - maraqlı.
Budur, dostumuz, qulaq yoldaşımız var - süni
intellekt adında. Cinsi yox, cismi yox, amma hər yerdədir. Bir dəfə
"tıkla", dərdini danış, illərcə qismət
adında olayların baş verməsinə diqqət kəsilmə,
cavabın həmən gələcək. "Buyur, canım, sənə
kömək lazımdır?" Çıraqdan
çıxmış Cin kimi əmrinə müntəzirdi.
Əgər Cin maddi olaraq durumuna yardım edirdisə
(nağıllarda), süni intellektlər hüquqdan ədəbiyyata,
elmdən psixologiyaya hər şeydən səni agah edəcək.
Hələ şirin, alicənab kəlmələriylə
könlünü də şad edəcək. Bəlkə
Prometey elə modernist ədəbiyyatın nümayəndəsi
idi? İstehkamları yox etməyə gəlmişdi? Bəlkə
elə Nitsşedən öncə "Allah ölüb"
deməyə gəlmişdi?
Bu qədər tıxacın fonunda nəfəs almaq
istəyirsən ki, deyirlər dənizlər, okeanlar çəkilir,
su hövzələri azalır, bir azdan müharibələr
neftə, qaza görə yox, su uğrunda gedəcək.
Dünya dəyişir, təbiət dəyişir, iqlim dəyişir.
Və daha nələr, nələr...
Bu, göstəridir, yoxsa psixoloji təzyiq? Cənnətdən
ağız dolusu danışan Molla babalar kimi, madam ki, təbiətin
son nəfəsinin şahidiyik, bu nə vurhavurdu, nə
çataçatdı, nə yıxa-yıx? Nəyin
peşindəyik?
SpaceX Marsın insan kontingentinə uyğun şəklə
salınması üstündə çaba göstərərkən,
biriləri okeanların altında sirli məkanların
olması haqqında bar-bar bağırır. Şimal Buzlu
okeanında buz əriməsinin nəticəsində qayalarda qədim
insanların işarələri - tikililər görünməyə
başlayır. Biri deyir dezinformasiyadır, biri deyir həqiqət.
Barbarlıq üstümüzə xəbər şəklində
şığıyır. Lap Prometeyin ciyərini didən
qartal kimi şığıyır. İkibaşlı qartal
kimi. Sağa, sola baxan qartal kimi. Əvvəlki -
dırnaqarası bütövlüyünü bərpa etmək
kimi xəstə imperialist düşüncəsində var-gəl
edən balaca, yoxsa keçmiş böyük qartal kimi?
"1984" romanın əsas kəllə atributu kimi
hər tərəfdə, hər yanda danışır,
danışır - bu "böyük" qardaş. Diktə
edir, diktə edir. Kimə, nəyi sübüt edir, nə
qurmaq istəyir, nəyi bərpa etmək istəyir, yoxsa oyun
oynayır? Bilinmir? Çanaq günahsız insanların
başında çatlayır. Bu qoca babalar dünyanı
müdrikcəsinə idarə edə bilmir ki, bilmir. Milyon kərə
əfsus... gənc çılğınlığı kimi
nüvə şantajı gerçəkləşdirirlər,
hədə-qorxu gəlirlər, barmaq silkələyirlər
bir-birlərinə.
Prometeyin böyük, sal qayaya zəncirlənməsinin
səbəbi od deyildi, bəlkə bundan danışaq?
Bu nağılda göydən üç alma
düşməyə də bilər. Çünki hələ
sonu yoxdur, naməlumdur sonluğu. Axı bütün
nağılların görünməyən tərəfləri
də var. Məsələn, cırtdan meşədəykən
nənəsi evdə nə edirdi? Div boynuna dəyirman
daşını salıb suda batdıqdan sonra, yerinə
başqa bir div gəldimi? Məlikməmmədin geridə
qoyduğu qaranlıq dünyada sonra nələr baş verdi
ki? Simurq quşu nədən insan dizindən qopmuş
parçanı yemədi, nəfsini saxladı?
Zefsin taxtdan nə zamansa düşəcəyini bilirdi
Prometey. Onun taleyindən necə qurtaracağının sirrinə
də bələd idi. Əlahəzrət Zevs onu qayaya insana od
bəxş etdiyi üçün yox, sirri inadkarcasına ona
vermədiyi üçün zəncirləmişdi. Hər
şeyi hamıdan yaxşı bilən Zevs, bu konuda öz
taleyini bilə bilmirdi, görə bilmirdi. O, öncədən
düşünən Prometeydən asılı idi. Zor
gücünə bu sirri ondan almaq istəyirdi, qoparmaq istəyirdi.
Zor gücünə özünü göstərirdi. Zor
gücünə varlığını bəlirtirdi. Qorxunun
fonunda "Mən varam" deyirdi.
Madam ki, qorxusundan - hər şeyi bilən, hər
şeydən agah Süleymana son nəfəsində heç
kim yaxın gəlməyəcəkdisə, bu qədər
nökər, bu qədər qul, bu qədər yaxın, bu qədər
dost, ailə nəyə gərək idi? Heç kim
düşünmədi günlərdi, aylardı əsasına,
çəliyinə daldalanmış Süleyman niyə yerindən
tərpənmir, niyə danışmır, niyə dinmir
axı? Heykəl əzəmətində donub qalıb. Bəlkə
heç Süleyman da güman etməzdi ki, taleyin taxtabiti cəsarəti
də var. Balaca, görünməz böcək - vərdişinə
uyğun olaraq indi də çəliyi didik-didik edərək,
qorxusuz-filansız Süleymanın daldalandığı
çəliyini toz edib yerə tökəcək. Nə qəribədir,
taleyin əlində vasitə olmaq.
O taleyin ki, tikan olub başa tac olma yazısı da var.
Yaşıl ağacdan yonulmuş çarmıxı da. Ah-vay
sədası hələ də susmayan Nargin kimi adası da.
Gülləyə çevrilən poladı da...
Bir dəmir ki, bilsəydi bir ata nal olacaq, sevinərdi.
Demə, dəmirçi onu bayaqdan kiminsə köksünə
sancılmaq üçün döyür-döyür
qılınc edir. Demə, meşələr böyük qətliamların
şahidi olmaqçün ağaclardan hasar yaradıb, demə,
dünya nə zamansa dağılmaq üçün
doğulub. Sivilizasiyalar "yox" olmaq üçün
"var" olub. İnsan ölmək üçün
doğulub, eləmi? Demək, ömür, doğum və
ölümün arasında piano dilləridir. Bizə
çalmaq qalır. Kiməsə oynamaq...
Kimik biz? Cənnətdən qovulan müqəddəslərin
nəslindənik? Yoxsa iblislərin? Yerə qovulmuşuq? Cənətdimi
bura? Nədən xəbər almağa, nədən xəbər
verməyə gəlmişik ki? Ney olub İsgəndərlərin
buynuzunun olması həqiqətini el-aləmə
yaymaqçünmü doğulmuşuq, yoxsa həqiqət
qarşısında susmaq üçün?
Qamış taleyi yaşayacayıqmı? Vahə
olacayıqmı səhra ortasında? Yoxsa əsrlərdir
donub-qalan Sfinks kimi sirri ayağımızın altında gizlədəcəyik?
Çapıb-çapıb yorulmuş təngnəfəs at
kimi, sonra qəhrəmanımızı ölülər
arasından axtaracayıqmı? Bizi də atacaqlarmı qoca Nilə?
Görəsən, kimsə tapacaqmı? Yoxsa sellər aparacaq
üzü heçliyə?
Ağıllı hökmdarlar qədim zamanlarda
böyük, əzəmətli saraylarında təlxəklər
saxlayardılar. Ona görə yox ki, gülüb, şənlənsinlər.
Ona görə ki, düşünsünlər, dərk etsinlər.
Bugünün əzəmətli saraylarının təlxəyi
kimdir görəsən? Kim ağıllı danışacaq?
Kim "dur" deyəcək? Qocalıb, əldən
düşmüş yoxsul ədəbiyyat bir elçi
daşının üstündə oturub "Bəgü-Badə"sini
yazan Füzuli kimi "bəsdir" deyə biləcəkmi nəhayətində?
Yoxsa keçmişdən bəri verdiyi didaktika dərslərindən
özü də bezəcəkdir?
Yox, biz 21-ci əsrin ağıllı
adamlarıyıq. Vasitəmiz çox,
azadlığımız bir qucaq. Bizim təlxəyə, məsxərəyə,
heç ağıl dərslərinə də
ehtiyacımız yoxdur. Elə hamımız bir güzgü
önünə keçib də, özümüzə bir
gülsək qəhqəhə ilə. Özümüzə
"bir dayan", "bir sus" desək. Bir nəfəsimizi
dərsək, sakitləşsək... Bir dincəlsək...
"Ey Zevs - sən də özünə
güzgüdə bax, gör özünü" - Məncə,
qayadan azad olunmuş Prometey qərinələrin dərinliyindən
bu səsi keçmiş Allahına çatdırır.
"Gör özünü, gör" deyir. "Bil
özünü, bil" deyir.
Tanrım, axı sən şah damarımızdan da
yaxın olduğunu söyləyirdin bizə Kitabda. İndi nədən belə
uzaqsan, nədən belə yoxsan, nədən belə ögeysən?
Axı biz burdayıq, İlahi... Sənin qovduğun yerdə.
Niyə bizi unutmusan?!
Günel EYVAZLI
525-ci qəzet .- 2026.- 13 fevral (№6).- S.25.