Layihə əsaslı öyrənmə:
reallığa və praktikaya söykənən təlim
yanaşması
Müasir dünyanın sürətlə inkişaf
etməsi ənənələrə və mövcud
texnologiyalara əsaslanan reproduktiv fəaliyyətin əhatə
dairəsini daraldır və innovativ fəaliyyətin tətbiqini
genişləndirir. Sürətlə inkişaf edən
dünya ilə əl-ələ getmək üçün təhsil
sahəsində yeni öyrənmə mühitinin
yaradılması çox önəmlidir. Layihə əsaslı
öyrənmə də şagirdyönümlü öyrənmənin
təminatında xüsusilə seçilir.
Təhsil İnstitutunun Metodik xidmətin təşkili
və monitorinqi şöbəsinin müdiri Nigar Əhmədzadə
deyir ki, layihə əsaslı öyrənmə şagirdlərin
reallığa əsaslanan məsələlər üzərində
işləyərək bilik və bacarıqları mənimsədiyi
təlim yanaşmasıdır. Bu metod yalnız məlumat
ötürməyə deyil, həm də biliklərin praktik tətbiqinə
yönəlib. "Nəyi öyrətmək?", "niyə
öyrətmək?", "necə öyrətmək?"
sualları ilə yanaşı, həm də "necə səmərəli
öyrətmək olar?" sualına cavab
axtarışları alimləri və təhsil mütəxəssislərini
tədris prosesini "texnolojiləşdirməyə", yəni
təlimi zəmanətli nəticə verən bir növ
istehsal texnoloji prosesə çevirməyə cəhd göstərməyə
gətirib çıxarmışdır. Bununla əlaqədar
olaraq pedaqogikada yeni bir istiqamət pedaqoji texnologiyalar
yaranıb. Şagirdləri layihə əsaslı öyrənmə,
tədqiqat və layihə fəaliyyətləri ilə
tanış etməyin əsas məqsədi yeni
düşüncə tərzinə malik şəxslərin
mümkün qədər erkən inkişafını təşviq
etməkdir: "Hər bir fərdin tədqiqat aparmaq
potensialını inkişaf etdirmək üçün məktəb
şagirdlərində yaradıcı və tənqidi təfəkkürü
formalaşdırmaq zəruridir. Şagirdlərin tədqiqat
aparmaq və layihə işləmək fəaliyyətlərinin
modelləşdirilməsi, bu modellərin sınaqdan
keçirilməsi və tətbiqi nəzəriyyə ilə
təcrübənin yaxınlaşmasına töhfə verməlidir
ki, bu da yeni tipli bir şəxsiyyət və bacarıqlı
mütəxəssisin yetişdirilməsi prosesində
xüsusilə vacibdir. Tədris layihəsi şagirdlərin
birgə, məqsədyönlü, əvvəlcədən
planlaşdırılmış və şüurlu fəaliyyətidir.
Layihə əsaslı öyrənmə bir problemin həlli
üstündə qurulur. Problem müəyyənləşəndən
sonra layihənin məqsədi, araşdırma metodları
seçilir. Müəllim yeni məlumat mənbələri təklif
edə və ya sadəcə şagirdlərin
düşüncə tərzini müstəqil tədqiqat
üçün düzgün istiqamətə yönəldə
bilər. Nəticədə, şagirdlər problemi özləri
həll etməli, əməkdaşlıq edərək, bəzən
müxtəlif sahələrdən lazımi bilikləri tətbiq
edərək real və hiss olunan nəticə əldə etməlidirlər.
Beləliklə, problem layihə əsaslı fəaliyyətin
konturlarını alır. Layihə müəyyən bir
problemin öyrənilməsi və onun praktiki və ya nəzəri
tətbiqidir. Layihə metodunun məqsədi şagirdlərin
müstəqil, yaradıcı fəaliyyətini inkişaf
etdirməkdir. Yaradıcı, praktik işlərinin nəticəsi
olaraq şagirdlər yeni bilik və bacarıqlara əsaslanaraq
problemin həlli yolunu tapıb təklif verir və ya son məhsul
yaradırlar. Layihə əsaslı öyrənmə ünsiyyət
bacarıqlarının inkişaf etdirməyə imkan
yaradır. Şagirdlər həm fərdi, müstəqil
işləyirlər, həm də qruplar şəklində
birləşib müzakirələr edir, ümumi qərarlar qəbul
edirlər. Şagirdlərin layihə əsaslı fəaliyyətlərində
əsas məqsəd onları müstəqil tədqiqat
aparılmasına yönəltməkdir. Layihə şagirdin
baxış bucağından müstəqil, qrup halında və
ya təkbaşına maraqlı bir iş görmək, qabiliyyətlərini
maksimum dərəcədə artırmaq üçün bir
fürsətdir. Bu, şagirdlərə özlərini ifadə
etməyə, biliklərini tətbiq edərək yeni
bacarıqlar əldə etməyə, töhfə verməyə
və nailiyyətlərini ictimaiyyət qarşısında
nümayiş etdirməyə imkan verən bir fəaliyyətdir.
Müəllim baxımından tədris layihəsi, orta məktəb
şagirdlərində aşağı təfəkkür
bacarıqlarından başlayaraq yuxarı təfəkkür
bacarıqlarını inkişaf etdirməyə imkan
yaradır. "Öyrəndiyim hər şeyin mənə nə
üçün lazım olduğunu və bu bilikləri harada
və necə tətbiq edə biləcəyimi bilirəm"
bu, layihə metodunun müasir anlayışının əsas
tezisidir. Məhz bu xüsusiyyət akademik biliklərlə
praktik bacarıqlar arasında məntiqli tarazlıq tapmağa
çalışan bir çox təhsil sistemlərini cəlb
edir".
Onun sözlərinə görə, layihə fəaliyyətində
şagird öz biliklərini müxtəlif mənbələrdən
toplayaraq təhlil edir, faktları müqayisə edir və nəticələr
çıxarır. Bu proses tənqidi düşüncə
bacarıqlarını formalaşdırır. Layihə
mövzunun yalnız səthi öyrənilməsinə deyil,
onunla işin dərinliyinə yol açır.
Şagird konkret nəticə əldə etmək
üçün konsepsiyaları anlamağa məcbur olur. Layihə
əsaslı öyrənmə kommunikasiya, əməkdaşlıq,
vaxt idarə etməsi, qərarvermə kimi həyati
bacarıqları inkişaf etdirir ki, bunlar məktəbdən
kənar həyatda da tələb olunur: "Şagird öz
marağına uyğun layihə seçdikdə, fəaliyyətə
daxili motivasiya yaranır ki, bu da bilik əldə etmə
prosesini daha səmərəli edir. Layihə metodu adi sinif
şəraitində şagirdlərin müstəqil, fərdi
və ya qrup şəklində fəaliyyəti kimi, müxtəlif
müddətlər ərzində tətbiq oluna bilər. Bu
metod həmçinin müasir informasiya texnologiyalarından,
xüsusilə kompüter telekommunikasiyalarından istifadə
etməklə də həyata keçirilə bilər. Layihə
metodu şagird üçün idrak fəaliyyətinin aktivləşdirilməsi,
yaradıcılığın inkişafı və eyni zamanda
müəyyən şəxsi keyfiyyətlərin
formalaşdırılması üçün didaktik vasitədir.
Şagirdin müxtəlif layihələrin hazırlanmasına
fəal şəkildə cəlb olunması ona sosial-mədəni
mühitdə insan fəaliyyətinin yeni üsullarını
araşdırmaq imkanı yaradır. Tədqiqat
yönümlü layihələr bir sıra istiqamətlərə
əsaslana bilər. Məsələn, bir fənni əhatə
edir, fənlərarası ola bilər, fənnüstü ola bilər. Belə
layihələr həm dərs zamanı, həm də
fakültativ məşğələlərdə, inteqrasiya
olunmuş kursların öyrənilməsi zamanı,
yaradıcılıq emalatxanalarında həyata keçirilir.
Bu tip layihələr tam şəkildə elmi tədqiqatın
məntiqinə tabe olur və strukturu real elmi tədqiqatın
strukturu ilə üst-üstə düşür və ya ona
çox yaxın olur. Tədqiqat mövzusunun
aktuallığının əsaslandırılması, tədqiqat
probleminin müəyyən edilməsi, obyekt və məzmunun
seçilməsi, qəbul olunmuş məntiqə uyğun
şəkildə tədqiqat vəzifələrinin müəyyənləşdirilməsi,
tədqiqat metodlarının və informasiya mənbələrinin
seçilməsi, tədqiqat metodologiyasının müəyyənləşdirilməsi.
Problemin həlli üçün hipotezlərin irəli
sürülməsi, o cümlədən eksperiment və təcrübə
aparmaqla həll variantlarının müəyyən edilməsi,
əldə olunan nəticələrin müzakirəsi, nəticələrin
çıxarılması, tədqiqat nəticələrinin rəsmiləşdirilməsi
və gələcək tədqiqatlar üçün yeni
problemlərin müəyyən olunması. Bu tip layihələr
şagirdlərin bölmə ərzində əldə etdikləri
biliklərin mənimsəməsinə əsaslanaraq həmin
biləklərin real həyatda tətbiqini təmin edir və tədqiqat
bacarıqlarını gücləndirir".
Nigar Əhmədzadə bildirib ki, yaradıcı layihələr
şagirdlərin fərdi qabiliyyətlərinə və
istedadlarına əsaslanır. Burada əsas məqam
iştirakçıların maraq və qabiliyyətləridir.
Belə layihələrdə nəticələr və
onların təqdimetmə forması əvvəlcədən
razılaşdırılmalıdır. Yaradıcı layihələrin
nəticələrinin tərtibatı ssenarilər, planlar, məqalələr,
reportajlar, rəsm sərgisi və s. formasında dəqiq
düşünülmüş struktur tələb edir. Oyun
xarakterli layihələrdə strukturu
müəyyənləşdirildikdən sonra şagirdlər
layihənin məzmunu ilə tanış olurlar və şərtlərə
uyğun müəyyən rolları öz üzərlərinə
götürürlər. Bu rollar ədəbi personajlar və
ya sosial və ya işgüzar münasibətləri təqlid
edən, iştirakçıların özləri tərəfindən
yaradılmış situasiyalarla mürəkkəbləşdirilən
uydurma qəhrəmanlar ola bilər. Belə layihələrin nəticələri
layihənin əvvəlində müəyyən edilə bilər
və ya yalnız layihənin sonunda aydınlaşa bilər.
Burada yaradıcılıq dərəcəsi çox yüksəkdir,
lakin aparıcı fəaliyyət növü yenə də
rol oyunları və macəra xarakterli oyun fəaliyyətidir.
İnformasiya yönümlü layihələr bəzən nəzəri
layihələr də adlandırılır. Bu tip layihələr
geniş auditoriya üçün nəzərdə
tutulmuş informasiyanın toplanmasına, faktların təhlili
və ümumiləşdirilməsinə yönəldilir. Bu
layihələr tədqiqat layihələri kimi, yaxşı
düşünülmüş struktura və layihə üzərində
iş prosesində sistemli korrektə imkanlarına malik
olmalıdır. Bu cür layihələr tez-tez tədqiqat
layihələrinə inteqrasiya olunur və onların tərkib
hissəsinə, moduluna çevrilir. İnformasiya
axtarışı və təhlilinin strukturu fənn üzrə
tədqiqat fəaliyyəti ilə çox oxşardır.
İnformasiya axtarışının predmeti, aralıq nəticələrin
göstərilməsi ilə mərhələlərin müəyyən
edilməsi, toplanmış faktlar üzərində analitik
iş, ilkin istiqamətin (zərurət olduqda) korrektə edilməsi, dəqiqləşdirilmiş istiqamətlər
üzrə informasiyanın sonrakı axtarışı, yeni
faktların təhlili, ümumiləşdirmə, nəticələrin
cıxarılması, yekun nəticələrin rəsmiləşdirilməsi:
"Praktik layihələr iştirakçıların fəaliyyətinin
nəticəsinin əvvəlcədən dəqiq müəyyən
olunması ilə fərqlənir. Bu nəticə mütləq
şəkildə iştirakçıların sosial
maraqlarına yönəlmiş olur. Belə layihələr
iştirakçıların bütün fəaliyyətinin
ssenarisini, hər birinin funksiyalarının müəyyənləşdirilməsini,
dəqiq nəticələrin çıxarılmasını
və hər kəsin yekun məhsulun hazırlanmasında
iştirakını nəzərdə tutan yaxşı
düşünülmüş struktur tələb edir. Burada
mərhələli müzakirələrin təşkili, birgə
və fərdi səylərin korrektə edilməsi, əldə
edilmiş nəticələrin təqdimatı və
onların praktikaya tətbiqi yollarının müəyyənləşdirilməsi,
həmçinin layihənin sistemli qiymətləndirilməsinin
təşkili xüsusilə vacibdir. İndi isə konkret layihə
nümunələri əsasında bu pedaqoji texnologiyanın
didaktik mahiyyətini daha dolğun şəkildə dərk etməyə
çalışaq. Burada vacib məqam ondan ibarətdir ki,
layihə metodu pedaqoji texnologiyaların bir nümunəsidir,
onun həyata keçirilmə vasitələri isə müxtəlif
ola bilər. Layihə fəaliyyəti tədris prosesinə
birbaşa inteqrasiya oluna bilər və ya əsasən dərsdənkənar
fəaliyyət çərçivəsində həyata
keçirilə bilər. Bu isə layihə metodunun
çevikliyini və təlim prosesində geniş tətbiq
imkanlarını nümayiş etdirir. Layihə əsaslı
öyrənmə sayəsində təhsil prosesi məzmunu mənimsəməkdən
çıxaraq həyat bacarıqlarını inkişaf etdirməyə
çevrilir və şagirdlər gələcəkdə
qarşılaşacaqları realproblemlərə
hazırlıqlı olur. Bu metod, həmçinin müəllim
və şagird arasında əməkdaşlıq, maraq və
motivasiyanı artıraraq məktəbi yalnız bilik mənbəyi
deyil, həm də yaradıcı vəöyrədici mühitə
çevirir. Layihə əsaslı öyrənmə
şagirdləri passiv bilik qəbul edən deyil, öyrənməyi,
düşünməyi və yaratmağı bacaran fəal
subyektlərə çevirən müasir təlim
yanaşmasıdır".
Sevinc QARAYEVA
525-ci qəzet .- 2026.- 20 fevral(№7).-S.28.