Azyaşlılar
üçün sosial şəbəkə təhlükəsi
Bu gün sosial şəbəkələr müasir
dünyanın ayrılmaz hissəsi hesab olunur. Lakin bu
platformaların geniş yayılması xüsusilə
azyaşlılar üçün bir sıra təhlükələr
yaradır. Valideyn nəzarətinin zəifliyi və hüquqi
mexanizmlərin yetərincə tənzimlənməməsi bu
riskləri daha da dərinləşdirir.
Sosial şəbəkələr bir yandan
azyaşlıların psixoloji sağlamlığına mənfi
təsir göstərir. Digər tərəfdən, sosial
şəbəkələrdə yayılan zərərli və
yaşa uyğun olmayan məlumatlar uşaqların mənəvi
inkişafına mənfi təsir edir. Bundan əlavə, sosial
şəbəkələrdə həddindən artıq vaxt
keçirmək uşaqların dərs fəaliyyətinə
və fiziki inkişafına da təsir göstərir. Uzun
müddət telefon və ya kompüter qarşısında
oturmaq sağlamlıq problemlərinə, o cümlədən
görmə zəifliyinə, onurğa problemlərinə və
fiziki passivliyə səbəb olur. Eyni zamanda, dərslərə
maraq azalır, diqqət dağınıqlığı
yaranır.
Mütəxəssilər deyir ki, sosial şəbəkələrdə
tanımadıqları şəxslərlə ünsiyyət,
şəxsi məlumatların paylaşılması və
müxtəlif fırıldaq halları uşaqlar
üçün real təhlükə yaradır. Onlar təhlükəni
düzgün qiymətləndirmək bacarığına malik
olmadıqları üçün daha tez aldana bilirlər.
Bütün bunları nəzərə alaraq demək olar ki,
azyaşlıların sosial şəbəkələrdə nəzarətsiz
və uzun müddət vaxt keçirməsi yolverilməzdir.
Hazırda bir çox dünya ölkələrində
uşaqların sosial şəbəkədən istifadəsinə
məhdudiyyətlər və ya tam qadağalar tətbiq edilir.
Bu günlərdə Avstraliya və Fransada da
uşaqların sosial şəbəkə istifadəsini
qadağan edilir. Bununla bağlı artıq aşağı
palata qanunu birinci oxunuşda qəbul edib. Yaş həddi 15
yaş müəyyən ediləcək. Əlavə olaraq,
qanun məktəblərdə telefon istifadəsini də məhdudlaşdıracaq.
Bu kimi məsələlərin tətbiqi Türkiyə
ilə paralel olaraq Azərbaycanda da müzakirə edilməyə
başlayıb. Ehtimal olunur ki, yaxın müddət ərzində
Azərbaycanda da belə bir qanunun qəbulu mümkün ola bilər
və 16 yaşa qədər uşaqların sosial şəbəkə
istifadəsi qadağan edilə bilər.
Azərbaycan İnternet Forumunun prezidenti Osman
Gündüzün sözlərinə görə,
azyaşlı istifadəçilərin əhəmiyyətli
bir hissəsi kompüter haqqında zəruri məlumata sahib
olmadan sosial şəbəkələrə üzv olur. Eyni
zamanda azyaşlı istifadəçilərin bir qismi sosial
şəbəkələr üzərindən heç
tanımadıqları insanlarla ünsiyyətə girir, bir
qismi isə həmin insanlarla hətta üz-üzə
görüşürlər. Bu da bu səhifələrdə ən
xırda təfərrüata qədər öz şəxsi
informasiyasını paylaşan azyaşlı istifadəçilərin
psixoloji və sosial təhlükələrlə
qarşılaşması riskini artırır. Belə ki, bu
cür tanışlıqları öz bədnam məqsədləri
üçün istifadə etmək istəyən şəxslərin
sayı heç də az deyil: "Başqa böyük təhlükə
isə sosial şəbəkələrdən bir növ
asılı vəziyyətdə olan uşaqların vaxt
itkisidir. Belə ki, yeniyətmə və uşaqların sosial
şəbəkələrdəki profillərini davamlı təqib
etmək istəmələri, "dostum nə
paylaşmış, qrupda hansı müzakirə olmuş"
marağı ilə sıx-sıx şəbəkədəki
səhifələrini ziyarət etmələri uzun vaxt itkisinə
səbəb olur".
Təhsil eksperti Elçin Əfəndinin fikrincə,
son illər müşahidə olunan bir sıra təhsil
problemlərinin kökündə şagird və tələbələrin
sosial platformalardan və rəqəmsal mühitdən
düzgün istifadə etməməsi dayanır. Bu platformalar
bəzən onların etik davranışlarına, mənəvi
dəyərlərinə və ümumi
dünyagörüşlərinə mənfi təsir göstərir.
Müasir dövrdə texnologiya adi məişət aləti
kimidir: onu necə və hansı məqsədlə istifadə
etməyimiz nəticəni müəyyən edir. Lakin nəzarətsiz
və məqsədsiz şəkildə rəqəmsal vasitələrdən
istifadə edən gənclər zamanla təhsil göstəricilərində,
ünsiyyət mədəniyyətində və sosial
davranışlarında geriləmələrlə üzləşirlər.
Bu təhlükənin qarşısının alınması
üçün sistemli və məsuliyyətli yanaşma zəruridir.
Şagirdlərin təhsil aldıqları mühitdə
müvafiq nəzarət mexanizmləri gücləndirilməli,
rəqəmsal savadlılıq və etik davranış
mövzuları təlim-tərbiyə prosesinin ayrılmaz hissəsinə
çevrilməlidir.
Millət vəkili Hicran Hüseynova hesab edir ki, sosial
şəbəkələrin həyatın ayrılmaz hissəsi
olduğu dövrdə, uşaqların psixoloji sağlamlığı
üçün nəzarətsiz istifadənin
qarşısının alınması vacibdir: "Hazırda
müxtəlif informasiya
resurslarından, o cümlədən, sosial şəbəkələrdən
istifadə edirik. Bu, günümüzün
reallığıdır. Lakin internetin, müasir
texnologiyaların müsbət cəhətləri ilə
yanaşı, insanların davranışlarına,
düşüncəsinə, xüsusi ilə, uşaqların
sosial inkişafına ziyan vuran bəzi mənfi məqamları
da var. Sosial şəbəkələrdə etikaya, əxlaqa
zidd paylaşımlar, internetdə və mətbuatda
yayımlanan bəzi video və filmlər, televiziya verilişləri
yeniyetmələrin düşüncəsinə,
dünyagörüşünə mənfi təsir edir. Belə
hallar yeniyetmələri təhsildən yayındırır,
onları başqa zərərli vərdişlərə aludə
edir. Bir çox hallarda aqressiv davranmalarına və nəticə
etibarilə qanunazidd hərəkətlərə yol vermələrinə
səbəb olur".
H.Hüseynova bildirib ki, uşaqların sosial şəbəkəyə
girişinə nəzarət vacibdir: "Həm ailə, həm
məktəb, həm də cəmiyyət olaraq birgə fəaliyyət aparılmalıdır.
Uşaqları daha zərərsiz və təhlükəsiz vərdişlərə,
oyunlara, məşğuliyyətlərə yönəltmək
lazımdır. Valideynlər övladlarına qarşı daha
həssas və diqqətli olmalıdırlar. Onların
gündəlik həyat tərzi, düşüncələri,
hadisələrə yanaşmaları ilə bağlı
söhbətlər aparmalıdırlar".
İKT üzrə ekspert Elvin Abbasovun sözlərinə
görə uşaqları sosial şəbəkələrdəki
uyğunsuz məzmunlardan qorumaq üçün ən effektiv
texnoloji üsul cihaz və şəbəkə səviyyəsində
tətbiq edilən valideyn nəzarəti sistemləridir.
"Apple"ın "Screen Time" və "Google"un
"Family Link" tətbiqləri vasitəsilə
uşaqların hansı proqramları yükləyə biləcəyinə
yaş həddi qoymaq, uyğunsuz saytları filtrdən
keçirmək və axtarış sistemlərində
"SafeSearch" rejimini məcburi etmək
mümkündür. Daha köklü qorunma üçün isə
evdəki Wi-Fi router (istiqamətləndirici) səviyyəsində
DNS filtrləmə tətbiq edilə bilər; bu texnologiya evdəki
bütün cihazların zərərli və ya yaşa
uyğun olmayan veb-resurslara girişini şəbəkə səviyyəsində
bloklayır. Digər bir texnoloji yol isə süni intellekt əsaslı
monitorinq və analiz tətbiqlərindən istifadə etməkdir.
"Bark" və ya "Qustodio" kimi proqramlar
uşağın yazışmalarını və
qarşısına çıxan videoları real vaxt rejimində
analiz edərək zorakılıq, kiberbulinq və ya digər
riskli məzmunlar aşkar etdikdə dərhal valideynə xəbərdarlıq
göndərir. Bundan əlavə, sosial şəbəkələrin
öz daxilində təklif etdiyi "Məhdud Rejim"
(Restricted Mode) və "Ailə Mərkəzi"
funksiyalarını aktivləşdirmək uşağın
alqoritmik olaraq təhlükəli kontentlərlə
qarşılaşma ehtimalını minimuma endirir. Lakin unutmaq
olmaz ki, texnoloji vasitələr yalnız düzgün tənzimləndikdə
və mütəmadi nəzarət edildikdə tam effektiv
olur".
Sevinc QARAYEVA
525-ci qəzet .- 2026.- 13 fevral (№6).- S.8.