Ağıl duası
"İnsan mənzərələri"
silsiləsindən
Kəndin yanından keçən şossenin
qırağındakı bu pirin dəqiq yaşını kənd
sakinlərindən heç kim bilmirdi. Kimə
yaxınlaşıb bu barədə bir şey
soruşsaydın, əvvəlcə cavab verəcəkdi ki,
vallah, mən gözümü açıb bu piri elə burada
görmüşəm. Sonra da buranın şəfa pirinə
çevrilməsinin - az qala nağıllaşan bu mistik hadisənin
tarixçəsi barədə eşitdiklərini həvəslə
danışacaqdı: "Bir vaxtlar bu yerlərdə Cəmil
adında bir bəy yaşayırmış. Böyük torpaq
sahəsi, qoyun sürüləri, at ilxısı olan bu bəyin
yeganə oğul övladı həm fiziki, həm də əqli
cəhətdən şikəst doğulubmuş - yeriyəndə yanını əyə-əyə
gedirmiş, üstəlik, səlis danışa, fikrini ifadə
edə bilmirmiş. Cəmil bəyin onu aparmadığı məmləkət,
göstərmədiyi loğman qalmayıbmış. Amma hər
yerdən əli üzülü qayıdırmış.
Axırda nurani bir loğman ona deyir ki, sənin oğlun
Allahın əmri ilə belə doğulub, deməli, onun
şəfa tapması da Allahın əlindədir. Ona görə
də bu mənasız səfərlərlə
özünü yorma, qayıt elinə-obana, yalnız
Allahın mərhəmətinə, şəfqətinə
ümid bağla. Bəlkə oğlun sağaldı".
Bu sözlərdən üzülən bəy, oğlu
ilə bir yerdə öz vətəninə qayıdır. Uzun
yol qət etdiklərindən kəndə çatanda bərk
yorulublarmış. İndi pir yerləşən ərazidə
iri bir palıd ağacı varmış. Ağacın kölgəsində
otururlar ki, həm bir hovur nəfəs dərsinlər, həm
də sudan-zaddan içsinlər. Uşaq çox
yorulubmuş, göy çəmənin üstündə
oturub kürəyini ağaca söykəyən kimi şirin, dərin
yuxuya gedir və bu minvalla düz bir sutka yuxudan ayılmır.
Cəmil bəy əvvəl qorxur, sonra fikirləşir ki, hər
şeydə bir xeyir də var, gözləyək görək
bu işin axırı necə olacaq. Bir sutkadan sonra uşaq əsnəyib
top kimi qalxır ayağa, gül-gülə deyir ki, ay ata, deyəsən,
çox yatdım. Cəmil bəy baxıb görür ki,
uşağın beli demək olar ki, düzəlib,
danışığını da başa düşmək
olur. Elə orda dizini qoyub yerə ağlaya-ağlaya
üzünü tutur göyə, deyir, ilahi, kərəminə,
lütfünə şükür.
Sonralar bu əhvalat az qala nağıla dönüb
ağızdan-ağıza, nəsildən nəsilə
keçdikcə həmin o palıdın altının mistik
şəfaverici gücü barədə söz-söhbət
camaatın təkcə qəlbinə yox, həm də
şüuruna hakim kəsilir. Xəstəsi, əlili, şili
olanlar yaxından-uzaqdan dəstə ilə bura
axışır, əllərini göyə açıb
Allahdan öz xəstələrinə şəfa diləyir,
dualarının qəbul olunması üçün
palıdın yanındakı iri daşın altına nəzir
qoyub xətircəm geri qayıdırlar. Bəziləri özləri
ilə xalça-palaz gətirib yerə sərir, üstündə
uzanıb mürgüləyirlər.
İstər sağdan, istərsə də əks tərəfdən
şütüyən maşınların sürücüləri
ağaca çatmağa 200-300 metr qalmış sürəti
azaldır, radionu söndürür, çoxu isə
palıdın tuşunda maşını saxlayıb xata-baladan
uzaq olmaq üçün onun yanındakı daşın
altına nəzir qoyurdular. Hamı əmin idi ki, burada
hansısa bir övliyanın müqəddəs ruhu
dolaşır və insanlara şəfa verən, onları
qoruyan da həmin o müqəddəs ruhdur.
Bir müddətdən sonra palıd ağacı
ömrünü başa vurdu. Onun çürümüş
gövdəsini torpağa yaxın yerdən kəsdilər,
amma kötüyünü çıxarmağa heç kəs
cəsarət eləmədi və o kötük tezliklə kəndin
dəlisi hoppala Şakirin nahar masasına çevrildi - hər
gün günorta bura gəlib o kötüyün yanında
oturaraq korjikini kəmali-səliqə ilə cibindən
çıxararaq ləzzətlə yeyirdi və həmin
müddətdə pirə nəzir gətirənlər,
maşınlarını saxlayan sürücülər
Şakirin korjik yeməkdən korjik rəngi alan sifətinə,
yesir görkəminə baxıb başlarını
bulaya-bulaya pullarını ona
verirdilər ki, yazıq gedib çörək alsın,
bir az da çörək yesin, yoxsa korjik axırına
çıxacaq bu yazığın. Şakir gözünə
döndüyümün də ürəyində korjik
sevdası elə kök salmışdı ki, çörək
haqqında fikirləşmək əvəzinə
naharının ləzzətini artırmaq üçün
gedib "Kola", "Fanta", nə bilim, başqa şirin
sular alırdı.
O ki qaldı daşın altına yığılan
pullara, onları kəndin mollası Zərbalı kişi
götürürdü və deyirdi ki, oxunan şəfa
dualarının tez müstəcəb olması
üçün aparıb rayon mərkəzindəki məscidin
nəzir qutusuna salır.
lll
Bir neçə il əvvəl günorta vaxtı pir tərəfdə
ağ kostyumlu qara eynəkli bir kişi peyda oldu. Qara kostyumlu,
eynilə gözlərində qara eynək olan cangüdənlərinin
müşayiəti ilə pirin yerlışdiyi sahədə
bir xeyli müşahidə apardı, nələrisə
ölçüb-biçdi və elə gəldiyi kimi də
səssiz-səmirsiz lyüks maşında çıxıb
getdi. Həmin vaxt kötüyün yanında oturub korjikini yeyən
Şakir başılovlu kəndə qaçıb hay saldı
ki, bəs gözünüz aydın, deyəsən, pirin yeri
satılıb və tezliklə ondan əsər-əlamət
qalmayacaq. Kəndə çaxnaşma düşdü,
pıçapıçlar bir-birinə calandı və bir
neçə gündən sonra daş, qum, sement dolu
üç-dörd "Kamaz" yükünü pirin həndəvərinə
boşaldanda kəndin ayağı yer tutan bütün sakinləri
hay-həşirlə bura axışdı ki, görsünlər
bu nə əhvalatdı. Elə bu vaxt molla Zərbalı
özünü yetirib dedi ki, ay camaat, narahat olmayın. Belə
ağır ocağı, kəramətli piri
dağıtmağa kiminsə cəsarəti çatarmı?
Əksinə, sevinin ki, pir müasir üslubda yenidən
qurulur, ərazisi genişləndirilir, görkəmi
yaxşılaşdılır ki, səxavətindən daha
çox adam faydalansın, şəfa tapsın. Bu xeyirxah işə
girişən xeyirxah şəxs isə əcdadı, yəni
ulu babasının babası bu kənddən olan filankəs
adlı bir iş adamıdır. O, neçə illərdir
xaricdə - Latviyada yaşayır. Amma görürsünüz
ki, qan, gen yaddaşı öz işini görür. Filankəs
müəllim bu ərazini dövlətdən pulla alıb,
indi piri öz adına layiq bir səviyyəyə
gətirib bizlərə ərməğan edəcək. Gəlin
hamımız ona bir ağızdan "çox sağ ol"
deyək...
Adamlar bu xəbərdən elə təsirləndilər
ki, gözləri yaşardı, hətta əlini dəsmal
üçün cibinə salanlar da oldu. "Çox sağ
ol" minnətdatlığı "Halaldır",
"Oğul belə olar" şüarlarına
qarışdı. Və əgər həmin o filankəs
müəllim həmin dəmdə burda olsaydı, camaat onu
bağrına basıb üzündən öpmək
üçün növbəyə durardı.
Xülasə, yenidənqurma işləri
başladı. Bir qədər arxada məqbərəyə bənzər
yığcam bir tikili inşa edildi, içəridən və
çöldən divarlarına daş üzlük çəkilib
dini rəmzlərlə bəzədildi. Qarşısına
çınqıl daşı yayıb üstünü sementlədilər.
Bir qədər sağda namaz otağı, ondan da sağda
kiçik istirahət otaqları tikdilər ki, uzaqdan gələn
uşaqlı adamlar, qadınlar özlərini rahat hiss eləsinlər.
Məqbərənin sağında və solunda ağac əkməyi,
gül kolları basdırmağı da unutmadılar. Ən
çox diqqəti çəkən isə nəzir qutusu idi.
Dəmirdən hazırlanmış qara rəngli iri qutu elə
yerə qoyulmuşdu ki, dərhal diqqəti cəlb etsin, daha
onu axtarmağa vaxt sərf olunmasın.
Beləliklə, yazın əvvəlində pirin ikinci
həyatı başladı. Onun səs-sorağı tezliklə
bütün respublikaya yayıldı. Əvvəllər
yalnız ətraf kəndlərin sakinlərinin ziyarətgah
yeri idisə, indi uzaq şəhərlərin, kəndlərin
adamları da dəstə-dəstə pirə təşrif gətirirdilər.
Özü də daha əvvəlki kimi yalnız xəstəliklərdən
şəfa tapmaq üçün yox. İş yerində
problemi olan, hansısa arzusunun tezliklə
reallaşmasını arzulayan, evinin barlı-bərəkətli
olması istəyi ilə alışıb-yanan adamlar da bu pirə
üz tutur, nəzir qutusuna pul atır, qurban kəsir, geri
qayıdanda da ürəklərində təkcə Allaha
dualarının, yalvarışlarının yox, kəsdikləri
heyvanın çəkisi, o qutuya atdıqları pulun dəyəri
ağırlığında ümid, inam aparırdılar. Bir
sözlə, burdakı səliqə-səhman, qaynar həyat
hoppala Şakirdən savayı, hamının ürəyincə
idi. Çünki Şakirin yetim-yesir görkəmi pirin yeni
hüsnünə heç cür uyuşmurdu, necə deyərlər,
yazıq ofsaydda qalmışdı. O da acığından
qarğı atını elədən belə, belədən
elə çapa-çapa acığını ağlına gələn
mahnıları ucadan oxumaqla çıxırdı.
lll
Günlərin bir günü kənd camaatının
yatsa heç yuxusua da gəlməyən qəribə bir hadisə
baş verdi: səhər tezdən pirin yanında iki qara
"Mersedes" dayandı, maşından düşən
şəxslər mədrəsənin, namaz və istirahət
otaqlarının qapılarını örtüb
möhürlədilər, nəzir qutusunu da götürüb
tələsik çıxb getdilər. Görünür, onlar
hərəkətlərinin camaat arasında necə reaksiya
doğura biləcəyini əvvəlcədən
doğru-dürüst ölçüb biçməmişdilər.
O qədər gözlənilməz, ağlagəlməz hadisə
idi ki, kənd camaatı əvvəlcə gördüyünə
inanmaq istəmədi. Pir deyilən yerlə belə rəftar
etməkmi olardı? Günün günorta çağı gəl
qapılarını bağla, möhürlə, get.
Özü də heç bir izahat-filan vermədən. Bunun
üçün bu işə qol qoyanlar ya şir ürəyi
yeməli, ya başları xarab olmalı, ya da hamını
susdura biləcək daşdan keçən qeyri-adi bir səbəb
ortaya qoymalı idilər.
Camaatın həyəcanı, təlaşı
yavaş-yavaş qonşu kəndlərə də
yayıldı. Axşama yaxın pirin həndəvərinə
qocalı-cavanlı xeyli adam yığıldı və cəmi
bir gün əvvəl ziyarətçilərin duaları,
oxuduqları surələr səslənən ərazi qarğa
bazarına döndü, hər ağızdan bir avaz gəlməyə
başladı: biri "Yeddi oğul istərəm" filmindəki
məscid səhnəsindən danışıb dedi ki,
görünür, Mirpaşanın aqibəti bunlara dərs
olmayıb. Bir başqası elan elədi ki, bu rəzalət
dini azadlıq siyasətinə ziddir, ona görə də
qarşısı alınmalıdır. Bir fanatik isə
coşub lap qabağa getdi, dedi, vicdan haqqı, bu saat irəli
şığıyıb o möhürü-filanı
qırıb atacam yerə. Qoy gəlib məni tutsunlar...
Qarğa bazarının yavaş-yavaş etiraz mitinqinə
çevrilməsi təhlükəsi yaranmışdı. Və
əgər kənd bələdiyyəsinin sədri
tövşüyə-tövşüyə başlovlu
özünü yetirməsəydi, nələrin baş verəcəyini
bir Allah bilirdi.
Camaat onu görən kimi quzğun kimi üstünə
şığıdı ki, bu nə
biabırçılıqdır, kim cavab vercək bu
özbaşınalığa. Bələdiyyə sədri də
adamları yara-yara özünü palıd kötüyünə
çatdırdı, onun üstünə çıxıb
sağ əlini qaldırdı ki, camaat sakitləşsin. Elə
ki, xeyli əlləşəndən sonra buna nail oldu,
boğazını arıtlayıb həyəcanla ucadan
danışmağa başladı:
- Ay camaat, sakit olun və qulaq asın. Bu hadisədən
ilk xəbər tutanlardan biri mən olmuşam. Elə o dəqiqə
də məsələni aydınlaşdırmaq
üçün rayon mərkəzinə üz tutmuşam,
neçə kabinetin qapısını döymüş,
neçə vəzifəli şəxsin qəbulunda
olmuşam. Orda mənə bildirdilər ki, bir müddət əvvəl
buranı alıb bu səliqə-səhmanı sizə ərmağan
edən iş adamının biznesi qəfildən
çöküb, banklara külli miqdarda borcu olduğuna
görə məhkəmə onun bütün əmlakına,
o cümlədən bu əraziyə, tikililərə də həbs
qoyub ki, hərraca çıxarıb satsın. Bu, qanunun tələbidir.
Qanunun qabağında biz nə edə bilərik ki?! Əlbəttə,
rayon rəhbərliyi mərhəmət və humanizm göstərərək
hərracdan əvvəl bu ərazini tikililərlə bir yerdə
satın ala bilərdi, hətta buna təşəbbüs də
göstərib. Amma...
Bələdiyyə sədri
danışığına ara verdi. Qırımından hiss
olunurdu ki, bundan sonra deyəcəyi sözlərin məsuliyyətindən
çəkinir.
- Nə amma? - kimsə ucadan qışqırdı.
- Bunu demək çox ağırdır. Amma deməliyəm.
İstəyirsiniz inanın, istəyirsiniz yox. Cəmil bəyin
oğlunun şəfa tapdığı yer bura yox, kəndin o
biri başında köhnə yolun ağzındakı
çinar ağacının altı olub. Bu ərazidə isə
Cəmil bəyin at ilxısının tövləsi yerləşirmiş.
Xülasə, nə vaxtsa kiminsə
çinarla palıdı səhv salması böyük bir
yanlışlıqla nəticələnib. Mənə
inanmırsınızsa, rayonun ən yaşlı tarix müəllimi
olan Mürvət kişini dinləyin. O, rayonumuzun, onun kəndləriin
tarixi barədə kitab yazır. İndi hər şeyi dəlil-sübutla
sizə izah edəcək.
Bələdiyyə sədri sözünü bitirib
camaatdan bir az aralıda dayanmış arıq,
ağsaçlı kişiyə əli ilə işarə elədi
ki, ona yaxınlaşsın. Amma kötüyə çatıb
üstünə çıxmaq, camaata izahat vermək o
kişiyə müyəssər olmadı, çünki adamlar
bu dəfə quzğun kimi onun üstünə cumdular, araya
alıb sıxışdırmağa, pencəyinin qolundan, ətəyindən
dartmağa, necə deyərlər, acıqlarını ondan
çıxmağa başladılar. Elə bil bütün baş
verənlərin səbəbkarı bu arıq, qoca kişi idi.
Bələdiyyə sədri işi belə
görüb kötüyün üstündən
düşdü ki, nə qədər, başı-gözü
əzilməyib, pal-paltarı cırılmayıb qoca müəllimi
camaatın əlindən alsın.
Elə bu vaxt heç kimin gözləmədiyi hadisə
baş verdi. Hoppala Şakir adamların arasından
sıçrayıb kötüyün üstünə
qalxdı, bu vur-çatlasına baxa-baxa əllərini göyə
qaldırıb dedi:
- İlahi, nə olardı, bu adamlara bir az ağıl
verəydin...
Əlisəfdər HÜSEYNOV
525-ci qəzet .- 2026.- 20 fevral(№7).-S.29.