"Dünyanın
arşını": ilkinliyə çağırış
fəlsəfəsi
Xalq yazıçısı Sabir Əhmədlinin
"Dünyanın arşını" romanı ən
geniş müstəvidə sənətkar özünütəsdiqinin
gözəl nümunəsi sayıla bilər.
"Dünyanın arşını" romanının
adı sanki əsərin metaforik
başlanğıcıdır. "Arşın"
sözü keçən əsrin birinci yarısına qədər
ən işlək leksik vahidlərdən biri kimi həm
şifahi nitqdə, həm də bədii üslubda ruhumuza
yaxınlığı ilə seçilən sözlərdəndir.
Yetmiş bir santimetrə bərabər ölçü
vahididir. Artıq dildə leksik tezliyini itirib tarixizmlər cərgəsinə
keçən bu söz dialektlərdə yaşlı nəslin
dilində işlənir. Müəllif bu sözü
bütün situasiyalarda əsərin təmayülünə
müvafiq məcazlaşdırıb romanın estetik cazibədarlığını
təmin edib.
"Dünyanın arşını" romanı zəngin
fəlsəfi təfəkkürlə yüklənmiş əsərdir.
Fəlsəfi düşüncə əsər boyu həm təfərrüatın
alt qatında, həm güclü metaforalarda, həm də
romanın ümumi ruhunda ifadə olunub.
Əsərdə təqdim olunan ailənin iki ziyalı
oğlu arasında gedən fəlsəfi söhbət dialoqdan
daha çox müəllif və obraz təhkiyəsinin vəhdəti
şəklində belə verilir: "Mənə elə gəlir,
indiki insan modeli Yer üçün nəzərdə
tutulmuşdur. Yerin imkanlarından yaranmışdır...
Kainatın həcminə uyğun kosmik insan modeli sonra yaranacaq.
Bu, yerin və insanın tarixində ikinci təkamül
dövrü olacaq. Həmin adamın ürəyi, ciyəri,
başı və digər duyğu orqanları kosmik -
ölçüsüz imkanlara malik olacaq".
Deməli, müəllifin də çatdırmaq istədiyi
kimi, insan kamil deyil və Yaradan insanı qəsdən kamil
yaratmayıb ki, o, daim öz kamilliyini axtarsın.
Uzun əsrlər klassik yazılı ədəbiyyatımızı
məşğul edən bu düşüncə tərzinin zəka
sahibləri sonda mütləq mükəmməlliyə
çatmağın mümkün olmadığını dərk
etdilər. Artıq yeni dövrün
başlanğıcından (XVII əsrdən) kamilliyə
çağırış düşüncəsi sanki
"yoruldu", bədii söz istiqamətini və
mövqeyini dəyişdi.
"Kamillik mütləq mənada mümkün deyil,
lakin ona can atmaq lazımdır" düşüncəsi
Sabir Əhmədlinin romanında uzun-uzadı təfsilata
varmadan metaforik şəkildə öz bədii ifadəsini
tapır. Əsərdə təsvir olunan ailə bütün
cəhətləri ilə insanlığa nümunə ola biləcək
ailədir. Bu ailədə xalqın mental dəyərləri
qorunub saxlanılır. Ana, bacı, qardaşlar, gəlin və
nəvələr zəngin mənəviyyatları ilə
seçilir. Yalnız ailənin başçısı Midhət
kişi bu kamilliyə çat salır. Cavanlığında
Cahan adlı bir dul gəlinlə yaxınlıq eləyən
Midhət qocalığında ailədən özünə
hörmət umur və bağışlanmayacağını
gördükcə arvadını, gəlinini tez-tez
acılayır. Elə ailədəki soyuqluq da buradan
qaynaqlanır. Bu epizodla həm də yazıçı ailə
dünyasının əyilən arşınına işarə
edir.
İlkinliyə çağırış motivi əsərdən
qırmızı bir xətt kimi keçir. İnsan
övladı xəyallarında dünyanın ilkin
çağlarının saf mənəviyyatını
bugünkü firavan yaşayışından üstün
tutur. Elə bil nəsillər bunu insanın qan
yaddaşına iksir kimi ötürüblər.
Sabir Əhmədli romanın bir neçə epizodunda
insanın ilkinliklə bağlı mənəvi böhranına
dünyanın arşınının əyilməsi kimi qiymət
verir və kiçik bir parçada dərin fəlsəfi
baxış sərgiləyir:
"Böyük şəhərlər balaca kəndlərdən
doğulub - düşünürdü, öz-özünə
deyirdi: "Əslindən qopmuş hər şeydə,
canlı-cansız bir sifətsizlik, yabancılıq olmalıdır,
olur da..."
Əsərin başqa bir yerində filosof Arif xəyalından
keçirir: "Baş götürüb şəhərdən
çıxasan. Gəlib, bax burda, əl-ayaqdan, səs-küydən
uzaq, ucqar yerdə, kiçik qalanın təzə obasında
bir parça torpaq üstə balaca bir ev tikəsən.
Odun-ocağını, ərzaq-azuqəni yığasan. Yaz-yay
səhəri, gün çıxmazdan təpəyə
qalxıb doyunca seyr edəsən, təbiətlə
baş-başa yaşayasan. Bu ağaclarla, o budaqla..."
Romanın mikromətnlərindən birinə diqqət
edək: "İnəklərin heç ürəklərinə
yatmayan qurğu-əməllərdən biri də sağım
aqreqatlarıydı. Hələ indidən qıdıqları
tuturdu. Naməhrəm barmağına oxşayan metal lülələri
onların əmcəklərinə keçirəcəkdilər...
Onların yupyumşaq, ağ-maya yelinləri daha gəlin-qız
əllərinin xoş təması ilə
oxşanmayacaqdı... İxtiyarları dilbilməz, həniralmaz
dəmirlərin idarəsinə verilirdi. Heç hara qaça
bilməzdilər, çünki inəkdilər, çünki
zəncirlənmişdilər. Həm də bu zəncirlər,
dayaqlar elə möhkəmdi, dartsan boyun-başın
qırılardı. Qalacaqdılar, dözüb-dözüb
öyrənəndən sonra açsalar da, getməyəcəkdilər.
Daha zəncirsiz qalmaqla zəncirli olmağın fərqini itirəcəkdilər.
Əlvida azad təbiət, əlvida!"
Sabir Əhmədlinin bir yazıçı kimi peşəkarlığı
bu kiçik epizodda da özünü göstərir. Nümunədə
müəllif insanın ruhunu əzən, ilkin
yaradılışa uyğun iş görmə ənənəsini
onun əlindən alan çağdaş texnologiyanın insan mənəviyyatı
üzərində hakimiyyət qurmasını da
dünyanın arşınının əyilməsi kimi qiymətləndirir.
Yazıçının dünyanın
arşını haqqında düşüncələrinin
finalı bu parçada açılır. Sonuncu cümlələrdə
fəlsəfi dərinlik, müəllifin metaforla oxucuya
ötürdüyü mesaj cəmiyyətdə insan mənəviyyatının
və azadlığının buxovlanmasına işarədir.
Müəllifin təqdim etdiyi "zəncirlənmişdilər",
"qaça bilməzdilər", "zəncirlər
möhkəmdi", "dözüb-dözüb öyrənəcəkdilər"
və bu kimi ifadələri bütün hüquqları əlindən
alınmış insanın faciələr
yaşadığı və onunla heyvan kimi rəftar edildiyi
vurğulanır.
"Dünyanın arşını"nda müəllif
zamanın insana yaratdığı ağrı və məşəqqətlərin
fəlsəfəsini ümumiləşdirir.
Əsərdə yazıçının fəlsəfi
düşüncələrə poetik yanaşmasından
yaranan ibarələri oxucunu yazıçı təmayülünə
yönəldir. Əsərdə heç bir fəlsəfi
kateqoriyanın adı çəkilmir. Lakin istər
yazıçı təhkiyəsində və istərsə də
personajların nitqində oxucu intuisiyası əsər boyu
irili-xırdalı bütün vəziyyətlərdə və
təfərrüatlarda müəllif təmayülünü
hiss edir.
Sabir Əhmədli əsərdə dünyanın
arşınının əyildiyini müxtəlif rakurslardan
çatdırmağa çalışıb. Haqqında söhbət
gedən ailənin ilk oğlu İkinci Cahan müharibəsi
zamanı Polşada həlak olur və orada dəfn olunur. Aradan
iyirmi il keçəndən sonra ən kiçik qardaş -
filosof Arif Polşaya gedir və qardaşının qəbrini
tapır. Oradan bir ovuc torpaq da gətirir. Lakin onun yolunu həsrətlə
gözləyən ana və atasından qəbri
tapıldığını gizlədir.
"... Arif iztirab içində qardaşından
soruşdu:
- Sən necə bilirsən? Bəlkə doğrusunu
açıb anamıza söyləyək? Onun qəbrinin
tapıldığını deyək?
- Tələb eləyəcək ki, məni ora
aparın.
- Apararıq. Gedib görər, bəlkə o, bundan
yaxşı olar.
Rəhmanın gözləri dumanlandı:
- Mümkün deyil. O qədər yolu gedə bilməz.
Orada tab gətirəcəkmi? Xəstədir".
Övladlarının qəbrinin
tapıldığı valideynlərindən - həsrətlilərdən
gizlədilir. Sirr kimi saxlanılır. Ana əbədi intizarda
qalır. Beləliklə, arşın əyilir.
Yazıçının gəldiyi nəticə daha
maraqlıdır: dünyada elə olaylar var ki, onun
qarşısını almaq olmaz, yəni arşının əyilməsində
bizim iradəmizdən kənar hadisələr mövcuddur.
Sabir Əhmədli əsərin adı ilə
üst-üstə düşən bir epizodda maraqlı dilemma
yaradıb. Məlum olur ki, ailənin cavanlığında
Cahan adlı dul gəlin Midhəti yoldan çıxarır.
Qırx il əvvəl bu ailənin həyatına
acılıq qatan Cahan indi ailənin raykom katibi olan oğlu Rəhmanın
yanına mühüm xahişə gəlir. Xahişinin yerə
düşəcəyindən qorxub yaylığını Rəhmanın
ayaqlarına atır. Yazıçının bu məqamı
romana daxil etməsi "Qisas qiyamətə qalmaz" və
"Namusa toxunanın namusu ayaqlar altına
düşür" gerçəkliyinin bədii təsdiqi
kimi səslənir. Cahan (dünya) adı da təsadüfi
seçilməyib. Yəni cahan çox arşınlar əyib
və günün birində cahanın da arşını əyilir.
Cahan arvad gedəndə Rəhmana deyir:
"- Dünyanın arşını əyilib, bala...
Qara-kərə dünyadı, irtməyini dolamışıq əlimizə,
ölmək gününəcən əl çəkmirik".
Maraqlı dilemma budur ki, arşın əyənin
özü dünyanın arşınının əyilməyindən
gileylənir. Yazıçının maraqlı nəticəsinə
görə, görünən və görünməyən
bütün ixtilafların və ziddiyyətlərin mənbəyi
elə həyatın özündədir. "İçində
yaşadığımız bu boz dünyanın
arşını, sən demə, neçə yöndə əyilə
bilərmiş" tezisi əsərin leytmotivi
funksiyasını yerinə yetirir.
Bütün əsər boyu mətnin fəlsəfi
yükünü və missiyasını qoruyan
yazıçı Cənubi Azərbaycanla bağlı təhkiyə
və təsvirlərində qələmini lirik notlara kökləyir.
Bu, hər şeydən əvvəl mövzunun kövrəkliyi
ilə bağlıdır. Yazıçının fəlsəfi
məzmunlu cümlələrində qranit möhkəmliyi var
və belə cümlələrin hər hansı
sözünü tərpətmək
mümkünsüzdür. O taydakı vətənimizin təsvirləri
isə həzin və axıcı ruhdadır. Müəllifin
bədii dili həsrət və nisgil ifadə edən ifadələrlə
müşayiət olunur.
Müəllif qəhrəmanının cənub vətənimiz
haqqında həm uşaqlıq çağlarındakı, həm
də böyüyəndən sonrakı düşüncələrini
poetik cilalı dillə təqdim edir:
"Səhərlər tezdən Araz, Arazın o
tayı - bizim xəyalən səyahət etdiyimiz xarici ölkə
aydın görünürdü. Xarici ölkəmizi görmək
həvəsi ilə yaz-yay səhərləri obaşdan
oyanıb yala dırmanırdıq. Uşaqlar deyirdi:
- Gəlin, diyircəklərimizi sürə-sürə
gedək çıxaq oralara.
- Nə olardı, quzularımızı aparıb o
yamaclarda otara idik.
- Buradan yaxın göründüyünə
baxmayın, uzaqdı. Araz qırağındakı kəndlərin
uşaqlarına həsəd aparırdıq".
Bu kiçik epizodda qəhrəmanın - Arifin
uşaqlıq düşüncələri verilmişdir.
Müəllif "yaxın göründüyünə
baxmayın, uzaqdı" deməklə vətənin əlçatmazlığına,
mənən uzaqlığına diqqət yönəldib.
Yazıçı filosof qəhrəmanının illər
sonra Araz çayının qırağındakı həsrətini
(əslində dərdini) poetik boyalarla canlandırır:
"Mən köçəri-tərəkəmə
gözəllərini lap yaxından görüb, onların bizə
necə bənzədiklərinə baxmaq, onlara bizim bu taykı
qızların hal-əhvalından soraq vermək istərdim. Mən
heç bir zaman, ömrümdə heç bir vaxt doğma
bacımın, yeganə əziz Bönövşənin həsrətini
bunlar qədər çəkməmişdim... Mən müəllimdim,
müəllim olmaq arzusunda idim. Ömrümün son dəqiqəsinədək
bax orada, o alçaqlıqlarda, o obalarda maarifə həsr edərdim".
Bəzən deyirlər, filan yazıçı həyatın
özündən, gerçək faktlardan və bəzəksiz-düzəksiz
yazır. Belə halda yazılan mətn ya publisistikanın
materialı olacaq, ya naturanın quru təsvirinə söykənəcək,
ya da bəsit şagird inşasına bənzəyəcək.
Gerçək natura sənətkarın ruhuna, qəlbinin ən
dərin qatlarına vird olub oradan bəzəkli-düzəkli
çıxanda bədii mətnə çevrilir. Sabir Əhmədli
əsərdə obrazların tez-tez xəyalən
keçmişə qayıdışını da
canlandırır. Bu, yazıçının keçmişi
idealizə etməsi deyil. Bu, hər şeydən əvvəl,
cəmiyyətin ilkin dövrlərinin insanda heyranlıq və
fərəh doğuran ülvilik, paklıq kimi
duyğuların sonrakı nəsillərə
ötürülməsinin vacibliyi ilə bağlıdır.
Sabir Əhmədlinin fikir, düşüncə
yazıçısı olduğu əsərdə zahirən əhəmiyyətsiz
kimi görünən, lakin müəllifin xüsusi önəm
verdiyi kiçik detallarda da hiss olunur. Məsələn, əsərdə
personajların adlarının onların məvəniyyatı
ilə uyarlığı maraq doğurur. Rəhman, Badam, Arif,
Bənövşə, Haraylı və qeyriləri romanda
öz adlarının mənasına uyğun fəaliyyət sərgiləyir.
Ailənin rəhbəri Midhətin adı ilə mənəviyyatı
arasında ziddiyyətin olması isə onun ailəsinə xəyanət
etməsinin, yəni arşını əyməsinin bədii-fəlsəfi
atributudur. Məlumdur ki, Midhət ərəbcə "tərif
edilən, öyülən" deməkdir.
Keçən əsrin sonlarında ədəbiyyatımıza
ayaq açan postmodernist düşüncənin ilk
işartılarını da "Dünyanın
arşını" romanında görmək olar.
"Dünyanın arşını" romanı Azərbaycan
milli nəsrinin sərhədlərini həm forma, həm də
məzmunca genişləndirən və heç vaxt təravətini
itirməyən monumental əsərdir. Roman bütün
parametrləri ilə sənət nümunəsi sayıla biləcək
nəsr nümunəsidir.
Əsərin müəllifi Sabir Əhmədli
xalqının, millətinin problemlərindən yaranan
ağrıları vətəndaş qeyrəti ilə
yaşayan qürurverici söz ustasıdır. O, ədəbiyyatımızın
real mənzərəsinin mərkəzində yer tutan qüdrətli
qələm sahibidir.
Yahya ABBASOV
525-ci qəzet .- 2026.- 20 fevral(№7).-S.27.