Ustadım
Keçən ay idi... Möhtəşəm bir festival
keçirilirdi Bakıda. Bakı İnternational Arts Festival. Bir
Çin teatrının tamaşasına baxdım.
Çox təsirləndim... Səhnə... tərtibat...
quruluş... ab-hava... və Stravinski. İnsanın ruhuna xitab
edən bir tamaşa... Evə qayıdanda, yol boyu, mən kiminləsə
danışırdım, bir anlıq ayaq saxladım, sanki meh
keçdi olmayan saçlarımdan. Yəqin ruhu
yanımdaydı onun... Vaqifin... ustadım, dostum, yeri dolmayan,
bir boşluq qoyub getmiş, Vaqif İbrahimoğlunun.
Vaqif İbrahimoğlu... doğrudan da axı o kim idi?
Sənət dünyasının öncəgörəni...
Axı baxdığım tamaşanın poetikası
barədə onun dilindən hələ 70-ci illərin
sonlarında eşitmişdim və qurduğu tamaşalarda da
sezilirdi. Deyirəm axı, niyə
ayaq saxladım.
Nə yaxşı, səninlə rastlaşdım,
Vaqif.
Onunla tanışlığım əslində elə
həm də özümlə tanışlığım
oldu...
Aktyorlar evində kinomexanik işləyirdim. Tələbəydim
o zaman.
Bir gün arıq, saçı uzun,
gözümüzün elə də
alışmadığı bir insanla rastlaşdım.
Çox keçməyəcək, biləcəkdim ki, bu şəxs
Vaqif Həsənovdur. Sonralar İbrahimoğlu soyadını
götürdü. Onun harda isə 27 yaşı var idi... Qəribə-qəribə
sözlər danışardı. Hər kəslə sanki o qədər
yaxın idi... Hamı onu sevirdi. Onun yumorunun həddi-hüdudu
yox idi. O, adi yumorun arasında
birdən elə ciddi, fəlsəfi,
düşüncəli söz deyərdi ki, bəzən
heç başa da düşmürdüm. Getdikcə, Aktyorlar evinin heyətinin
bu insanı niyə sevdiyini anlamağa başladım.
Özünü çox güclü sevdirə bilirdi... və
həm də maraqlı, o qədər ağıllı,
oxumuş, intellektual bir insan idi ki. Bir də başa
düşdüm ki, mən bu insanın yanından
ayrılammıram. Bir gün mənə Dədə Qorqud
havasıyla dedi: "Adını bilmirəm kim qoyub, peşəni mən verdim"...
İlk dəfə səhnəyə
çıxırdım, "Ac həriflər"də
kiçik bir rol idi... Bundan xəbəri olmayan aktyor evinin rəhbərliyi
mənə göz ağardıb, diş arası -
"Çıx, çəkil ordan, indi tamaşa
başlayacaq" - deyirdi. Onu da deyim ki, Vaqif tamaşanı
aktyor evinin foyesində qurmuşdu. Ön sırada da mötəbər
qonaqlar əyləşmişdi. Mehdi Məmmədov, Şəmsi
Bədəlbəyli, yazıçı Anar və bir çox
başqa mədəniyyət nümayəndələri. Amma
Vaqif onları sakitləşdirdi: "Narahat olmayın.
Tamaşa artıq başlayıb. Fəxrəddin də bu
tamaşada oynayır".
Bax belə.
Bütün günü onun yanında, ətrafında
idik. Mən bu məqamı mütləq deməliyəm. Vaqif
İbrahimoğluna inanan, ona dəstək olan ən birinci,
yazıçı Anar olub. Yenilik hər zaman qısqanclıqla
qarşılanır. Vaqif müəllimi
də qəbul etməyənlər çox idi. Ancaq nə
özü, nə də fikirləri bir dəqiqə aram
tuturdu. Onun kitab oxumağın görəydiniz. Kənardan
baxan adama elə gələrdi ki, o oxumur. Sadəcə göz
gəzdirir. Deyirdi, inanmırsan? Götür kitabı istədiyin
sualı ver.
O zaman elə də fərqinə varmırdım.
İndi fikirləşirəm adam nə qədər insanpərvər
olar. Bildiklərini, düşündüklərini hər zaman
bölüşmək istəyirdi, hamıyla, hətta təsadüfən
yoldan keçənlə də... Ağa - ağ, qaraya - qara
deyirdi. Onu tanıyıb, güvənməmək
mümkünsüz idi. O cılız bədəndə dağ
boyda güvən var idi.
Və üstəgəl, əla oyunçu idi... Bəzən
o, aktyorlara heç nə demirdi, sadəcə göstərirdi.
Özünəməxsus yumor ilə, güldürə-güldürə
sanki başa salmaq istəyirdi. Sabiranə gedişlər
edirdi. Axı fikir adam idi. Ruh
adamı idi. Dərviş də deyə bilərik. Özü
də maarifçi dərviş...
Hərdən öz-özümə deyirəm, Vaqif
İbrahimoğlunun ruhu, fikirləri elə bil ki, bu kainata
sığmırdı, amma bir ovuc səhnə
meydançasına bütün kainatı
sığışdıra bilirdi.
Teatr səhnəsi, ona əlavə bir dünya, bir
meydan verdi. O, öz kainatını yaratdı. Kainata
sığmayan fikirlərini, axtarışlarını burda, səhnədə
reallaşdırırdı...
Nəsiminin sözləri ilə desək, özü
cahana sığmasa da, cahanı özünə
sığdırdı...
Şirin söz-söhbətindən heç zaman
doymadığım ustadım haqda təəssüratımı
saatlarla danışaram... Amma və lakin o, tək mənim
ustadım deyildi.
O özü də, həmişə bax belə deyirdi.
Amma və lakin.
Bu gün Vaqif İbrahimoğlunu gəlin bir daha müxtəlif
rakurslardan, eləcə də
ayrı-ayrı insanların görümündə tanıyaq.
Bilmirəm bu istədiyim kimi alınacaqmı?
Amma cəhd edək.
Sənət və fikir dünyasında kim idi, Vaqif?
Özü bu sualı yəqin belə qoyardı.
"Bu gəlimli-gedimli, son ucu ölümlü
dünyada" kim idi?
Vaqifin axı bütün həyatı boyu Dədə Qorqud ab-havasına
köklənməyi vardı. Həmişə deyirdi,
"Anarın təkidi, Rəhman Bədəlovun təsiri ilə
Dədə Qorqudla xəstələndim". Bir anlıq onu səhnədə,
ya da kamera qarşısında Dədə Qorqud obrazında təsəvvür
eləmək istəyərdim...
Sağ olsaydı...
Amma o, elə indi də yol göstərir. Bu layihədə
belə, ən çox onun öz fikirlərinə istinad edirəm.
Məqalələrinin birinə belə bir başlıq qoyub.
Bir mənin mənləri... Bu söz əslində tam ona görədir. İrəlidə
bu haqda ətraflı danışacam...
Mərdəkanlı balası
Amma bir mənin mənlərinə qədər gedən
yolda öncə bir mən var idi...
Mərdəkanda İbrahim kişinin ailəsində
dünyaya göz açan Vaqif var idi.
1949-cu il idi. Müharibədən sonra həyat yeni-yeni
qaydaya düşürdü.
2-ci Dünya müharibəsində ən çox itki verən
qırmızıların məmləkəti - sovetlərdə
elə vəziyyət də, əsl qırmızıya
çalırdı... amma qırmızıların
qılıncının dalı da, qabağı da kəssə
də, Bakı kəndlərinin öz havası, öz ruhu
vardı. Kənddən qırağa çıxa bilməsələr
də, AZAD idilər... Böyük, kiçik yeri, "bir mən
ölüm" hökumətin "peçat"ından
ötə idi... Xəzərin mehi, qumsal sahillər, qızmar günəş sanki bu
insanları başqalaşmağa qoymurdu...
Vaqif əsl mərdəkanlı idi... duzlu, məzəli
kolorit sanki qanına, canına hopmuşdu... O, Mərdəkana
çox bağlı idi.
Sonralar, tələbəlik illəri, ondan da cazibəli
sənət cameəsinin bitib-tükənməyən
qayğılarından bir qədər uzaqlaşmaq, nəfəsini
dərmək üçün özünü yenə Mərdəkanda
tapırdı. Çünki burada onun ruhu dincəlirdi...
Vaqifin İncəsənət İnstitutuna qəbul
olmaq üçün etdiyi ilk cəhd uğursuz
alınmışdı. Adil İsgəndərov onda necə
deyərlər, aktyorluq qabiliyyəti görməmişdi.
İkinci ildə isə Tofiq Kazımovun kursuna qəbul oldu.
Oxuduğu aktyorluq fakültəsinin adının
haqqını elə ilk gündəcə verirdi. Hər kursda
tələbə yoldaşları onu yeni imicdə
görürdülər.
Hətta hər gün imicinə yüngülvari əl
gəzdirməyi xoşlayırdı. Tofiq Kazımovun sevimli tələbələri
arasında yer alsa da, dilli-dilavər, zarafatcıl, qeyri-adi
reaksiyaları ilə hamıdan fərqlənən və sevilən
Vaqif Həsənov adlı tələbənin bəxti sonralar
elə də gətirmir... Tofiq Kazımov kursundan
ayrılır. Ardınca onun kurs rəhbəri Rza Təhmasib, növbəti il isə Mehdi Məmmədov
olur. Onlar da hesab edirdilər ki, Vaqif Həsənovun teatr sənətinə
heç bir aidiyyəti yoxdur... Təsəvvür edirsiniz,
yoxdur... Amma 3-4 il sonra Mehdi Məmmədov onun qoyduğu
tamaşalara baxır.
İlk tamaşa
Tələbəlik illərindən sonra onun sənət
yolunun dinamikası çox sürətli olub. Öncə onu
deyim ki, sonralar o, aktyorluq məharətini səhnədə,
kamera qarşısında
göstərsə də, institutu isə necə deyərlər,
rejissor kimi başa vurdu. Elə
ona görə də cəmi-cümlətanı 3 il Gənc
Tamaşaçılar Teatrında aktyor işlədi və...
Və Vaqifdəki təbi görən və duyan, birincilərdən
olan yazıçı Anarın təşəbbüsü ilə
eksperimental studiya açılır. Teatr cəmiyyətinin nəzdində
olan bu studiya ona sənət axtarışları
üçün sanki ilk şans, bir əhvalat idi.
Elə ilk tamaşasının adı belə olur,
"Əhvalat vaqe olur".
Bu əhvalatın vaqe olması isə düz 3 il
çəkir...
İlk gündən öz dəsti-xəttini ortaya
qoyur... tam fərqli rejissor yozumu, əsərləri bəzən
öz kontekstindən çıxarmaq... aktyorlara fərqli
yanaşma... səhnə isə yavaş-yavaş öncədən
yazılan hadisələrə yox,
real fikirlərə, insan ruhunun təbii gizlinlərinə
doğru yönəlir...
Həyatımdan çox-çox razıyam ki, mən
də bu sənət yolunda onun
yanında idim.
3 ildən sonra...
Vaqif həyatının bu dönəmini belə
xatırlayırdı...
"Bizdən asılı olmayan səbəblərə
görə teatr fəaliyyətini dayandırdı. Sonra İncəsənət
İnstitutunun Tədris teatrında işə başladım.
Bütün bu cəhdlər yeni teatr yaratmaq məqsədi
daşıyırdı. Çox çalışsaq da,
görünür, vaxt hələ yetişməmişdi. Bəlkə
də Allah tərəfindən bu məsələ hələ
həll olunmamışdı. Üç ildən sonra Musiqili
Komediya Teatrına dəvət aldım. 7 il baş rejissor
işlədim. Və nəhayət, 1989-cu ilin payızında
böyük sənətkarımız Həsənağa
Turabovun köməyi və mədəniyyət naziri Polad
Bülbüloğlunun dəstəyi ilə Milli Dram
Teatrının nəzdində Yuğ teatr studiyasını
açdıq".
4-5 cümlədən ibarət bu tərcümeyi-hal ilə
bu dönəmi yekunlaşdıra bilərdik...
Amma Vaqif İbrahimoğlunun gəlişi ilə Tədris
teatrı canlandı. Canlandı desək, azdı. O, teatr cameəsində
daşları yerindən tərpətdi...
Bu illər, dövrü-mətbuatda rejissor Vaqif Həsənovun-İbrahimoğlunun adı tez-tez hallanırdı.
Çünki o, yavaş-yavaş ləngər vuran,
sinxronlaşmış milli teatr estetikasının
qarşısına hər dəfə yep-yeni bir yanaşma ilə
çıxırdı.
1979-cu il. "Azərbaycan gəncləri" qəzeti.
Gənc teatrşünas Aydın Talıbzadə yazır:
"Tədris teatrının repertuarı son vaxtlarda
"Zəncir", "Ac həriflər", "Qədim nəslin
nümayəndələri" tamaşaları ilə maraqlı
bir mozaika görükdürür. Bu mozaikada "Məcnun"
mono-tamaşasının yeri xüsusidir: öz orijinal rejissor
həllinə görə diqqəti həməncə
özünə çəkir...
...Rejissorun da, aktyorun da bu mono-tamaşada əsas fikri
budur ki, əgər var olmaq, yaşamaq istəyirsənsə, gərək
öz duyğularınla mənəviyyatının, bədənlə
ruhunun harmoniyasını tapasan: harmoniya pozulanda insan məcnunlaşır".
Öz ruhu ilə harmoniya tapan rejissorun baxış
bucağı isə çox geniş idi. Ona inqilabçı
da demək olardı... Onun bəzi tamaşaları sistemə
meydan oxuyurdu... Son dərəcə ustalıqla, yumorla, incə
zərgər dəqiqliyi ilə. Rejissor cəmiyyətə cəsarətli
mesajlar ötürürdü...
Elə həmin illərdə incəsənət
institutunun müəllimi olan Niyazi Mehdi sonralar kumiri
adlandıracağı Vaqifi heyranlıqla izləyirdi...
"Vaqifin sovetizmə münasibəti
xısın-xısın söhbətlərdə olsaydı, mənə
elə də təsir etməzdi. Çünki bütün
Bakı çayxanaları o çağlar
xısınlaşan millətçi, türkçü,
antisovet söhbətlərin ocağı idi... Vaqif isə millətçiliyi,
antisovetizmi İncəsənət İnstitutunun Tədris
teatrına çıxardı və elə
çıxardı ki, sanki elə belə də olmalı
idi...
Vaqif sovetizmdən tam özgür
görünürdü..."
O, bunu necə edirdi... deyim sizə biləsiniz: ancaq dərin
savadı və yumoru sayəsində... Niyazi Mehdi onun bu qabiliyyətini,
sənət fəndlərini belə xatırlayır: "O
çağlar onun dilində işlək sözü qeq idi. Bu
söz heç rus dilində də geniş
yayılmamış söz idi. O, senzuranı tapdalayıb,
sovet ortamı üçün pozucu, dağıdıcı
görünən eyləmlərini qeqlərlə
mümkün edirdi..."
Tədris Teatrının səhnəsində tamaşalar - "Zəncirbənd", "Ac
həriflər", "Yaylağa gedir", "Var olsun
günəş", "Güneylər, quzeylər",
"Diqqət! Başlayıram", "Təskinlik verməyi
unutmayın" və digəriləri bir-birini əvəzlədikcə,
hamı başa düşürdü: Vaqif yenilikçidir. Və
çox istedadlıdır.
Onu sevənlər də vardı, sevməyənlər
də... onu sevənlər ona necə bağlanırdısa,
sevməyənlər də qısa zamanda düşmənə
çevrilirdi. Çünki o, hər dəfə səhnədə
yeni "hoqqa" çıxarırdı. Bütün diqqət
ona yönəlirdi. Hələ üstəlik, sözü də
düz adamın gözünün içinə deyirdi.
Amma istedad, sənət axtarışları və bir də sənət qədri
bilən yaxşı insanlar onun
yolunu açırdı. 33
yaşında Musiqili Komediya Teatrına baş rejissor təyin
olunur. Bir çox gənc rejissorlar üçün bu son dərəcə
mötəbər təyinat idi. Vaqif üçünsə sadəcə
hədəfə gedən yol.
Tez-tez Tofiq Kazımovu xatırlayırdı...
Axı Tofiq Kazımov da öz teatrını yaratmaq
istəyirdi...
Dram teatrının baş rejissoru kimi nə qədər
ixtiyar sahibi olsa da, bu məkanda özünü yad hiss edirdi...
İbrahimoğlu da eynən o ovqatda idi... müəllimindən
fərqli olaraq, o, öz teatrı sevdasından əl çəkmirdi.
Yenə özününkü saydığı
aktyorlarla ara-sıra tamaşalar da qururdu...
Yuğ
1989-cu ilin qışı çox soyuq idi... Biz Dram Teatrının
çardağında təxminən 2 ay öncə, qoy tarixi
daha dəqiq deyim, Vaqif İbrahimoğlunun ad günündə,
18 oktyabrda (sonralar bu tarix həm də müstəqilik
günümüz olacaqdı) elə həmin gündə Dram
Teatrının nəzdində yaradılan Yuğ adlı
teatrın ilk tamaşasını hazırlayırdıq.
"Salam" deyəcəkdik...
Həmin dönəmi görənlər xatırlayar,
görməyənlər üçün qoy deyim.
Qarabağın düyünlənən günləri
idi. Xalq meydanlara
axışıb, Qarabağ hayqırırdı. Sovet sistemi
çöküşünü yaşayırdı, göz
önündə. Bədnam qonşularımız isə yenə
də öz fitnə-fəsadlarında idi...
Bu gerçəklikdə Bakıda vəziyyət daha
da gərginləşirdi...
Qoşunlar Bakıya niyə gəlir? Gəlib nə edəcək
ki? - Sualları durumu bir az da mücərrədləşdirir...
Dram Teatrının 4-cü mərtəbəsində
isə Şəhriyarın "Heydər babaya salam"
poeması yeni yozumda çözülür.
Yuğun ilk yuğlaması yol gəlir...
Bu qarmaqarışılıqda ruhumuza düzən
veririk...
Düz 13 yanvarda dost-tanış, sənət
xiridarları üçün ilk tamaşa oynanıldı.
Qəbiristanlıq, Şəhriyarın ruhu, ruhlar aləmi,
keçmiş və gələcək...
Tamaşadan parça
Bunlar Yuğda idi... adı da yozumu da, ölüm,
ağlamaq olan Yuğda....
Yanvarın 19-u isə ölümə, həm də
bir millət olaraq azadlığımıza SALAM deyəcəkdik...
Öncəgörən Vaqifin Yuğu bax belə
başladı...
Sonralar professor Ədalət Vəliyev bu
bağlantıya öz adını verəcəkdi... O
yazırdı: "Yuğ hər şeydən öncə
milli oyanışın, milli özünüdərk prosesinin
ayrılmaz bir hissəsi
idi".
Yuğ teatrı ilə bağlı çox fikirlər
var.
Amma yenə ustadıma üz tuturam. Vaqif
İbrahimoğlu bilirsiniz nə deyirdi? Deyirdi: "Yunus Əmrənin
"Məni məndə demə, məndə deyiləm, bir mən
vardır məndə, məndən içəri" deyimi mənim
şüarımdır. İnsanın içində olan ilahi
başlanğıc - bax, budur..."
Sonra...
Sonra yazırdı: "Yuğ teatr sənətimizin ən
dərin, ən şəffaf qaynağıdır. Ondan o yana
tarixi yaddaşımızda qaibik. Qaranlıq başlanır. Əlamət,
ünsür şəklində olan milli teatr düşüncəsini
bərpa edib genişləndirib, çağdaş məna və
vasitələrlə zənginləşdirib, milli teatrın
konseptual poetikasını yaratmaq olar".
Yaratdı da. Teatrşünas Məryəm xanım Əlizadə
doğru olaraq yazır ki, "Qərbdən fərqli olaraq,
Şərq mədəniyyəti öz tərkibində olan
oyun-mərasim-ayin-törən ənənəsini təsisatlı
qata yüksəltmədi, bütün sadalananları elə
evdə, meydanda saxladı, yəni sadə desək, Şərq
öz teatrını yaratmağa meyl göstərmədi".
Vaqif İbrahimoğlu isə yarımçıq qalan
Şərq teatrının yaranma
prosesini tamamladı.
Səhnədə ruhun hikmətini çözən psixosof
teatr ilə.
Bu, tarixi həqiqətdir.
Yuğ Azərbaycan teatrında yeni mərhələnin
başlanğıcı oldu. "Alternativ teatr" bəzən
"eksperimental laboratoriya" adlandırılsa da, əslində
Yuğ teatrı çoxmənalı idi...
Yuğ - Azərbaycan teatrının fəlsəfi
özünüifadəsi oldu...
Milli-mistik köklərin modern teatr dili ilə sintezini
yaratdı.
Vaqif müəllim mətnin üzərində sanki tədqiqat
aparırdı...
Sözün alt qatındakı mənaları bəzən
isə elə ən böyük məna bildiyi sükutu üzə
çıxarırdı...
O, aktyor sözünü elə də sevmirdi... uşaqlar, bəzənsə elə
yuğçular deyirdi... onun üçün yuğçu
ruh adamı idi... haldan-hala düşməliydi... bədən
plastikası sözdən önəmliydi...
Yuğlamalar, yəni tamaşalar isə məkan, hal və
ritm üzərində qurulan sufiyanə oyunlar idi.
Yuğda tamaşaya baxmırdılar, sanki
yuğçularla birgə o halı yaşayırdılar...
Vaqif Şekspir, Molyer,
Füzuli, Cəlil Məmmədquluzadə kimi müəlliflərin
əsərlərinə yenidən baxırdı.
O, fabulanı dağıtmadan mətnin "əsas
sualını" səhnədə üzə
çıxarırdı, bəzənsə elə öz
sualını qoyurdu.
"O olmasın, bu olsun"da sosial komediyanın
altında duran oyun-varlıq paradoksunu açırdı.
Şekspirin "Romeo və Cülyetta"sında məşhur
sualı qoyurdu:
"Niyə bir-birinə bu qədər yaxın olan mədəniyyətlər
qarşı-qarşıya qoyulur?"
Onun tamaşalarında səhnə dekoru yox, məkan hadisəsi olurdu.
Yuğ səhnəsində pauza belə
danışırdı - sükut dramaturgiyanın hissəsinə
çevrilirdi.
Vaqif həm Avropa modernizmini, həm də türk-sufi
teatr ənənəsini bir araya gətirirdi.
Bu sintez Azərbaycan teatrını sanki dünya
teatrına qovuşdururdu...
Bir çoxlarına görə, o, həm də Azərbaycan teatrında daxili
azadlıq estetikasını formalaşdırırdı.
Axı sənətdə də, ruhunda da azadlıq tərəfdarı
idi.
1989-cu ildən ömrünün sonuna qədər
Yuğda 90-dan artıq əsər səhnələşdirdi.
"Oğul", "Açar", "Yol",
"Dad" və başqalarını. Yuğun səhnəsində
sonuncu tamaşası isə "Birinci akt" oldu.
Vaqif İbrahimoğlu tək səhnədə
eksperiment aparmırdı. Dostu Kamal Abdullanın sözləri
ilə istədiyimi ifadə etməyə
çalışım: - "Tamaşa bitəndən sonra dəqiqələr
boyu tamaşa zalına ölü bir sükut
çökür, bir müddət sonra alqışlar
başlayırdı. Biz bu vaxtın; tamaşanın bitməsindən
alqışlara qədər çəkən vaxtın,
uzunluğunu, Vaqiflə bir yerdə həmişə
ölçərdik. İnanmaq çətindir, amma on dəqiqəyə
qədər çəkdiyi vaxt olmuşdu".
Yuğçular yolun sonuna gəlirdilər.
Tamaşaçı isə hələ də yuğlamadan
ayılmırdı... elə bilirdi tamaşa davam edir!
İsrafil İsrafilov Yuğdakı bu atmosferi belə
təsvir edirdi... "Adam burada məbəddəymiş kimi
içinə çəkilib tənhalaşır, sükuta və
Tanrıya qovuşur".Dərviş babamın elə məramı
da bu idi...
"Mənim üçün ən başlıca
olanı haldır! Nə ritmdir, nə musiqidir, nə
ideyadır, əsas sehrli haldır! "
Yuğun missiyası yeni teatr estetikası ilə
bitmirdi... Xüsusən 90-cı illərin ortalarında Vaqif
İbrahimoğlu teatrında göz-görəsi dəyişiyliklər
edirdi.
Bəs nə baş verirdi?..
Bu haqda Ədalət Vəliyev yazır: "Vaqif
İbrahimoğlu 90-cı illərin ortalarında Yuğ
teatrının poetikasında ciddi dəyişikliklər etməyə
başlayır.
Yuğçular bir teatr orqanizmi kimi Avropa mədəniyyətində
özünü təsdiqləmiş bütün sənət
cərəyanlarına açıq idilər. Bu dövrdə
postmodernizm mədəniyyətin bütün sahələrində
öz hegemon mövqeyini qabardırdı... Yuğ teatrı isə
bu prosesin öncülü idi və postmodernizm ənənələrini
milli mədəniyyətə gətirməyə
çalışırdı".
Yuğ teatrı sayəsində Azərbaycan teatrı
dünya teatrına yaxınlaşdı... Bunu
teatrşünaslar deyir, özü də tək bizimkilər
yox.
Bax belə.
Teatrda yeni yol açan Vaqifsə bu illər hər
gün Milli Dram Teatrının çardağındakı
otağında pəncərənin qarşısına
keçib şəhəri seyr etməyi çox sevərdi...
dar otağı gün ərzində nə qədər dolub
boşalsa da. Bir də hər gün vaxt tapıb mütləq
Həsənağa Turabovun kabinetinə baş çəkərdi.
Hər gün... Bəzən danışmağa mövzu da
olmurdu, amma bir söz, bir replika yetərliydi. Bu, sanki onların
hər ikisinin mənəvi tələbatı idi...
Dostlar
İbrahimoğlundan danışırıqsa, onun həyatında
çox önəmli olan dostlarından da
danışmalıyıq. Dost deyəndə ilk yada elə
Yuğ ailəsi düşür. Tamaşalara baxan, Vaqifin müzakirələrinə,
dostlarının dili ilə desək, seanslarına
qatılanlar...
Bəli...
Hər tamaşadan sonra aktyorlar və dostlar Vaqifin
kiçik otağında cəm olurdular. Kimlər gəlmirdi. Rəhman Bədəlov,
Niyazi Mehdi, Kamal Abdulla, Gündüz Sarıyev, Aydın Talıbzadə, Məryəm
Əlizadə, Əli Abasov, Zeynal Məmmədli, İsrafil
İsrafilov, Afaq Məsud və ümumiyyətlə, nəinki
mədəniyyətimizin bütün sahələrindən, hətta
teatra aid olmayan digər fəaliyyət sahələrinin adamları da Yuğu sevərdilər. Söhbətlər bitib tükənmirdi...
bir qayda olaraq söhbət teatrdan başlasa da, mövzu şaxələnirdi...
ədəbiyyatdan da danışırdılar, fəlsəfədən
də, iqtisadiyyatdan da, lap elə siyasətdən də.... bu
görüşlər onların mənəvi tələbatı
idi... bir-birlərini başa düşürdülər,
hamı bir dildə danışırdı. Ağıllı
sözlər, ağıllı fikirlər o dar otaqda, geniş
səmadakı kimi uçuşurdu sanki...
Bütün bunların yaradıcısı elə səbəbkarı
da Vaqif İbrahimoğlu özü idi. Kamal Abdulla görün
nə yazır...
"Vaqif ən azından bir insan kimi çox
maraqlı, nəcib və mərd birisi idi. Bilmirəm, o buna
necə nail olurdu, amma onunla təmasda olan hər kəs bu təmasın
müddətini mümkün qədər uzatmağa cəhd
edirdi. Onunla ünsiyyət bütün tanıyanlar
üçün yavaş-yavaş daxili ehtiyaca
dönürdü. Bu ünsiyyət zamanı hiss edirdin ki, səndə
əməlli-başlı saflaşma prosesi gedir. Sənin ətrafa,
insanlara münasibətin dəyişirdi, sən hamını,
ilk növbədə, həyatı sevməyə hazır bir vəziyyətə
gəlirdin. Dünya gözəlləşirdi".
Sənətin, ruhun bir araya cəm elədiyi dostlar
arasında həm də elə söz, sənət
yarışması var idi... Niyazi Mehdinin Vaqiflə
bağlı xatirələrində bu etirafı oxuyuruq...
"Ancaq bir-birini heyran etmək yarışında Vaqif
hamımızı üstələyirdi. Heç birimiz hədəf
götürdüyümüz nəsnəni
Vaqif qədər ağıllı, ilginc eksplikasiya edə
bilmirdik".
İbrahimoğlu üçünsə dost, dostluq özü də sirli-sehrli mistik
idi:
"Dost anlayışı adamı hər cür
riyakarlıqdan qoruyur. İkincisi, dostunun uğurunu öz
uğurun kimi yaşayıb sevinə bilirsən. Və
üçüncüsü, dost anlayışı nə isə
sirli-sehrli, haradasa, mistik bir baxış bucağı
açır ki, bu, hər kəsə qismət olmur.
Doğrudan da, hər kəsə qismət olmur...
Onlarda da belə oldu... Sona qədər bu qisməti yaşayanlar
da oldu, yaşamayanlar da...
Bəzi dostlar incidi, küsdü. Bəzənsə,
Vaqifin özü küsürdü... onları birləşdirən
sənət söhbətləri, bəzən elə onları
ayırırdı da...
Özünə vurğun deyildi. Amma bəziləri deyirdi
"güzgü effektinə" alışıb. Yəni ətrafda
yalnız öz əksini, öz fikirlərini görmək istəyir.
Bəlkə də haqqına girirdilər.
Uzun illərin dostu olan Məryəm xanım deyir ki, əslində
o, hər adamı qəlbinə yaxın buraxmırdı.
Yaxın buraxdıqlarından xəyanət görəndə
isə, sadəcə susurdu. Ömrünün son günlərində
belə onlarla qarşılaşmaq istəməyib...
Axı Vaqifin özü də mürəkkəb adam
idi.
Təzadlı idi.
Bütün dahi insanlarda olduğu kimi...
Bir mənin mənləri
Bir mənin mənləri. Vaqif bir məqaləsinə belə
başlıq qoyub.
Elə öz sözündən ipucu verək. Vaqif
İbrahimoğlu bəlkə də ən sonucda rejissor idi. O, öncə həm də
pedaqoq, fikir adamı, maarifçi idi.
Kulturoloq, psixoloq idi. Dərviş idi. Sufi idi. Ziyalı
idi. Çox gözəl yazar idi... Müasiri olduğu
rejissorlar arasında bəlkə də yeganə rejissor idi ki,
həmkarlarının tamaşaları barədə
yazırdı... dostları ilə bağlı xatirələrini
qələmə alırdı. Söz əhlini də
unutmurdu... Teatrda keçirilən kitab təqdimatlarını
hələ demirəm. Yuğ sanki Yazıçılar
Birliyinin filialı idi... çəkilən filmləri də
saf çürük edirdi... Soljenitsındən də
yazırdı, rus demokratizmindən də. Bir sözlə,
ovqatını da, düşüncələrini də, sənət
baxışlarını da hər zaman
bölüşürdü.
Özünü orta səviyyəli ziyalı hesab edən
kimsənin cəmiyyətdə seyrçi mövqe
tutmasını qəbul etmirdi.
Hesab edirdi ki, tutduğun mövqedə ziyalılıq varsa,
mütləq, cəmiyyətdə gedən proseslərə
münasibət bildirməlisən...
Bəli!
Tam doğru!
Ziya işıq, nur deməkdir axı!
Susan ziyalı cəmiyyətdə necə işıq
ola bilərdi ki???
İbrahimoğlu isə həm də 20-ci yüzilliyin
əvvəlləri Azərbaycanda geniş vüsət
almış maarifçilik ənənələrini uğurla
davam etdirən və 21-ci əsrin
əvvəlinə də öz imzasını atan böyük
mütəfəkkir idi...
Axı özü ən diqqətli oxucu idi.
Hədsiz dərəcədə çox mütaliə
edirdi. Həmişə də deyirdi, oxuyun.
Bir mənə sığan mənlərin amma ortaq
xüsusiyyətləri də var idi. Sənət dostu Məryəm
xanımın sözləri ilə desək, "o, nə
şərqli idi, nə qərbli, bununla belə, qərbli
üçün o, şərqli idi, şərqli
üçün isə qərbli. ...tək qalanda isə
kosmopolit. Bu paradoksal durum onun tamaşalarında
özünü bariz şəkildə göstərirdi: deyək
ki, Füzulini o, Qərb açarları ilə
"açır", Kafkanı isə xalis şərqli kimi
təqdim edirdi.
Şəxsi həyatında Vaqif İbrahimoğlu,
aşırı dərəcədə mühafizəkar idi.
Amma eyni zamanda, bir sənətkar və düşüncə
adamı kimi Vaqif İbrahimoğlu, aşırı novator
idi".
Bəllidir, dünyanın qərbi var, şərqi
var. Amma elə insanlar var ki, onlar bu bölgüyə
sığmır. Dünya mədəniyyətini, dəyərlərini,
toplum halında özündə cəmləşdirir. Bax,
İbrahimoğlu kimi.
SİNXRON. Vaqif: İqtisadiyyatla maraqlanıram. 3-cü
Dünya müharibəsi olmayacaq və s.
Bax belə bir insan idi...
Aktyorluq məktəbiBu gün çox adam deyir mən
Vaqif İbrahimoğlu məktəbi keçmişəm. Mən
onun yetirməsiyəm. Bəndəniz də o fikirdədir. Hətta
deyərdim ilklərdən olduğuma görə bu təqdimatı
daha çox haqq edirəm...
Mən bu gün yeni teatr estetikasını yorulmadan
öyrədən, onu hisslə, duyğuyla qavranmasına
çalışan ustaddan danışıram. Bir çox
teatrlardan fəqli olaraq Yuğda rejissor, aktyor tandemi daha dərin
köklərə söykənirdi. Mənəvi bağları
olan ustad-şəyird də deyə bilərik.
Vaqif İbrahimoğlu aktyorlarına çox zaman
cocuqlarım deyərdi.
Və hesab edirdi ki, teatr nə rejissor, nə qeyri-birisi deməkdir. Teatr ilk
növbədə aktyor deməkdir. Ona görə, aktyor ruhuna
yatmayan işə qol qoymamalıdır... "Aktyorun nəfəsi
yalan oldusa, teatr öldü" deyirdi...
Səhnədə oynamaqdan çox, ruh halını
yaşamağı təqdir edirdi.
SİNXRON. Vaqifdən...
Bəs Vaqif İbrahimoğlu məktəbi keçənlər
nə ilə fərqləndi teatr cameəsində?..
Hər şeydən əvvəl, Yuğ aktyoru,
düşünən aktyordur - bədənin, sözün və
ritmin fəlsəfəsini biləndir.
"Səhnə - özünə baxdığın
güzgüdür" - deyən İbrahimoğlu aktyoru səhnəyə
yox, ilk növbədə özünə aparırdı.
Və İbrahimoğlu aktyordan Stanislavski və
Meyerhold məktəblərini birləşdirən bir
psixofiziki hazırlıq tələb edirdi.
Aktyor həm mistik "hal", həm də dəqiq
ritmik hərəkət arasında keçid edə bilməli
idi.
Ruhun hikmətini çözən rejissorun aktyoru həm
də ruh adamı, bayağılıqdan uzaq biri olmalı idi
axı. Məşqdə nə qədər sərt, diktator
idisə, məşqdən sonra hamının halına yanan,
qayğısını çəkən, böyük idi. O,
yetirmələrini ilk növbədə şəxsiyyət
kimi görmək istəyirdi.
Bu illər ərzində həmin şərtlərə
uyğunlaşan da oldu, uyğunlaşmayan da. Bəzən,
İbrahimoğlunu, aktyor heyətini tez-tez dəyişməkdə
də suçlayırdılar...
Hərgah ondan ayrılanlar da olurdu... Yeni məkan cəlbedici
görünürdü.. Və ya artıq
böyüdüyü mühit onlara dar gəlirdi... fikirləşirdilər,
artıq ayrı fəzaya keçmək lazımdır... bax
bu məqamda İbrahimoğlu küsürdü... inciyirdi...
qırılırdı... o öz yetirmələrini
bölüşə bilmirdi... qapı birdəfəlik
bağlanırdı... onun nəzərində bu addım
Yuğ ocağına xəyanət idi... "Hər şeyi
bağışlayaram. Amma xəyanətə laqeyd qala bilmirəm"
deyirdi.
Haqlı idi, haqsız idi... Bilmirəm...Yenə elə özünün dediyi kimi,
"Allahdan başqa heç kim qüsursuz deyil".
Nə mən,
nə sən,
nə də... nə isə...
Qəribəliyi, yoxsa sərgüzəştləri
Vaqif həm də qəribə adam idi...
Hamı kimi deyildi...
Bəzən bu o qədər nəzərə
çarpırdı ki, ilk dəfə onu görənlər
çaşırdılar...
Sonralar çox yaxın dost olacağı Həsənağa
Turabov ilk dəfə onu görəndə
İsrafil İsrafilovdan soruşub "Vaqif ağıllı
adamdı?"
Vaqif həqiqətən fərqlənirdi...
çünki çox mütaliəli insan idi. Çox mətləblərdən
hali idi... və aktyorluq
istedadı, rejissor fantaziyası onu daha da mürəkkəbləşdirirdi..
Bəzən o qəribəliyə onu elə ətrafdakılar
vadar edirdi.
Müsahibələrinə baxıram... yersiz, dəxilsiz suallara elə dəxilsiz
də cavablar verirmiş... axı onunla həmsöhbət
olmaq istəyənlər həmişə
çalışırdılar, improvizə etsinlər.
Süni şəkildə onun dalğasına köklənmiş
kimi görünməyə
çalışırdılar.
O isə bunu tuturdu. Göydə... oyun oynamaq istəyənlərlə
elə oyun oynayırdı...
Bir dəfə "Siz dəlisiz?" sualına, əlüstü
cavab vermişdi: "Elə sizin qədər".
Niyazi Mehdi yazır ki, "Bir televiziya
çıxışında Vaqif biz dostları
üçün oyun çıxarmışdı. Jurnalist
ondan nəyi isə soruşanda cavabında hər dəfə
"interpretasiya",
"motiv" sözlərini deməmişdən qabaq,
sanki onların dilimizdə əvəzini tapmaq
üçün başını geri atıb
gözünü alnına axıdırdı ki, sözün
ekvivalentini tapsın, tapmayıb guya
məcburən latın terminləri işlədirdi. Anlamı qarmaqarışıq olan
söz yığınında cavab verirdi".
Səhnədə sözləri sevməsə də, həyatda sözlə
oynamağı xoşlayırdı... onun nə zaman ciddi, nə
zaman qeyri-ciddi olduğunu bəzən çoxları seçə
bilmirdi.
Gülməyi də, güldürməyi də
çox sevirdi.
SİNXRON - Vaqifdən… Gülüşlə
bağlı fikri...
Əslində qəribəlikdən daha çox,
anlaşılmazlığı onun sərgüzəştləri
idi. Yorulanda, başa düşülməyəndə, bəzənsə
ovqatı təlx olanda bax belə oyun tamaşa qururdu... elə
özü üçün
Aydın Talıbzadə dediyi kimi, axı o,
dövrümüzün Bəhlul Danəndəsi idi...
Kasıbçılığın üzü qara
olsun...
Bu haqda danışmaya da bilərdik.. Amma
danışacağıq. Zatən hər kəs
üçün
kasıbçılıq yaxşı deyil. Amma sənət
adamlarının kasıbçılıqla sınağa
çəkilməsi... bu, ayrı bir
mövzudur. Həmin illərin necə çətin
olduğu, heç kimə sirr deyil. Teatrın yaranması və
yaşaması həm də maddiyyata bağlı idi, axı. Sənət
axtarışları, sənət qayğıları və
bir də dolanışıq. Vaqif İbrahimoğlu bu
mövzuya çox aydın, ustalıqla, dəqiqliklə
toxunub. Elmi üslubda desək,
kasıbçılığı psixoloji, sosioloji və fəlsəfi aspektdən nəzərdən keçirib. Biz də
üstündən keçməyək.
Vaqif İbrahimoğlu yazır: "Bəli,
kasıbçılığın qara üzü öncə
sənətçinin psixologiyasına kölgəsini
salıban bir görün nə kimi önəmli xassələrini
zəiflətməyə başlayır. QÜRURUNU,
SABİTLİYİNİ, ÖZGÜRLÜYÜNÜ, İRADƏSİNİ,
OBYEKTİVLİYİNİ, BAĞIMSIZLIĞINI, TƏXƏYYÜLÜNÜ,
ALİCƏNABLIĞINI. ...Hə indi söyləyin kasıb
psixologiyasına köklənən rejissor, aktyor və
qeyri-kasıb sənətçilərdən nəyi tələb
etmək olar?"
"Ömrümün çoxu gedib, azı
qalıb... həyat və yaradıcılıqlarından məmnun sənətçi
arkadaşlarımı
görüb Allahıma şükür etmək nəsibim
olacaqmı, əcaba?!"
Olacaqmı, oldumu əcəba?
Müəyyən qədər... teatrın öz
binası oldu... özü isə ən arxa planda qaldı...
Bütün bunlar əslində onun üçün mənasız
idi... amma özü demişkən, axı o da sosial varlıq
idi... və bu məsələlərə isə sənətin
fövqündən baxanda etinasız qala bilmirdi...
"...Gündəlik qayğıların
üzücü dolablarında xırdalanan teatr sənətçisi
öz istedadı, məqsədi, vəzifəsi və əbədi
borcundan özgələşir, yabançılaşır və
sonucda öz əksinə çevrilir..."
Ruhun hikmətini göstərməyə
çalışan yuğçularsa ruh hallarını
qorumalı idilər... Yuğçular bir çox teatr
ocaqları kimi, o illəri mətinlikə yaşadılar...
amma kasıbçılığın qara üzü
şüuraltında qaldı....
Ağrı-kədər
2011-ci il. Türkiyədə
3 aylıq müalicə kursu keçən Vaqif Bakıya
gəlməyə hazırlaşır. Bu haqda
danışmaslar da, vəziyyət yaxşı deyildi. 3 ay ərzində
artıq Vaqifin cazibəsinə düşən,
saatlarla palatadan çıxmayan həkim xəstənin
yaxınlarına təəssüflə deyirmiş:
"Kaş ki, tez gələrdiniz. Vaxtında bilsəydiniz, O,
hələ yaşayardı"...
Son gün. Axşam birdən birə Vaqif Məryəm xanıma deyir:
"Meri, bilirsən, mən xəstə olduğumu 1 il qabaq
bilirdim".
Deməli, bilirmiş... Amma
kasıbçılığın üzü min qara
olsun...
Bəzənsə çox yorulurdu... bir dəfə
Vaqif: - özümü kənardan görə bildim - dedi.
Gördüyüm Allah bəndəsi, yəni özüm,
çox yorğun dəydi gözümə. Halı birtəhər
idi e..."
Son yeni il
(Kadrda Yeni il axşamı çəkilən şəkil)
Bu şəkli Türkiyədə onkoloji xəstəxanada çəkdiriblər.
2011-ci ili qarşılayır, ömrünün
son yeni il axşamını...
Məryəm xanım deyir ki, "Həmin yeni ili o qədər
şən, gözəl qarşıladıq ki... onkologiyada
bütün xəstələrə
bayram ovqatı yaşatdıq...
Tibbi personal heyrət içində idi. Deyirdilər hələ
indiyə qədər burda belə hal yaşanmayıb..."
Yenə də əlahəzrət HAL məsələsi.
Ruh adamı ruha çevrilməkdən qorxmurmuş demək...
Həyatının bu dönəminin bələdçisi
Məryəm xanım olub, Meri. Onu həmişə belə
çağırırdı... İlk gündən sona qədər
onun yanında olan, ona dəstək duran etibarlı tələbə
və sənət yoldaşı, teatrşünas Məryəm
Əlizadə... İnsansevər...işıqlı Meri... Məryəm...
Məryəm xanım o günləri belə
xatırlayır: "Bir gün İsrafil İsrafilovla birgə
onu həkimə apardıq. Həkim baxdı. Vəziyyətin
kritik olduğunu dedi. Məsləhət gördü ki, gizlətməyin
mənası yoxdur. Proses çox sürətlə gedəcək...
Həkimin yanından çıxanda gözü
üzümdə idi. "Nə oldu, Meri, nə dedi?"
Axır ki, bildi... Elə xəstəxanada bir kənara
çəkilib oturdu. Hönkür-hönkür ağladı.
Sonra ayağa durdu. Dedi, gedək teatra. Vəssalam. Bir də o
mövzuya qayıtmadı. Gəldik teatra, hər şeyi
unutdu. Elə bil xəstəxanadan gəlmirdik... məəttəl
qalmışdım..."
Vaqifsevərlər üçün həyəcan
siqnalı çalınmışdı... Kamal Abdulla,
İsrafil İsrafilov, Məryəm xanım... Əlaqədar
dövlət qurumları... Hər kəs səfərbər
idi... nə lazımdırsa, olunacaq... Ancaq gec idi... çox
gec idi.
Təcili Türkiyəyə getməlidirlər.
İbrahimoğlu isə Məryəm Əlizadənin yenicə
çapdan çıxan kitabını müzakirə etmədən
getməyəcəyini deyirdi. Nə qədər israr edirlərsə, alınmır. Tələm-tələsik,
gündüz təqdimat olur, axşam isə Türkiyəyə
uçurlar...
Ruh adamı ruh əkizlərinin əhatəsində
olmaq istəyir. Bu sırada
dostlar öndə gəlirdi... Elə Türkiyəyə
də Məryəm xanımla gedir. Aeroportda isə onu bir
neçə saat öncə Bakıda qoyub getdiyi yetirməsi
Gümrah Ömər qarşılayır. "Mən
Bakıda qala bilmədim".
Məryəm xanım deyir: "Xəstəlikdən
başqa, hər şeydən danışırdıq. Kimlər
gəlmədi ki? Mən o günlərdə bir daha bildim ki, biz necə gözəl
xalqıq.
Yeganə palata idi ki, gülüş səsi gəlirdi.
Çox az yatırdı... yata bilmirdi... amma bir kəlmə bu
haqda danışmırdı"...
Vaqif İbrahimoğlu 3 ay ərzində
yatdığı palatada da öz aurasını yaradır.
Bütün günü dolub boşalan palata həyat eşqi ilə
alışıb yanırdı... Sanki bir sənət
ocağına çevrilmişdi... Vaqifin bu seanslarında bir
ayrı enerji, şövq, həyat var idi... Göydə
uçuşan quşlar da palatanın pəncərəsinin
önünə qonurdular... Çünki pəncərənin
önündə onları yem gözləyirdi...
Yuxusuz gecələrinə şahidlik edən Məryəm
xanım onda olan iradəyə hələ də heyrandı:
"Siqareti sonuncu dəfə xəstəxananın həyətində
çəkdi. Qalxdıq yuxarı. Daha bir də adını
tutmadı.
Həyat Vaqiflə çox gözəl idi..."
Ölümünə bir gün qalmış
müsahibə verir. Planlarından danışır.
Vaqif mərkəzi yaratmaq istəyirmiş, gənclərə
təmənnasız sənət öyrətsin. İmkanı
olmayan lap orda qalsın deyirmiş.
Sonuncu tamaşasının - Mirzə Fətəli
Axundovun "Lənkəran xanın vəziri" əsərinin
Dram Teatrının səhnəsində premyerası olur.
Özü iştirak edə bilmir...
Bu günlərdə, diqqətdən, qayğıdan
mütəəssir olan Vaqif özünü hər kəsə
borclu sanır. O, borcunu yeni tamaşalar, yeni axtarışlarla
ödəyəcəkdi.
O, bu dəfə borclu qalmaq,
gecikmək istəmirdi...
Axı o, çox peşman idi... 2 adama vaxtında minnətdarlığını
bildirmədiyinə görə...
"Tofiq Kazımovun qarşısında diz
çöküm, deyim ki, nə yaxşı ki sən varsan.
İndi onun haqqında danışıram. Amma bu o deyil. Mən
sağlığında onun gözünə baxıb əlini
öpməliydim, gözümün üstünə
qoymalıydım. Elə bil ürəyimdə böyük bir
boşluq yarandı. Bir peşmançılığım da
atamla bağlıdır. Mən ömrüm boyu atamla
mübahisə edirdim. Çox böyük xeyri olub mənə.
Mənim mənəvi prinsiplərim var və bu prinsiplər, sən
demə, onun sayəsində yaranıbmış. Çox
peşmanam ki, ona vaxtında lazımi minnətdarlığımı
bildirə bilmədim. Dünyadan köçəndən sonra
bir də ayıldım ki, artıq gecdir. Bax bu, məndən
ötrü ən böyük boşluqdur".
Həyat nə qəribədir...
Bəlkə də nə qədər insan o boşluqla
yaşayır indi...
Vaxtında Vaqiflə anlaşmadı...
Sağ ol demədi...
Bəlkə də onu başa düşmədiyinə
görə...
Vaqifsə son günləri çox qətiyyətli
idi: "Yaşamalıyam, yaşamalıyam ki, yeni ideyalarımı,
planlarımı həyata keçirim. Mənə ehtiyac
var".
Qəbirüstü (daxili dialoq)
İlin sonu... Soyuqdur... Bəlkə yağdı...
yağsın da... darıxıram... qəribəliyinə
darıxıram...
Qəribə ustadım Vaqif.
Ölümündən 22 il əvvəl
vidalaşmısan.
Dostun Zeynala yazdığın məktubu deyirəm...
necə yazmışdın?..
"Həyat və sənət yollarım çətin
olduğu qədər dumanlıdır, bilinməz-dərkedilməzdir,
çünki bizi yaradan o böyük Tanrımızın
yapdığı dış və iç
dünyamızın özü bir yol, özü bir dağ,
özü bir dəniz, özü bir göy, özü bir
Günəşdir ki, gözümü qamaşdıra bilər!..
Qardaşım!
Bu əlyazmanı tapşırıram sana, səni də
uluların ulusu Dədəm Qorqud eşqinə - bu dünyada
ondan müqəddəs məndən ötrü heç zad
yoxdur.
Sağlıqla qalın, Tanrı sizə yar olsun,
yolunuz Uğurlu, dünyamız işıqlı olsun. Mən
gedər oldum...
Ən içdən sayğı və istəklərimlə:
Vaqif İbrahimoğlu".
O vaxt zarafat idi. İndi isə gerçək.
Kaş belə olmayaydı. Kaş. Bəzən
gecikirik. Bəzən tələsirik.
Mən də sənin kimi gecikdim, Vaqif. Axı son
görüşümüzdən, cəmi cümlətan 2 kəlməlik
ünsiyyətimizdən sonra nə qədər
öz-özümə deyirdim. Gedəcəm. Danışacam.
Bir-birimizi başa düşəcəyik...
Elə bilirdim hələ vaxt var.
Bu dəfə isə sən tələsdin. Bəlkə
də Tanrı tələsdi... səni öz yanına tez
apardı. Yəqin orda da hamı başına
yığışıb. Burda sıramız yaman seyrəlib.
Sən isə yenə "oyun" qurursan. Dayanmadan
danışırsan, başa salırsan.
Hərdən də dodaqaltı gülümsəyirsən,
yəqin.
Vaqif, tez-tez yuxumda görürəm səni...
Sən necə, görürsən bizi?
(Fəxrəddin Manafov
yazının ərsəyə gəlməsində
xüsusi əməyi olan Sevinc xanım Rəhimovaya təşəkkürünü
bildirir.)
Fəxrəddin MANAFOV
Xalq artisti
525-ci qəzet .- 2026.- 13 fevral (¹6).- S.22-23-24;25.