Qərblə Şərq əks
qütblər olmamalıdır
(Əvvəli ötən cümə sayımızda)
Müharibə, həm də vaxtilə inkişafı
geridə qalan xalqların döyüş yolu ilə,
qazandıqları hərbi güc hesabına qaliblərə
çevrildiyinə də şahidi olmağa gətirib
çıxarır. Daim qalib gələn xalq və dövlət
olmadığı kimi, məğlubiyyətin dəhşətli ağrısını uzun müddət
çəkməyə dözən xalq da olmur. Onlar imkan
düşən kimi bütün qüvvələrini
toplayıb, ciddi hazırlıq görüb öz əhalisini
doğma yurd-yuvalarından qovan və bu əraziləri
xarabazara çevirən dövlətə və onun ordusuna
qarşı öz döyüş məharətini göstərməyə
qadir olur və özünün ən azı bir əsrlik
düşmənini ağır məğlubiyyətə
düçar etməyi də bacarır. XXI əsrin ikinci
onilliyinin sonunda, 2020-ci ilin 44 günlük payızında Azərbaycan
Ordusu, otuz il ərzində onun ərazisinin
xeyli hissəsini işğal altında saxlamış Ermənistan
silahlı qüvvələrini darmadağın etməklə,
öz ərazi suverenliyini bərpa etdi. Məğlub dövlət
və ordu yenidən revanşizm xəstəliyinə tutulsa,
ondan müalicə oluna bilməyəcəkdir və hətta
öz mövcudluğunu itirmək təhlükəsi ilə də
üzləşə bilər.
İkinci Qarabağ müharibəsindən əvvəl
Ermənistan siyasi və hərbi rəhbərliyi Azərbaycanın
hərbi qüdrətinə inanmaq istəmirdi və guya öz
torpağını silah tətbiq etmək yolu ilə azad etmək
fikrinə düşsə, yeni işğal hesabına, ölkənin
daha böyük ərazi itkiləri verəcəyinə
ümid bəsləyirdi.
Ermənilər müharibə bərpa olunduqda,
Bakını da işğal edəcəklərini, onun
küçələrində çay içəcəklərini
proqnozlaşdırırdılar. 2020-ci ilin sentyabrının
sonunda başlanan və noyabrın birinci ongünlüyündə
yekunlaşan yeni müharibə isə Ermənistan ordusunun
darmadağın edilməsi, ermənilərin tam və qəti
məğlubiyyəti ilə nəticələndi. Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev ermənilərin
sərsəm düşüncələrinə,
özünün malik olduğu zəngin diplomatik leksika
arsenalına məxsus olan sarkazm ilə cavab verərək, dedi
ki, separatçıların liderləri çayı heç
də Bakının geniş küçələrində
deyil, cinayətkar kimi həbs olunduqlarına görə şəhərin
xüsusi təyinatlı dustaqxanasınin dar kamerasında, məhkəmə
tədqiqatını gözləyərkən içməli
oldular.
Vaxtilə Hitler də on il sonra Berlinin daha abad və
daha gözəl olacağını vəd etmişdi. Həmin
müddətdən sonra, 1945-ci ildə Berlini qalib sovet ordusu
dağıtmış, xarabalıqlar məkanına
çevirmişdi. Bundan xeyli əvvəl isə Hitlerin və
onun nasistlərinin beyinlərində, şüurlarında əmələ
gələn dağıntı Avropa xalqlarına və
almanların özünə böyük bədbəxtliklər
gətirmişdi. Göründüyü kimi, həmin saxta
ideyalar sadəcə olaraq oksimorona çevrildi, gerçəklik,
onların ümidlərinin ziddinə, tam əks şəkildə
reallaşdı.
Azərbaycan çayının keyfiyyətini, ətrini
hamı etiraf edir. Erməni siyasi xadimlərini dustaqxanada
içdikləri çay onlara heç də ləzzət
deyil, yəqin ki, zəhər dadı verir. Axı hələ
buna qədər on illər ərzində onların beyinləri,
şüurları kütləvi qaydada zəhərlənmişdi.
Zəhərlənmiş beyinin sahibinin bədəninin də həmin
virusla sirayətlənməsinə elə bir ehtiyac da yoxdur.
Çünki Şərq şairi Maxtumkulunun təbirindən
istifadə edilsə, "başsız bədənə
leş deyirlər". Leşdən isə ətrafa yalnız
üfunət yayılır. Yaxşı ki, cinayətdə
ittiham olunan baş erməni sepatçıları qapalı məkanda
saxlandıqlarından, yalnız həmin cəza məkanını
korlamağa qadirdilər.
Din barədə söhbətə qayıdaraq,
çox sayda müsbət xüsusiyyətləri ilə
yanaşı, dini ehkamlar heç də mənfi
çalarlardan da xali deyildir. Sinaqoqa və məscid, həmin
dinlərin əhatə etdiyi xalqların ərzaq ehtiyacı
içərisində yaşadığı, bəzən
aclıqla üzləşdikləri halda, ehkamlarına hörmət
əlaməti kimi qidalanmada qoyulmuş müxtəlif məhdudiyyətlərə
ciddi nəzarət edirdilər. Bibliyada Moiseyin beş kitabı
hesab edilən Tövratın "Deyteronomiya" -
"İkinci qanun" kitabında yəhudilərin hansı
mal və quş ətini, balıq növlərini yeməli
olduğu barədə sərt göstərişlər
vardır. Din, kövşəməyən heyvan növlərinin
ətinin yeyilməsini qadağan edir, həm də mal-qara
"kaşer" qaydasında kəsilməlidir. Pulcuğu
olmayan balığı da yemək məqbul sayılmır. Ov
quşları da istehlak üçün icazə verilən və
verilməyənlərə bölünür.
İslam da iudaizmin təqlidi qaydasında belə
qadağaları dini prinsip kimi irəli sürür. Müsəlmanlar
da ət istehlakı üçün kəsilən heyvanlar barədə
"halal" qaydasını tətbiq edirlər. Lakin
heç də bütün müsəlmanlar bu qadağalara əməl
etmirlər. Müsəlman qazaxlar, qırğızlar at ətini,
özbəklər isə ondan hazırlanan "kazı"
kolbasasını tam açıq şəkildə yeyirlər.
Digər dinlərə sitayiş edən bəzi xalqlar isə
hətta it ətindən və eşşək ətindən
də imtina etmirlər. Koreyada, Vyetnamda, Meksikada birincinin,
Çində isə ikinci növün istehlakı qeyri-adi bir
şey hesab olunmur. Hindistanda xörəyə sarımsaq
qatılması və bu bitki məhsulunun yeyilməsi əhalinin
bəzi qrupları arasında qadağan olunur. Guya allah
Krişnaya onun iyi və dadı xoş gəlməmişdir.
Ona görə krişnaitlər bu faydalı bitki qidasından
imtina etməlidirlər. Servantesin qəhrəmanı Don Kixotun
virtual sevgilisi Dulsineya isə daim sarımsaq çeynəyirdi
və ona olan sevgiyə bu vərdişi təsir göstərə
bilmirdi.
Monoteist dinlər, əsasən Xristian və İslam
dini daha cazibədar təsir
bağışladığından və onların
yayılmasına həm də çox sayda vasitələr cəlb
edildiyindən, qısa müddətdə geniş əraziləri
əhatə etdi. Bütpərəstlik belə imkanlara malik
deyildi, çox allahlılıqda (politeizm) isə
ayrı-ayrı ilahi qüvvədə himayə axtaranlar da
müxtəlif dəstələrə bölünürdü.
Tək allahlılıqda isə bir ilahi varlığa
sitayiş edilir, ondan mərhəmət dilənir və
günah işlətdiyinə görə onun cəzasına
düçar olmaq qorxusu Damokl qılıncı təsiri
bağışlayırdı. Günah isə yalnız insanla
Allahın münasibətinə aiddir, insan səhv və ya itaətsizlik
etdikdə Tanrı tərəfindən layiqli cəzasını
almalıdır. Bu qorxu bütün ömrü boyu insanı
müşayiət edirdi. İnsanların özləri
arasındakı münasibətlərin hansısa bir şəkildə
pozulması isə günah deyil, təqsir xarakteri
daşıdığından, onların cəzalandırılması
və həlli cəmiyyət tərəfindən yaradılan
ictimai institutların köməyi ilə qaydaya qoyulurdu. Tək
Allahın varlığına inam, həm də
dindarlığın əvvəllər məlum olmayan nəhəng
ölçüdəki kütləviliyinə səbəb
olurdu. İbadətlərin nizamlı qaydada keçirilməsi
də inancın möhkəmlənməsinə xeyli xidmət
edirdi.
Burada Qədim Romanın görkəmli siyasi və hərbi
xadimi Böyük Pompeyin bir məşhur ifadəsi də, yeni
dinlərin dominantlıq qazanması şansını da
yaxşı təsdiq edir. Gənc zabit kimi müstəqilliyi
ilə seçilən Pompeyin davranışı, sərkərdə
Sullanın xoşuna gəlmədiyindən, ona öz sərt
iradını bildirmişdi. Pompey ona cavabında demişdi:
"Adamların çoxu batan Günəşə deyil,
çıxan Günəşə sitayiş edir". Sulla qəddarlıqda
ad çıxarmışdı və tez də öldü.
Pompey isə xeyli müddətdə Roma siyasi həyatında
parlamaqda davam etmişdi. Yeni dinlər də çıxan
Günəşə bənzəyirdi və onlara kütləvi
sitayiş, heç şübhəsiz, zərurətin tələbi
idi.
İlk monoteist din olan İudaizmdən fərqli olaraq,
Xristianlıq və İslam yayılmaq üçün
seçdiyi vasitələrin mənəvi cəhətinə məhəl
qoymadığından, geniş əraziləri əhatə
etdi, dünya dinlərinə çevrildi. Hazırda dünyada
bu dinlərin hər birinə 1,5 milyarda qədər adam
sitayiş edir.
Dinlər həm də daxilən parçalanaraq,
bir-birini qəbul etməyən məzhəblərə
bölündülər. İslamın yarandığı VII əsrin
özündə sünnü və şiə məzhəbləri
meydana gəlmişdi. Xristian dünyası da əvvəlcə
katoliklərə və ortodokslara (pravoslavlara) bölünmüş,
sonra isə katoliklər, indulgensiya adı altında
dindarlardan, kilsə pul yığdığına etiraz əlaməti
olaraq parçalanmış, müxtəlif adlardakı
böyük protestantlar dəstəsi və ölkələri
meydana gəlmişdi. İngiltərə kralı VIII Henri Roma
kilsəsi ilə əlaqəsini kəsib, ayrıca anqlikan kilsəsi
təsis etmişdi və özü ona
başçılıq etmişdi. Xristian dünyasında XVII
əsrdə hətta otuz il davam edən dini müharibə
getmişdi, katolik ölkəsi olan Fransa dini deyil, siyasi məqsədləri
əsas götürərək, protestant dövləti ilə
ittifaqa girmişdi.
1648-ci ildə Vestifaliya sülhü ilə başa
çatan Otuz illik müharibə təkcə dini savaş
olmayıb, həm də dövlət maraqları naminə əks
dini məzhəblərə malik olan katolik və protestant
dövlətlərinin bir-birilə
ittifaqa girməsi, əslində katoliklərə
qarşı birgə cəbhədə vuruşması ilə əlamətdar
olmuşdu. Habsburqlara bəslədiyi nifrət hesabına
katolik Fransası protestant İsveç ilə sıx hərbi
ittifaqda vuruşurdu.
Fransa İspaniyaya qarşı müharibəyə
başladıqda, kraliça Anna Avstriyalı ispan kralı olan
qardaşına görə , bu hadisəni hiddətlə
qarşıladı. Onsuz da, kral XIII Luiyə 12 il ərzində
sui-qəsd həyata keçirilməsi cəhdləri aram
vermirdi. Öz uzaqgörən siyasəti ilə Fransanı təhlükələrdən
qoruyan kardinal Rişelye krala və özünə
qarşı olan sui-qəsdlərin qarşısını almağı
bacarmışdı. Kralın arvadının və
qardaşının İspaniya kralına yazdığı məktub.
həyatla vidalaşmaq aqoniyası vaxtı onun əlinə
düşdükdə, bu adam ölümə də qalib gələrək,
xəyanətə qarşı mübarizəsini davam
etdirmişdi. Təəssüf ki, yazıçı Aleksandr
Düma-atanın məşhur əsəri ilə kardinal
Rişelye yalnız neqativ xüsusiyyətlərin simvoluna
çevrilmişdir, əslində isə o, Fransaya daim sədaqətlə
xidmət etmək nümunəsi idi. Təsadüfü deyildir
ki, Rusiya çarı Böyük Pyotr Fransada onun qəbrini
ziyarət edərkən demişdi ki, mən imperiyamın
yarısını verərdim ki, digər yarısını
onun kimi uğurla idarə edəydim.
Bəzi tarixçilər və yazıçılar
parlaq şəxsiyyətləri tam əks şəkildə təsvir
etməklə, onlar haqqında həqiqətə uyğun
olmayan rəy yaratmaq yolu ilə, özlərinə bu
saxtakarlıq hesabına şöhrət qazanırlar. Bu isə
ən böyük ədalətsizlik sayılmalıdır.
Misal üçün, Bizans imperatriçəsi Teodora, I
Yustiniana ərə getməmişdən əvvəl aktrisa
kimi əxlaqında qüsurlara da yol vermişdi. Lakin o,
böhran vəziyyətində cəsarəti ilə
imperiyanı dağılmaqdan xilas etmişdi. 532-ci ildə
qalxan qiyam Konstantinopolu xarabazara çevirmişdi. İmperator
qorxudan qaçmaq istəyəndə, Teodora ərinə cəsarət
dərsi keçmiş, nəticədə paytaxtda qiyamı
yatırmaq mümkün olmuşdu. Şəhər yenidən
bərpa edilib, daha da abadlaşdırılmışdı, 537-ci
ildə isə orada məşhur Ayasofiya məbədinin
tikintisinə başlanmışdı. Teodora
qorxmazlığı ilə çoxlarına nümunə ola
bilər. Onun igidliyi gənclik səhvlərinin üstündən
tam qalın xətt çəkir.
Kardinal Rişelye də bir roman hesabına mənfi
obraz haləsinə bürünmüşdür. Lakin o,
dövlət xadimi kimi Fransaya əvəzsiz sədaqətli bir
xidmət göstərmişdir.
Ədalətsizlik nümunəsi kimi, Rusiya
imperatriçəsi II Yekaterina barədəki geniş
yayılmış rəyi də göstərmək olar. O, gizlətmədiyi qadın
ehtirası hesabına çox sayda eşq macəraları
yaşamışdı və məşuqlarından da dövlətin
xeyrinə istifadə etməyi bacarmışdı. 34 il ərzində
ölkəyə başçılıq edən bu qadın
Rusiya imperiyasının xeyli böyüməsinə və
dövlətçiliyinin möhkəmlənməsinə nail
olmuşdu. II Yekaterina
imperiyanın ərazisini Mərkəzi Qara dəniz ətrafı,
Krım, Şimali Qafqaz kimi regionlar və qərbdə isə
Reçi Pospolitanın (Polşanın) üç dəfə
parçalanması hesabına öz dövlətininin
torpaqlarını xeyli genişləndirmişdi.Buna görə
onu hətta özünün sələfi olduğu imperator I
Pyotrla müqayisə edirlər. Əlbəttə, o, əsasən
işğal və asılı xalqların istismarı
hesabına Rusiya imperiyası ərazisinin böyüməsinə
nail olmuşdu. Lakin iki əsr yarıma yaxındır ki, onun
eybəcərliyə çatan şəhvəti barədəki
söhbətlər dünyada daha geniş yayılmaqda davam
edir və bu, onun dövlət başçısı kimi
tarixi xidmətlərini də xeyli kölgədə qoyur.
(Ardı var)
Telman ORUCOV
525-ci qəzet .- 2026.- 20 fevral(№7).-S.30.