Gələcək günün arxitekturası

AZƏRBAYCANIN RƏQƏMSAL GƏLƏCƏYİNƏ NİKBİN BAXIŞ

 

Srağagün Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən, "Azərbaycanın yeni rəqəmsal arxitekturası" adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirə ölkəmizin strateji inkişaf gündəliyi baxımından mühüm əhəmiyyət kəsb edir. Müasir dövrdə rəqəmsal transformasiya, süni intellekt və texnoloji yeniliklər artıq seçim deyil, zərurətə çevrilib. Dövlətimizin başçısının da vurğuladığı kimi, dünyada istiqamət götürən yeni meyllər fonunda bu gün süni intellektin tətbiqi, data mərkəzlərinin yaradılması, rəqəmsallaşma ilə bağlı islahatlar faktiki olaraq ölkələrin gələcək inkişafını müəyyənləşdirir. Bu baxımdan sözügedən müşavirə həm vaxtında keçirilmiş, həm də aktual çağırışlara operativ reaksiya kimi qiymətləndirilə bilər.

Müşavirədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin təqdim etdiyi məruzədə mövzunun mahiyyəti geniş və sistemli şəkildə əhatə olundu. "Rəqəmsal arxitektura" və "süni intellekt" kimi anlayışların cəmiyyətin bütün təbəqələri üçün eyni dərəcədə aydın olmadığını nəzərə alsaq, bu istiqamətdə aparılan işlərin mahiyyətinin ictimaiyyətə sadə, anlaşıqlı və eyni zamanda peşəkar formada çatdırılması xüsusi önəm daşıyır. Bu mənada nazir məruzəsində həm görülmüş işlər, həm də qarşıda duran hədəflər barədə anlaşıqlı dildə, dolğun məlumat verərək ümumi inkişaf trayektoriyası haqqında aydın təsəvvür formalaşdıra bildi. Çıxışın diqqətçəkən məqamlarından biri də təqdimatın məzmunlu və inamlı olması idi. Səlis nitq, özgüvən, mövzuya dərindən bələdlik və strateji baxış bu sahəyə rəhbərlik edən şəxsin peşəkarlığından xəbər verirdi.

Bu gün dövlət idarəçiliyində gənc və yeni nəsil rəhbər kadrların irəli çəkilməsi prosesi gedir və etiraf edək ki, onların bir çoxunun fəaliyyəti zaman-zaman təzadlı ictimai müzakirələrə səbəb olur. Amma son illər bəzi nazirlərin (məsələn, elm və təhsil naziri Emin Əmrullayevin timsalında) ictimaiyyət və media ilə açıq dialoq qurması idarəetmədə yeni üslubun formalaşdığını göstərir. Belə yanaşma həm də şəffaflığın və hesabatlılığın artmasına xidmət edir. Bu müşavirədə təqdim olunan yanaşma göstərdi ki, rəqəmsal inkişaf kimi strateji və gələcək yönümlü sahənin idarə olunması peşəkar, müasir düşüncəli kadrlara həvalə edilmişdir. Rəqəmsal inkişaf sahəsində aparılan geniş təqdimat çox güman ki, vətəndaşlar üçün müəyyən mənada yenilik təsiri bağışladı və bu istiqamətdə görülən işlərin miqyasını nümayiş etdirdi.

Bu yazını hazırlayarkən, mövzunun daha obyektiv qiymətləndirilməsi məqsədilə informasiya texnologiyaları üzrə bir neçə nəfər mütəxəssisin də rəylərini öyrəndik. Onların ümumi mövqeyi ondan ibarət idi ki, Rəşad Nəbiyev Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi kimi geniş və strateji əhəmiyyətli bir qurumun rəhbəri olaraq yetkin və Prezidentin etimad göstərdiyi kadrdır; o, sələflərindən daha enerjili, aktiv və bacarıqlı fəaliyyəti ilə seçilir. Rəylərdə o da vurğulandı ki, onun rəhbərliyi dövründə ölkəmizdə rəqəmsallaşma və rəqəmsal hökumət sahəsində ciddi irəliləyişlər əldə olunub, xüsusilə ölkə üzrə keyfiyyətli internetə çıxışın əhatə dairəsinin genişləndirilməsi təmin edilmiş, ən ucqar ərazilərdə belə yüksək keyfiyyətli internet əlçatanlığı yaradılmışdır. Qeyd olundu ki, nazirin çıxışı onun rəqəmsal transformasiya, süni intellekt və innovasiya ekosistemləri kimi sahələrdə həm konseptual, həm də praktik yanaşma sərgiləməsi ilə onun operativ qərarvermə və planlaşdırma qabiliyyətini ortaya qoyur. Çıxışda strateji baxımdan sistemli və gələcəyə hesablanmış bir çərçivə təqdim edilir, enerji potensialının və siyasi sabitliyin data mərkəzlərinin qurulmasında üstünlük kimi təqdim olunması Azərbaycanın regional rəqəmsal mərkəz olmaq ambisiyasını ortaya qoyur.

Müşavirə ilə bağlı fikirlərini bildirən Milli Məclisin deputatı Fazil Mustafa qeyd etdi ki, Azərbaycanın yeni rəqəmsal arxitekturası əslində müasir dövrün ən böyük tələblərinin trendinin müəyyən dərəcədə yaxalanması və yeni reallıqların ölkədə həyata keçirilməsi mənasını daşıyır: "Xatırlayırsınızsa bundan əvvəl 4-cü sənaye inqilabı ilə bağlı müəyyən müzakirələr aparıldı və xüsusi qurumlar yaradıldı. Əslində bunlar hamısı süni intellektin ortaya çıxışından sonrakı bir dövrün reallıqlarının dövlət idarəetməsində, cəmiyyət həyatında necə tətbiq etmək barədə proseslərin daha da irəliləməsi mənasına gələn hərəkətlənmə kimi anlaşılmalıdır. Prezidentin sədrliyi ilə "Azərbaycanın yeni rəqəmsal arxitekturası" adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirə də əslində bu hərəkətlənmənin bir nəticəsi idi.

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin müşavirədə mövzu ilə bağlı ətraflı çıxışında indiyə kimi görülən işlər, bunun bazasının hazırlanması, bundan sonrakı işlərin tənzimlənməsi ilə bağlı maraqlı tezislər oldu. Xüsusilə də rəqəmsal texnologiyanın və süni intellektin qanunvericilikdə müəyyən bazasının yaradılması istiqamətində keçilən yola nəzər salındı. Ayrı-ayrı infrastrukturların qurulması və dövlət idarəetməsində, xüsusilə də elektron dövlət modelinin də bu işdə illərlə formalaşan təcrübəsinin müəyyən təsiredici imkana sahib olduğu da diqqətə çatdırıldı. Bu prosesdə təbii ki, ağırlıq olaraq əsas aparıcı nazirlik Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi olsa da, digər qurumların da burada məsuliyyət məsələsi önəmlidir. Bu məsələ təhsildən başlamış mədəniyyətə, eyni zamanda iqtisadiyyatın ayrı-ayrı sahələrinə qədər əhatəli şəkildə yayğın bir prosesə çevrilməlidir. Nazir Rəşad Nəbiyev bunu kifayət qədər açıq bir mətnlə və aydın bir şəkildə izah etdi. Bu da o deməkdir ki, artıq bu istiqamətdə ciddi dövlət proqramlarının hazırlanması nəzərdə tutulur və konkret olaraq həyata keçirilən planlar da bu proqramda yer alacaq. Bu həm də təkcə hansısa dövlət orqanlarının bu prosesə hazırlığı ilə yekunlaşmamalıdır. Vətəndaşın bilavasitə bu prosesə necə hazır olub-olmayacağı məsələdə həlledici rol oynayacaq. Düşünürəm ki, bu məsələlər ətrafında müşavirədən sonra yerlərdə də çox ciddi müzakirələr aparılacaq. Ümid edirəm ki, müzakirənin nəticələri bu sahənin inkişafına böyük təkan verəcək".

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişilinin sözlərinə görə isə, Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirə göstərir ki, ölkə rəqəmsal transformasiyanı artıq ayrı-ayrı layihələr kimi yox, vahid dövlət strategiyası kimi həyata keçirmək mərhələsinə qədəm qoyur. Müşavirədə bir neçə çox vacib mesaj açıq şəkildə ortaya qoyuldu - rəqəmsallaşma pərakəndə deyil, vahid mərkəzdən idarə olunmalıdır; süni intellektin tətbiqi və böyük data mərkəzlərinin qurulması Azərbaycanın yeni iqtisadi imkanlarından birinə çevrilir. Dövlət xidmətləri "bir ünvanda" - vətəndaşın ehtiyacı olan xidmətlər daha sürətli, daha rahat, daha şəffaf şəkildə vahid platformalarda təqdim edilməlidir. Kibertəhlükəsizlik prioritetdir - dövlət sistemlərinin dayanıqlığı və milli təhlükəsizlik üçün bu sahədə institusional güclənmə əsas şərtdir. Hər qurumda məsuliyyət - rəqəmsallaşma, süni intellekt və kibertəhlükəsizlik üzrə hər dövlət qurumunda konkret məsul rəhbərlik səviyyəsi müəyyən olunmalıdır: "Bu, əslində Azərbaycanın gələcək inkişaf modelinin əsas xəttidir: rəqəmsal dövlət üstəgəl, rəqəmsal iqtisadiyyat üstəgəl, güclü kiberdayanıqlıq. Məqsəd aydındır: daha çevik dövlət idarəçiliyi, daha yüksək xidmət keyfiyyəti, daha rəqabətli iqtisadiyyat və daha güclü beynəlxalq mövqeyə nail olmaqla ölkəmizin dünyada rəqabət qabiliyyətini yüksəltməkdir".

İndiki mərhələdə Azərbaycanın qarşısında rəqəmsal transformasiya, süni intellektin tətbiqi, kibertəhlükəsizlik və məlumatların qorunması kimi son dərəcə vacib məsələlər dayanır. Bu istiqamətlər təkcə texnoloji inkişaf məsələsi deyil, eyni zamanda milli təhlükəsizlik və dövlətin uzunmüddətli dayanıqlı inkişafı ilə birbaşa bağlıdır. Məhz buna görə də bu sahəyə yüksək səviyyədə diqqətin ayrılması, strateji planlaşdırmanın aparılması və peşəkar kadrların prosesə cəlb olunması cəmiyyətdə nikbinlik və gələcəyə böyük inam yaradır.

 

AZAD

525-ci qəzet .- 2026.- 13 fevral (№6).- S.7.