Pensiya artımları necə hesablanacaq?

 

Məlum olduğu kimi, Prezident İlham Əliyev "Əmək pensiyalarının indeksləşdirilməsi haqqında" Sərəncam imzalayıb. Sənədlə 2026-cı il yanvarın 1-dək təyin edilən bütün pensiyalar Dövlət Statistika Komitəsinin təqdim etdiyi məlumata əsasən, 2025-cü il üzrə ortaaylıq əməkhaqqının illik artımına uyğun olaraq 9.3 faiz indeksləşdirilməklə bu ilin 1 yanvar tarixindən artırılır.

Qeyd edək ki, əmək pensiyalarının indeksləşdirilməsi pensiya məbləğinin ölkədəki iqtisadi dəyişikliklərə uyğunlaşdırılması məqsədlilə aparılan prosesdir.

Pensiyaların indeksləşdirilməsi mövzusu həm sosial siyasətin, həm də iqtisadi ədalətin vacib hissəsidir. Ekspertlər bu mexanizmin tətbiqini müsbət qarşılayır, lakin bəzi hallarda real həyatdakı inflyasiya göstəricilərinin də nəzərə alınmasının vacibliyini vurğulayırlar. Əsas məqsəd pensiyaçıların həyat səviyyəsinin qorunması və onların gəlirlərinin iqtisadi dəyişikliklərə uyğunlaşdırılmasıdır.

İqtisadçı millət vəkili Vüqar Bayramov deyir ki, qanunvericiliyə əsasən, vahid indeksasiya sistemi bütün əmək pensiyası alan vətəndaşlarımızın pensiya məbləğlərinin hər il yanvar ayında əvvəlki il üzrə orta aylıq əmək haqqındakı artım faizinə uyğun artırılmasını nəzərdə tutur. Bu zaman indeksləşdirmə pensiya məbləğinə tam olaraq şamil edilərək artım hesablanır: "Artımın hesablanması formulası belədir: Pensiya məbləği X İndeksasiya faizi bərabərdir artırılan məbləğ. Məsələn, pensiyası 550 manat olan vətəndaşımız üçün artım faizi belə hesablanacaq: 550 manat X 9.3 faiz bərabərdir 51.15 manat. Yəni vətəndaşımızın pensiya məbləği artımdan sonra 601.15 manat olacaq.Və ya, 400 manat pensiya alan vətəndaşımız üçün artım belə hesablanır: 400 manat X 9.3 faiz bərabərdir 37.2 manat. Bu halda yeni pensiya məbləği 437.2 manat olacaq. Yəni məbləğindən asılı olmayaraq hər bir pensiya tam olaraq indeksasiya faizi nəzərə alınmaqla artırılacaq. Qeyd edim ki, indeksləşdirmə bütün növ əmək pensiyalarına şamil olunur. "Əmək pensiyaları haqqında" qanunun 4-cü maddəsinə əsasən, əmək pensiyalarının 3 növü təsbit olunub. Bunlar yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyasıdır. Deməli, vətəndaşımız növündən asılı olmayaraq əmək pensiyası alırsa onun pensiya məbləğinə artım hesablanacaq".

İqtisadçı-ekspert Akif Nəsirlinin dediyinə görə, əmək pensiyalarının indeksləşdirilməsi "Əmək pensiyaları haqqında" qanuna əsasən hər il həyata keçirilir və bu mexanizm əvvəlki ildə ölkə üzrə orta aylıq əməkhaqqının artım faizinə uyğunlaşdırılır: "2025-ci ildə orta əməkhaqqının 9,3 faiz artması pensiyalarda da eyni səviyyədə artımın tətbiq olunmasına hüquqi əsas yaradıb və bu, pensiyaçıların gəlirlərinin inflyasiya fonunda qorunmasına xidmət edir: "İndeksləşdirmə bütün növ əmək pensiyalarına - yaşa görə, əlilliyə görə və ailə başçısını itirməyə görə pensiyalara şamil olunur. Yəni pensiyanın növündən asılı olmayaraq, əmək pensiyası alan hər bir vətəndaş bu artımdan yararlanır. Xüsusilə aşağı və orta pensiya alan şəxslər üçün bu artım mühüm sosial əhəmiyyət daşıyır, çünki qiymət artımları fonunda pensiyaçıların alıcılıq qabiliyyətinin müəyyən qədər qorunmasına imkan yaradır. Fərdi pensiya kapitallarının indeksləşdirilməsi gələcəkdə vətəndaşların daha yüksək pensiya almasına müsbət təsir göstərəcək".

İqtisadçı ekspert Rəşad Həsənov bildirib ki, 2026-cı ilin fevral ayında tətbiq ediləcək pensiyaların indeksləşdirilməsi əlilliyi olan şəxslərə də şamil olunacaq: "Hazırda bu göstərici rəsmi şəkildə açıqlanmasa da, 11 aylıq nəticələrə əsasən orta aylıq əməkhaqqında artım 9,3 faiz təşkil edir. Son bir ayın nəticələrinin ümumi göstəricini ciddi şəkildə dəyişməyəcəyi nəzərə alındıqda, fevral ayında əlillərin pensiyalarının təxminən 9,3 faiz səviyyəsində indeksləşdiriləcəyi gözlənilir. Bu artım yanvar ayına da şamil olunacaq və fevral ayı üzrə pensiyalar ödənilərkən hər iki ay üçün hesablanmış artımlar vətəndaşlara veriləcək".

 

Sevinc QARAYEVA

525-ci qəzet .- 2026.- 13 fevral (№6).- S.9.