Üzeyir və Ceyhun Hacıbəylilər  

MƏKTUBLARDA YAŞANAN İLLƏR

 

Üzeyir bəy Hacıbəyli - görkəmli bəstəkar, dirijor, musiqişünas, pedaqoq, jurnalist, publisist, redaktor, naşir, dramaturq, alim, ictimai-siyasi xadim -  bu gün öz yazılı irsinin daha bir yeni tərəfi ilə, Azərbaycan ədəbiyyatında elə də dərin ənənələri olmayan epistolyar janrda yaratdığı qiymətli nümunələrlə gündəmə gəlir.    

Əslində epistolyar janr məktub formasında yazılmış ədəbi əsərləri nəzərdə tutsa da, Üzeyir bəyin bədii-fəlsəfi əsər deyil, öz doğmalarına, yaxınlarına, dostlarına yazdıqları məktublarla bu janrda özünəməxsus yeni bir guşə yaratdığını iddia etmək olar. Belə ki, bu məktublar onun özünün daxili aləmini, düşüncələrini, hisslərini, yazışdığı şəxslərlə münasibətlərini, eyni zamanda qarşı tərəfin bir çox xüsusiyyətlərini ifadə etməklə yanaşı, bəhs olunan dövrün real tarixi-ictimai mühitinin və mühüm hadisələrin mənzərəsini də yaratmaq baxımdan nəinki epistolyar ədəbiyyatın funksiyasını yerinə yetirir, bəlkə də ədəbi əsərdən qat-qat artıq əhəmiyyət kəsb edir.

Üzeyir bəylə Məleykə xanımın "məktublarda yaranan romanı" ilə tanışlıqdan sonra (Bax: "Üzeyir və Məleykə. Məktublarda yazılan roman" - "525-ci qəzet", 23, 24 oktyabr 2025-ci il, ¹193, 194), sizə bu silsilədən ikinci bir yazını təqdim edirəm. Həyatının böyük hissəsini Hacıbəyov soyadı ilə yaşamış Üzeyir bəyin öz kiçik qardaşı Ceyhun  (Hacıbəyov-Hacıbəyli) ilə 1909-1942-ci illəri əhatə edən yazışması bir çox məqamları ilə olduqca səciyyəvidir. Belə ki, 30 ildən artıq, siyasi quruluşuna görə isə 3 müxtəlif zaman kəsiklərində yazılmış bu məktublar istər bioqrafik, istərsə şəxsi-qohumluq, ailə-qardaş münasibətləri çərçivəsindən çox-çox kənara çıxaraq, şəxsiyyətlərlə bərabər, həm də hər bir dövrün dəyişkən abu-havasını və siyasi mənzərəsini canlandırır.

Xüsusilə Üzeyir bəyin  məktublarında Azərbaycan Cümhuriyyəti, Sovet Azərbaycanı və SSRİ-nin ən ali mənsəb - vəzifə sahiblərinin, tanınmış siyasi-ictimai və dövlət xadimlərinin adları çəkilir, Hacıbəyov qardaşlarının bu siyasi elitalar arasında nüfuz sahibi olduğu, kifayət qədər yüksək mövqelər tutduğu, eyni zamanda olduqca gərgin, təzadlı, bəzən təhlükəli hadisələrlə üzləşdiyi, böyük seçimlər qarşısında durduğu, faciələr yaşadığı və sairə kimi çox mürəkkəb və keşməkeşli bir həyat sürdükləri bütün çılpaqlığı ilə əks olunur.

lll           

 

Mahiyyət etibarilə 3 dövrə bölünən və ümumilikdə 57 məktubdan ibarət olan bu yazışmada əsas "yük" Üzeyir bəyin üzərinə düşür. Belə ki, Ceyhun Hacıbəylinin hələ Çar Rusiyası dönəmində - 1912-1913-cü illərdə qardaşına yazdığı 11 məktub istisna olmaqla, qalan 46 məktubdan 42-si Üzeyir bəy tərəfindən yazılmışdır və aydındır ki, burada söhbət yalnız əlimizdə olan məktublardan gedir (Bu yazışmada 2 məktub Məleykə Hacıbəyovaya, 1 məktub Ceyhun bəyin həyat yoldaşı Zöhrə xanım Hacıbəyliyə, 1 məktub isə Fransada yaşayan, soyadı göstərilməyən  Zeynəb xanıma məxsusdur).   

Hacıbəyovlar ailəsi. Aşağıda: Ceyhun, Zülfüqar və Üzeyir.

Ceyhun bəyin nə Cümhuriyyət, nə də sovet dövrü Üzeyir bəyə, eləcə də böyük qardaşı Zülfüqar bəyə və bacısı oğlu Camal Paşayevə yazdığı məktubların heç biri hifz olunmamışdır və bunun da səbəbi anlaşılandır. 1930-cu illərin əvvəllərindən sərtləşməyə başlayan sovet rejimi daxilində, xüsusilə 1937-1938-ci illər Stalin repressiyaları fonunda Bakıdakı Hacıbəyovların Parisdən, siyasi mühacir Ceyhun Hacıbəylidən məktublar alması artıq qeyri-mümkün idi. Hətta 1920-ci illərdə açıq şəkildə Parisdən Bakıya gələn məktublar belə aşkarlanacağı təqdirdə ünvanlandığı insanların taleyinə ən ağır şəkildə təsir edə bilərdi. Odur ki, Ceyhun bəyin 1919-1920 və 1921-1930-cu illər ailəsinə, o cümlədən Üzeyir bəyə göndərdiyi məktubların elə ailə üzvləri tərəfindən tələf edildiyi şübhə doğurmur.

Üzeyir bəyin, eləcə də bacısı oğlu Camal Paşayevin həmin illərdə Parisə, Ceyhuna və ailəsinə yazdıqları məktubların bu gün əlimizdə olmasına görə isə biz ilk növbədə onları hifz etmiş Ceyhun bəy və onun övladları ilə yanaşı, həm də, bəlkə də daha artıq Fransada, beynəlxalq YUNESKO təşkilatında SSRİ-nin təmsilçisi işləmiş fədakar bir soydaşımıza - tanınmış diplomat, Böyük azərbaycanlı və Vətəndaş, görkəmli ictimai xadim Ramiz Abutalıbova borcluyuq. Hələ sovet hakimiyyətinin "oğlan çağlarında" özünün diplomat karyerası, bəlkə də həyatı üçün real təhlükələrə baxmayaraq, gizli surətdə 1920-ci illər Azərbaycan mühacirətinin sağ qalmış üzvləri və varisləri ilə görüşən, xüsusilə Paris Sülh Konfransında Azərbaycan Nümayəndə Heyətinin xadimlərinin övladları ilə sıx təmas quran Ramiz müəllim qazandığı etimad nəticəsində onlardan öz ata və babalarına məxsus sənədləri Vətənə göndərmək razılığını almağa müvəffəq olmuşdur. Daha sonra Ceyhun Hacıbəyli də daxil, bir çox siyasi mühacirlərə aid sənədlərin orijinallarını müxtəlif yollarla hissə-hissə Bakıya gətirərək arxivlərə vermiş və beləliklə, bu zəngin tarixi-yazılı irsin öz ölkəsinə qayıtmasında və qorunmasında əvəzsiz xidmət göstərmişdir. Ramiz Abutalıbovun ruhu şad olsun. Bu sənədlər neçə-neçə kitabların, əsərlərin, xatirələrin yazılmasına və nəşrinə rəvac vermişdir və hələ də verəcək.

Üzeyir bəy Hacıbəyovun 1919-cu ildən başlayaraq, 1920-1930-cu illər daxil olmaqla demək olar ki, 15 il müddətində Parisə, qardaşına göndərdiyi məktublar bu sıradandır və onların daha bir dəyəri ondadır ki, məhz bu məktublara səbəb Ceyhun bəyin əlimizdə olmayan məktublarının da ümumi məzmunu aydınlaşır və bir çox mühüm mətləblərin üstü açılır. 

1940-cı illərə aid əldə olan cəmi 3 məktub isə - Fransadan gələn 2 və  cavab verilən 1 - öz məna yükünə görə nəinki əvvəlkilərdən az əhəmiyyət kəsb edir, əksinə, Üzeyir  və Ceyhun Hacıbəyov qardaşlarının münasibətlərinin məktublarda əks olunan 30 illik yazışmasında, bir növ "Son nöqtə" funksiyası daşıyır. Əslində Üzeyir bəyin xüsusi şərtlər daxilində 1942-ci ildə qardaşına yazdığı və yəqin ki, həqiqətən sonuncu olmuş bu məktub birmənalı şəkildə Üzeyir bəyin yalnız qardaşı Ceyhuna deyil, bəlkə də  ümumiyyətlə həyatında yazdığı, məzmun etibarilə ən faciəli, mahiyyət etibarilə ilə ən ağır məktub sayıla bilər.

lll

Ceyhun Hacıbəylinin 1912-ci ildə Bakıdan, 1913-cü ilin əvvəllərində isə Sankt-Peterburqdan Moskvaya, qardaşı Üzeyirə göndərdiyi məktublarda ilk baxışda daha çox məişət məsələlərindən bəhs edilsə də, əsasən qadınlardan və bacı uşaqlarından ibarət böyük Hacıbəyovlar ailəsinin çəkdiyi maddi sıxıntıların, bu zəmində ailə üzvləri arasında baş verən kiçik münaqişələrin təsviri arxasından gənc Ceyhunun daim əsəb sarsıntısı keçirdiyi sətiraltı aydın oxunur. Ceyhun bəyin əsəb və narazılığının başqa səbəbi də var: o da Üzeyir kimi təhsilini davam etdirmək istəyir. Doğrudur, o, hələ qardaşından da əvvəl, milyonçu Murtuza Muxtarovun maddi dəstəyi ilə 1908-ci ildə Peterburqa, daha sonra Fransaya təhsil almağa yollanmış, Sarbonna universitetinə daxil olmuşdu. Lakin təhsilini tam başa vurmadan Bakıya qayıtmış Ceyhun 1912-ci ildə həmin xahişlə digər milyonçuya, Hacı Zeynalabdin Tağıyevə müraciət etsə də, bu təşəbbüsü baş tutmayıb.

Üzeyir Hacıbəyov. 1918-1919-cu illər

Beləliklə, bu dövrə aid məktublarda bütün ailənin Üzeyir Hacıbəyovun əsərlərini maliyyələşdirən "Nicat" cəmiyyətindən tam maddi asılılığı, Moskvaya gedərkən Üzeyirin öz işlərini rəsmən Müslüm Maqomayeva həvalə etməsi, nişanlı olduğu Zöhrə Hacıqasımova ilə toy mərasiminin imkansızlıq üzündən yubanması və digər məsələlər və şikayətlər fonunda Ceyhun Hacıbəylinin tamamilə yeni obrazı canlanır. Sanki bu əsəbi, hamıdan və hər şeydən narazı Ceyhun elə həmin dövr "Kaspi" qəzetində səlis rus dilində ən geniş mövzularda - beynəlxalq hadisələrdən tutmuş, Bakının ictimai-siyasi mühitinə dair bir-birindən məzmunlu, sərt, analitik, tənqidi məqalələr yazan, digər mətbuat orqanlarında Azərbaycan dilində də güclü qələmə malik olduğunu nümayiş etdirən, şəhərin mədəni həyatında, xeyriyyə təşkilatlarının işində fəal iştirak edən istedadlı gənc deyil...

Nəhayət, 1912-ci ilin payızında xalaoğulları Bədəl bəy Bədəlbəyovun  evində toy mərasimi keçirildikdən və yenə də Üzeyir bəyin əsərləri hesabına dolanışıq məsələləri az-çox yoluna qoyulduqdan sonra Ceyhun Hacıbəyli 1913-cü ilin yanvarında Sankt-Peterburq universitetində təhsil almaq üçün bu şəhərə gəlir. Lakin oradan Moskvaya, Üzeyirə göndərdiyi kiçik, qısa məktubların da əsas məzmununu Bakıdakı ailə problemləri təşkil edir. Bu məktublarda diqqət çəkəsi çox qəribə bir məqam da var. Ceyhun "Bəradəri mehriban" (Mehriban qardaşım) - deyə müraciət etdiyi özündən 6 yaş böyük qardaşı Üzeyir bəylə çox ərklə, hökmlə danışır, onu danlamaqdan, məsləhətlər verməkdən, yol göstərməkdən belə çəkinmir. Böyük ailənin ağır maddi durumunun doğurduğu əzab və əsəb, özünün heç cür reallaşdıra bilmədiyi planları üçün sanki yalnız Üzeyir bəyin məsuliyyət daşıdığı təəssüratı yaradan bu məktublar Ceyhun bəyin kifayət qədər ağır xasiyyətə malik olduğunu göstərir. Bu məqam bir tərəfdən Ceyhunun Hacıbəyovlar ailəsinin sonbeşiyi kimi uşaqlıqdan anası, qardaşları və bacıları tərəfindən ərköyün böyüdüldüyü ilə izah edilirsə, digər tərəfdən yaşadığı və özünü təsdiq etmək istədiyi mühitin də ağır şərtləri, istedadlı, savadlı gənclərə layiqli həyat tərzi sürməyə imkan verməməsi, daim  pulsuzluq və s. ilə şərtlənə bilərdi. Bu zaman gənc də olsa, artıq Bakı cəmiyyətində, xüsusilə onun  mədəni-ədəbi dairələrində Üzeyir bəyin danılmaz nüfuzu da görünür ki, Ceyhun bəyi hələlik ikinci rollarda saxlayırdı. Hacı Zeynalabdin Tağıyevlə görüşündə Hacının Ceyhunu dinləməzdən əvvəl, ilk olaraq Üzeyiri soruşması, onun Moskvadakı işləri ilə maraqlanması bu ehtimalı bir daha təsdiq edir.

Lakin Ceyhun bəyin məktublarındakı bu "ərköyün" tona əsas verən daha bir səbəb də vardır. Bu, Üzeyir bəyin "Nuri didə" (Gözümün işığı) deyə müraciət etdiyi kiçik qardaşına son dərəcə nəvazişkar, qayğılı, mehriban, dözümlü münasibətidir. Üzeyir bəyin Ceyhuna kiçik qardaşdan daha artıq, az qala öz övladı kimi baxdığı, bütün şıltaqlıqlarına dözdüyü, hər vasitə ilə himayə və sakit etdiyi, daim diqqətdə saxladığı və nəhayət, həyatının ən təhlükəli məqamında belə ona dəstək olmaqdan çəkinmədiyi onun istər bu, istər sonrakı dövr məktublarında bütün çalarları, açıq və sətiraltı mənaları ilə əks olunur.

Hələ 1912-ci ildə Moskvadan Bakıya, Ceyhuna göndərdiyi məktublarda məişət, təhsil, əlavə gəlir axtarışları və s. problemlərini, hətta Məleykənin yolunu gözləyərkən çəkdiyi iztirabları ən kiçik təfərrüatları ilə təsvir etməsi Üzeyir bəyin Ceyhunu özünə nə qədər yaxın bildiyini, qardaşlar arasında sıx bağlılıq olduğunu göstərir. Bu məktublar Üzeyir bəyin çox kövrək qəlbə malik olmaqla, həm də həyata artıq müdrik münasibətini, hədsiz ağır maddi durum içində belə təskinlik notu tapa bilmək, nikbin qalmaq qabiliyyətini nümayiş etdirir: "...Və burada mənim yadıma Vaqnerin avtobioqrafiyası düşdü. Özümə təsəlli verdim ki, onun kimi böyük bir zatın pulsuzluq ucundan çəkdiyi əzablar və yaman günlər mənimkindən daha çətin idi. Mən heç olmasa bir yerdən pul gözləyirəm, amma o binəva Parisdə olarkən heç yerdən pul gözləməyib, arvadı ilə belə ac qalırdılar".

Bu sətirlər eyni zamanda Üzeyir bəyin R.V.Vaqner kimi məşhur bəstəkarın yalnız musiqisi ilə deyil, "Mənim həyatım" adlı neçə cildlik avtobioqrafik əsəri ilə də yaxından tanış olduğundan və geniş qiraətindən xəbər verir.

Başqa məktubunda Məleykə xanımı qarşılamaq üçün iki gün dalbadal dəmiryol vağzalına gələn Üzeyir bəy yenə də pulsuzluq üzündən düşdüyü çox acı vəziyyəti özünəməxsus yumorla təsvir edərkən, onu başqa bir cəhətdən səciyyələndirə biləcək mühüm bir məqam açıqlanır:  

"Gördüm erməni studenti də burada gözləyir. Bunun surəti qafqazlı olduğuna görə xoşuma gəldi, Vətən yadıma düşdü, Qafqazı könlüm istədi. Burada mən ömrümdə birinci dəfədir ki, vətən həsrəti çəkirəm. Mənim könlüm tək Bakını və ya Qarabağı deyil, bəlkə bütün Qafqazı bərk istəyir. Odur ki, burada Qafqaza dair bir şey görən kimi, məsələn: Qafqaz maqazini və sairə, dayanıb tamaşa edirəm. Qafqaz geyimli bir adam görəntək dayanıb dalınca baxıram... Moskvada mənim xoşuma gələn bir şey varsa, onlardan biri qarğalardır. Bu qarğaların qağaldaşması mənim yadıma Qarabağın düzlərini, və əli-əlümum, Qafqazı salır... Mən ermənini mənzilimə aparıb çay içirtdim".     

Ceyhun Hacıbəyli oğlu Ceyhunla (Ceyçik), 1919, Paris. 

Beləliklə, 1912-1913-cü illərdə Üzeyir Hacıbəyov Vətən həsrəti çəkərkən, yalnız doğulduğu Qarabağı, yaxud yaşadığı Bakını deyil, ümumən Qafqazı nəzərdə tutur. 1905-1906-cı illər birinci erməni-müsəlman silahlı qarşıdurmasını şəxsən yaşamış və faciəli fəsadlarını görmüş Üzeyir bəyin müəllim işlədiyi Hadrutun erməni kəndlilərinin gecə vaxtı onu gözlənilən təhlükədən xilas etmək üçün gətirdikləri ata mindirib, məşəllərlə yolunu işıqlandıraraq Bakıya yol saldığı hadisənin qoyduğu dərin izin təsirindənmi, yaxud baş vermiş hadisələrə, region xalqlarının həyatına və birgəyaşayış münasibətlərinə daha geniş ictimai nəzərlərlə baxdığındanmı, hər halda Üzeyir bəyin çox səmimi "Qafqaz sevgisi" daha ciddi düşüncələrə rəvac verir. Sonralar, 1917-ci ilin fevralında Rusiya monarxiyasının süqutu ilə Qafqazın region olaraq siyasi səhnəyə çıxması və Qafqaz xalqlarının öz müqəddəratını həll etmək uğrunda üzləşdiyi problemlər, erməni-müsəlman silahlı qarşıdurmasının yenidən və daha geniş miqyas alması və yalnız Azərbaycan Cümhuriyyətinin yaradılması ilə öz həllini tapması Üzeyir bəyin də bütün bu hadisələrə artıq tamamilə başqa, siyasi nəzərlərdən yanaşmasını şərtləndirəcək. Bununla belə,  "Qafqaz birliyi" məsələsi hələ uzun müddət gündəmdə qalacaq...        

 

Təbii ki, 1918-ci ilin qanlı mart günlərindən, müsəlman əhalisinin kütləvi qırğınlarından sonra aprelin ortalarında İrana "teatr qastrollarına" çıxmağa, əslində erməni-bolşevik Bakısını tərk etməyə müvəffəq olmuş Üzeyir bəy, yeni rejimin mahiyyətini dərk edirdi. Təsadüfi deyil ki, artıq may ayında o, Bakıda qoyduğu ailəsini ölkədən çıxara bilmişdi. Diqqətəlayiqdir ki, Hacıbəyovların ailə üzvlərinin Bakıdan çıxışı üçün Şaumyanın Bakı Sovetindən alınmış və Zülfüqar Hacıbəyovun adına verilmiş icazə siyahısında Ceyhunun da adı göstərilir. Lakin Zöhrə xanımın xatirələrindən məlum olur ki, Ceyhun həmin dövr İrana getməmişdir. Belə ki, qanlı qırğınların ən şiddətli vaxtında,  1918-ci ilin 31 martında onun ilk övladı - öz adını verdiyi kiçik Ceyhun anadan olmuş və gənc ailə bir müddət Bakı bağlarında gizləndikdən sonra böyük çətinliklə Gəncəyə gəlib çıxmışdır.

Bakı işğalçılardan alınana qədər İstiqlalını elan etmiş Azərbaycan Cümhuriyyətin müvəqqəti paytaxtı sayılan bu şəhərdə Ceyhun Hacıbəyli dərhal Azərbaycan dövlətçiliyinin qurulması prosesinə qoşulmuşdur. 1918-ci ilin 15 sentyabrında, Bakının işğaldan azad olunduğu gün daha bir tarixi hadisə baş vermiş, Azərbaycan ziyalılarının 30 ilə yaxın məhz bu ad üstündə apardıqları mübarizə nəhayət ki, öz sonluğuna çatmış, maarif naziri Nəsib bəy Yusifbəylinin birbaşa dəstəyi ilə Gəncədə Azərbaycan və rus dillərində "Azərbaycan" adlı qəzet nəşrə başlamışdı. 27 yaşlı Ceyhun bəy Hacıbəylinin qəzetçilik təcrübəsi layiqincə qiymətləndirilərək o, Azərbaycan dilində çıxan və dərhal rəmzi məna kəsb edən qəzetin redaktoru təyin olunmuşdu. Rus dilində çıxan qəzetə rəhbərlik Şəfi bəy Rüstəmbəyliyə tapşırılmışdı.

 "Azərbaycan" qəzetinin 1918-ci il 24 oktyabr tarixli, artıq Bakıda buraxılmış 21-ci sayında göstərildiyi kimi, "Mart hadisatından sonra İrana getmiş məşhur musiqişünas və bəstəkar Üzeyir bəy Hacıbəyov" özü isə oktyabrın 23-də "Arxangelsk" paroxodu ilə Bakıya qayıtmışdı.

Maraqlıdır ki, 1918-ci ilin oktyabr-noyabr aylarında Bakıda öz fəaliyyətini bərpa etmiş "Hacıbəyov qardaşlarının" teatr truppasının Üzeyir bəyin "Arşın mal alan" və "O olmasın, bu olsun" operettalarının quruluşunu Müslüm Maqomayev həyata keçirmiş, Üzeyir bəy qismən  musiqi-teatr işlərinə qoşulsa da, əsas fəaliyyət sahəsi kimi "Azərbaycan" qəzetinin Parlament müxbiri vəzifəsinə üstünlük vermiş və qəzetin 16 noyabr 1918-ci il tarixli 41-ci sayında artıq ilk yazısı dərc olunmuşdur.

Ceyhun Hacıbəyli Paris Sülh konfransında Azərbaycan nümayəndə heyətinin tərkibində. (sağdan ikinci)

Azərbaycan Cümhuriyyətinin müstəqilliyinin tanınması məqsədi ilə Paris Sülh Konfransına göndərilən Azərbaycan Nümayəndə heyətinin tərkibinə daxil edilmiş Ceyhun Hacıbəyli 1919-cu ilin yanvarında heyətin digər üzvləri və ailəsi - Zöhrə xanım və 9 aylıq oğlu Ceyhunla (Ceyçik) - İstanbula yola düşdükdən sonra Üzeyir Hacıbəyli Məhəmməd Əmin Rəsulzadə ilə birlikdə "Azərbaycan" qəzetinin redaktorlarından biri təyin olunmuşdur. Ceyhuna məktubdan göründüyü kimi, Azərbaycan Parlamentində aparıcı "Müsavat və bitərəflər" fraksiyasının rəhbəri olan  Rəsulzadənin qəzetə yalnız məqalələr yazacağı məlum olandan sonra Üzeyir Hacıbəyli arada 2 aylıq fasilə ilə Cümhuriyyətin 1920-ci il Aprel işğalının son gününə qədər bu qəzetə tək redaktorluq etmişdir. Bütün bu müddətdə onun özünün həmin qəzetin səhifələrində 120-dən artıq yazısı dərc olunmuşdur.

1919-cu ilin yanvarın 10-da Paris Sülh konfransında iştirak üçün Bakını tərk edən Azərbaycan Nümayəndə heyətinin üzvləri, Ceyhun Hacıbəyli də daxil olmaqla, İstanbulda heyətin başçısı Əlimərdan bəy Topçubaşovla birləşirlər və Fransaya viza almaq üçün bu şəhərdə daha 3 ay qalandan sonra, 1919-cu ilin may ayının əvvəllərində nəhayət ki, Parisə gəlib çıxırlar.  

 

Ceyhun bəyin Bakıdakı ailəsi, qardaşları və digər qohumları ilə yazışması hələ İstanbulda olduğu vaxtdan başlamışdır, lakin artıq qeyd edildiyi kimi, məlum səbəblərdən bu məktublar hifz olunmamışdır. Üzeyir bəyin isə 1919-1920-ci illərə aid cəmi 6, bu məktublardan 2-si Məleykə xanıma mənsub olmaqla, əslində yalnız 4 məktubu qalmışdır.

"Nuri-didələr: Ceyhun, Zorya və Ceyçik!" müraciəti və "sizdən çox nigaran idik, lakin kağızlarınız yetişdikdən sonra arxayınlıq hasil oldu" - cümləsi ilə başlanan 19 mart  1919-cu il tarixli ilk məktubdan artıq məlum olur ki, Üzeyir bəyin bu 4 məktubu yalnız ailə daxili yeniliklərdən ibarət olmayıb, istər dövrün mühüm hadisələri, istərsə də Cümhuriyyət hökumətinin və özünün fəaliyyəti haqqında çox maraqlı mənbə rolunu oynayır:

"Qəzetəni idarə davam edirəm, ancaq iş çox olduğuna görə yoruluram. Xeyli şrift gətirdik. Bu günlərdə qəzetəni böyüdəcəyik";

"...bu saat Bakıda iyirmidən çox qəzetə çıxıyor. "Kaspi" pulsuzluq üzündən bağlandı";

"...Xan Xoyski hökuməti istefa verdi. Səbəbi "İttihadçı"lar oldu";

"Hər halda işimiz yaxşıdır. Könüllüləri və sairləri şəhərdən qovduq, ingilis polisasına da ehtiyac qalmadı; bu günlərdə öz qoşunumuz gəldi. Flot dəxi tərkisilah etdirildi"  və bu kimi sətirlər sadəcə son 2 ayda ölkədə baş verən məlumatlar olmayıb, "işimiz", "qovduq", "öz qoşunumuz gəldi" - deməklə Üzeyir bəyin müstəqil dövlətçilik işinə tam rəğbətini, birbaşa və sıx bağlılığını  ifadə edir.  

 

Əldə olan məktublar arasında neçə aylıq fasilə həmin dövrə aid Üzeyir bəyin məktublarının heç də hamısının hifz olunmadığı göstərir. Şərti olaraq 2-ci sayılan 8 oktyabr 1919-cu il tarixli məktub da Üzeyir bəyin çox yüksək əhval-ruhiyyəsini, ölkənin mövcud durumunundan, "məvaciblərin artdığından", özünün və qohumların dolanacağından razılığını ifadə etməklə, dövlətin birinci şəxsləri ilə, əslində uzun illərdən bəri tanış və  həmməslək olduğu insanlarla yoldaşlıq və dostluq münasibətlərindən xəbər verir: "Zatən Məhəmməd Əmin demişkən, yevropalıların rəsmi surətdə gəlib, bir ay burada görüb də həqiqəti-haldan öz təşəbbüsləri ilə xəbərdar olmaları sizin orada bu qədər uzun qalmağınızı lüzumsuz buraxır".  

Bir müddət əvvəl, sentyabrın 18-də, öz ad günü münasibətilə təbrikə gələn qohumlardan söz açan Üzeyir bəy eyni zamanda, digər qonaqlarını  da sadalayır: "O günü yaxşı bir qonaqlıq qayırdıq. Nəsib bəy özü, arvadı, Məhəmməd Əmin, Şəfi bəy dəxi bizdə idilər. Sizin də sağlığınıza içdik və sizi yad-bud etdik".

Lakin bütün bunlardan ən mühümü, Üzeyir bəy özü demişkən, "siyasi işlərdir". Həmin dövr hökumətin böhran keçirdiyini, Nəsib bəy kabinetinin istefa verdiyini bildirən Üzeyir bəy o qədər də narahat deyildir: "...bu günlərdə yenə başında Nəsib bəy olmaq üzrə yeni kabinə düzələcəkdir. Nazirlərin ədədi bir az azalıb, əlavə zənn edirəm ki, sosialistlərə yer verilməyəcəkdir. Əhvali-siya-simiz dedikcə yaxşıdır. Nəsib bəy işi çox gözəl apardı və məmləkəti demək olar ki, hər bir təhlükədən qurtarmaqla bərabər abad, məmur və qüvvətli bir hala saldı. Bu saat tam mənası ilə müstəqil dolanırıq. İçimizdə heç bir biganə əl yoxdur. Qarabağ və Lənkəran məsələləri bizim nəfimizə olaraq həmən qan tökülmədən həll edildi. Bir əndişəmiz varsa, o da şimaldandır. Lakin o barədə də bizə ümid verənlər yox degildir. Qərəz, işimiz xoddur..."

Üzeyir bəyin Moskvadan Ceyhuna məktubu.  1912-i il.  Dekabr 1912-ci il.

Beləliklə, reallıqdan çıxış edən Üzeyir bəyə görə 1919-cü payızı üçün ölkənin siyasi vəziyyəti həqiqətən yaxşıdır, xarici hərbi qüvvələr Azərbaycanı tərk edib və  müstəqillik təmin olunub, Qarabağ və Lənkəran ərazilərində Azərbaycan hakimiyyəti bərpa edilib, yeganə nigarançılıq şimaldan - Rusiyadandır ki, həmin dövr rus generalı Denikinin Könüllü ordusu artıq bütün Dağıstanı işğal etmişdi. Lakin o dövr Azərbaycan hökuməti qarşıdakı təhlükəni zərərsizləşdirmək üçün həqiqətən əməli tədbirlər görürdü və Üzeyir bəyin nikbinliyi də əbəs deyildi.    

Daha 3 aylıq "fasilədən" sonra, 13 yanvar 1920-ci il tarixli məktubunu da Üzeyir bəy dərhal çox mühüm xəbərlə başlayır: "Azərbaycanın təsdiqi - bayramına məşğuluq".

1920-ci ilin 10 yanvarında  Azərbaycanın müstəqilliyinin aparıcı dünya dövlətləri tərəfindən de-fakto tanınması - Azərbaycan dövlətçiliyin təsdiqi Cümhuriyyətin beynəlxalq miqyasda tarixi qələbəsi olmaqla Bakıda və Gəncədə böyük təntənə ilə qeyd edilmişdi. Üzeyir bəyin ailəsi, xüsusilə anası üçün bu xəbər bir də ona görə çox sevindirici idi ki, Fransada öz missiyasını artıq başa vurmuş Azərbaycan Nümayəndəliyi üzvlərinin, Ceyhun bəy də daxil olmaqla, tezliklə vətənə dönəcəyi təxmin edilirdi: "Və bir də əgər orada öylə bir vacib iş yoxsa, artıq oturmağın nə mənası? Çıxın gəlin buraya. Getmək lazım olsa sonra da mümkündür".

Bu məqam Üzeyir bəyin başçılığı ilə Parisə teatr qastrollarının təşkili ilə bağlı artıq Baş nazir Nəsib bəy Yusifbəyli ilə razılaşdırdığı məsələni də təxirə salırdı: "...indi artıq getmək əhvalatı hələ sonraya qaldı. Əvvəl siz gəlin görüşək, bəlkə sonra genə bir yerdə getməli olduq".

Nəhayət, bu məktubunda Üzeyir bəy ilk dəfə öz musiqi yaradıcılığından söz açır və çox mühüm bir etiraf edir: "Qəzetə işim musiqi işlərimə çox xələl yetirir, odur ki, qəzetədən çıxmaq istəyirəm, lakin hələ ki, bir münasib müdir tapa bilmiyorlar. İndi mən sən gələni gözləyib, qəzetəni saxlaram".

Lakin artıq 3 gündən sonra, 16 yanvar 1920-ci il tarixdə yazılan "sonuncu" məktubdan aydın olur ki, müstəqilliyi tanınan Azərbaycan hökuməti Avropa ölkələrində öz səfirliklərini açmaq niyyətindədir və mümkündür ki, Ceyhun bəy də bu işlərə cəlb olunsun. Üzeyir bəy yenidən Parisə getmək və öz musiqi əsərlərini Avropada tanıtmaq arzusundadır. Bu səfəri həm də çox zəruri edən səbəblər vardır: "...bir neçə gün əvvəl İstanbul səfirimiz Yusif Vəzirovdan bir məktub aldım. Yazır ki, ermənilərin fransızca "Renesans" qəzetəsi iddia edir ki, "Arşın mal alan"ı yazan ermənidir. Yusif bu işdən çox mütəəssir olduğunu yazır və israr eyləyir ki, mən əsərlərimin notlarını çap etdirib onlara göndərim ki, səfarət xərcinə olaraq bütün Yevropada, həm Amerikaya belə intişarına səy etsin. Hərgah mən Parisdə olsaydım notlarımı tezlik ilə və yəqin ki, ucuz olaraq çap elətdirərdim. Mən əhvalatı Nəsib bəyə söylədim. Dedi ki, bu iddia ermənilərin Zəngəzur iddiasından daha betərdir".

Beləliklə, Üzeyir bəy yeni həvəs, şövq və artıq səbirsizliklə Ceyhun bəyin Bakıya qayıdıb-qayıtmamaq - "ya sizin buraya və bizim oraya getmək" məsələsinin həll edilməsini gözləyir, çünki o halda: "Mən məxsusi öz musiqi işlərimə məşğul olub bu xüsusda da Avropa əfkari-ümumiyyəsinin diqqətini cəlb edərdik. Keçən səfər "O olmasın, bu olsun" oyununa ingilis böyüklərindən biri gəlib Nəsib bəyin lojasında oturmuşdu, hər nə görürdü, hamısını dəftərinə qeyd edirdi. Əsərin müəllifi kim olduğunu da bilib, dəftərinə yazıbdır. Qərəz, mənim əsərlərim avropalıların marağına səbəb olur. Ona görə bu yolda müntəzəm işləmək lazım idi. İnşallah sənlə görüşəndən sonra bu işin xüsusunda çalışarıq".

Lakin hadisələrin sonrakı gedişi bu görüşün nəinki yaxın zamanlarda, ümumiyyətlə baş tutmasını mümkün etmədi.

Cümhuriyyət dövrü Hacıbəyli imzası ilə çıxış edən Üzeyir bəyin Parisə, qardaşı Ceyhun Hacıbəyliyə "növbəti", əlimizə yetişmiş məktubunda artıq bir il yarımdan sonrakı tarix - "11 iyun 1921-ci il"  göstəriləcək və məzmunundan da göründüyü kimi, tamamilə başqa siyasi şəraitdə yazıldığı aydın olacaq.    

Üzeyir bəyin 1919-1920-ci illər Parisə ünvanladığı məktubların arasına Məleykə xanımın da Ceyhuna və Zöhrə xanıma yazdığı 2 məktub əlavə edilmişdir. Bakıdakı qohumların Ceyhun və ailəsi üçün çox darıxdığı, tezliklə görüşmək ümidləri ifadə olunan bu məktubların birində Məleykə xanımın Zöhrə xanımı tezliklə ikinci dəfə ana olacağı, kiçik Ceyhuna bacı, ya qardaş "bağışlayacağı" münasibətilə təbrik edir. Əslində Ceyhun bəyin ailəsində "artım" gözlənildiyi xəbərini ilk dəfə Üzeyir bəyə Nəsib bəy Yusifbəyli incə bir tərzdə xəbər vermişdi: "Bir ay əvvəl Nəsib bəy məni teatrda görüb dedi ki, bizim Paris mörtəqilərimiz artır, dedim nə tövr artır, bəlkə balalıyor, dedi, bəli, balalıyor. Onda bildim ki, Zoryanın haqqında söyləyir. Hamının arzusu budur ki, Zorya sağ və salamat xilas olub Ceyçikə bir yoldaş olsun, İnşallah".

Ceyçikin, Ceyhun bəyin 2 yaşlı oğlunun adını Üzeyir bəy hər məktubunun həm başında, həm   sonunda böyük məhəbbətlə çəkir: "Ceyçik hamının dilindədir. Portretini kamodun üstə qoyub hər gün tamaşa edirik! Baxüsus nənəm çox sizi arzulayır".

Və artıq sovet dövrü yazılan məktublarda "Nüri didələr Ceyhun, Zöhrə və Ceycik" müraciətinə  Üzeyir bəy "Timuçin" adını da əlavə edəcək.

Say azlığına baxmayaraq, Üzeyir bəyin 1919-1920-ci illər Cümhuriyyət dövrünü əhatə edən və Parisə ünvanlanan məktubları açıq ictimai-siyasi məzmunu və sərbəst ifadə tərzi, ümumən xoş əhval-ruhiyyəsi ilə əvvəlki və xüsusilə sonrakı dövrlər yazışmalarından xeyli fərqlənir. Buraya onu Cümhuriyyət liderləri ilə bir cərgəyə qoyan "Azərbaycan" qəzetindəki fəaliyyəti və xüsusilə siyasi publisistikası da əlavə edilərsə, Üzeyir bəyi qarşıda hələ 28 illik hadisələrlə zəngin və şöhrət dolu bir həyat gözlədiyinə baxmayaraq, tam əminliklə demək olar ki, Azərbaycan Cümhuriyyəti dövrü Üzeyir Hacıbəylinin həyatında  ən azad və müstəqil, ən asudə və rahat, ən yüksək ruh və şövq, ən geniş Vətən və Millət sevgisi, ən etibarlı və səmimi dostların və məsləkdaşların əhatəsində qurmaq və yaratmaq ehtirası ilə yaşadığı işıqlı bir dövrdür. Bu dövrdə Üzeyir bəy bütün varlığı, siyasi fəhmi, ictimai fəallığı, qüdrətli qələmi, müstəsna istedadı, dərin musiqi duyumu və incə qəlbi ilə Azərbaycan İstiqlalına xidmət etmişdir. Cümhuriyyətin yaşayacağı təqdirdə onun görkəmli bir dövlət xadimi səviyyəsinə ucalacağı heç bir şübhə doğurmur.

 

(Ardı var)

Solmaz Rüstəmova-TOHİDİ

Tarix elmləri doktoru, professor

525-ci qəzet .- 2026.- 13 fevral (¹6).- S.18-19;20.