Muzey eksponatları necə qorunur?
ŞƏKİ, BAKI, GƏNCƏ XANLIQLARININ BAYRAQLARI,
İBRAHİMXƏLİL XANIN POLAD ŞEŞPƏRİ,
ŞUŞA QALASININ AÇARI...
Yenə muzey haqqında yazmaq istədim. Amma budəfəki
yanaşma bir qədər fərqli oldu. Müasir dövrdə
muzey anlayışı da bir növ dəyişib. Muzey
artıq yalnız eksponatların nümayiş edildiyi
ekspozisiya məkanı deyil. Bu məkanın qoruma və
araşdırma sahələri ilə yanaşı, təhlükəsizlik
kimi görünməyən tərəfi də var. Məhz bu
görünməyən tərəfi araşdırmaq
üçün ünvan olaraq Tarix muzeyinə üz tutdum. Həmsöhbətimiz
Milli Azərbaycan Tarix Muzeyinin Ekspozisiyanın təhlükəsizliyi
şöbəsinin müdiri, dosent Sevinc Vahabovadır.
- Adından da görünür ki, rəhbərlik
etdiyiniz şöbə muzeylərdə məsuliyyətli sahə
hesab olunur. Tarix muzeyində bu sahənin missiyası ilə
başlayaq söhbətə...
- Ümumilikdə muzeylərin əsas missiyası mədəni
irsi, tarixi qoruyub saxlamaq və gələcək nəsillərə
çatdırmaqdır. Bir muzey əməkdaşı olaraq
bildirirəm ki, bəli, eksponatların təhlükəsizliyi
çox məsuliyyətli və vacib sahədir. Muzeylərdə
saxlanılan bütün materiallar, tarixi əks etdirən hər
bir eksponat mütləq şəkildə təhlükəsizlik
baxımından qorunmalıdır. Təbii ki, bu sahə bizim Milli Azərbaycan Tarix Muzeyində
məsuliyyətdən əlavə, ciddi nəzarətə və
təcrübəyə də söykənir. Bunlar
ekspozisiyalarda nümayiş etdirilən eksponatlardır ki,
vitrinlərə qoyulur, bağlanır, siqnalizasiyaya qoşulur
və hər axşam ekspozisiyalar mühafizə xidmətinə
təhvil verilir.
- Muzeylərdə ekspozisiyalardan əlavə, fondlar da
olur və orada eksponatlar saxlanılır...
- Bəli. Eksponatların sayının çox
olması onların hamısının ekspozisiyalarda yerləşdirilməsinə
imkan vermir. Muzeyimizdə hər mövzuya aid fondlar var ki,
onlarda saxlanılan eksponatların özünəməxsus
saxlanma qaydaları mövcuddur. Misal üçün, Etnoqrofik
fonda aid eksponatların xüsusi saxlanma qaydaları var. Burada
istilik, soyuqluq, işığın düşmə müddəti
eksponatların təhlükəsizliyinə xidmət edir.
Muzeyimizin bərpa laboratoriyası var. Burada minlərlə
eksponat ikinci dəfə həyata qaytarılıb. Muzey dilində
onlara "xəstə eksponatlar" deyilir. Təbii ki, onlar
sağlam eksponatla yanaşı qoyula bilməz. Həmin "xəstə
eksponatlar" bərpa və konservasiya ediləndən sonra
ayrıca rəflərə yerləşdirilir ki, sağlamlarla
təmasda olmasınlar. Kənardan kiməsə sadə
görünən muzey işinin belə incəlikləri
çoxdur.
- Söhbətinizdən elə anladım ki, təhlükəsizlik
yalnız eksponatların qorunmasıdır...
- Muzey yalnız eksponatlardan ibarət deyil ki... Muzey məhsuldar
bir orqanizmə bənzəyir. Bu gün Milli Azərbaycan Tarix
Muzeyində on bir fond, bərpa laboratoriyası, kitabxana, fərqli
şöbələr fəaliyyət göstərir. Hamıya
məlumdur ki, muzeyimizin yerləşdiyi bina vaxtilə messenat,
xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin şəxsi
yaşayış mülkü olub və bura deyilənə
görə, yüz bir otaqdan ibarətdir. Binanın bir və
ikinci mərtəbələri sırf ekspozisiyalara aiddir.
Üçüncü mərtəbədə bayaq
sadaladığım xidməti sahələr yerləşir. Yəni
muzeyin ekspozisiyalardan əlavə, bütün sahələrinin
qorunması təhlükəsizlik xidmətinə
bağlıdır.
- Təbii ki, muzeydə xüsusilə tarixi və əvəz
olunmayan eksponatlar var ki, onların qorunmasının da məxsusi
prinsipləri olmalıdır...
- Eksponatların qorunmasında müəyyən
olunmuş xüsusi saxlanma qaydaları var. Daha sonra istər
ekspozisiyalarda, istər fondlarda saxlanılan eksponatlara mütəmadi
olaraq mövsümə uyğun prosedurlar həyata
keçirilir - ya günə verilir, ya üzərində
hansısa bərpa işləri aparılır. Bizim bir
bayraqlar fondumuz var. Burada orta əsr xanlıqlar dövrünə
aid bayraqlar saxlanılır. XVIII əsrə aid bayraqlar
çox zərif, nazik ipək parçadandır. 1804-cü
ildə Gəncə döyüşlərindən sonra Cavad
xanın hakimiyyət rəmzi olan bayraqlar işğaldan sonra
alınıb və 1888-ci ildə Tiflisdə yaradılan Hərbi
Tarix Muzeyinə verilib. Cümhuriyyət dövründə hərbi
attaşeyə müraciət olunub ki, həmin bayraqlar dövlətçilik
rəmzi kimi Azərbaycana qaytarılsın. Bəzilərini
qaytarmaq mümkün olub. Onların arasında Şəki,
Bakı, Gəncə, Cənubi Azərbaycanın bəzi
xanlıqlarının bayraqları, daha sonra Gəncə
xanlığının buncuğu, Qarabağ xanı
İbrahimxəlil xanın polad şeşpəri yer alır.
Xüsusi tarixi əhəmiyyətli eksponatlardan Şuşa
qalasının, Quba, Bakı xanlıqlarının
açarları da var. Əvəzolunmaz dediyiniz bu eksponatlar
indiyə qədər necə qorunubsa, gələcək nəsilə
də elə çatırılmalıdır və bir muzey
olaraq təhlükəsizlik xidmətinin səviyyəsini
bütün ölçülərə cavab verə biləcək
səviyyədə qurmağı bacarmışıq. Amma onu
da qeyd etməliyəm ki, həm zaman baxımından, həm
müxtəlif təsirlərdən təbii ki, belə
eksponatlar deformasiyaya uğrayır. İpək parçadan
hazırlanan bayraqların hazırda bərpaya ehtiyacı var. Təəssüf
ki, hər mütəxəssis bu işə əl qoya bilmir,
biz də belə nadir inciləri yalnız sırf peşəkarlara
etibar etmək istəyindəyik. Onların mühafizəsi
yüksək səviyyədə qorunur, təmizlik zamanı əl
toxunuşuna belə, maksimum dərəcədə riayət
edilir ki, xələl gəlməsin.
- Muzeylərin ziyarətçiləri həmişə
var. İstər özümüz olaq, istər turistlər,
xarici nümayəndələr. Və onlarla təhlükəsizlik
arasında balans vacibdir...
- Eksponatların üzərində zal nəzarətçiləri
var. Onlar nəzarət etdikləri zalda bütün
eksponatların sayını, hərənin yeri haradadır,
hansı vəziyyətdə dayanıb bunu əzbər bilir.
Bir məsul şəxs olaraq hər gün nəzarət etdikləri
zalı onlara təhvil verir, işin sonuna yaxın geri
alıram. Onların artıq vitrindəki eksponatlarla bir göz
təması var. Ziyarətçilər bir otaqdan digərinə
keçərkən onları nəzarətçi
müşayiət edir. Belə olan halda ziyarətçinin
hansısa bir eksponata toxunması ehtimalı yox dərəcəsindədir.
- Yəni təhlükəsizliyin texniki vasitələrinə
baxmayaraq, insan faktoru da əsas olaraq qalır...
- Bəli, insan faktorunun hələ ki rolu
qalmaqdadır. Zalların hamısında kameralar
quraşdırılıb və onları rahat izləmək
olur. Buna baxmayaraq, elə məqamlar var ki, orada insan faktoru mütləq
olmalıdır.
- Şöbənizin əməkdaşları bir
növ mühafizəçi
funksiyasını daşıyır...
- Elə deməzdim... Ayda bir dəfə
eksponatların təmizlik günüdür. Həmin gün
vitrinlər siqnalizasiyadan ayrılaraq açılır və
eksponatlarla yalnız şöbəmizin əməkdaşları
təmasda ola bilər. Bu iş fond əməkdaşları ilə
birlikdə görülür. Əgər eksponatda hər
hansısa dəyişiklik nəzərə çarparsa, dərhal
xəbər verilir, akt tərtib edilərək bərpa
laboratoriyasına göndərilir. Bərpadan sonra yenidən
yerinə qoyulur. Bütün bu proses yalnız təhlükəsizlik
şöbəsinin əməkdaşlarının
iştirakı ilə həyata keçirilir. Əməkdaşlarımız
eksponatların xüsusiyyətləri haqda biliklərə
malikdir. Yeri gəlmişkən onu da deyim ki, eksponatların
nümayişindən əlavə, muzeydə tədqiqat
işləri də gedir. Elmi işçilərimizin əksəriyyəti
namizədlik və doktorluq işlərini müdafiə edib.
Onların sayəsində fondların kataloqları tərtib
edilir, broşürlər, məqalələr toplusu muzeyin vəsaiti
hesabına çap olunur. Bu kataloqlar əsasında şöbəmizin
əməkdaşlarından savayı, zal nəzarətçiləri
də eksponatlar haqqında məlumatlı olurlar.
- Məkandan asılı olmayaraq fövqəladə
halların yaranması istisna deyil. Bununla bağlı yəqin
ki, təhlükəsizlik planınız var...
- Təbii ki, var... İlkin olaraq təxliyə
planı mütləqdir. Hər bir zaldan çıxış
yolları mövcuddur. Muzeyin mülki-müdafiə qərərgahı
var və orada muzey işçilərinə təlimlər
keçirilir. Hər bir əməkdaş hadisə baş
verdiyi halda ziyarətçiləri
təhlükəsizlik baxımından tez çıxarma
yollarını bilir. Ümumiyyətlə, muzeydə
bütün təhlükəsizlik qaydalarına həm nəzarət,
həm də riayət olunmalıdır. İstər
eksponatların saxlanılması, istər havalandırma
sistemi, istər vitrinlərin bağlanması olsun -
hamısı ayrılıqda məsuliyyətdir. Bir məqama
da toxunum, muzeydə eksponatların hamısı vitrin
arxasında deyil. Tağıyevin ev-muzeyində eksponatların əksəriyyəti
açıqdadır. Bayaq vurğuladığınız insan
faktoru bu halda böyük əhəmiyyət kəsb edir. Hazırda ekspozisiyada 4900-ə qədər
eksponat var. Fondlarda qızıl, silah nümunələri, qədimi
parçaların növləri, arxeoloji qazıntıların
nümunələri yerləşdirilib. Onların
hamısı saxlanılmalı, qorunmalı, təhlükəsizliyi
təmin edilməlidir və eyni zamanda nümayiş
olunmalıdır.
- Bir neçə dəfə fondlarda saxlanılan
eksponatları da vurğuladınız. Amma ziyarətçi
onları bir eksponat kimi görmür...
- Elə şeymi olar? Mütəmadi olaraq
eksponatlarımız müəyyən vaxtdan sonra
başqası ilə əvəz edilir. Bu, bütün muzeylərdə
xas bir haldır. Eksponatların sayı, davamlı artması məkan
baxımı ilə uzlaşmadığı üçün
muzey ekspozisiyaları yeniləmək məcburiyyətindədir.
Bu eksponatların həm də təhlükəsizliyi deməkdir.
Eksponatlar da hər bir canlı kimi nəfəs almalı,
işıq üzü görməlidir, əks halda qapalı
şəraitdə onlar məhv olub gedər.
- Kifayət qədər muzey sahəsində təcrübəyə
və biliyə maliksiniz. Luvr, Britaniya, Ermitaj kimi muzeylərin təhlükəsizlik
xidmətilə illərinizi verdiyiniz muzeyiniz arasında fərqlərə
nəzər salmısınız yəqin ki...
- Gəlin belə bir müqayisə aparmayaq.
Çünki hər bir muzeyin təhlükəsizlik sistemi
onun fondunda qorunan eksponatların dəyərinə, tarixi əhəmiyyətinə
uyğun, yerləşdiyi ölkənin qanunvericiliyi çərçivəsində
qurulur. Dünya muzeylərində yer alan təhlükəsizlik
sistemi uzun illərin təcrübəsi, yüksək maliyyə
və müasir texnologiyalar üzərində
formalaşıb. Bu baxımdan fərqləri qabartmayaq,
çünki bu, heç də zəiflik əlaməti deyil.
Hər bir muzeyin öz imkanları daxilində mədəni sərvətləri
qorumağa yönəlmiş səyləri dəyərlidir.
Milli tarix muzeyləri də öz növbəsində
qoruduqları eksponatların milli yaddaş, mədəni kimlik
və tarixi irs baxımından əvəzsiz olduğunu
yaxşı bilir. Bu baxımdan öz növbəmizdə təhlükəsizlik
məsələlərinə həssaslıqla yanaşmaqdan
savayı, mövcud imkanlar daxilində yenilənmə və təkmilləşməyə
də çalışırıq. Siqnalizasiya sistemi, zallarda
quraşdırılan kameralar müasir standartlara cavab verir.
Bunu da unutmaq olmaz ki, muzeyin təhlükəsizliyi yalnız
texniki avadanlıqlarla ölçülmür. Muzeydə fəaliyyət
göstərən peşəkar kadrlar, fond əməkdaşlarının
məsuliyyəti, hər bir vəziyyətə
hazırlıqlı olmaq, kütləvi ziyarətçilərin
düzgün idarə olunması kimi amillərin də əhəmiyyəti
böyükdür. Unutmayaq ki, muzeylər yalnız
eksponatların saxlanıldığı məkan deyil. Muzey
tarixi yaddaşın qorunduğu mədəni bir ocaqdır,
onun mühafizə və təhlükəsizliyi hər ölkə
üçün özünəməxsus əhəmiyyət
daşıyır. Bir muzey əməkdaşı
kimi məni qürurlandıran odur ki, Milli Azərbaycan Tarix
Muzeyinə kimliyindən asılı olmayaraq gələn istər
öz vətəndaşlarımız olsun, istərsə də
əcnəbilər, muzeydən çıxanda Azərbaycan
tarixi, mədəniyyəti, incəsənəti, mətbuatı,
yəni bütün sahələr haqqında məlumat almış
olur. Bu, hər şeyə dəyər.
SÖZARDI: Tarix uzaq keçmiş deyil, bu
günümüzün yaddaşıdır. Biz onu qoruduqca, o
da bizi qoruyur, kimliyimizi xatırladır. Muzeylər isə bu
yaddaşın sakit və sədaqətli keşikçiləridir.
Tamilla M-ZADƏ
525-ci qəzet .- 2026.- 13 fevral (№6).- S.13.