SƏN, MƏN VƏ PİANİNO
Boyatlamış dərdlərin var,
boyat, köhnə dərdlərin.
Adam da sadiq olar
dərdlərinə, dərdlərinə?!
Əl atıb qoparsam
ürəyindən kədərini.
Görərsənmi
əllərimi, əllərimi?!
Dəcəl barmaqların var,
dəcəl barmaqların.
Pianinonun dillərində
yandıracaq yalnızlığın
işığını.
Söndürsəm “min illik” alovunu-
elə pianinonun dilləri üstdə
elə pianinonun qucağında,
qucağında.
Sevərsənmi
günahımı, günahımı?!
Bir qızımız olar
gözləri qəhvəyi gülən –
elə sənin kimi.
Qoşulub ona gülə-gülə
saçlarımı yolarsanmı,
Yolarsanmı?!
Alın yazımın qalan vərəqlərini
qoydum dizinə sənin.
Kimi istəsən sil alnımdan,
yaz öz adını.
Yazarsanmı adını,
yazarsanmı?!
Sənsiz
Oyuncağı əlindən alınmış uşaq
kimiyəm.
Çağırsam ki, gəl
sevindir bu saqqallı uşağı,
Gələrsənmi,
Gələrsənmi?!
"27 OKTYABR"A
Səni indi sevdim.
Gülən gözlərinin ardındakı dərdlərini
-
sevdim keçmişini.
Ürəyi sözlərində döyünən
körpə səslərini -
sevdim gələcəyini.
Sevdim -
el var, oba var -
daha demirəm nəyini sevdim.
Səni üzənin evi yıxılsın,
yıxılsın lap belə nəyi
yıxılsın...
Fitili çəkilmiş qumbarayam,
at məni
dərdlərinin səngərinə.
Bakıdan Naxçıvana kimi
bir türkü olaram qulaqlarında
ötüb Zəngəzur səmasından:
"əllərim əlinə dəydikdən sonra
sonu istər ölüm olsun,
istər ayrılıq".
Səni səhər sevdim-
Azan gözləyən müəzzin kimi.
Səni günorta sevdim-
damla olmaqdan bezib
günəşə buxar kimi qaçmaq istəyən
Su damlası kimi.
Səni axşam sevdim-
demirəm necə sevdim...
Səni axşam
Səni günorta
Səni səhər sevdim,
Demirəm necə sevdim
Ay zalım, sevdim səni.
"O"NA MƏKTUB
Salam, torpaq adam!
Burda həyat
gözlərinin rəngi kimi tez dəyişir.
Əsasən qəhvəyi,
ya da qara.
Burda işimizi sorsan;
"imitasiya".
ya da anlayacağın hədəf taxtası.
Arada mərmilər kimisə sığallayır,
ya da qışqırır
hansısa ananın yuxusunda.
Göydə mərmilərlə toqquşur
anamızın duaları.
Gördüm;
"İki balam var,
Ölmək istəmirəm,
Ölmək istəmərəm" - deyən əsgəri.
Gördüm gözlərində
hələ doğulmamış
körpəsinin ürək
çırpıntılarını.
Utandım,
Utandıq.
Baxmadım daha o gözlərə
üz-üzə gəlməməkçün o
uşaqla.
mən utandım
biz utandıq.
Bəlkə o uşaq da utandı bizdən.
Getdik,
o uşağı baş-başa qoyduq atasıyla.
utandıq...
getdik...
Biz utandıq o gözlərdəki uşaqdan
o uşaq utandı bizdən.
amma atası utanmadı,
utanmadı...
Ən əzizinin, sevdiyinin
yanında olmasını istəmədiyin yerdi.
Bir əsgərim var.
Su gətirəndə
pulemyot gülləsi öpdü dizini.
İndi onu görəndə dizlərim ağrayır.
Susuzluğumuz yatmadı
mayorumuzun ürəyində sərinlədi
İstidən ürəyi sıxılan bir
düşmən mərmisi.
Axı, biz su istəmişdik,
qan yox.
Bəlkə bura Füzuli deyil,
Kərbəladır, xəbərimiz yox?!
Oğullar döyüşür...
Analar yaralanır,
analar şəhid olur.
O oğlanın cəbhədə itən
ayaqlarını görərsən
ağsayan o anada.
Gözlərini itirən zabitin
gözlərini görərsən
göz yaşı quruyan o ananın
yanaqlarında.
O şəhidi görərsən
oğlunun məzarında
başdaşına dönən anada.
Havada rəqs edən güllələrdən
daha dəcəldir barmaqların.
O güllələr mənə
xatırladır
xəyallarımı qıdıqlayan
barmaqlarını.
Bilirəm, heç inanmırsan
görmədən, bilmədən
şəkillərdən sənə aşiq
olduğuma.
Bilirsən,
heç bu torpaqları da görməmişdim...
AĞ XALATLI SEVGİ
Gözlərim tutanda baxışlarını
ürəyimi çəkirsən hər dəfə
bir diş kimi.
Axı, bu ürəkdi,
diş deyil, 32 ola.
İnsafın olsun,
məndə bu qədər ürək hardandır, ay
həkim qız?!
And ola Hipokrata,
sağaltmırsan, öldürürsən məni
sən başqa xəstəyə baş çəkəndə.
Nə əlindəki stetoskop, nə başqa alət
eşitməz qəlbimin səsini.
Özün qoy başını
sinəmə, qəlbimin üstə, ay həkim
qız.
Dinlə
sənə doğru yorğa qaçan ürəyimi-
bəsimdi.
Gecələr tələsim evə.
Qapını açmaq istəyəndə
əllərim cəftəni yox,
əllərini tutsun-
bəsimdi.
Bilsəm ki, ağ xalat çıxar əynindən
kəfən əvəzinə örtər
üstümü.
Bir anda ölərəm
görüm deyə əndamı-
bəsimdi.
Vallah, xeyri yoxdu mənə
resept kağızında yazdığın
adını duymadığım dərmanların.
Heyf etmə boş yerə o vərəqləri, ay həkim
qız,
üzündən öpüm-
bəsimdi.
Nə otlar, nə də sakinləşdirici dərmanlar
soyutmaz əsəbimi.
sevgim gübrələyər bətnindəki
çiçəyi-
Bəlkə hirsim soyuya.
Nə sistem, nə damarımdakı iynə,
durultmaz qanımı.
Uzun, qara saçların dolana qollarıma-
bəsimdi.
Boş ver analiz cavablarını,
At bir kənara
qol çəkdiyin qeydiyyat kitabçasını,
ay həkim qız!
Götür onların yerinə
nikah kağızına bir qol çək-
bəsimdi.
O... YOL... YAĞIŞ... KÜLƏK...
Buludlar dən səpər yerə,
yollar göyərçin kimi
dənlər yağışı.
"Bayatı-Şiraz" kimi evlər
dinlər yağışı.
Dodağı çatlamış asfalt küçələr
yağışı partdaq dodaqlarına çəkdiyi
kimi
çəkərəm ciyərlərimə
mənə nəfəs verən öpüşlərini.
Bir yağış damlası olaram
qoparam buludların bətnindən saçlarına...
çırparsan tellərini
düşərəm ovuclarına.
Qaldır əllərini dodaqlarına:
nəfəs ver, isit məni...
Bir külək olaram.
Sonra...
Sonra dəcəl uşaqlar kimi
Qapını döyüb qaçaram.
Açarsanmı qapını?
Açarsanmı ürəyini?
Boya kimi çəkər
dodaqlarına
bir dünyalıq çəhrayı təbəssümü.
Çırpar,
çırpar buludlar yerin başına.
Zərbədən yıxılan yollar,
sərilər ayaqların altına.
Ürəyim yeriyər çəkmələrinlə
dənlər yerişinin addım səsini.
İndi pozacaq iş sükutunu
gecələr addımlayacaq "əsmər
yuxum"da.
O yağış mənəm,
O külək mənəm,
O yol mənəm.
O mənəm.
O.
O.
O...
Emin PİRİ
525-ci qəzet .- 2026.- 20 fevral(¹7).-S.31.