Qurultay yolu  

 

Dünya şöhrətli türkoloq, Azərbaycan mühacirətinin parlaq siması, istiqlal mücahidi, İstanbul Universitetinin professoru Əhməd Cəfəroğlu naşiri və redaktoru olduğu "Azərbaycan yurd bilgisi" məcmuəsinin dalbadal 4 nömrəsində "Səbir sənə, ey əziz Vətən" sözləri ilə başlayan "Azəri ədəbiyyatında istiqlal mücadiləsi izləri" adlı irihəcmli və sanballı məqalə dərc etdirmişdi (avqust-sentyabr, №8-9; oktyabr, №10; noyabr, №11; dekabr, №12, 1932). Hər bir mərhələyə xas ictimai-siyasi prosesləri və ona uyğun yaranan istiqlal ədəbiyyatı nümunələrini dərindən və hərtərəfli təhlil edən professor Əhməd Cəfəroğlu "...ilk Azərbaycan tarixini qələmə alan Abbasqulu Ağa Bakıxanovu, komediyaları ilə Azərbaycan türkcəsinə milli lisan həyatı verən Mirzə Fətəli Axundovu və ilk milli mətbuatın təməlini qoyan Həsən bəy Zərdabini milliyyətpərvər cərəyanın mübbəşirləri" (müjdəçiləri - T.A.) hesab edir və hər birinin yaradıcılıq fəaliyyətinə işıq salır. Onların Azərbaycan ictimai fikrində silinməz izlər qoyduğunu, milli Azərbaycan mədəniyyətinin inkişafında müstəsna rol oynadığını vurğulayır. Bildirir ki, bu xidmətlərinə görə Azərbaycan xalqı əsrlərlə "Azərbaycan hərəkatının təməli" sayılan bu üç şəxsə borclu olacaqdır. Çünki Azərbaycan Xalq Cümhuriyyətinin ideoloji əsasını təşkil edən istiqlal ideyası məhz həmin xadimlərin ədəbi-elmi, bədii-publisistik, ictimai-siyasi fəaliyyətindən nəşət tapıb.

Con Stüart Millin müəllifi olduğu "Azadlıq haqqında" əsəri barədə yazan Mirzə Fətəli Axundov - çağdaş mədəniyyətimizin patriarxı, "Avropaya açılan" pəncərəmiz əbəs yerə şikayətlənmirdi ki, onunla eyni dövrdə yaşayan fərdlər hər bir işi düşünmədən və fikir vermədən görür və onlar dəyirman atlarına bənzəyirlər ki, hər gün müəyyən dairədə dolanır, vaxtında da arpa-saman yeyib su içir, yatır, sonra genə oyanıb haman dünənki dolanışı dünyanın axırına qədər təkrar edirlər. Yaxud Həsən bəy Zərdabi "çağıranda gəlməyən, göstərəndə görməyən, deyəndə qanmayan" bir toplum, təhsilə, elmə, mədəniyyətə xor baxan, ətalət, cəhalət, mövhumat, zülmət və zillət içində boğulan, tərəqqiyə biganə, bivec, laqeyd cəmiyyətlə baş-başa olduğunu bilmirdi? Belə olduğu təqdirdə Əhməd Cəfəroğlu nəyə əsasən istiqlal izlərini onların yaşadığı mühitdə və irsində axtarmaqda haqlı idimi? Fikrimizcə, böyük türkoloq bu axtarışında tam haqlı idi. Çünki maarifçilər, obrazlı ifadə ilə desək, cəmiyyətə "istiqlal" toxumunu səpirdilər və o, illər ötdükcə yetişdi, ideologiya kimi formalaşdı, nəhayətdə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə nəticələndi.

Azərbaycanın və bütövlükdə türk dünyasının XX əsr elmi-mədəni həyatının parlaq səhifəsini təşkil edən Birinci Türkoloji Qurultaya aparan yolun da eyni taleyi yaşadığını, enişli, yoxuşlu, döngəli, dalanlı olduğunu söyləsək, yanılmarıq.

Birinci Türkoloji Qurultayın gündəliyi türkologiyanın müxtəlif sahələrini əhatə etsə də, əsas istiqamət ortaq əlifba və ortaq ədəbi dil problemi idi. Əslində ortaq əlifba var idi, ərəb əlifbası və bu əlifba türkçülük ideologiyasının əsasını qoyanlardan Əli bəy Hüseynzadənin fikrincə, türk xalqlarının birliyinin əsas təminatçısı ola bilərdi. Amma hələ XIX əsrin ortalarından M.F.Axundov ərəb əlifbasını təkmilləşdirmək və ərəb əlifbasından latın əlifbasına keçmək təşəbbüsünü irəli sürmüş, layihələr tərtib etmiş, məqalələr yazmışdır. Sonralar bu ideya qabaqcıl ziyalılar - Məhəmmədağa Şahtaxtlı, Cəlil Məmmədquluzadə, Firidun bəy Köçərli, Fərhad Ağazadə, Abdulla Əfəndizadə, Süleyman Sani Axundov və başqaları tərəfindən davam və inkişaf etdirilmişdi. Eyni proses bu və digər şəkildə sovet imperiyasında yaşayan türk xalqlarının mədəni həyatında da gedirdi. Heç də təsadüfi deyil ki, Birinci Türkoloji Qurultaydan sonra - 1928-ci ildə türkmənlər, altaylar, qaraqalpaqlar, qırğızlar, 1929-cu ildən qazaxlar, başqırdlar, qumuqlar, xakaslar, yakutlar latın əlifbasından istifadə etmişlər. Təəssüf ki, bu vəziyyət uzun sürməmiş, sovet rejimi və kommunist ideologiyasının direktiv göstərişinə əsasən türk xalqları kiril əlifbasına keçmişlər. Sovet imperiyası çökdükdən sonra latın əlfbasına qayıtmaq ideyası aktuallaşmış və keçmiş SSRİ məkanında bu addımı ölkəmiz birinci atmışdı. Beləliklə, uzun illərdən sonra Birinci Türkoloji Qurultayın gündəliyindəki məsələlərdən biri Azərbaycanda reallaşmışdı.

Qurultayın gündəliyinə daxil olan və qızğın müzakirə edilən və bu gün də aktuallığını itirməyən, ciddi mübahisələr doğuran əsas mövzulardan biri ortaq ədəbi dil məsələsi idi. Bu barədə bəhs etməzdən əvvəl bəzi opponentlərin şirin, obrazlı, canlı, zəngin, koloritli, özünəməxsus qrammatik, semantik xüsusiyyətləri olan dilimizin aradan çıxacağından çəkinərək problemə ehtiyatlı, ifadə caizsə, həyəcanla yanaşdığını müşahidə etməkdəyik. Düşünürəm ki, ortaq ədəbi dil türk birliyinin inkişafına, möhkəmləndirilməsinə, türk xalqlarının bir-birinə yaxınlaşmasına yardım etməklə yanaşı, dilimizi daha zənginləşdirəcək, yad sözlərdən təmizləyəcək, onu daha işlək və cazibəli edəcəkdir.

Ortaq ədəbi dil ideyasını irəli sürən və onu "Tərcüman" qəzeti ilə qismən həyata keçirən Rusiya müsəlmanlarının liderlərindən biri, türk xalqlarının taleyində, tarixində böyük əhəmiyyət kəsb edən "Dildə, fikirdə, işdə birlik" şüarının müəllifi İsmayıl Qaspiralı olmuşdu. Tanınmış türkoloq Fuat Körpülüzadə "İsmayıl Qasprinski" məqaləsində" yazırdı: "Tərcüman" təkcə Krımda deyil, Kazanda, Qafqazda, Türkistanda, Çin Türkistanında, Sibirdə, Rumıniyada, Bolqarıstanda, Osmanlı imperiyası daxilində, xülasə, bütün türk məmləkətlərində böyük bir təsir buraxdı, türklərin, xüsusi ilə Rusiya türklərinin intibahında mühüm bir amil oldu, hər tərəfdə İsmayıl bəyin bir çox tərəfdarları, ardıcılları yetişdi..."

İsmayıl bəy "Dostlarıma açıq məktub"da yazırdı: "Dayanmadan çalışaq, mühərrir rəfiqlər, bizlər hazırda nə qədər qəzet, risalə yazsaq da, dünyamızı dərhal islah edə bilməyəcəyimiz məlumdur, lakin əlimizdən gələcək çox mühüm bir işimiz də vardır. Bu da ortaq ədəbi dilə təməl, əsas, bünövrə qoymaqdır. Bu işə ziyadə diqqət yetirək". Böyük ideoloq "Can, yəni dil məsələsi" məqaləsində "Çalışaq, çalışaq, ortaq ədəbi dil uğrunda çalışaq" - yazaraq, silahdaşlarını bu ideya ətrafında birləşməyə dəvət edirdi:  "Aslan kimi millətimizin başına gələn fəlakətlər və çarəsizlik ...hər su boyunda bir şivədə danışıb, indiyə qədər ortaq yazı və ədəbi dili vücuda gətirməkdə etdiyi qəflətdir". İ.Qaspiralı davam edərək yazırdı: "Əski ədəbi dilimizin bir sütunu Əlişir Nəvaisə, yeni ədəbi dilimizin sütunu Füzulidir. Doğma dil demək, millətin ədəbi dili deməkdir, bizim də doğma dilimiz türk dilidir, ədəbi dilimizdir". İ.Qaspiralı ilə başlayan ortaq ədəbi dil ideyasının gerçəkləşdirilməsi uğrunda Yusuf Akçura, Əhməd Ağaoğlu, Əli bəy Hüseynzadə, Ziya Göyalp, İbrahim Şinasi, Namiq Kamal, Bəkir Çobanzadə və başqaları tərəfindən Türkiyə və Azərbaycanda mücadilə etmişlər. Ortaq ədəbi dil  türk xalqlarının birliyinə aparan ən qısa yoldur. Türk xalqları arasında möhkəmlənən ədəbi, mədəni, elmi, ictimai-siyasi, iqtisadi əlaqələr, çox sayda irimiqyaslı layihələr ortaq dilin ərsəyə gəlməsinə təkan verən amillərdəndir. Türkdilli Dövlətlərin Parlament Assambleyası (TÜRKPA), TÜRKSOY, Türk Mədəniyyəti və İrsi Fondu, Beynəlxalq Türk Akademiyası və Türk Dövlətləri Təşkilatı (TDT) bu böyük ideyanın gerçəkləşməsinin praktiki dayaqlarıdır.

Sonda xatırlatmaq istərdim ki, Birinci Türkoloji Qurultay İsmayıl bəy Qaspiralının və Radlovun şərəfinə keçirilmişdi. Şübhəsiz ki, ortaq ədəbi dil ideyasının reallaşması təkcə onların yox, mütləq əksəriyyətinin həyatına sovet rejimi tərəfindən son qoyulduğu qurultay iştirakçılarının ruhunu şad edəcəkdir.

 

08.02.2026.

Abid TAHİRLİ

525-ci qəzet .- 2026.- 13 fevral (№6).- S.12.