Gərək
Gərək o vaxt çıxaydın qarşıma,
Bu dünyaya gəlmədən yüz, beş yüz,
lap min il öncə...
Udum-udum sevəydim səni,
Sevəydim aram-aram, incə-incə.
Gərək 5-10 ömür qabaq rastlaşaydı əllərimiz,
6-7 ömür əvvəl bənd olaydı gözlərimiz.
Bizə çatana qədər neçə alın dəftərində
qovuşmalıydı taleyimiz,
Neçə həyat yolunda salıb itirməliydik
bizi,
Sonra neçə ömürdən toplamalıydıq
izimizi...
Gərək sözlərimiz bizdən öncə
tapaydı bir-birini,
Hələ biz görüşmədən deyəydi
sevdiyini.
Tanrı eşq şərabından öncə
Dirilik suyunu içirməliydi bizə,
Ya da 60-70 illik ömürlə qıymayaydı sevgimizə.
Görəsən, dodaqlarını neçə ilə
kəşf edərəm,
Nəfəsindən neçə əsrə doyaram?!
Neçə ömür lazımdır ki,
büsbütün
varlığına boyanam?
İndi özün söylə, Tanrı
Haqqım varmı mələklərin ömründən
oğurlayam?
Bu sevgiyə bircə ömür yetməz axı,
qorxuram.
Olmaz”lara ağı
Gözlərimi yummaq istəyirəm
İnsanlara,
Dünyaya,
Tanrıya.
Bütün inancların qulaqlarına
pıçıldayacam
əslində heç bir işə
yaramadıqlarını.
Bir gecə sahibsiz küçənin ən qaranlıq
küncündə
qəfil yanan işıq dirəyi də ola bilərəm,
məsələn,
Aydınlatmaq üçün nabələd
qonağın yolunu.
O məsum körpənin dodaqlarında
gülüş olaydım,
Saflığın gözündən öpmək
üçün.
Taqətini ömrün yoxuşlarında itirmiş
qocanın dizlərinə taqət olsam
ayaqlarını torpağa daha inamla basardım.
Qaçdığımız bütün
"olmaz"ların ayağımıza dolaşıb
bizlə sürükləndiyini öyrənərik
gizləndiyimiz o daş divarın arxasında...
Beləcə bitər ömür dediyimiz nağıl,
Gözümüzə bir ovuc sevgi atıb,
peşmanlığımızla örtərlər
üstümüzü...
Göydən üç "kaş ki" düşər...
Təzə “mən” gəlir...
Dağlara xəbər verməyin
Gecə çən gəlir, çən gəlir.
Başımı alan dumanlar
Çənlə tən gəlir, tən gəlir.
Buludam, göylərdə gəzmə,
İtginəm, düşmə izimə,
Elə üzüldüm, əynimə
Ömür gen gəlir, gen gəlir
Allah da bezib əlimdən,
Çırpır əllərin dizinə.
Hər çırpdıqca tellərimə
Yeni dən gəlir, dən gəlir.
Günah vicdana od vurur,
Yandırır, içim qovurur,
Simurqtək külündən doğur,
Təzə "mən" gəlir, "mən"
gəlir
Şahanə Müşfiq
525-ci qəzet .- 2026.- 20 fevral(¹7).-S.31.