Üç ad, bir
kabus
MAVİ SAQQAL, JİL DE REYS, CEFRİ EPŞTEYN
Son on günlər dünyanı silkələyən,
vahimə yaradan Epşteyn
olayları hər gün çözüldükcə daha da
iyrənc əməllər ortaya çıxır. Süni intellektin də bir çox
işə qadir olduğu bir zamanda açığı,
öncə bu məsələyə
bir az qeyri-ciddi yanaşdım. Amma baş verənləri
daha yaxından izlədikcə uşaq vaxtlarımda oxuduğum
"Göy saqqal" nağılını yenidən
xatırlamalı oldum. Dünya uşaq ədəbiyyatı
seriyasından olan kitabda, həmçinin bir sıra başqa
kitablarda "Göy saqqal", "Mavi saqqal" adı ilə
çap olunan nağılların baş qəhrəmanı
Göy saqqal bir qatil kimi təsvir edilir. Bu nağıllar
içərisində Şarl Perronun "Mavi saqqal"
nağılı daha məşhurdur.
Burada varlı biri olan Mavi
saqqal kiminlə evlənirsə, bir müddət sonra həmin
qadın yoxa çıxır. Mavi saqqal növbəti
evliliyindən sonra qəsrin bütün
qapılarını yeni arvadının ixtiyarına versə də,
bir otağı onun üçün toxunulmaz elan edir və
oraya girməyə qəti şəkildə qadağa qoyur.
Lakin o, səyahətə çıxan kimi, gənc
qadın bacılarının təkidi
ilə həmin qadağan olunmuş qapını
açır. İçəridə onu dəhşətli bir
mənzərə - ərinin əvvəlki arvadlarının
qanlı cəsədləri qarşılayır. Bu vaxt
qapının açarı silinməz bir qan ləkəsinə
boyanır və qadın nə qədər
çalışsa da, ləkəni təmizləyə bilmir.
Qəsrə qayıdan Mavi saqqal sirrin
açıldığını anlayaraq arvadını qətlə
yetirməyə hazırlaşarkən, qadının köməyə
yetişən bacıları onu arxadan vuraraq
öldürür. Amma mənim
yaddaşımda daha bir nağıl qalmışdı ki,
burada Göy saqqal kimi tanınan
cadugər məhz subay qızları öldürərək
onların qanından hər hansı bir daş hazırlamaq istəyirdi.
Son günlər Mavi saqqal və Cefri Epşteyn arasında xəyalən
apardığım müqayisəni daha da
uyğunlaşdırmaq üçün evdəki kitabları ələk-vələk
etsəm də, nağılın məhz bu variantını
tapa bilmədim. Lakin atamın stolüstü
kitablarından olmuş Sübhi Bəktaşinin
"Yüz bir hekayət" adlı kitabı bu
axtarışlar zamanı əlimə keçəndə
çox sevindim. Çünki məhz bu kitabda da "Göy
saqqal"la bağlı bir məlumat olduğunu bilirdim. O
vaxtlar uşaq idim, kitaba ordan-burdan baxmışdım, amma bu məlumatın
olduğu dəqiq yadımda idi. Bəli, qiymətli
daş-qaşlardan bəhs edən kitabda məhz "Göy
saqqal" başlıqlı bir yazı var. Burada əsas məsələ
"fəlsəfə daşı" olsa da, mən
axtardığımın izinə düşmüşdüm.
Belə ki, hadisələr "fəlsəfə
daşı"nın hazırlanması və onun vasitəsilə
başqa metalların qızıla çevrilməsinə olan
inam nəticəsində törədilən cinayətlərlə
bağlıdır. Yəni burada artıq Göy saqqal
nağıl qəhrəmanı yox, real şəxsdir. Söhbət
Qraf de Retsdən (Jil de Reys) gedir.
O, "fəlsəfə daşı"nı
hazırlamaq üçün kimyaçı dostu Fransua
Prelatti ilə birlikdə 800 nəfər
bakirə qızı öldürüb onların
qanından "fəlsəfə
daşı" hazırlamaqda təqsirləndirilərək
inkvizisiya tərəfindən həbs edilmiş və yandırılmışdı. Təbii
ki, kitabda məhz "fəlsəfə
daşı" ətrafında verilən bu kiçik məlumat
məni tam qane etmədiyi üçün müqayisəmi daha aydın apara
bilmək məqsədiylə
daha çox axtarışlar etdim və Jil de Reys haqqında bir az da bilgi topladım. Əslində
kim idi o?
Jil de Reys təxminən
1404-cü ildə Fransada anadan olmuşdu və nüfuzlu bir
ailəyə mənsub idi. O, yüzillik müharibə zamanı
görkəmli hərbi lider kimi tanınırdı. Ən əhəmiyyətli
hərbi rolu Janna Darkın
komandanlığı altında olarkən oynayıb.
O, 1429-cu ildə Orlean mühasirəsinin
qaldırılmasında iştirak edib və Janna Darkın ən
yaxın silahdaşlarından olub. Janna Darkın edamından sonra
onun hərbi karyerası davam etsə də, döyüşlərdəki
rolu azalıb. Hərbi xidmətlərdən sonra Jil de Reys öz mülklərinə
çəkilib, qapanıb və
burada dəhşətli cinayətlər törətməyə
başlayıb. Cinayətlərə səbəb isə məhz
yuxarıda qeyd etdiyimiz fəlsəfə daşı idi. Tükənməkdə olan sərvətini
bərpa etmək üçün fəlsəfə
daşını tapmaq və ya hazırlamaq xülyasına
düşən Jil de Reys bu məqsədlə müxtəlif
yerlərdən kimyagərləri və okkultistləri öz
qalasına dəvət edir. Və bu kimyagərlər içərisində
italyan kimyagər Françesko
Prelati Jil de Reysi inandırır
ki, adi metalları qızıla çevirən, həmçinin
insana ölməzlik verən fəlsəfə
daşını hazırlamaq üçün iblisi köməyə
çağırmaq lazımdır. Onlar Jil de Reysə məxsus
"Tiffauges" (Tifoj)
qalasında qılıncla torpağa sehrli dairələr
çəkərək iblisi çağırmaq
üçün rituallar keçirirdilər. Jil de Reys öz
qanı ilə (bəzi mənbələrdə məhz
uşaqların qanı ilə) İblis üçün müqavilə də
imzalamışdı. Bu müqavilədə o, ruhu və
ömrü istisna olmaqla, hər şeyi İblisə qurban verməyə
hazır olduğunu bildirmişdi.
Və nəticədə də Jil de Reys getdikcə
daha da çirkin əməllərə qol qoymalı olur. O,
"Tiffauges" və "Machecoul" (Maşkul) adlanan
qalalarında bahalı avadanlıqlarla təchiz olunmuş
laboratoriyalar qurdurur. "Fəlsəfə
daşı"nı əldə etmək
üçün
saysız-hesabsız kimyəvi birləşmələr
üzərində təcrübələr aparır və bu
yolda böyük miqdarda qızıl və gümüş pul
xərcləyir. Bu kimyagərlik sınaqları zamanla
qaranlıq rituallara çevrilir. Prelatti iddia edirdi ki,
İblis Jil de Reysə kömək
etmək üçün ondan dəhşətli qurbanlar tələb
edir. Jil de Reys də istəyinə çatmaq
üçün "qurban" verməyin zəruri
olduğuna inanaraq
uşaqların qanından, bədən üzvlərindən
və daxili orqanlarından istifadə etməyə
başlayır. İddialara görə, o, yüzdən
çox uşağı oğurlayıb, onlara işgəncə
verib, öldürüb. 1440-cı ildə kilsə və
mülki məhkəmələr tərəfindən həbs
edilib. Məhkəmə zamanı Jil de Reysə qarşı
sürülən ittihamlar arasında uşaq qətli və
digər ağır cinayətlər var idi. O, cinayətlərini
etiraf edib və 1440-cı il oktyabrın 26-da Nant şəhərində
edam olunub.
Tiffauges (Tifoj) qalası
Bu gün Fransanın mühüm tarixi abidələrindən
biri hesab olunan Tifaj qalasının məhz əvvəldə
qeyd etdiyimiz kimi, həm də
çox qaranlıq bir keçmişi vardır.Tarixi mənbələrə
və məhkəmə sənədlərinə
görə, Jil De Reys yüzlərlə
uşağı qalanın zirzəmilərində və
qüllələrində qətlə yetirib, burada əlkimya və
qara magiya ilə məşğul olub. Tifaj qalasının
inşasında strateji müdafiə
əsas götürülmüşdü. Yerləşdiyi
coğrafi mövqe onu təbii müdafiə ilə təmin
edirdi. Yəni ələ keçirilməsi çətin olan ərazidə
ucaldılmışdı.
Qala haqqında da kiçik məlumatdan sonra keçək
nağıllarda "Mavi saqqal", "Göy saqqal"
adı ilə tanınınan Gil de Reysin bugünkü kölgəsinə.
Günlərdir dünya mediasını zəbt edən
Epşteyn olayları əfsanələşən, amma əslində
real şəxs olan "Mavi saqqal" ilə o qədər
oxşardır ki, istər-istəməz bu məqalənin
yazılmasına səbəb oldu. Epşteyn haqqında da
uzun-uzadı yazmaq niyyətim yoxdur. Çünki bu gün
onunla bağlı kifayət qədər yazılır,
göstərilir, əməlləri şərh edilir və bu
haqda saysız-hesabsız mənbələr mövcuddur. Amma mən
sadəcə bir müqayisə aparmaq, bu iki şəxsin
oxşarlıqlarına diqqət çəkmək istədim.
Çünki Jil de Reys və Cefri Epşteyn arasında əsrlər,
fərqli cəmiyyətlər və fərqli siyasi
quruluşlar olsa da, onları birləşdirən mühit və
davranış üsulları dərhal nəzərə
çarpır:
l Onların bu cinayətləri törətdikləri hər
iki məkan - Tifoj qalası və Epşteyn adası ( Little
Saint James adası) kənar müşahidədən uzaq,
qapalı bir mühit təşkil edirdi.
l Hər iki cinayətkarın aidiyyəti qurumların
diqqətindən kənarda qalma səbəbi yüksək
statusa malik olmaları idi. Jil de Reys dövrünün
güclü zadəganlarından biri, Fransa Marşalı
idi. Epşteyn isə geniş əlaqələri
olan bir milyarder. Yəni bu "statusları" onlara
"toxunulmazlıq zirehi" geyindirərək məsuliyyətdən
yayındıra bilmişdi.
l Onların hər ikisi qurbanlarının
yoxsulluğundan, müdafiəsizliyindən istifadə etmək
və onları dəbdəbə ilə aldatmaqla istəklərinə
nail olurdular. Belə ki, Jil De Reysin qurbanlarının çoxu
(əsasən 6-18 yaş arası oğlan və qızlar)
olduqca kasıb ailələrdən idi. O, uşaqları
qaçırmaq və ya aldadıb gətirmək
üçün sadiq xidmətçilərindən istifadə
edirdi. Bu xidmətçilər ətraf kəndlərdə tənha
qalan uşaqları izləyir və onları qalaya gəlməyə
razı salırdılar. Qalaya daxil olan uşaqlara əvvəlcə
xeyli nəzakətli davranılırdı. Onlara ömürlərində
görmədikləri bahalı paltarlar geyindirilir, dadlı yeməklər
verilir və necə deyərlər, "şahzadə"
kimi rəftar edilirdi. Jil de Reys
qurbanlarını elə təbəqədən
seçirdi ki, onların yoxa çıxması heç kimin
diqqətini çəkməsin. Kasıb valideynlərin isə
ona qarşı çıxmağa gücü və cəsarəti
çatmırdı... Bəs Epşteyn neyləyirdi? Burada
da kasıb, çarəsiz qızlar maaş
qarşılığında "masaj" və ya
"modellik" adı ilə işə
götürülürdü.
Aldadılaraq şəbəkəyə salınan bu
yeniyetmələr illərlə davam edən ağır cinsi
istismar, insan alveri və sistemli təhdidlərlə üzləşirdilər.
Bəziləri pul qarşılığında öz
yoldaşlarını şəbəkəyə cəlb etməklə
bəlkə də özləri də bilmədən təhlükəli
cinayətin iştirakçısına çevrilirdilər.
Bu işlərdə Epşteynin ən yaxın köməkçisi
Jislən Maksvell (Ghislaine Maxwell)
idi. İddialara görə,
Maksvell Epşteyn üçün yetkinlik yaşına
çatmayan qızları tapır, istiqamətləndirir və
cinsi istismara hazırlayırdı. O, Epşteynlə birgə
qurbanları qorxu altında saxlayır, onların gələcək
karyeralarını məhv etməklə və ya ailələrinə
zərər verməklə hədələyirdi. Epşteyn cinayətlərində
uşaqların yardım adı altında oğurlanması ilə
bağlı fikirlər də mövcuddur.
l Okkultizm və ayin iddialarına gəldikdə isə,
açığı danışılanlar mənə o qədər
də ağlabatan görünmür. Çünki insanlar
tarixən hadisələri şişirdərək
danışmağa meyilli olurlar və ya nə zamansa məcazi
mənada işlənmiş bir fikri real hadisə kimi
danışırlar. Keçmişdə bu hadisələr
dildən-dilə keçdikcə nağıllaşır,
şişirdilir, fərqli təqdim olunurdusa, bu gün də süni
intellekt vasitəsilə yaradılan bir çox
şişirdilmiş görüntülərin geniş
kütləni inandırdığının şahidi oluruq.
Amma buna baxmayaraq, əgər deyilənlərə inansaq, həmin
ayinlərin də həyata keçirilməsində bu iki
şəxsin əməllərinin
oxşarlığını taparıq. Belə ki, Jil de Reys 1440-cı ildəki məhkəmə
sənədlərinə görə, əlkimya ilə məşğul
olur və uşaq qurbanları verərək "Barron"
adlı demonu çağırmağa
çalışırdı. O, inanırdı ki, bu varlıq
ona əbədilik iksiri və qızıl əldə etməkdə
yardımçı olacaq. Epşteyndən danışanda da rəsmi
sübutlar olmasa belə, bəzi iddialar onun adasındakı məbədəbənzər
tikilini okkult ayinlərlə əlaqələndirir. Deyilənlərə
görə, həmin məbəddə müxtəlif leqal
olmayan xidmətlər - satanizmə məxsus dini ritual kimi qəbul
olunan insanları və uşaqları şeytana qurban etmə
mərasimləri, azyaşlılara qarşı cinsi
zorakılıqlar təşkil
olunub.
Bir sözlə, hər 2 fiqur bir daha göstərir ki,
cinayət və sui-istifadə eyni sxemlə əsrlər boyu təkrarlana
bilər. Bəzən güc və var-dövlət artdıqca
nəzarət azalır, qurbanlar daha çox susdurulur, sistem isə gec də olsa, qorxunc nəticə
ilə üz-üzə qalır. Epşteyn və Jil de Reys
arasında əsrlərlə fərq olsa da, onların hekayəsi gücün
qaranlıq tərəfinin zaman tanımadığını
ortaya qoyur və "Mavi saqqal"ın heç də sadəcə
nağıl qəhrəmanı olmadığını
göstərir. Amma bu "Mavi saqqal"lardan daha böyük
və daha qorxunc "saqqal" varmı, bax bu həmişə
müəmmalı qalır və mən də burada cavab
axtarmaqdan vaz keçib gedirəm öz işimin ardıyca.
Məhsəti MUSA
525-ci qəzet .- 2026.- 13 fevral (¹6).- S.21.