Biganə qala bilməməyin
ürəkdəki yükü
Yaxın tarixdir, amma yaxınlaşmadıqca uzaq
görünür. Sonraların görkəmli şərqşünas
alimi Böyükağa Hüseynov əslən qarabağlı
idi. Atası Murtuza Baba oğlu 1898, anası Kübra Kərim
qızı isə 1906-cı ildə Şuşada doğulub
böyümüşdülər. 1922-ci ildə onlar
dolanışıq ardınca Bakıya köçürlər,
atası bir müddət yerli tacirin yanında satıcı,
daha sonra fəhlə işləyir və 1928-ci ildə,
oğlu Böyükağanın dünyaya gəlməsindən
2 il sonra dünyadan köçür.
Dul qalmış Kübranı Murtuzanın doğma
qardaşı, hesabdar işləyən Rəsul öz ailəsinə
gətirir və balaca Böyükağa əmisinin himayəsində
yaşamağa başlayır. Ancaq tale bunu da onlara çox
görür. 1941-ci ildə İkinci Dünya müharibəsinə
Sovet İttifaqı da qatılanda Böyükağanın əmisi
də əsgər gedir və elə həmin ilin
axırlarında onun "qara kağız"ı gəlir.
1930-cu illərin sonlarının, dava illərinin
bütün sıxıntıları balaca
Böyükağanın həyatından keçmişdi.
Ancaq bütün çətinliklərə baxmayaraq,
ömrünün sonuna qədər onunla qalacaq
çalışqanlıq Böyükağa ilə idi. Dərslərini
əla oxuyurdu, 1941-ci ildə Bakı şəhərindəki
150 saylı orta məktəbin VII sinfini bitirərək
Bakı Xalq Təhsili Şöbəsi nəzdindəki pedaqoji
məktəbin ikinci kursuna daxil olur, buranı da 1943-də fərqlənmə
attestatı ilə başa vurur.
Böyükağa 1944-cü ildə Azərbaycan
Dövlət Universitetinin Şərqşünaslıq
fakültəsinə daxil olur və İran filologiyası
şöbəsini seçir. Şərqşünaslıq
fakültəsi Azərbaycan Dövlət Darülfünununda hələ
1922-ci ildə yaranmışdısa və fakültənin
qurucuları, işini irəlilədənlər o
çağın böyük alimləri idisə də,
1940-cı illər həmin fakültənin həyatında
yeni bir yüksəliş mərhələsi hesab
olunmalıdır.
1944-cü ildə şərqşünaslıq
fakültəsinə daxil olmuş Böyükağa
Hüseynov birinci kursu "əla" qiymətlərlə
başa vurur və o zaman Bakıda bu fakültədə oxuyan
tələbələrin ən fəallarından Moskvaya təhsilini
davam etdirməyə göndərmək üçün
qapı açılır. Əlbəttə, Bakıda o zaman
yaxşı şərqşünas müəllimlər və
alimlər vardı, onların böyük hissəsi də elə
şərqşünaslıq fakültəsində cəmləşmişdi.
Amma Moskvada Asiya Xalqları İnstitutunda, təbii ki, şərqşünaslıq
təhsili həm daha çoxillik ənənəyə malik
idi, həm də yeni dövrün tələblərinə
cavab verən mükəmməl bir səviyyədə
qurulmuşdu. Ona görə də yolunu yeni başlayan bir gəncin
təhsilini oradakı Şərq fakültəsinin İran
şöbəsində davam etdirmək imkanı qazanması
bir səadət idi. 1945-ci ildə Böyükağa artıq
Moskvada idi və o illərdə Asiya Xalqları
İnstitutundakı ilk azərbaycanlı tələbələrdəndi.
Moskva həmin çağlarda Sovet İttifaqının
bütün başqa şəhərlərindən daha
artıq diqqət mərkəzində idi və elm nəzərindən
yanaşılırsa da, Moskva əsl paytaxt idi və bu
münbit mühitin sayəsində 1940-cı illərin ikinci
yarısında, 1950-60-cı illərdə Moskvada Azərbaycanın
bir neçə böyük şərqşünası
yetişdi ki, onların sədası dünyaya çatdı.
Üç Əliyev - iranşünas Rüstəm Əliyev
(1929-1994), Hindistanın farsdilli ədəbiyyatı üzrə
mütəxəssis Qəzənfər Əliyev (1930-1984),
İran tarixi üzrə ən üstün alimlərdən
biri sayılan Saleh Əliyev (1929-2006) - bunlar ən öndə
gedənlər idilər. Ancaq onlardan başqa da həm Asiya
Xalqları İnstitutunda, həm Şərqşünaslıq
İnstitutunda, həm də Moskva Dövlət Universitetində
xeyli azərbaycanlı alim vardı ki, onlar yetərincə
yüksək sanbal sahibi idilər.
Bəlkə taleyi bu cür yox, başqa təhər cərəyan
etsəydi, Böyükağa Hüseynov elə SSRİ
paytaxtında qalardı və Moskva həmin çağlarda
bir təkan nöqtəsi idi ki, şöhrətlənmək,
tanınmaq, daha dərinlərə getmək üçün
meydan açırdı. Ancaq 1949-cu ildə təhsilini
İran üzrə referent-tərcüməçi ixtisası
ilə başa vurandan, bir neçə il hərbi sahədə
çalışandan sonra Böyükağa Hüseynov
Bakıya qayıdır, Elmlər Akademiyasının
Dilçilik İnstitutunda işə qəbul edilir.
Sonralar bir yerdə
çalışacağımız, yalnız bir institutda
deyil, hətta eyni "İran filologiyası" şöbəsində
işləyəcəyimiz görkəmli alim
Böyükağa Hüseynovu əslində mən qiyabi olaraq
uşaqlıq illərindən tanımışam. 1961-ci ildə
onun "Rəvayətli ifadələr" adlı bir
kitabı çıxıb (o il Böyükağa Hüseynov
üçün çox avand olmuşdu. Həmin il namizədlik
dissertasiyası əsasında yazdığı - "Mütərəqqi
fars poeziyasında sovet mövzusu" adlı kitabı da
işıq üzü görmüşdü). Təbii ki, mən
"Rəvayətli ifadələr"i daha sonralar, 1960-cı
illərin sonralarına doğru oxudum və çox təsirləndim.
O kitabı kim görüb və oxuyubsa, hamısının
çox yüksək təəssüratı var.
Çünki bu kitabda ayrı-ayrı atalar sözlərinin,
el məsəllərinin, müəyyən ifadələrin tarixinə
enilir, onların dilə, düşüncəyə necə gəlib
çatmasının hekayəti nəql edilir. Yəni
oradakı hər bir qanadlı ifadə haqqındakı rəvayət
əslində müstəqil tədqiqatdır və bu, oxunub
qırağa qoyulan deyil, vaxtaşırı açıb vərəqləyəsi
gərəkli qaynaqdır. Kitaba müqəddimə
yazmış Əliyar Qarabağlı (1901-1969)
Böyükağa Hüseynovun ilk kitabını
bütövlükdə
folklorşünaslığımızda əlamətdar hadisələrdən
biri sayırdı: "Bu kitab Molla Nəsrəddin lətifələrindən
sonra məsəl, rəvayət və obrazlı ifadələrin
toplanması, öyrənilməsi və nəşri sahəsində
ilk və müvəffəqiyyətli addımdır".
Dilçilik İnstitutunda Böyükağa
Hüseynov qısa müddət işləmişdi, amma o
kiçicik müddətin də bu sayaq mükəmməl bir
bəhrəsi qaldı və indiyədək də qiymətliliyini
hifz etməkdədir.
Yəni Böyükağa Hüseynov harada qısa, ya
uzun müddət çalışıbsa, oradakı əməkləri
mütləq sonra illərlə yaşayacaq bəhrəsini
verib. Çünki həmişə səy göstərib ki, əməyi
səmərəsiz qalmasın, elə bəhrələr versin
ki, sonrakı onillər və daha uzun vaxt içərisində
yaşamaq haqqı olsun.
Moskvada təhsil almışdı, ruscası da,
farscası da mükəmməl idi və belə insanlara o
dövrdə siyasi nöqte-yi nəzərdən də dövlətin
çox ehtiyacı vardı. Ona görə
Böyükağanı elm sahəsindən ayıraraq Sovet
İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinə
işə cəlb edirlər. Bu, nəhəng dövlətin
idarəçi şəbəkəsində təmsil olunmaq
demək idi və 1950-60-cı illərdə belə bir yerdə
kiçik olsa belə vəzifə tutmaq dövrün
meyarları ilə şərəfli və həm də
böyük perspektivlər vəd edən, yollar açan idi.
Ancaq Böyükağa Hüseynovun ürəyi elmlə idi və
ədəbiyyat onu özünə doğru çəkirdi.
Onun ədəbiyyat sevgisinin də lap erkən
yaranmasının sübutu ortadadır. 14-15 yaşlarından,
hələ ədəbiyyat və elm yolunu tutmasından xeyli əvvəl
şeirlər yazmağa başlamışdı. Bütün
ömrü boyu şeir yazsa da, Böyükağa Hüseynov əsla
şairlik iddiasında deyildi. Ancaq öz bildirməsincə,
ömrün ortasına çathaçatda
düşünmüşdü ki, bu şeirlərə də
vəfasızlıq etmək olmaz. Bütün
yazdıqlarını 1966-cı ilin avqustunda imkan daxilində
toplamağa başlamışdı və yığa bildiklərini
qovuşduraraq ayrıca bir toplu kimi cildlətdirmişdi. Bu,
onun bir nüsxədən ibarət kitabıdır.
Çünki həmin şeirlər toplusuna yazdığı
önsözdən də belə məlum olur ki, məqsədi
heç də haçansa bu şeirlər məcmuəsini
kitaba döndərmək deyil, sadəcə, yaxınların,
dostların oxuması üçündür. Həmin topluya
"Müəllifdən" adlı müqəddiməsində
bu məcmuənin yaranma tarixçəsini belə nəql
edirdi: "Mən heç vaxt özümü şair hesab etməmişəm.
Lakin şeir yazmağa çox tez başlamışam.
Yazdıqlarımın böyük əksəriyyəti
itib-batmış, cüzi hissəsi isə ayrı-ayrı
kağız parçaları üzərində təsadüfən
bu günə qədər salamat qalmışdır ki,
onların bir qismini əsasən iki səbəb üzündən
bu məcmuədə toplamağı məqsədəuyğun
saydım. Əvvəla ona görə ki, mən ömrümdə
əvvəl əlimə qələm alıb, sonra şeirin məzmununu
fikirləşməmişəm. Yaxşı-pis nə
yazmışamsa, günlərlə beynimdə gəzdirdikdən
sonra kağız üzərinə
köçürülmüşdür. Buna görə də
həmin şeirlər, hər halda onların böyük qismi
həm qayğısız, həm də qayğılı
keçmiş cavanlıq dövründə baş vermiş
hadisələrlə, keçirdiyim sevinc və kədər, iztirab
və həyəcanlarla bilavasitə əlaqədardır. 40
il dünyada ömür sürdükdən sonra dönüb
öz həyatıma baxırkən bu şeirlər mənim təsəvvürümdə
çox hadisələri canlandırır, çox adamları
yadıma salır, bir növ, ruhumu oxşayır, onu təmiz
hiss və duyğularla qanadlandırır. Məcmuəni tərtib
etməkdə ikinci məqsəd bu vaxta qədər hifz
olunmuş əsərlərin gələcəkdə də
itib-batmamasının qarşısını almaqdan ibarətdir.
Qoy dost-aşnalar onları oxusunlar. Əgər heç olmazsa
bir-ikisindən xoşhal olub bədii zövq alarlarsa, mən
bunu da özüm üçün böyük səadət
sayaram".
Belə yazsa da, bu ifadənin arxasında dərin təvazö
dayandığı duyulmaqdadır. Çünki həm əruz,
həm heca vəznində, həm lirik, həm satirik, həm
ictimai-siyasi məzmunlu sıra-sıra şeirləri var və
oxuduqca hiss edirsən ki, bunlar artıq bişmiş, yetkin bir qələmin
məhsuludur. Bunu da qeyd edir ki, topladıqları heç də
yaratdıqlarının hamısı deyil,
yazdıqlarının bir çoxu itib-batıb, hətta
müəyyən hissəsi arxivlərə verilsə də,
ailəsində olanların pərakəndəliyi sezilməkdədir.
Belə olması təəccüblü
deyil. Bir çox ünvanlar dəyişmiş, gah o, gah bu
şəhərdə, gah o, gah bu işdə
çalışmışdı. Amma hər halda tapa bildiyi
şeirlərdən ilki 1939-cu ildə yazılıb. Onda
Böyükağa Hüseynov hələ məktəbli idi,
ancaq məktəbli olarkən də şeirində gələcək
boyu hər zaman onunla qalacaq özünəməxsus
inadcıllığın, sistemli
ardıcıllığın işartıları
görünməkdədir: şeirini məktəbə həsr
edib, yay tətili başlanıb. Bir neçə ay məktəbdən
aralı olacaq. Yay tətili idi və təbii ki, o da, başqa
şagirdlər kimi, dincəlməyə getmişdi. Ancaq o, məktəbdən,
kitabdan, dərslikdən bir neçə aylıq zəruri
ayrılığı da narahat qarşılayırdı:
Əziz məktəb, üç aydır ki,
ayrılmışam qucağından
Almış məni qucağına vətənimin
yaylaqları.
Ayrılmayır könlüm səndən, sənət,
bilik ocağısan,
Qəlbim quştək qanadlanıb uçmaq istər
sənə sarı.
Bu yığcam mətndə Böyükağa
Hüseynovun ruhu, varlığındakı illər boyu onunla
böyüyəcək ardıcıllıq, məqsədyönlülük
xüsusiyyəti əksini tapıb. Həmin şeiri yazanda Böyükağanın
vur-tut 13 yaşı var, ancaq 13 yaşında ikən də qələminin
artıq duyğularının sözünə
danışıqsız baxdığı anlaşılır.
Lakin misraların necə yetkin qələmdən
çıxıbmış kimi görünməsi o mətləbə
də işarə vurur ki, demək, bundan qabaq da
Böyükağanın başqa şeirləri az deyilmiş,
yəni 13 yaşınadək də yazırmış. "Qəlbim
quştək qanadlanıb uçmaq istər sənə
sarı", - söyləyən Böyükağa
Hüseynov məktəbə sarı, biliyə sarı, kitaba
sarı uçmaq istəyirdi və 13 yaşındaykən qəlbinə
hakim kəsilən belə qənaəti varmışsa,
aydındır ki, daha onu bu istəkdən döndərmək
mümkünsüzdü.
Böyükağa Hüseynov Rusiyada olduğu, ali təhsilini
başa vurduqdan sonra əvvəlcə hərbi-siyasi sahədə
və ardınca dövlət işində - Sovet
İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsində
çalışdığı dövrdə əslində
taleyin ona nəsib etdiyi bir tramplinə qalxmış kimi idi. Həmin
dövr üçün bu, hər kəsdən ötrü,
illah da bir azərbaycanlı üçün həddindən
artıq ciddi yüksəliş idi. Böyükağa
Hüseynovun qabağına düşən, onu irəlilədən,
ona təkan verən arxası, dayağı yox idi. Nəyə
müvəffəq olurdusa, öz əməyinin, qabiliyyətinin
sayəsində idi. Onu görmüşdülər, biliyini,
istedadını qiymətləndirmişdilər ki, irəli
çəkmişdilər və məsul vəzifələr
vermişdilər. Ancaq təxminən 13 il siyasi vəzifələrdə,
partiya işində çalışmışdı və həmişə
də çox məsul, yüksək vəzifələr
tutmuşdu. Bu isə elmi və bədii
yaradıcılığı istisna edən karyera idi.
Özü mənə söyləyirdi ki, bizə qəti
tapşırıq vardı ki, partiya işindəsənsə,
vəzifə tutursansa, elmi, ədəbiyyatı, digər məşğuliyyətləri
mütləq bir qırağa qoymalısan, çünki onlar
səni əsas işindən ayıracaq, burada daha çox
fayda vermək imkanlarını nə şəkildəsə
azaldacaq.
Bu da Böyükağa müəllimin xatirələrindəndir
ki, Bakıda Azərbaycan Kommunist Partiyası Mərkəzi
Komitəsində çalışdığı zaman günlərin
birində şöbələrinin müdiri onların iş
otağına girir. Əməkdaşlardan birinin
masasının üstündə əsas işinə dəxli
olmayan digər məşğuliyyətinin izini görür. O
işçinin də yazı-pozusu varmış, hansısa
jurnal üçün məqalə hazırlayırmış
və ayrı-ayrı kitablar, qeydləri olan vərəqlər
masasının üstündə düzülübmüş.
Şöbə müdiri buna şahid olunca ləngitmədən
təqdimat hazırlayır, həmin adamı qoyulmuş şərti
pozduğuna, iş vaxtı başqa məsələlərə
vaxt ayırdığına görə vəzifəsindən
kənarlaşdırırlar.
Böyükağa Hüseynov isə ədəbiyyatsız,
elmsiz qala bilmirdi. Özü də söyləyirdi, sonralar
övladları da bunu danışıblar ki, istər Bakı,
istərsə də Moskvada, partiya işindəykən
ölçüsüz iş rejimində
çalışır, iş rəsmən saat 5-də, 6-da
bitsə də, bəzən 7-yə, 8-ə, hərdənsə
hətta 9-dək kabinetdə cari yazı-pozuyla məşğul
olurmuşlar: tapşırıqlar vardısa, hökmən
yerinə yetirilməli idi, ona görə də çox zaman
evə yorğun-arğın gəlirmiş.
Böyükağa Hüseynov intizamlı adam idi və
"olmaz" deyildiyindən işdə
yaradıcılıqla məşğul olmaq məsələsini
qatlayıb qoymuşdu bir kənara. Ancaq qələminə,
şeirinə, elminə də dönük
çıxmırmış. Yuxusunun hesabına vəfasını
sübuta yetirirmiş. Yuxusundan kəsirmiş - gecə 1-ə,
2-dək otururmuş, hərdən lap işıqlananacan qələm-kağızı
ilə olurmuş. Həmin 1950-ci illərin yazıları da
qalmaqdadır. Hər birinin altında tarixi var: hansı ildə,
hansı ayda, hansı gündə yazdığını
göstərib. Baxıb sıraladıqca görürsən
ki, məhz həmin hərbi-siyasi, məsul dövlət
qulluqlarında olduğu illərdə, aylarda, günlərdə
bədii və elmi yaradıcılıq baxımından da əsla
bekar dayanmayırmış, həmişə
yazıb-yaradırmış.
1960-1961-ci illər Böyükağa Hüseynovun
siyasi karyerasında əlamətdar dövr idi. Əvvəlcə
Moskvada, Kremldə ona vəzifə verilməsi, ardınca isə
Asiya Xalqları İnstitutuna məsul işə gətirilməsi,
gələn kimi baş elmi işçi təyin edilməsi azərbaycanlıların
Moskvada yüksək vəzifələrdə barmaqla
sayılacaq qədər az olduğu bir zamanda, əlbəttə
ki, fərəhləndirici uğur idi və bunu
Bakıdakılar, bizim Mərkəzi Komitədə oturan, kadr
siyasəti ilə məşğul olanlar da müşahidə
etməmiş deyildilər.
Böyükağa Hüseynov elə Moskvada olduğu həmin
dövrdə - 1962-ci ildə "Mütərəqqi fars
poeziyasında sovet mövzusu" adlı namizədlik
dissertasiyasını müdafiə edir.
İrəliləyişi üçün üfüqlər
bir az da geniş açılır. Ancaq Vətən onu
çəkirdi, Azərbaycana qayıtmaq istəyirdi.
Görünür, hansısa məqamlarda istəyini anlada
bilmişdi və onun Bakıya qayıtmasına icazə
verilmişdi.
Böyükağa artıq nomenklaturada idi və onun
Moskvadakı irəliləyişinin Bakıdan görünməsi,
heç şübhəsiz ki, elə həm də oradan
birbaşa təkan şərait yaratmışdı ki,
respublikaya qayıdınca Elmlər Akademiyasına yönəldilsin,
Yaxın və Orta Şərq Xalqları İnstitutunda direktor
müavini təyin edilsin. Amma Böyükağa Hüseynov
institutda işə başlayanda ona eyni zamanda həm də
İran filologiyası şöbəsinin müdiri vəzifəsi
verilmişdi.
Bakıya gəlib çatanacan Böyükağa
Hüseynov mükəmməl həyat, elm və dövlətçilik
məktəbi keçmişdi. Onun Moskva illərinin ən əhəmiyyətli
qazanclarından biri orada görkəmli alimlərlə
ünsiyyət, böyük elmlə baş-başa
yaşanmış, həyəcanı heç vaxt sönməyəcək,
solmayacaq günlər, saatlar idi.
XX yüzildə şöhrəti Sovet
İttifaqından çox-çox kənarlara
yayılmış və yaratdıqları bu gün də
yaşayan, gələcəkdə də dəyərini
saxlayacaq Vasili Bartold (1869-1930), Aqafangel Krımski (1871-1942),
İqnati Kraçkovski (1883-1951), Vladimir Qordlevski (1876-1956) kimi
zirvə alimlər vardı - bunlar nəhənglər idilər
və o misilsizlərdən biri də Yevgeni Eduardoviç
Bertels idi (1890-1957).
Əsasən İran ədəbiyyatı, farsdilli
poeziya üzrə mütəxəssis olan Yevgeni Bertels Azərbaycanın
dostu və xeyirxahı idi. Nizami Gəncəvi haqqında ilk
böyük monoqrafiyanın müəllifi, "Azərbaycan
şairi Nizami" adlı əsərin də yazanı məhz
professor Yevgeni Bertelsdir.
Yevgeni Bertels ömrü boyu Azərbaycanı
sevmişdi, Azərbaycana sadiq olmuşdu və Azərbaycanın
neçə görkəmli şərqşünas alimə
çevriləcək gəncinin də müəllimi,
ustadı məhz Bertels idi. Onları yetişdirirdi, onlara Moskva
elmi mühitində havadarlıq edir, yol açırdı.
Böyükağa Hüseynovun da müəllimi Bertels
olmuşdu. Böyükağa Hüseynov müəllimi Bertelsi
həmişə məhəbbətlə yad edirdi və
danışırdı ki, Bertelsin yetirmələrindən iki
nəfər, iki azərbaycanlı, o - Böyükağa
Hüseynov və Qəzənfər Əliyev bu böyük
alimə daha yaxın idilər. Söyləyirdi ki, biz Bertelslə
ötən hər anı qənimət sayar, yanından əl
çəkməzdik. Çünki Bertelsin ağzından
çıxan hər kəlmə bizimçün bir tütyə,
qızıl kimi idi, o, bilik, mərifət saçırdı,
ondan hər ləhzə öyrənmək imkanı vardı.
Belə çətinlikləri adlaya-adlaya, usanmadan,
bezmədən, qarşıdakı elm işığından
güc və ləzzət alaraq oxumuş,
çalışmış, yaşamışdılar. Ona
görə də iz qoya bildilər. Ona görə də gedəndən
sonra da adları yaşayır.
1950-60-70-ci illərdə şərqşünaslıq
Sovet İttifaqında xüsusi prestijli tədqiqat istiqamətlərindən
idi. Çünki bu, sadəcə, elm sahəsi deyildi. Bu, Sovet
dövlətindən ötrü həm də siyasət idi.
Onun Yaxın və Orta Şərqdə apardığı
siyasətdə arxalandığı əsas dayaqlardan biri məhz
Şərqşünaslıq İnstitutu idi. Kreml oradan daim
müxtəlif məsələlər üzrə
arayışlar, təhlillər istəyirdi və institutda
güclü alimlər dəstəsi
çalışırdı ki, bu tapşırıqları ən
yüksək səviyyədə yerinə yetirməyə qadir
idi.
Böyükağa Hüseynov Moskvadan Bakıya
qayıdaraq Yaxın və Orta Şərq Xalqları İnstitutunda
fəaliyyətə başlayanda həmin təcrübələri
də özü ilə gətirmişdi, o, bir adamda iki şəxsiyyəti
birləşdirirdi: həm siyasət, həm dövlət
adamı idi. Filoloji elmin, orientalistikanın ehtiyac duyduğu
araşdırmalar öz yerində, həm Moskvada və
Bakıda Mərkəzi Komitədə, həm SSRİ
paytaxtındakı ünlü Asiya İnstitutunda işləyərkən
Böyükağa Hüseynov dövlətə də Şərq
siyasəti ilə bağlı elmdən nələr gərək
olduğunu, dövlət siyasətinin maraqlarını təmin
edəcək hansı işləri yerinə yetirməyin
lazım olduğunu, bu institutdan nələr istənilə bilərin
hüdudlarını yaxşı dərk etmişdi. Həmin səbəbdən
də Bakıda Elmlər Akademiyasında
çalışdığı vaxtlarda Yaxın və Orta
Şərq Xalqları İnstitutunda direktor müavini vəzifəsini
yerinə yetirərkən o, müəyyən dərəcədə
dövlət və elm arasında da bir səriştəli əlaqələndirici,
yalnız yuxarıdan gələn tapşırıqları
yerinə yetirməyib, yuxarılara ideyalar, təkliflər verən
bilgin koordinator vəzifəsini yerinə yetirir, bütün
başqa faydalı elmi fəaliyyətləri ilə
yanaşı, mütəmadi olaraq Yaxın və Orta Şərq
ölkələri ilə əlaqədar sanballı
hesabatların, təhlillərin hazırlanmasına səylər
qoyurdu. Böyükağa Hüseynov 1962-ci ildən 1981-ci ilə
qədər Elmlər Akademiyasının Yaxın və Orta
Şərq Xalqları İnstitutunda direktor müavini vəzifəsini
yerinə yetirdi. Sonra rəhbərlik dəyişdi və
akademik Həmid Araslının yerinə akademik Ziya Bünyadov
gətirildi. İllərcə institutun
ağırlığını çiyinlərində
daşımış Böyükağa Hüseynov da vəzifəsindən
gedəsi oldu. Ancaq o da, Həmid Araslı da çoxdan ictimai əsaslarla
müdiri olduqları şöbələrin rəhbəri kimi
qaldılar. Lakin çox tezliklə Həmid müəllim rəhbərliyin
heç bir baxımdan qəbul edilməyəcək münasibətini
şəxsiyyətinə sığışdırmayaraq, yəqin
ki, akademiya rəhbərliyinə müraciət etdi və onu
Əlyzamalar İnstitutuna köçürdülər.
Böyükağa Hüseynova da qısqanc münasibət
vardı. Bunun bir sıra başqa səbəbləri ilə
yanaşı, bu amil də vardı ki, Böyükağa
Hüseynov Azərbaycanda şərqşünaslıq
ixtisası üzrə Elmlər Akademiyamızın müxbir
üzvü seçilmiş ilk alim idi (1980, mart), söz yox,
yaşasaydı, bir neçə il sonra növbəti
seçkilərdə elə həqiqi üzv də seçiləcəkdi.
Təbii, vəzifədə olması da bu istiqamətdə
müsbət təsirini göstərəcəkdi.
Böyükağa Hüseynovun - bir azərbaycanlının
sanki sevinilməli olan bu uğuruna gizlətmədən həsəd
aparanlar vardı.
Böyükağa Hüseynov institut rəhbərliyindən
kənarlaşdırılsa da, 1962-ci ildən ictimai əsaslarla
rəhbərlik etdiyi "İran filologiyası"
şöbəsinin müdiri kimi vəzifəsində
qalırdı, ürəklə, şövqlə işini
aparırdı, lakin sıxma-boğmalar da davam edirdi. Baş
verənlərin bəd təsiri özünü göstərməyə
bilməzdi. Bütün bu təzyiqlər həssas insan
Böyükağa Hüseynovun səhhətini laxlatdı.
1960-70-ci illər Azərbaycan şərqşünaslığının
parlaq dövrüdür. O dövrdə Azərbaycan Dövlət
Universitetinin Şərqşünaslıq fakültəsində
hərəsi bir neçə məziyyətiylə
üstün qiymətli alimlər
çalışırdı.
Elmlər Akademiyasının Şərqşünaslıq
İnstitutu isə əsl mərkəz idi. Rəhbərlikdə
çox uğurlu tandem - direktor Həmid Araslı, müavini
Böyükağa Hüseynov. İnstitutun şöbələrində
hərəsi Azərbaycanın bir şərqşünaslıq
ulduzu olan alimlər - filosoflar Əbdülhüseyn Agahi,
Əhməd Əminzadə; mətnşünaslar
Əbdülkərim Əlizadə, Ağamir Quliyev, Tahir Məhərrəmov,
Əbülfəz Rəhimov, ədəbiyyatşünaslar
Əkrəm Cəfər, Həmid Məmmədzadə,
tarixçilər Ziya Bünyadov, Tağı Şahin,
Mirqasım Çeşmazər, Raufbəy Seyidov, Şövkət
Tağıyeva, Rauf Hüseynov, onlarla yanaşı nisbətən
cavan parlaqlar, onlardan da gənc, çox keçmədən Azərbaycanın
aparıcı şərqşünaslarına çevriləcək
gənclər... digərləri. Onların hər yeni məqaləsi,
hər təzə kitabı mühitdə hadisəyə
çevrilirdi. Heyiflər ki, institut rəhbərliyindən o
gözəl tandem gedəndən sonra asta-asta
çöküş başlandı, qüdrətli kollektivin
üzvləri bir-bir oradan aralandılar, yaxud kənarlaşdırıldılar,
daha bərpa olunmayacaq solğunlaşma, geriləmə
başlandı.
1960-cı illərin sonlarında artıq
Böyükağa Hüseynov doktorluq dissertasiyasını
tamamlamaq üzrə idi. O, İran ədəbiyyatında
farsların "şer-e no" - "yeni şeir" dediyi cərəyanla
məşğul idi. Əslində bu cərəyanın da təməlində
dayanan yeni fars şeirinin qurucularından biri, azərbaycanlı
şair Həbib Sahir idi. Böyükağa Hüseynova nəsib
olmuşdu ki, 1970-ci ildə yanvar-mart boyunca İrana elmi ezamiyyətə
getsin. Məqsəd birbaşa ölkənin içərisində
olmaq, arxivlərdə işləmək, yaşayan şairlərdən
müsahibələr almaq və dissertasiyasını daha zəngin
bir hala gətirmək idi. İranın bir sıra
oçağkı görkəmli alim və ədibləri ilə,
o sıradan Həbib Sahirlə də görüşləri,
kitabxana və arxivlərdə apardığı iş
dissertasiyasının yetərincə sanballı
alınmasına çox kömək etdi. Həmin illərdə
İran mövzusunda, xüsusən də müasir dövrə
aid bizlərdə yazılan əsərlərin əsas
qüsuru ən son mənbələrlə tanış ola bilməmək
idi. Əlaqələr, get-gəllər zəif idi, alimlərimizin
xarici ölkələrlə rabitələr qurmaq imkanı son
dərəcə məhdud və nəzarət altında idi.
Böyükağa Hüseynova isə belə bir nadir girəvə
nəsib olmuşdu. Əlbəttə, ona belə uzun müddətə
səxavətlə elmi ezamiyyət icazəsi verilmişdisə,
əvəzində qarşısında qoyulan tələblər
də vardı. Sovetin xarici siyasətində o dönəmdə
İranın mühüm yeri vardı, ölkədə gedən
proseslər, əhalinin əhval-ruhiyyəsi, ictimai-siyasi həyatın
vəd etdiyi perspektivlər haqda birinci əldən səhih məlumatlar
çox lazım idi. Bu baxımdansa Böyükağa
Hüseynov çox münasib seçim idi. Həm
yaxşı alim idi, həm də siyasi cəhətdən
yetkin, dövlət işinə yaxından bələd
insandı. Ona görə də Böyükağa Hüseynova
bu 3 ayda İran boyu şəhər-şəhər, kənd-kənd
rahatca gəzib-dolaşmaq, ən müxtəlif təbəqələrin
nümayəndələri ilə çoxsaylı
görüşlər keçirmək icazəsi və
imkanı verilmişdi.
1973-cü ildə Böyükağa Hüseynov "XX
əsr İran poeziyasında ənənə və novatorluq"
mövzusunda doktorluq dissertasiyasını uğurla müdafiə
etdi.
Bu mövzuyla o, qəlbən bağlı idi.
Ümumiyyətlə, Böyükağa Hüseynovun xarakteri
bu idi. Nə ilə məşğul idisə, ora bütün
ürəyini verirdi. O dövrdə bizimlə eyni institutda
işləyən, istedadlı rəssam və İranın
kitab qrafikasından dəyərli bir dissertasiya yazaraq müdafiə
etmiş, həmin əsərini də ayrıca bir monoqrafiya
kimi nəşr etdirmiş sənətşünas alim Əli
Minayi (1924-2002) Böyükağa Hüseynovun məhrəm
dostlarından idi. Müasir miniatürçülüyün ən
təkrarsız təmsilçilərindən biri olan Əli
Minayinin şair təbi də vardı və doktorluq
dissertasiyasının müdafiəsi ərəfəsində
Böyükağa Hüseynova hədiyyə etməkçün
dostluq şarjı olaraq portretini çəkmiş, altında
da zarafatyana bir beyt yazmışdı. O iki misranı guya
Böyükağa Hüseynov deyirdi. Zarafat
zarafatlığında, amma elə o qoşa məzəli sətirdə
həqiqət də sərrast ifadə olunurdu:
Şer-e no, şer-e no,
Səndən ötrü gedirəm sino.
Elmi araşdırmalar öz yerində, şeir həmişə
Böyükağa Hüseynovla birgə idi. Ancaq belə məlum
olur ki, yalnız şeir yox, həm də fırça.
Böyükağa Hüseynov həm də rəssam idi. Onun
fırçasından, rəngli qələmlərindən
çıxmış portretlər ən peşəkar rəssamların
əsərlərindən geri qalmaz. Dostu, iş yoldaşı
Əkrəm Cəfərin növbəti doğum günlərindən
birində portretini çəkmiş, ona hədiyyə
etmişdi.
Böyükağa Hüseynov klassiklərin də
şəkillərini çəkmişdi, öz
balalarının surətlərini də yaratmışdı.
Hamısı bir-birindən qəşəngdir. Çünki
gördüyü hər işə həssaslıqla
yanaşır, rəsm çəkəndə o rənglərə
məhəbbətini də qatırdı. Ona görə əlini
nəyə vururdusa, nəticəsi gözəl olurdu.
Şeir isə onun həyatındakı məxsusi bir
ada idi. Şərqşünaslıq İnstitutunda dəhlizin
sonunda direktor müavini olaraq balaca bir otaqda əyləşirdi.
Haçan otağına girirdimsə, onu yazıb-pozan
görürdüm. Təbii ki, institutun gündəlik işlərinin
sənədləri, yazışmalar bəs deyincə idi,
masanın üstünə qalaqlanmış
kağızların bir yanında həmişə şeirləri
görürdüm, elə gendən o vərəqlərdəkinin
şeir olmağını yazının şəklindən,
misraların düzümündən hiss edirdim. Şeir həmişə
onunla idi, həm özü yazırdı, həm də fars
poeziyasından tərcümələr edirdi. Nəsr də tərcümə
edirdi, amma onun şeir tərcümələri daha gözəl
idi. Çünki nəsri başqaları da edə bilərdi.
Ancaq şeiri şeirlə çevirmək üçün gərək
özün də şair olasan. Böyükağa Hüseynovun
bu baxımdan üstünlüyü ondan ibarət idi ki, həm
yaxşı şair idi, həm də farscanı gözəl
bilirdi.
Böyükağa Hüseynov dilimizi çox sevirdi.
Yalnız ona görə yox ki, onun çörək
ağacı olan ədəbiyyat sözlə yaranır. Dilə
onun nəvazişli, öz övladlarına bəslədiyi məhəbbət
kimi incə münasibəti vardı. Böyükağa
Hüseynov iranşünas idi, farsdilli ədəbiyyatın
uzun tarixindən də yaxşı xəbərdar idi, fars
dilinin gözəlliyindən, musiqililiyindən də zövq
alırdı. Ancaq ana dili ilə farscanı müqayisə edəndə
həmişə belə bir müqayisənin
aparılmasının mümkünsüzlüyünə,
bizim dilimizin farscadan neçə mərtəbə uca
olduğuna işarəylə məşhur ifadəni işlədərdi
ki, "İn koca vo, an koca?" - "Bu hara, o hara?!".
Deyirdi ki, mən hər dəfə şeir yazdıqca bu dilin
gözəlliyinə təzədən heyran qalıram.
Başına gəlmiş bir əhvalatı
danışırdı.
Bu, 1970-ci ildə İrana 3 aylıq məzuniyyəti
gedişində olmuşdu. Azərbaycanlıların da
qatıldığı, həm də ziyalı azərbaycanlıların,
oxumuş azərbaycanlıların az olmadığı bir məclisdə
imiş. Bizimkilərdən biri qayıdır ki, fars dili ilə
müqayisədə bizim dilimiz çox zəifdir,
çünki çox mətləbləri ifadə etmək
olmur, amma mən farsca çox rahatca istədiyim fikri
yazıram da, deyirəm də.
Böyükağa müəllim dərhal qəzəblə
onun sözünü kəsmişdi, söyləmişdi ki,
siz ana dilində fikirlərinizi ona görə rahat ifadə eləyə
bilmirsiniz ki, Azərbaycan dilində mükəmməl təhsil
almamısınız, ana dilində yaranan ədəbiyyatı
kifayət qədər oxumamısınız. Əgər lazımi
qədər oxusaydınız, ana dilini mükəmməl bilsəydiniz,
bu dildən siz də zövq alardınız və ürəyinizdən
keçən, ağlınıza gələn istənilən
mətləbi ən gözəl şəkildə ifadə edərdiniz.
Bu hadisə səbəb olmuşdu ki, çox sevdiyi
ana dilinə olan məhəbbətini şeirə çevirsin
və bu da rəmzidir ki, həmin şeiri Böyükağa
Hüseynov Azərbaycanda, Bakıda deyil, 1970-ci ilin
yanvarında Tehranda yazmış, "Heydərbaba
şairi" Məhəmmədhüseyn Şəhriyara həsr
etmişdi:
Müqəddəssən anam, vətənim qədər,
Namərdəm, qədrini bilməsəm əgər.
Bal-şəkər olsa da yabançı dillər,
Sən mənə baldan da dadlısan, dilim.
Şivəli, ləhcəli, al-əlvan dilim!
Qeyrətimiz varkən yaşayacaqsan,
Xalqın mənliyini daşıyacaqsan.
Sən ümid doğuran nurlu çıraqsan,
Parla günəş kimi hər zaman, dilim,
Hər vətən oğluna şərəf, şan
dilim!
Böyükağa Hüseynov duyğulu insan idi və
yəqin, elə bu səbəbdən də onun şeirlərinin
böyük hissəsi lirik qoşqulardan ibarətdir. Amma eyni
zamanda, o həm də zərif yumor hissli, hazırcavab, iti
sözlü insan idi. Səbəbsiz deyil ki, həmin ovqatdan
onun bir silsilə satirik şeirləri də yaranıb.
1950-60-70-ci illərdə "Kirpi" jurnalı Azərbaycanda
çox populyar idi. "Kirpi"yə yeni dövrün
"Molla Nəsrəddin"i də deyirdilər. Onun hər
yeni buraxılışını insanlar həvəslə
gözləyirdilər. İstər Seyfəddin
Dağlının redaktorluğu dönəmi olsun, istər
Salam Qədirzadənin vaxtı, "Kirpi" əl-əl gəzirdi
və Böyükağa Hüseynov da "Kirpi"nin sabit
müəlliflərindən idi. "Kirpi"də isə elə
bir meyarlaşmış hündürlük vardı ki, hər
müəllifi yaxına buraxmırdı. Birincisi,
"Kirpi" üçün yazmaq çətin idi, daha
çox Sabiranə, əruz vəznində olan şeirlərə
ehtiyac vardı. Həm də bu jurnaldan elə müəlliflər
keçmişdilər, səhifələrində elə
tutarlı yazılar, elə ağır-batman imzalar
qalırdı ki, ondan sonra naşı bir şairin, nisbətən
zəif misranın, ya şeirin orada görünməsi
mümkünsüz idi.
Onun "Kirpi"nin səhifələrində yer
almış "Folklor və daxili xəstəliklər",
"Məsələn, mən", "Qonşular",
"Prinsipsiz demaqoq" kimi yumoristik hekayələrinin hər
biri kəsərli ictimai məzmunundan əlavə müasir
satira dilimizin diqqətəlayiq örnəkləri kimi əhəmiyyətlidir.
Lakin Böyükağa Faiqin nəsr dili nə qədər rəvan,
nə qədər cazibədardırsa, onun satirik şeirlərinin
sağlam əruzlu və duz-istiot qatışıq
istehzalı, rişxəndli, eyhamlı dili bir o qədər
çəkicidir.
Böyükağa Faiqin satirik şeirləri əksərən
Sabiranə idi və onun bu qəbil qoşqularında "Molla
Nəsrəddin"çi şairlərlə səsləşmə
duyulmaqdadır. Böyükağa Faiqin də öz "Millət
necə tarac olur-olsun"u
vardı və bu da onun "Liberalların himni"
şeiri sayıla bilər:
İstəsən ömrün uzansın, liberal
olmalısan,
Qulağı kar, gözü kor, nitqi də lal
olmalısan.
Birisi rüşvət alır, vicdanı yoxdur, sənə
nə?
Birinin xidməti az, hörməti çoxdur, sənə
nə?
Birinin ağzı zəhər, sözləri oxdur, sənə
nə?
İşləri yoxsa səninlə, dili lal
olmalısan,
İstəsən ömrün uzansın, liberal
olmalısan.
Düzlüyə cəhd edənin halına bir qıl
tamaşa,
O ya infarkt, ya da xərçənglə vurur
ömrü başa,
Məqsədin dinc yaşamaqdırsa, nə hacət
savaşa?
İstəsən ömrün uzansın, liberal
olmalısan,
Qulağı kar, gözü kor, nitqi də lal
olmalısan.
Müxtəsər, insana bənzər qaramal
olmalısan.
Böyükağa Hüseynov kinayə ilə belə
ömrü boyu heç vaxt laqeyd, biganə olmadı və
şeirində dediyi kimi, belə insanların da ürəyinin
yükü həmişə lap çox olur.
...1983-cü ilin may ayında Azərbaycan böyük
bir bayram qarşısında idi. Mayın 25-i ilə 27-si
arası Bakıda şərqşünasların II
Ümumittifaq konfransı keçiriləcəkdi. Həmin
konfransda iştirak etmək üçün Sovet
İttifaqının oçağkı ən məşhur
şərqşünaslarının hamısı
paytaxtımızda idi. Hamısının da çox
maraqlı məruzələri olacaqdı. Yəqin ki, bir
neçə gün ərzində iş-güclə dolu gərgin
konfransın episentrində olmuş Böyükağa
Hüseynov tədbir tam yekunlaşandan sonra bu mühüm hadisəylə
bağlı olub-keçənləri təhlil edən, bu elm
bayramının mədəniyyətimizdə,
düşüncə həyatımızda qalan izləri
haqqında ayrıca məqalə də yazacaq, təəssüratlarını
bölüşəcəkdi. Ancaq mayın 31-i çatır.
Uğurla keçmiş konfransa gələnlərin heç də
hələ hamısı Bakını tərk edərək
öz evinə-eşiyinə gedib çatmamışdı.
İnanılmaz xəbər hər kəsi yerindəcə
dondurur. Böyükağa Hüseynov artıq yoxdur. Dünənəcən
deyib-gülən, insanlarla birgə olan, məclisin
başında dayanan, bayram ovqatıyla daşan bir insanın
ürəyi dayanmışdı.
Əlbəttə ki, bu, onu tanıyanlar, sevənlər,
Azərbaycan ədəbi-elmi mühiti üçün, mədəni
gerçəkliyimizdən, ziyalılığımızdan
ötrü çox ağır itki idi. Çünki
Böyükağa Hüseynov kimi insanların
varlığı yalnız onların
yazıb-yaratdıqları deyil. Belə insanların
varlığı və uzun yaşaması ona görə gərəkdir
ki, bu zümrədən olan üstün şəxsiyyətlər
varlıqlarıyla mühit yarada bilirlər. Getdi və bir
mühitimiz də azaldı...
25 yanvar 2026
Rafael HÜSEYNOV
Akademik
525-ci qəzet .- 2026.- 13 fevral (№6).- S.14-15.