Qələmsiz
yazılanlar
status-esselər
Prezident İlham Əliyev öz yüksək enerjisi və
dinamik fəaliyyəti ilə heyrətləndirməkdə
davam edir. Dünən cənab Prezident "Bakı şəhəri
və Abşeron yarımadasında su təchizatı,
tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə
dair 2026-2035-ci illər üzrə Dövlət
Proqramı"na həsr olunan müşavirə
keçirmişdi.
Bu gün isə artıq Tərtərdə və
Ağdərədə sevindirici açılışlarda,
önəmli tədbirlərdə iştirak edib. Paytaxtdakı
vacib tədbirlər öz yerində, etiraf edək ki, qışın
bu soyuq günlərində Qarabağın bölgələrini
gəzmək, aparılan işlərlə yerindəcə
tanış olmaq üçün xüsusi şövq və
enerji lazımdır. Dövlət
başçısının təkcə bir neçə saat
ərzində etdiyi açılışların, baş
çəkdiyi obyektlərin zəngin siyahısı istər-istəməz
xoş heyrət doğurur. Bu qısa vaxt ərzində cənab
Prezident Ağdərə rayonunun Çapar kəndində
görülmüş işlərlə tanış olub, kəndə
köçmüş Kəmalə Dadaşovanın ailəsinə
baş çəkərək yaşayış şəraiti
ilə maraqlanıb. Prezident həmçinin Heyvalı kənd
sakini Sarvan Abbasovun ailəsinə baş çəkib, yeni evdə
yaradılmış şəraitlə tanış olub.
Dövlət rəhbəri bu dəqiqələrədək
Ağdərənin Heyvalı, Çıldıran, Canyataq,
Aşağı Oratağ kəndlərinə baş çəkib.
Tərtər Elektromexanika Zavodunun ardınca
"Qozlukörpü" Su Elektrik Stansiyasının
açılışını edib, "Dəmirli" Filiz
Emalı Kompleksindəki işlərlə tanış olub.
Danılmaz həqiqətdir ki, Azərbaycanın
müasir sürətli və hərtərəfli
inkişafı, xüsusilə Qarabağın, Şərqi Zəngəzurun
günbəgün abadlaşması ilk növbədə
Prezident İlham Əliyevin bu müstəsna enerjisi və
gücü sayəsində gerçəkləşir.
Şövqünüz də,
gücünüz-qüdrətiniz də tükənməsin,
cənab Prezident!
lll
Dünyada insanları sevindirməkdən gözəl
nə var?
lll
Vyana Filarmoniyası orkestrinin ənənəvi Yeni il
konsertinin sədaları altında mürgüləmək.
lll
Tədbir tədbirə qarışanda yadda qalanı
olmur.
lll
Sosial medianın yaratdığı acı reallıq:
"Gərək elə yaxşı səyləyəsən
ki, bəyənsinlər. Ağıllı söz deməklə,
diqqət cəlb eləmək çətindir".
lll
"Sən çox xeyirxah adamsan.
İçin başqadır sənin! Onu həmişə
qoru!
Sənin uğurların qanunauyğundur, sənin
böyük ürəyin var, sən bunun mükafatını
alırsan və alacaqsan da!"
Belə bir dua-alqış!
lll
Əfsanələr gərək yaşasın!..
lll
Hay-küydən sonrakı dərin sükut!
lll
Sosial şəbəkələrin tüğyan edən
şər-böhtanından heç kim
sığortalanmayıb...
lll
Yarımçıq baxdığın filmin
ardını 40 il sonra izləmək.
lll
Sosial media dövründə tənhalıqdan şikayətlənmək
səmimi görünmür. Hamı eyni çətirin
altındadır.
Hamı birlikdədir və tənhadır?
lll
İndi ən güvənilməli, ən dəqiq xəbərlər
hava proqnozlarıdır.
Siyasi proqnozların çoxu təxəyyül, uydurma
və arzudur.
lll
Bəzi tanınmış şəxslərin təhqir,
söyüş və həqarət dolu statuslarını
görəndə düşünürsən ki, bunu
ağlı başında olan adam yazmaz. Və bu adamdan
çox ağlı başdan alan səbəbləri
qınayırsan. Bilirsən ki, bir az keçəcək, soyuq
ağıl yerinə qayıdacaq və bu təhqir-söyüş
dolu statusu özü siləcək.
lll
Uşaqları planşetlərin əlindən necə
almalı?
Sualı tərsinə də vermək olar.
lll
Elə ilk kəlmədən, inci kimi
sıralanmış sözlərin yaratdığı enerjidən,
cümlənin doğurduğu emosiya və ovqatdan bilinir ki,
bunu süni intellekt yazmayıb, yaza da bilməz.
Təşnəliklə oxumağa davam edirsən.
Dağ döşündə təmiz hava udurmuş
kimi.
Dərmansız, təbii meyvədən bir dişləm
alırmış kimi.
lll
Uca dağlara qar düşəndə soyuq hər yanda
hiss olunur.
lll
Dinamik həyat, hədsiz informasiya, ünsiyyət
çoxluğu.
Amma yaddaş hamısına yer eləmir.
Əslində ömür yadda
saxladıqlarımızdır.
lll
Buludlar hərdən yönünü dəyişir,
sinoptikləri çaşdırırdı.
lll
Volf Messinq və Anar
Məşhur telepat, hipnozçu, öncəgörən,
psixoloji eksperimentlər ustası Volf Messinqdən söhbət
düşür. Onun 2026-cı ilin 26 yanvarıyla bağlı
proqnozları indi sosial şəbəkələri
bürüyüb. Birdən Anar müəllim qayıdır
ki, mən onu görmüşdüm: "1952-ci ildə atam,
Ənvər Məmmədxanlı, bacım Fidan və mən
Odessaya getmişdik. Onun konsert-tamaşasında iştirak etdik.
Ənvəri münsiflər heyətinə dəvət etdilər.
Atam da qabaq sırada oturmuşdu. Fidanla mən arxada idik.
Yazılı suallar verirdilər. Zalı gəzib
cavablayırdı. Bir də gördüm, mən tərəfə
gəldi, biləyimdən tutdu. Enerjisini hiss edirdim. Məni
qaldırdı, əlini biləyimdən çəkmədən
atama tərəf apardı. "Sizin oğlunuz budu" - deyib
atamın cibinə əlini saldı, deputat vəsiqəsini
çıxardıb baxdı: "Bu, sənə hələ
tezdi" - deyib yerinə qoydu.
Sən demə, atam sual-tapşırıq
yazıbmış ki, mənim oğlum bu zaldadı, onu
tapıb yanıma gətirə, cibimdən nəsə
çıxarıb ona göstərə bilərsənmi?"
Və mən Xalq yazıçısı Anarın
yaşadığı qeyri-adi ömrə, onun unikal
yaddaşına bir daha heyrət edərək susub
düşünməyə başladım...
lll
Bu soyuqda "Qarabağ"ın oyununu stadionda izləyən
xanımların müsbət enerjisi və qələbə
arzusu yerdə qalmamalıydı!
Təbriklər, "Qarabağ"!
lll
Metronun "Sahil" stansiyasının həndəvərində
iki qəzet köşkü vardı. İndi onların yerinə
yeni, işıqlı (?), müasir köşklər qoyulub.
Birində "Poz-qazan" lotereyaları satılır, o
birində elektron siqaretlər.
Nə qədər acı olsa da, qəzet və qəzet
köşkləri tarixə çevrilir.
Zamanın kədərli diktəsi...
lll
"Alma qənimi" ümumiləşmiş
obrazdır.
lll
Gecənin yarısında yazır ki, yeni ədəbi
cərəyan yaratmışam, mənə dəstək ola bilərsinizmi?
lll
Deyəsən, süni intellekt təkcə
futbolçuları əvəzləyə bilməyəcək...
lll
Bürokratiya həddən artıq çoxalıb.
lll
Ən az büdcə, ən çox istək!
lll
Tez-tez eşidilən tövsiyə: "Qənaət
rejiminə keçin!"
lll
Anamın tapşırıqları:
"Bunları pişiklərə ver, çörəkləri
islat ağacın altına qoy sərçələr yesin, pəncərəni
də aç, güllərə hava dəysin".
lll
Məktəbdən öncə, valideyn və ailədəki
mühit, ab-hava sorğulanmalıdır.
lll
Müsabiqəylə müsahibənin fərqini bilmir,
jurnalistlərə ağıl öyrədir.
lll
İşlərinin çoxunu tıxacda
görürdü.
lll
Bələdiyyələr vəsait toplayanda fəal və
inadkardırlar, amma nə iş gördükləri barədə
hesabat istəyəndə həvəssiz və ləng olurlar.
lll
Sərvət həm də adamlardır...
lll
Soyuq havada tədbir keçirməyin.
Rəşad MƏCİD
"525-ci qəzet"in baş redaktoru, Azərbaycan
Yazıçılar Birliyinin sədr müavini
525-ci qəzet .- 2026.- 13 fevral (№6).- S.9.