Azərbaycan-ABŞ: Regionun təhlükəsizlik
arxitekturası birlikdə qurulur
Azərbaycanla ABŞ arasında münasibətlər
yüksələn xətlə inkişaf etməkdədir.
Prezident İlham Əliyevin ötən il 8 avqust tarixində
ABŞ-a səfəri, Prezident Donald Trampla
görüşü, əldə edilən razılaşmalar
münasibətlərdə yeni mərhələnin əsasını
qoydu. Artıq Bakı və Vaşinqton rəsmi olaraq ikitərəfli
münasibətlərini strateji tərəfdaşlıq səviyyəsinə
qaldırıblar. Birləşmiş Ştatların
vitse-prezidenti Ceyms Devid Vensin Bakıya səfəri zamanı
imzalanan Strateji Tərəfdaşlıq Xartiyası iki ölkə
arasında əməkdaşlığı keyfiyyətcə
yeni səviyyəyə qaldırır.
Hazırda Azərbaycan-ABŞ əməkdaşlığı
məhz qarşılıqlı etimada və hər iki tərəfin
strateji maraqlarına söykənən möhkəm tərəfdaşlıq
üzərində inkişaf edir. Qarşılıqlı
maraqlara əsaslanan Azərbaycan-ABŞ tərəfdaşlığı
davamlı sülhün təmin edilməsinə töhfə
vermək, regional sabitliyi möhkəmləndirmək, həmçinin
qlobal çağırışlara birgə cavab vermək
baxımından böyük önəm daşıyır.
Xartiya ikitərəfli münasibətlərin əsası
kimi suverenlik, ərazi bütövlüyü və
qarşılıqlı hörmət prinsiplərini təsdiqləyir.
Təhlükəsizlik, enerji, iqtisadiyyat, tranzit, texnologiya və
rəqəmsal infrastruktur sahələrini əhatə edir.
ABŞ-nin ikinci şəxsinin Azərbaycana səfəri,
Bakıda səsləndirdiyi bəyanatlar Vaşinqtonun ölkəmizə
verdiyi önəmi açıq şəkildə
nümayiş etdirir. Vens bildirib ki, strateji tərəfdaşlıq
sənədinin imzalanması tərəfdaşlığı
rəsmiləşdirir və çox aydın şəkildə
göstərir ki, ABŞ-Azərbaycan münasibətləri
dayanıqlıdır və xalqlarımız üçün
böyük nəticələr verməkdə davam edəcək.
O əlavə edib ki, əvvəllər yalnız
mübarizə və münaqişə olan yerdə əmin-amanlıq
yaranacaq: Bu, Prezidentin liderliyinin, eləcə də Prezident
Əliyevin rəhbərliyinin bariz nümunəsidir. ABŞ ilə
Azərbaycan arasında tərəfdaşlıq regionda daha
böyük sülhə və əmin-amanlığa aparacaq.
ABŞ-ın əlavə bazarlara çıxış
imkanı yaranacaq. Bununla daha təkmil dünya yaranacaq ki,
insanlar bir-biri ilə vuruşmasın, ticarət
aparsın".
Politoloq İlqar Vəlizadə "525"ə
bildirib ki, Ceyms Devid Vensin Bakıya səfəri zamanı Azərbaycan-ABŞ
Strateji Tərəfdaşlıq Xartiyasının
imzalanması hər iki ölkənin münasibətlərinə
ciddi şəkildə təsir göstərəcək və
onu yeni mərhələyə çıxaracaq. O bildirib ki,
Xartiyada çox vacib məqamlar var, xüsusilə tərəflərin
bir-birilə daha sıx siyasi münasibətlər qurmasına
dair müddəalar yer alıb: "İndiyə kimi Birləşmiş
Ştatlarla daha çox epizodik hallarda siyasi dialoq qurulurdu,
Strateji Tərəfdaşlıq Xartiyasında isə göstərilib
ki, dialoq, məsləhətləşmələr artıq
mütəmadi qaydada aparılacaq, bu da hər iki tərəf
üçün çox vacibdir. Çünki dünyada,
regionda siyasi proseslər çox sürətlə cərəyan
edir, hər iki tərəf istəyir ki, onların maraqları
müəyyən qədər uzlaşsın. İndiyə qədər
belə deyildir, Azərbaycan-ABŞ münasibətləri sanki
hansısa bir hadisələrə görə müəyyən
dərəcədə inkişaf edirdi, sonra isə durğunluq
yaşanırdı. İllərlə Birləşmiş
Ştatların Azərbaycanda səfirləri olmurdu, elə
indi də səfir yoxdur. Yeri gəlmişkən, ötən
illərdə Azərbaycan-ABŞ münasibətlərinə
erməni lobbisi çox mənfi təsir göstərirdi,
sanki münasibətlərimizi ABŞ administrasiyası deyil,
erməni lobbisi müəyyən edirdi, səfir təyinatı
da erməni lobbisinin təsiri ilə baş verirdi.
İnanıram ki, bu cür acınacaqlı vəziyyət daha
olmayacaq. Hər halda Xartiyadakı müddəalar buna ümid
verir".
Politoloq bildirib ki, səfər öncəsi ABŞ-dən
Azərbaycana geniş nümayəndə heyətləri gəlmişdi,
onların arasında biznes nümayəndələri,
nüfuzlu yəhudi diasporunun təmsilçiləri var idi:
"Bu da ondan xəbər verir Azərbaycan-ABŞ münasibətləri
tək siyasi müstəvidə dialoqla kifayətlənmir,
burda iqtisadi maraqlar, digər məsələlər var.
İndiki dinamikanı görəndə, başa
düşürük ki, erməni lobbisi hansı ki, ABŞ-də
uzun müddətdir fəaliyət göstərir, onlar təkcə
Azərbaycan-ABŞ münasibətlərinə deyil,
Vaşinqtonun öz maraqlarına da nə qədər ciddi
ziyan vurublar. Ümid edirəm ki, ABŞ rəsmiləri bunu
artıq dərk ediblər. Vens İrəvandan Bakıya gəlib,
orda yenə cəhdlər olub ki, səfər öncəsi Azərbaycana
qarşı hansısa təxribatlar törətsinlər. Azərbaycanda
erməni separatçılarına oxunan hökmün ləğv
olunmasını istəyirdilər, lakin Vens çox uzaqgörənlik
etdi və bu təxribata yol vermədi. Bu da ondan xəbər
verir ki, əslində artıq ABŞ-da, onların siyasi
elitasında başa düşürlər ki, bu oyunlar nəyə
hesablanıb, burda nə insan haqlarından söhbət gedir, nə
başqa bir məsələdən. Sırf ermənilərin
dar milli maraqlara işləyən qüvvələrin istəklərinə
xidmət etməkdən söhbət gedir.
Düşünürəm ki, bütün bunları analiz
edib, səhvləri anlayaraq regionda, yəni təkcə Cənubi
Qafqazda deyil, bütün bu coğrafiyada, Mərkəzi Asiyada,
Yaxın Şərqdə nüfuzunun artmasını,
mövqeyinin möhkəmlənməsini istəyən ABŞ
başqa cür davranacaq, nəticələr
çıxaracaq".
Politoloq əlavə edib ki, Bakının indi əsas
istəyi ondan ibarətdir ki, erməni lobbisinin təkidi ilə
qəbul olunmuş 907-ci düzəliş hansı ki, Xartiyaya
çox ziddir, ləğv olunsun və ikitərəfli
münasibətlər normal şəkildə inkişaf etsin.
Politoloq Şəbnəm Həsənova "525"ə
deyib ki, Prezident İlham Əliyev 8 avqust tarixində
Vaşinqtonda keçirilən görüşü tarixi
adlandırmışdı. Bu günlərdə baş verən
hadisələr sübut edir ki, bu, həqiqətən də
belədir: "Ümumiyyətlə, ABŞ Prezidenti Donald
Tramp özünəməxsus xarakterə və xüsusiyyətə
malik bir liderdir. Məsələn, Tramp Dövlət Departamentinə
etibar etmək əvəzinə, danışıqları
özünə yaxın olan insanlara həvalə edir.
Etibarlı şəxslərə bu etimad ondan xəbər
verir ki, Tramp ABŞ xarici siyasətində bürokratiyaya
şübhə ilə yanaşır, şəxsi münasibətlərin
və işgüzar bacarıqların qurumların əldə
edə bilmədiyi nəticələr verə biləcəyinə
inanır. Məhz bu tənzimləmə Trampın xarici siyasətinin
bütün xüsusiyyətlərini özündə cəmləşdirir.
Belə ki, o, iktərəfli sövdələşmələrə
üstünlük verir, kommersiya faydalarının arxasınca
qaçır, eyni zamanda əməliyyat diplomatiyasına
müraciət edir. Bu isə formallıqdan çıxan,
çərçivələri aşan, nəticəyönümlülük
deməkdir. Şübhəsiz ki, Tramp məhz bu dəst-xətti
əsas götürən aktorlarla əməkdaşlığa
üstünlük verir. Azərbaycan Prezidenti İlham
Əliyev dünya siyasətinə və proseslərə
praqmatik yanaşması ilə seçilən liderdir. Son dərəcə
aydın vizyona, qətiyyətə, praqmatizmə, konkret nəticə
əldə etməyə söykənən siyasət
yürüdür. Sadə məntiqdir ki, əgər Cənubi
Qafqazda münaqişəyə son qoyulubsa, bunun davamı
inkişaf və tərəqqi üzərində qurulmalıdır.
Heç bir halda proseslərin geriyə, revanşizmə,
müharibəyə, qisasa fokuslanması mümkün deyil.
Hər nə qədər maneə və təzyiqlər
olsa da, Azərbaycan Prezidenti bunların öhdəsindən gəlməyi
bacardı və bu gün əgər dünyanın fövqəldövləti
ilə "Strateji Tərəfdaşlıq haqqında
Xartiya" imzalanırsa, bu, məhz Azərbaycan liderinin qətiyyətinin,
bir daha sübut olunan siyasi səriştəsinin nəticəsidir".
Politoloq əlavə edib ki, Vensin səfərindən
öncə Prezident İlham Əliyev ABŞ Ticarət
Palatasının nümayəndə heyətini qəbul etdi. Məhz
bu qəbul zamanı 31 şirkətdən 60 nəfər
nümayəndə ilə görüş keçirildi:
"Biznes əlaqələrinin siyasi əlaqələrdən
daha sürətlə inkişaf etdiyini görürük. Lakin
ABŞ-Azərbaycan münasibətlərində siyasi
münasibətlər iqtisadi əlaqələri üstələyir.
Bu, Azərbaycan Prezidentinin və Azərbaycan hökumətinin
fəaliyyətinin nəticəsidir. Bu amili isə biz deyil, məhz
qarşı tərəf vurğuladı. ABŞ ilə Azərbaycan
arasında hərbi texniki sahədə əməkdaşlıq
genişləndirilir. Bu məsələ Xartiyada öz əksini
tapıb. Tərəflər müdafiə sənayesi məhsullarının
satışı da daxil olmaqla müdafiə və təhlükəsizlik
əməkdaşlığının əhatə dairəsini
genişləndirirlər. Deməli, regionun təhlükəsizlik
arxitekturası yenidən qurulur və buna gətirib-çıxardan
amil Azərbaycanın yaratdığı reallıqdır. Azərbaycan
bu yolda ABŞ ilə birgə addımlar atır. Yəni burada
təhlükəsizlik arxitekturasının birlikdə
qurulmasından söhbət gedir. Azərbaycan terrorizmə
qarşı mübarizə aparan ölkədir.
Əfqanıstanda göstərdiyimiz fəaliyyət məlumdur.
Həmin bu məsələ bir daha Vens tərəfindən
vurğulandı və Azərbaycan ordusunun ən mübariz və
cəsarətli qoşunlardan biri kimi nüfuz
qazandığına diqqət çəkildi".
Ş.Həsənova söyləyib ki, bu gün
dünyada yeni çağırışlar var. Bunlardan biri
qarşısıalınmaz süni intellektdir: "Bu
baxımdan tərəflər rəqəmsal infrastruktur, kosmik
sənaye sahəsində layihələri təşviq etməyi
planlaşdırırlar. Bu, məhz Trampın qeyd edilən
yanaşmasına uyğundur. Regional bağlantılar qədər
tərəfdaşlığa təkan verən ikinci amil yəqin
ki, buna tərəflərin bu layihələrə göstərmiş
olduğu sədaqət xidmət edə bilər. Enerji amili
üzərindən qurulan əməkdaşlıq, illər ərzində
Azərbaycanın etibarlı tərəfdaş olması bu
xidmətin sual altına salınmasının ehtimalını
belə açıq qoymur. Odur ki, Azərbaycan və ABŞ
Transxəzər Nəqliyyat Dəhlizini əsas götürərək
quru, dəniz və hava nəqliyyat infrastrukturunun
inkişafını birgə işləmək niyyətinə
sadiqlik ifadə edirlər. Bu isə heç şübhəsiz
ki, ticarət və tranzitin asanlaşdırılmasını,
bariyerlərin aşılmasını nəzərə tutur.
Bütövlükdə, elə Vensin səfəri də Azərbaycanın
Cənubi Qafqazın xarici siyasətdə sədləri
aşdığını göstərir".
Pərvanə
525-ci qəzet .- 2026.- 13 fevral (№6).- S.5.