Bizimkilər qurultayda. Orada kimlər
vardı? - Birinci Türkoloji qurultay
iştirakçılarının izi ilə
QURULTAYIN AZƏRBAYCANLI NÜMAYƏNDƏLƏRİ
HAQQINDA
Bakıda keçirilən ilk türkoloji forumun
işində qeydiyyatdan keçmiş 131 nəfər nümayəndə
iştirak etmişdi. Müxtəlif kateqoriyalar üzrə
(milli mənsubluq, iş yeri və s.) onların beşdə
birindən çoxu - 25 nəfəri ev sahibləri, yaxud Azərbaycanı
təmsil edənlər idi. Türkiyə, Rusiya, Ermənistan və
Gürcüstan heyətlərinin arasındakı azərbaycanlılar da bu siyahıya
daxildir.
Azərbaycan nümayəndələrinin özlərini
də etnik, vətəndaşlıq və professional mənsubluq
baxımından bir neçə
yerə bölmək olardı. Məsələn, qurultayda
ölkəmizi təmsil edən universitet professorları və
elmi-tədqiqat institutunun əməkdaşlarından Nikolay
Aşmarin (1870-1933) çuvaş, Bəkir Çobanzadə
(1893-1938) Krım tatarı, Qaziz Qubaydullin (1887-1937) Kazan
tatarı, Xalid Səid Xocayev (1888-1937) özbək, Artur
Zifeldf-Simumyaqi (1889-1939) eston əsilli idilər. Aclıq və
səfalət içində ölən, bu mənada digər
həmkarları kimi rejimin qurbanı sayıla biləcək
SSRİ EA müxbir üzvü N.Aşmarini istisna etmək
şərti ilə qalan dörd nəfər "böyük
terror" dövründə müxtəlif saxta ittihamlarla
repressiya olunmuşdu.
Bəlli səbəblərdən Azərbaycan heyətinin
tərkibində dövlət strukturlarının təmsilçiləri
- partiya və hökumət nümayəndələri, idarə
və təşkilat, rəsmi mətbuat və təhsil
qurumlarının rəhbərləri də az deyildilər.
Birinci Türkoloji Qurultaya hazırlıq üzrə
Ümumittifaq Təşkilat Komitəsinin sədri Səmədağa
Ağamalı oğlu (1867-1930, Azərbaycan MİK sədri; rəsmi
şəxslərin qurultay keçirildiyi zaman tutuğu vəzifə
göstərilib - V.Q.) Mustafa Quliyev (1893-1938, xalq maarifi
komissarı), Ruhulla Axundov (1897-1938, Azərbaycan Kommunist
(bolşeviklər) partiyası Mərkəzi Komitəsinin ikinci
katibi, Həbib Cəbiyev (1899-1938, Azərbaycan türkcəsi
ilə çıxan "Kommunist" qəzetinin redaktoru), Həmid
Sultanov (1889-1938, Naxçıvan MSSR Xalq Komissarları
Şurasının sədri), Mirzə Davud Hüseynov
(1894-1938, ZSFSR xalq maliyyə komissarı), Hüseyn Musayev
(1889-1956, Naxçıvan MSSR xalq maarif komissarı), Ayna
Sultanova (1895-1938, qurultayın yeganə qadın nümayəndəsi,
"Şərq qadını" jurnalının baş
redaktoru), Pənah Qasımov (1881-1937, Maarif kadrlarını təkmilləşdirmə
institutunun direktoru), Cəlil Məmmədzadə (1888-1934, xalq
maarif komissarının müavini), Müseyib İlyasov
(1884-1944, Zəngəzur qəza xalq maarif şöbəsinin
müdiri), Əhməd Pepinov (1893-1938, Cümhuriyyətin
sonuncu hökumət kabinəsində əmək naziri, Azərbaycan
dövlət nəşriyyatının rəhbəri)
qurultayın hazırlanması və keçirilməsində
az iş görməmişdilər. Rəhbər şəxslər
siyahısında da 1930-cu ildə Moskvada, müalicə
aldığı Kreml xəstəxanasında vəfat edən
Səmədağa Ağamalı oğlu və 1934-cü ildə
öz əcəli ilə ölən Cəlil Məmmədzadədən
başqa, digər şəxslər repressiya qurbanı
(güllələnmə, yaxud uzun müddətli həbs cəzası)
olmuşdu.
Burada ayrıca qeyd etmək lazımdır ki, məmur,
yaxud dövlət qulluqçusu kimi müxtəlif rəhbər
vəzifələrdə çalışan şəxslərin
hamısı ənənəvi anlamda məmur deyildi. Onlardan bəziləri
elm və yaradıcılıq sahəsində müəyyən
iz qoymuşdu. Məsələn, Səmədağa
Ağamalı oğlu yeni əlifba hərəkatına dair bir
neçə kitabın və siyasi-publisist yazıların
müəllifi, Ruhulla Axundov görkəmli lüğətşünas-alim,
tərcüməçi və elm təşkilatçısı,
Mustafa Quliyev tənqidçi-ədəbiyyatşünas, Həbib
Cəbiyev, Ayna Sultanova, Əhməd Pepinov tanınmış
publisist idilər.
Qurultay iştirakçılarının milli mənsubiyyət
və ölkələr üzrə dəqiq siyahısı hələ də tam
şəkildə təsbit edilməyib. Bu həm Azərbaycana,
həm də digər respublika və əyalətlərə
aiddir. Bir nümunə. Mövzu ilə bağlı son
araşdırmalardan birinin müəllifi, Qarabağ
Universitetinin dosenti Elçin İbrahimin mənim redaktəmlə
çıxan "Birinci Türkoloji Qurultay - 100. Ortaq əlifba,
imla və ədəbi dil məsələləri" (Xankəndi,
2026) kitabında Azərbaycan nümayəndəsi kimi təqdim
etdiyi Fərid Xurşid adlı şəxsin əslində
ölkəmizə və türkologiyaya bir aidiyyəti yox idi.
Fərid bəy həmin dövrdə Bakıdakı Türkiyə
səfirliyinin konsulu vəzifəsində
çalışmışdı. "Bizim Ahıska" dərgisində
(bahar, 2018), Şahanə Kərimli adlı müəllifin
"İşkencelere Maruz Kalan ve Kurşuna Dizilen Bakan Ahmet
Pepinov aslinde kimdi?" adlı araşdırma yazısından
Fərid Xurşid bəyin Ə.Pepinovla yaxın dost olduğu,
imkanı daxilində həmin çətin dövrdə bəzi Cümhuriyyət xadimlərinə
yardım göstərdiyi - leqal şəkildə Türkiyəyə
getmək üçün lazımi sənədlər verdiyi vurğulanır.
Türk konsulunun qurultayda şəxsi dəvət əsasında
iştirakını nəzərə alsaq, dəvətin elmi
foruma hazırlıq işlərində yaxından
çalışan Əhməd bəydən gəldiyini
güman etmək olar.
Qurultay nümayəndələri: Səmədağa
Ağamalı oğlu (mərkəzdə), Abdulla Tağızadə,
Əli Nazim və b. (arxada, ikinci sırada)
1910-cu ildən etibarən daimi İstanbulda yaşayan
azərbaycanlı maarifçi və ictimai xadim,
türkçülük ideyasının babası Əli bəy
Hüseynzadə məşhur türk ədəbiyyatşünası,
SSRİ EA-nın xarici müxbir üzvü Mehmet Fuat Köprülü
(1890-1976) ilə birlikdə qurultayda Cümhuriyyət Türkiyəsini
təmsil edirdilər.
Rusiya, Gürcüstan və Ermənistanı heyətlərinin
tərkibindəki azərbaycanlı nümayəndələrə
gəldikdə isə Rostov-Şimali Qafqaz təmsilçisi
kimi təqdim edilən Cahangir
Nağıyev (1902-1929) Moskva universiteti və
Qırmızı Professorlar institutunun yetirməsi idi. Gənc
yaşda faciəli şəkildə həlak olsa da, yeni Azərbaycan
fəlsəfi fikrinin tarixində müəyyən izlər
qoymuşdu. Digər Rusiya təmsilçisi, əslən Gəncədən
olan gələcəyin görkəmli dilçi-alimi Abdulla
Tağızadə (1897-1938) Leninqrad universiteti yanında (bundan
əvvəl Moskva (1916) və Bakı (1919-1920) universitetlərində
təhsil almışdı) Canlı Şərq Dilləri
İnstitutunun tələbəsi idi. İnstitutun rektoru,
SSRİ EA-nın müxbir üzvü professor A.N.Samoyloviçin
təklifi ilə istedadlı türkoloq kimi Rusiya heyətinin tərkibinə
salınmışdı. Rusiyadan gələn
üçüncü soydaşımız isə Dərbənd
sakini, Dağıstan Xalq Komissarları Şurası sədrinin
müavini, xalq maliyyə komissarı Kərim Məmmədbəyov
(1899-1938) idi.
Qurultaya Gürcüstandan gələn Rzaqulu Nəcəfov
(1883-1937) məşhur mollanəsrəddinçi şair
Əliqulu Qəmküsarın kiçik qardaşı və
XX əsrin birinci qərinəsində Tiflisdə Azərbaycan ədəbi-ictimai
mühitinin fəal nümayəndələrindən biri idi.
Açıq fikirli mətbuat xadimi, yazıçı-publisist
və maarifpərvər ziyalı kimi tanınırdı.
1920-ci illərin ikinci yarısında Zaqafqaziya Yeni Əlifba
Komitəsinin sədr müavini, Tiflisdə azərbaycanca nəşr
olunan "Yeni fikir" qəzetinin fəal müəllifi,
"Dan ulduzu" jurnalının isə redaktoru kimi fəaliyyət
göstərirdi.
Qurultaya qonşu Ermənistanın iki nümayəndəsindən
biri kimi qatılan Bala Əfəndiyev (1893-1938) də Azərbaycan
əsilli idi. Qazax qəzasının Qaraqoyunlu dərəsində
doğulmuşdu. 1922-1929-cu illərdə qonşu respublikada
bir sıra rəhbər işlərdə çalışmış,
fəaliyyətinin son iki ilində isə Ermənistan hökumətində
xalq ictimai təminat komissarı olmuşdu. İrəvanda
"Zəngi" və "Rəncbər" qəzetlərinin
nəşri, Azərbaycan politexnik texnikumun qurulması, milli Azərbaycan
teatrının yenidən fəaliyyətə başlaması
adı ilə bağlı idi. Türkoloji Qurultay işinə
başladığı dövrdə həssas bir sahəyə
- Ermənistan KP MK-nin Millətlər şöbəsinə rəhbərlik
edirdi. Abdulla Tağızadə, Kərim Məmmədbəyov,
Rzaqulu Nəcəfov və Bala Əfəndiyev də
repressiyanın günahsız qurbanları sırasında idilər.
Ənənəvi nəqərat-martiroloqu davam etdirərək
hər üçünün saxta ittihamlarla (əsasən
türkçülük) güllələndiyini yada
salmalıyam.
Qurultayda elmi dairələrin nümayəndələri
qismində ölkəmizi Mirzə Fətəlidən
başlanan əlifba islahatı ideyasının sadiq
davamçısı, pedaqoq, mətbuat
tarixçisi və publisist Fərhad Ağazadə (1880-1931),
şifahi xalq ədəbiyyatı sahəsində ilk sistemli tədqiqat
əsərlərinin müəllifi, ədəbiyyatşünas
Hənəfi Zeynallı (1896-1937), dilçi-alim, Azərbaycan
Kooperativ İnstitutu dilçilik kafedrasının müdiri,
professor Cabbar Məmmədzadə (1882-1938), qurultayın katibi
- Cümhuriyyətin ali təhsil almaq üçün Avropaya
göndərdiyi 100 tələbədən biri, poliqlot-şair
Əli Yusif Yusifzadə (1900-1937) təmsil edirdilər. Maraqlıdır ki, 1937-ci ildə
"xalq düşməni" kimi həbs olunmuş Əli Yusifin istintaqını aparan
müstəntiq Vasin təşkilati məsələlərə
məsul şəxs kimi ondan "Türkoloji Qurultay
keçirilən salona daxil olmaları üçün
neçə nəfərə və hansı əsasla sənəd
verməsi, xaricdən çağırılan alimlərin
siyahısını haradan alması" ilə bağlı
texniki mahiyyətli və
heç bir cinayət xarakteri daşımayan suallara cavab istəmişdi.
NKVD-nin bu yanaşma tərzi əksər alimlərə məhz
türkoloji qurultayda iştiraka görə divan tutulduğuna
aydınlıq gətirən məqam kimi diqqəti çəkməyə
bilməz. Bəkir Çobanzadənin istintaq materiallarında
isə ittiham daha sərt şəkildə qoyulmuşdu:
"1926-cı ildə keçirilən Türkoloji qurultay əslində
konspirativ yığıncağa çevrilmişdi; burada onlar
(türkoloq-alimlər) digər respublikaların əksinqilabçı
və millətçi təşkilatları ilə blok yaratmaq
haqda razılığa gəlirdilər". Yeri gəlmişkən,
qırğız tədqiqatçısı, prof. Baybolat
Abıtov ənənəvi şəkildə "repressiya
olunanlar və güllələnənlər qurultayı"
kimi təqdim etdiyi forumun 60-65 nəfər nümayəndəsinə
bu və ya digər şəkildə divan tutulduğunu
yazır. Əslində isə daha diqqətli araşdırma
bu rəqəmin 100 nəfərə
çatdığını söyləməyə əsas
verir.
Haqqında yetərincə məlumat olmayan iki
soydaşımız üzərində qısa da olsa,
ayrıca dayanmağa lüzum var. Onlardan birincisi qurultaya
Naxçıvandan qatılan, amma sənədlərdə Cənubi
Azərbaycan təmsilçisi kimi təqdim ediləb toxucu və
prokuror (?!) İbrahim Rza oğlu Şəbüstəri idi. Həmin
dövrdə Naxçıvanda yaşamasını və qəribə
səslənən "toxucu-prokuror" vəzifəsində
çalışmasını çıxmaq şərti ilə
barəsində digər məlumat yoxdur. Lakin qurultay əsnasında
namizədlikləri Azərbaycan Tədqiq və Tətəbbö
Cəmiyyətinin Naxçıvan şöbəsində
müzakirə edilib iştirakları məqbul sayılan bir
sıra layiqli
iddiaçıları arxada qoyaraq foruma Naxçıvan MSSR XKS sədri Həmid
Sultanovla birlikdə dəvət alması yerli iyerarxiyada
mühüm mövqe tutduğunu, yaxud o dövrdə də
prokurorların hökumət yanında xüsusi etibar sahibi
olduğunu deməyə əsas verir.
Adı nədənsə stenoqrafik hesabatda
xatırladılmayan tələbə Həsən Musayev isə
öz ağıllı, mühakiməli
çıxışı sayəsində qurultayın
gedişi ilə bağlı maraqlı qeydlərin müəllifi,
məşhur soydaşı Əli bəy Hüseynzadənin rəğbətini
qazana bilmişdi. Qeydlərində
bir çox ünlü elm adamlarının sadəcə
adlarını çəkən Əli bəy gənc tələbə
haqda aşağıdakı sətirləri yazmağa lüzum
görmüşdü: "...uyğur mədəniyyətindən
bəhs etdi. Türkcəsi yaxşı başa
düşülürdü. İstanbulda, Qalatasaray litseyində
təhsil alıb. Turfan, Tyan-Şan, Pamir bölgələrində
yaşayan türklər barəsində danışdı və
çıxışından bu sətirləri nümunə
kimi gətirmişdi:
"Sarı Uyğurlar həp Kaşqarlıyıq deyirlərmiş.
Əski zamanlarda "Uyğuruq" deməkdən
utandıqları halda indi Uyğur olmaqları ilə iftixar
edirlər. Dilləri sadə qalmışdır".
Aydın məsələdir ki, qurultay yalnız rəsmi
nümayəndə statusu almış 131 nəfərin
iştirakı ilə baş tutmamışdı. Tədbirin
Bakıda keçirilməsi Azərbaycanın
çağdaş humanitar elm və mədəniyyətinin əksər
nümayəndələrinin iclaslarda, müzakirələrdə,
açılış və bağlanış mərasimlərində
iştirakına imkan yaratmışdı. Bəzi iclaslar sənədlərdə
Türk Mədəniyyəti Sarayı kimi təqdim olunan
İsmailiyyənin 1000 nəfərlik böyük salonunda demək
olar ki, anşlaq şəraitində keçirilmişdi. Radio
ilə transliyasiya edilən
çıxışlar olmuşdu. Bütünlükdə isə
mətbuat işçiləri və texniki personal da daxil
iclasların gedişini 600 nəfərdən çox elm, mədəniyyət,
maarif xadimi, yaradıcı təşkilatların təmsilçiləri,
jurnalistlər və b. izləmişdilər.
Azər Turanın yazdığına görə,
qurultay günlərində çəkilmiş sənədli
filmə tamaşa edərkən Turan Cavid kadrlarda
atasını - böyük sənətkarımız
Hüseyn Cavidi tanımışdı. Bir sıra mənbələr
felyetonlarında və "Molla Nəsrəddin"in səhifələrində
əski əlifbanın qüsurlarını sərt dillə məsxərəyə
qoyan ustad Mirzə Cəlilin türkoloji forumda
iştirakını təsdiq edirlər. Foto-şəkillərə
əsaslanaraq Sultan Məcid Qənizadə, Abdulla Şaiq,
Əziz Şərif kimi
maarifçi ziyalıların da mühüm elmi-mədəni
tədbirdən kənarda qalmadıqlarını söyləmək
mümkündür. Yaxud Ayna Sultanovadan yeganə qadın
nümayəndə kimi danışılsa da,
tanınmış maarif işçisi Məryəm xanım
Bayraməlibəyovanın qurultayın işində
yaxından iştirak etmiş, birinci iclasda hətta
qonaqları Azərbaycanın maarif işçiləri
adından salamlamışdı.
Cəfər Cabbarlı irsinin tədqiqatçısı,
professor Asif Rüstəmli görkəmli dramaturqun qurultayda tərcüməçi
kimi iştirak etdiyini, eləcə də "Kommunist" qəzetində
"Cim" təxəllüsü ilə çap olunan məqalələrində
müzakirələrə fəal münasibət bildirdiyini
aşkara çıxarıb. Digər maraqlı məqam isə
gənc Cabbarlının Təşkilat Komitəsinin
tapşırığına əsasən qurultay nümayəndəsi,
Moskva Şərqşünaslıq İnstitutunun ilk rektoru
M.P.Pavloviçin (Veltman, 1871-1927) həmkarı S.İranski ilə
birlikdə yazdığı "İran istiqlal mübarizəsi
yolunda" (Moskva, 1926) kitabını Azərbaycan türkcəsinə
çevirib çap etdirməsi idi. Nəşr hədiyyə
kimi iştirakçılar arasında
yayılmışdı. Salman Mümtazın mötəbər
məclisə
qatılmasının etibarlı dəlil-sübutu onun
Əli bəy Hüseynzadə və Mehmet Fuad
Köprülü ilə foto-şəkli, eyni zamanda
hazırladığı digər nəşrlərlə
birlikdə Nəsimi "Divan"ının da qurultayın
son günündə təqdim olunması idi. Yaxud adına sənədlərdə
rast gəlmədiyimiz Vəli Xuluflu 1933-cü ildə qələmə
aldığı tərcümeyi-halında bu sahədə fəaliyyəti
üzərinə işıq salaraq yazmışdı:
"Yeni türk Əlifba Komitəsinin gələcək
üzvü və təlimatçısı kimi Krım,
Qazaxıstan, Özbəkistan, Başqırdıstan, Kazan,
Türkmənistan, Tacikistan ərazilərini gəzərək
bu respublikaların xalqları arasında təbliğat aparmaq
mənə nəsib olmuşdu. Birinci Türkoloji qurultayda və
yeni türk əlifbasının iki plenumunda iştirak
etmişəm". Belə misalların sayını yenə
artırmaq mümkündür. Bir sözlə, mübaliğəsiz
deyə bilərik ki, 1926-cı ilin fevral-mart aylarında Azərbaycan
ziyalılarının az-çox tanınan nümayəndələrinin
hamısı olmasa da, əksər qismi qurultay ab-havası ilə
yaşamış, onun işində ən azı dinləyici
kimi iştirak etmişdi.
İlk Türkoloji qurultayın Bakıda keçirilməsi,
sovet Azərbaycanının
elmi-siyasi dairələrinin beynəlxalq miqyaslı tədbirin
təşkilində yaxından iştirakı onu Azərbaycanın
aktivinə yazmağa nə dərəcə əsas verir?
1920-ci ilin sentyabrında Şərq xalqlarının I
qurultayına uğurla təşkil edən Bakı artıq
yalnız coğrafi mövqeyinə görə deyil, mədəni-intellektual
potensialına görə də yaxın-uzaq xalqları bir
araya gətirmək gücünü göstərmişdi. Bunu
nə üçün yazıram? Çünki qurultayın təşkilinə
başqa iddiaçılar da vardı. Bəlli olduğu kimi,
Qazi Mustafa Kamal paşanın təşəbbüsü və Türkiyə Cümhuriyyəti
Bakanlar Kurulunun 1111 saylı qərarı ilə 1924-cü il
noyabrın 23-də İstanbul Darülfünunu yanında
qurulan, rəhbərliyinə isə professor Mehmet Fuad
Köprülüzadə gətirilən Türkiyyat
İnstitutunun da əsas hədəflərindən biri
Türkoloji qurultayın çağırılması idi.
Türkiyə ilə müqayisədə daha çox
türk əsilli xalqın yaşadığı Sovet
İttifaqı bu məsələdə xüsusən
israrlı idi. Hətta Moskva, yaxud Leninqrad kimi universitet şəhərləri,
şərqşünaslıq və türkologiya mərkəzləri
də qurultaya ev sahibliyi etmək niyyətlərini gizlətmirdilər.
Amma təbii ki, son qərar alimlərin niyyət və istəyinə
yox, siyasi iradəyə
bağlı idi. Nəticədə, Şərqin mədəniyyət
paytaxtlarından biri kimi tanınan Bakı ümumtürk əhəmiyyətli,
beynəlxalq miqyaslı elmi-mədəni (eləcə də
siyasi!) qurultayın təşkilatçısı olmaq şərəf
və məsuliyyətinə layiq görüldü.
Nə üçün məhz Bakının
seçilməsi ilk iclasda çıxış edən əsas
qonağın - akademik V.V.Bartoldun da diqqətindən
yayınmamışdı: "Hal-hazırda qurultay Bakıda
çağırılır. Qurultayın Bakıda
keçirilməsinə haqq qazandıran bir sıra dəlillər
vardır... Əhalisinin əksəriyyəti türklərdən
ibarət olan bütün
respublikalarla müqayisədə Azərbaycanın və
paytaxtı Bakı şəhərinin universitet həyatını,
ümumiyyətlə, elmi həyatı daha yüksək səviyyədə
qoruyub saxlamağa müvəffəq olduğu danılmaz
faktdır. Digər tərəfdən coğrafi mövqeyinə
görə də Bakı həm Moskva və Leninqraddan, həm
də Krım, Tatarıstan, Türkmənistan və digər
respublikalardan gələnlər üçün eyni dərəcədə
əlverişlidir".
Ümumittifaq Türkoloji qurultay üçün
Bakının seçilməsi Azərbaycan siyasi mühacirəti
arasında da müzakirələrə səbəb olmuşdu.
Vətəndəki ictimai-siyasi deyil, ədəbi-mədəni
prosesləri də diqqətlə izləməyə
çalışan Məhəmməd Əmin Rəsulzadə
forumun tərkibini və məqsədlərini şübhə
altına alaraq deyirdi ki, "bir qrup avropalı eqiptoloqun Qahirədəki
konqresi misirşünaslığa hansı töhfəni verəcəksə, rus
professorların Bakıda türkoloji qurultay keçirməsindən
də eyni nəticəni gözləmək olar". Məncə,
özü də parlaq bir elm adamı kimi tanınan Məhəmməd
Əmin bu təsadüfdə alimdən çox, siyasi rəqib
və qatı müxalifətçi kimi
danışmışdı.
Onun redaktorluğu ilə nəşr olunan "Yeni
Kafkasiya" (İstanbul) jurnalı qurultaya
hazırlığın gedişini diqqətdə
saxlamış, 1926-cı il mart sayında isə alınan qərarlara,
xüsusən latın əlifbasına keçidə
münasibətini belə ifadə etmişdi: "Konqre Sovetlər
Birliyində türklərə latın yazısını diktə
etmək üçün Moskvanın hazırladığı
komediyadır. Konqre öncəsində latın alfabesi konusunda
yayın yapması üçün Moskva direktiv vermişdir.
Latınçıların səs-küy salmasına və
konqrenin qərar verməsinə lüzum belə yox idi. Qərar
Moskvada çox öncədən verilmişdi".
Qurultay nümayəndələri: Həbib Cəbiyev
(ikinci sırada, mərkəzdə), Artur Zifeld, Əhməd
Pepinov (ondan sağ tərəfdə)
Ədalət naminə deyim ki, Məhəmməd
Əmin bəyin öndərlərindən olduğu
Cümhuriyyət mövcudluğunun birinci ilində latın əlifbasına
keçid məsələsini gündəliyə
çıxarmışdı. 1919-cu il martın 21-də Maarif
Nazirliyi yanında Xudadad bəy Məlikaslanovun sədrliyi ilə
Əlifba islahatı komissiyası yaradılmışdı.
Komissiya qısa müddət ərzində hökumətə
bir neçə layihə təqdim etmişdi. Onların
arasından Parlament üzvü Abdulla bəy Əfəndizadənin
latın qrafikalı layihəsi bəyənilmişdi. Bu arada
Abdulla bəyin "Azərbaycan" qəzetində latın əlifbasına
keçidin zəruriliyi ilə bağlı məqaləsi dərc
olunmuş, tərtib etdiyi yeni əlifba dərsliyi 1919-cu ildə
Hökumət mətbəəsində çap olunmuşdu. Məsələ
Parlamentin müzakirəsinə hazırlanırdı. Əgər
XI Qırmızı ordu 28 apreldə milli hakimiyyəti devirməsəydi,
heç şübhəsiz, savadlı xalqın hakimiyyətini
qurmaq istəyən Cümhuriyyət xadimlərinin özləri
həmin layihəyə səs verəcəkdilər. Təbii
ki, belə olduqda, Məhəmməd Əmin bəy də bu
proseslərdən kənarda qalmayacaqdı...
Hansı mövqedən, hansı baxış
bucağı altında yanaşılmasından asılı
olmayaraq Birinci Türkoloji qurultay bir "Azərbaycan hadisəsi"
idi. Azərbaycan elmi və siyasi elitasının aparıcı
rolu ilə yadda qalmışdı. Bəzi qaynaqlarda
"Bakı qurultayı" kimi tanıdılan forumla
bağlı "quru faktlar" da bunu sübut edir. 1925-ci ilin
avqust ayında SSRİ XKS-nin qərarı ilə yaradılan Təşkilat
Komitəsinin tərkibinə ölkəmizin 5 nəfər
nümayəndəsi - S.Ağamalıoğlu (sədr),
B.Çobanzadə, A.Zifeld-Simumyaqi, N.Aşmarin və A.Yusifzadə
daxil idilər. S.Ağamalıoğlu, R.Axundov, H.Cəbiyev,
B.Çobanzadə qurultayın Rəyasət heyətinə,
Ə.Hüseynzadə Fəxri rəyasət heyətinə,
C.Məmmədzadə Mandat komissiyası sədrliyinə,
A.Zifeld-Simumyaqi Redaksiya komissiyasına, A.Sultanova Katibliyə
seçilmişdilər. Qurultayda müzakirə olunan 38 məruzədən
4-ü ("Türk ləhcələrinin yaxın qohumluq əlaqələri
haqda" - B.Çobanzadə; "Türk dilində imla"
- F.Ağazadə; "Türk xalqlarının əlifba
sistemləri haqda" - C.Məmmədzadə, "Türk dillərində
elmi terminologiya sistemi haqda" - H.Zeynallı") payına
düşmüşdü. Alimlərimiz məruzələr ətrafındakı
müzakirələrdə, müxtəlif komissiyaların
işində də fəal iştirakları ilə yadda
qalmışdılar.
Nəhayət, qurultayın 17 iclasından 14-ü Azərbaycan
nümayəndələrinin sədrliyi (I, II, IV, VIII, IX, X, XI, XIV, XV, XVI,
XVII iclaslar - S.Ağamalı oğlu, III, XII, XIII iclaslar - H.Cəbiyev)
altında keçmişdi.
Qurultayı giriş nitqi ilə açan Cümhuriyyət
Parlamentinin keçmiş sosial-demokrat üzvü Səmədağa
Ağamalı oğlu heç şübhəsiz, sosializmin tam
qələbəsinə qədər yaşasaydı,
"pantürkizm" ruhu ilə dolu sözləri ilə
"pantürkizmdə" suçlu sayılmaq
baxımından lazımi qurumlar qarşısında cavab verməli
olacaqdı:
"Ümidvaram ki, xalqımız taleyinə
düşən xoşbəxtliyi dəyərləndirməyə qabildir. Xoşbəxtlik isə
dünyada ilk dəfə türkoloji qurultayın onun doğma
torpağında işinə başlamasıdır. Amma hələ
bu da hamısı deyil. İlk dəfədir ki, burada,
Bakıda türk-tatar xalqlarının nümayəndələri
öz qardaşlıq məclisində bir araya gələrək
çox mühüm vəzifəni ümumi səylərlə
yerinə yetirirlər. İndiyə qədər
xalqlarımızın tarixində həyatın ortaya
atdığı təxirəsalınmaz mədəniyyət məsələsinin
müzakirəsi üçün bir çatı altına
toplanmaq kimi mühüm hadisə baş verməmişdi".
Qurultayın vətəndaşı olduğu ölkədə
keçirilməsi də Ağamalıoğlunu məmnun edən
fakt idi: "Yoldaşlar, təsadüfi deyil ki, Birinci
Ümumittifaq Türkoloji qurultay iş yeri kimi Azərbaycanın
paytaxtı Bakı şəhərini seçib. Coğrafi
mövqeyinə görə Şərqin qapısı
sayılan, son beş ildə zəhmətkeşlərinin fədakar
əməyi sayəsində böyük iqtisadi və mədəni
uğurlara imza atan Azərbaycan öz torpağında əziz
qonaqları, türkologiya elminin təmsilçilərini,
qardaş sovet respublikalarının nümayəndələrini
görməkdən böyük məmnunluq duyur və
haqlı qürur hissi keçirir".
Açılış mərasimində Azərbaycan
hökuməti adından XKS-nin sədri Qəzənfər
Musabəyov, Zaqafqaziya XKS adından isə (1936-cı ilə qədər
Azərbaycan ZSFSR tərkibinə daxil idi) Federasiyanın xalq
maliyyə komissarı Mirzə Davud Hüseynov təbrik nitqi
söyləmişdilər. Q.Musabəyov da nitqində həmkarı
Səmədağa Ağamalıoğlunu ardınca tədbirin
Bakıda keçirilməsinin xüsusi məna
daşıdığını vurğulayaraq demişdi:
"Bütün türk-tatar xalqları qurultayın nəticələrini
böyük səbirsizliklə gözləyirlər. Belə
bir qurultayın işə başlaması bu xalqların həyatında
görünməmiş tarixi əhəmiyyətə malikdir.
Biz indi xalqlarımızın böyük iqtisadi və mədəni
irəliləyişinin şahidiyik. Türkoloji qurultay elm və
mədəniyyət sahəsində bu irəliləyişi
möhkəmləndirməyə, yeni yollar axtarmağa vadar
edir".
Qurultayın sonuncu iclasında Azərbaycan heyətinin
yekun sözünü söyləyən, nitqini
"Yaşasın Səmərqənddə İkinci
Türkoloji qurultay!" - şüarı ilə bitirən Həbib
Cəbiyev respublikanın nəyi varsa, digər xalqlarla sevgi və
sevinclə bölməsindən danışıb
demişdi: "Azərbaycan
heç vaxt heç kəsə, ilk növbədə isə
qardaş xalqlara hətta ən kiçik bir işarə, yaxud
eyhamla da olsun, göstərməmişdi ki, biz daha qabaqcıl,
mədəni, savadlı xalqıq, ona görə də rəhbərlik
bizə verilməlidir. Qurultaya hazırlıq məqsədi ilə
Təşkilat Komitəsində birlikdə çalışan
türk-tatar xalqları nümayəndələrinin əlbir
işi birilliyimizin ən gözəl sübutudur".
lll
2001-ci ildə ABŞ-nın Kornell universitetinin nəşriyyatı
Harvard professoru Terri Martinin mütəxəssislərin Stalin
milli siyasəti haqda ən fundamental əsərlərdən
biri saydığı "Yaxşı işlər görən
imperiya: Sovet İttifaqında Millətlər və Millətçilik"
(Terry Martin. The Affirmative Action Empire: Nations and Nationalism in the
Soviet Union, 1923-1939) kitabını çap etmişdi. Müəllifin
fikrincə, bolşeviklər iqtisadi və siyasi cəhətdən
qüdrətli dövlət yaratmaq üçün millətçilərlə
sosialistlərin tələblərini mümkün olduğu qədər
sintez etməyə çalışmışdılar. Ona
görə də keçmiş SSRİ nə federasiya, nə
də monoetnik dövlət idi. Stalin siyasəti milli
azlıqların mədəniyyət, dil, milli elita, ərazi və
s. kimi zahiri mövcudluq formalarını çoxluq təşkil
edən ruslarla müqayisədə daha fəal dəstəkləyirdi.
Terri Martininin öz tezisini əsaslandırmaq üçün
gətirdiyi nümunələrdən biri də 1926-cı il
Türkoloji qurultayı idi. O, yazırdı: "Pantürkizm
özünü heç yerdə 1926-cı ildə Bakıda,
türkoloji qurultayda olduğu kimi parlaq şəkildə
büruzə verməmişdi. Bu qurultayın baş
tutmasının, onun işində Türkiyədən,
Macarıstandan (hesab olunurdu ki, macar dili Ural dillərinin daha
böyük Altay dili qrupuna daxildir) gəlmiş alimlərin
iştirakının özü heyrətamizdir. Oxşar panfin
(finpərəst) qurultayın Kareliyada keçirilməsini təsəvvürə
gətirmək çətindir. Panslavistlərin Minskdə
toplanmasını düşünmək isə ümumiyyətlə
imkan xaricindədir. Qurultayda səslənən nitqlər
türk olmağın doğurduğu qürur hissi ilə (Lap
böyük Atatürkün "Nə mutlu türküm deyənə!
- kəlamı yada düşür! - V.Q.) dolu idi. Onlar türk
birliyinə çağırış əhval-ruhiyyəsi
üzərində köklənmişdi".
1923-cü ildə çap olunmuş "Yeni türk əlifbası"
dərsliyi
Əlbəttə, hər şey nisbidir və
SSRİ-nin mövcudluğu boyu daim "yaxşı işlər
görən imperiya" olmadığı kitab müəllifinə
də gün kimi aydındır. Digər tərəfdən, hər
şey müqayisədə üzə çıxır - nə
karelifinlərin, nə də slavların dil, mədəniyyət,
dövlət quruculuğu tarixi türklərinki qədər qədim,
zəngin ehtişamlı, çoxçeşidli və rəngarəng
olmamışdı. Təbii ki, bu, çox uzun mübahisənin
mövzusudur.
Hətta bir anlığa Birinci Türkoloji qurultayı
Stalin rejiminin türk
ziyalılarına qurduğu tələ saysaq belə,
1926-cı ildə Bakı onlara milli mənlik şüuru və
türk duyğu baxımından unudulması çox da asan
olmayan bir master-klass keçmişdi...
Sarayevo, fevral, 2026-cı il
Vilayət QULİYEV
525-ci qəzet .- 2026.- 13 fevral (¹6).- S.10-11.