Rəqəmsal "analıq"
Esse
Bir zamanlar analıq daha çox evin içində - hər
kəsin öz məhrəm ərazisində yaşanardı.
Sevinci də, qorxusu da, yorğunluğu da divarların
arasında qalardı. Bu gün isə analıq ekran
ölçüsünə
sığışdırılıb. Hər an çəkilir,
paylaşılır, bəyənilir və
ölçülür.
Əvvəllər anaların yaddaşı
fotoalbomlarda seçilmiş, az sayda və xüsusi anlarla
saxlanardı. İndi isə yaddaş fasiləsiz
axındır. Hər gün, hər saat, hər dəqiqə
çəkilir, paylaşılır. Uşağın ilk
addımı, ilk sözü, ilk şeiri, ilk uğuru -
hamısı ictimai hadisəyə çevrilir. Sanki bu cür
valideynlər üçün həyat yaşanmaq
üçün yox, sənədləşdirilmək
üçündür. Analıq təcrübəsi daxili
proses olmaqdan çıxıb, izləyicili təcrübəyə
çevrilib.
Fikrimcə, bu dəyişimin bir tərəfi
texnologiyadırsa, digər tərəfi mədəniyyətdir.
Biz artıq hadisələri yaşamazdan əvvəl necə
görünəcəyini, başqaları tərəfindən
necə qəbul olunacağını
düşünürük. Sosial şəbəkələrdə
ana olmaq artıq təkcə övlad böyütmək deyil,
eyni zamanda obraz yaratmaqdır. "İdeal ana", "ideal
qadın", "ideal ailə" obrazı başlıca məqsədə
çevrilib. Səliqəli ev, həmişə gülümsəyən,
deyilənləri edən uşaq, intizamlı gündəlik,
estetik səhər yeməyi, inkişaf etdirici oyunlar, erkən
yaşda istedad əlamətləri göstəri, alqış
toplamaq vasitəsinə çevrilib. İndiki uşaqlar
uşaqlıqlarını yaşamaqdan daha çox, valideynin
uğur layihəsinə çevrilirlər.
Bu obrazların arxasında isə çox vaxt
görünməyən zəhmət, yorğunluq və bəzən
də narahatlıq dayanır. Çünki ideal
görüntü təsadüfi yaranmır. Seçilmiş
kadrlarla, süzgəcdən keçirilmiş sözlərlə,
diqqətlə planlaşdırılmış səhnələrlə
qurulur. Beləliklə, ictimai məkan tədricən
reallığı yox, seçilmiş reallığı
normaya çevirir. Bu normaya uyğun gəlməyən ana isə
özünü yetərsiz hiss etməyə başlayır.
Üstəlik, sosial platformalar təkcə
paylaşım məkanı deyil, həm də kommersiya
mühitidir. Analıq kontenti artıq reklam bazarının da
bir hissəsinə çevrilib. Oyuncaqlar, geyimlər, kurslar,
erkən inkişaf proqramları "ideal uşaq"
obrazı ilə birlikdə təqdim olunur. Beləcə,
analıq həm də istehlak modeli kimi formalaşır. Sanki
yaxşı ana olmaq üçün daim nəsə almaq, nəsə
əlavə etmək, nəsə artırmaq lazımdır.
Halbuki uşağın əsas ehtiyacı məhsul deyil,
münasibətdir.
Burada təhlükəli bir incə xətt var. Sevgi ilə
nümayiş arasında sərhəd haradadır? Qürur ilə
eqo arasındakı fərq nə vaxt silinir?
Valideynin övladı ilə fəxr etməsi təbiidir.
Amma bu fəxr ictimai təsdiqə çevriləndə məsələ
dəyişir. Bəyənmə sayı valideynin
özünüqiymətləndirmə meyarına çevriləndə,
uşaq artıq fərd yox, vasitə olur. Onun uğuru
valideynin uğuru kimi təqdim edilir. Onun bacarığı valideynin
zəhmətinin sübutuna çevrilir. Onun fərqliliyi isə
diqqət toplamaq üçün vitrinə qoyulur.
Bəzən bu nümayiş açıq şəkildə
deyil, incə formada baş verir. "Sadəcə
paylaşdım" deyə başlayan cümlələr əslində
sosial təsdiq gözləntisi daşıyır. "Mən
demirəm, müəllim dedi ki, çox
istedadlıdır" kimi ifadələr valideyn eqosunun
dolayı təsdiqinə çevrilir. Bu, insanidir. Amma insaniliklə
manipulyasiya arasındakı sərhəd həmişə
aydın olmur.
Bu vitrin anlayışı çox incə və təhlükəlidir.
Çünki vitrin həmişə baxış
üçündür. Orada olan obyekt isə baxılan, qiymətləndirilən,
müqayisə ediləndir. Axı uşaq obyekt deyil,
olmamalıdır. O, inkişaf edən, səhv edən, dəyişən,
özünü axtaran bir varlıqdır. Amma vitrin mədəniyyəti
uşağı sabit obraz kimi təqdim edir:
"istedadlı", "ağıllı", "digərlərindən
fərqli". Bu etiketlər ilkin baxışda müsbət
görünsə də, gələcəkdə yükə
çevrilə bilər. Çünki "dahi" kimi təqdim
edilən uşaq gələcəkdə səhv etməkdən
qorxmağa başlayır. "Ən ağıllı"
kimi göstərilən uşaq zəif tərəflərini
gizlətməyə çalışır. Çünki o,
artıq sadəcə uşaq deyil, gözləntilərin
daşıyıcısıdır.
Digər tərəfdən uşağın öz
kimliyini formalaşdırma prosesi də nəzərə
alınmalıdır. Əgər uşaq uzun müddət
valideynin qurduğu ictimai obrazın içində böyüyərsə,
o, bir müddət sonra öz həqiqi hissləri ilə təqdim
edilən obraz arasında fərq hiss edə bilər. Bu daxili
parçalanma yeniyetməlik dövründə daha kəskin
şəkildə üzə çıxa bilər. Bu zaman
"Mən kiməm?" sualı daha çətin cavablanar,
hətta bəzən cavabsız qalar.
Bu proses çox vaxt şüursuz baş verir.
Heç kim "övladımdan istifadə edirəm"
demir, deməz də. Əksinə, hər kəs bunu sevgi,
motivasiya və paylaşmaq istəyi ilə əsaslandırır.
Amma sual vermək lazımdır ki, uşağın buna
razılığı varmı? Onun gələcəkdə bu
görüntülərlə bağlı seçimi
olacaqmı? Onun uşaq qalmaq haqqı qorunurmu?
Uşaq hüquqları anlayışı təkcə
fiziki təhlükəsizliklə məhdudlaşmır. Onun
şəxsi sərhədləri, məxfiliyi və informasiya
üzərində nəzarəti də bu hüququn tərkib
hissəsidir. Rəqəmsal dövrdə valideynlərin
paylaşım qərarları uşağın gələcək
informasiya portretini formalaşdırır. Bu isə etik məsuliyyət
tələb edir.
Rəqəmsal iz anlayışı burada xüsusi əhəmiyyət
daşıyır. Uşaq böyüyəcək. Onun
haqqında paylaşılmış minlərlə şəkil,
video, şəxsi detal isə internet yaddaşında qalacaq. Bu
paylaşımlar bir gün onun sosial və peşəkar həyatında
qarşısına çıxa bilər. O zaman valideynin sevgi
ilə, bəzən "bu günlərdən xatirə
qalsın" məqsədi ilə etdiyi paylaşım
uşağın özünüifadə azadlığına
müdaxilə kimi görünə bilər.
Uşağın mahiyyəti spontanlıqdır. O, səhv
edərək öyrənir, yıxılaraq qalxır,
utana-utana danışır. Amma kamera qarşısında
böyüyən uşaq tədricən öz
davranışını izləyici baxışına görə
tənzimləməyə başlayır. Bu isə daxili
azadlığa təsir edir.
Bundan başqa, daimi çəkiliş və
paylaşım uşağın təhlükəsizlik hissinə
də təsir edə bilər. Hər an qeydə alınmaq
ehtimalı onun sərbəst davranışını məhdudlaşdıra
bilər. O, özünü rahat yox, müşahidə
altında hiss edə bilər. Bu isə uzunmüddətli
psixoloji gərginlik yarada bilər.
Rəqəmsal mühitdə analıq getdikcə
müqayisə yarışına çevrilir. Kimin
uşağı daha erkən danışdı? Kimin
övladı daha tez oxumağı öyrəndi? Kim daha
çox diplom qazandı? Bu yarış təkcə
uşaqlara yox, analara da təzyiq yaradır. Çünki
"ideal ana" obrazı daim əlçatmaz standartlar təqdim
edir. Hər kəs güclü görünür, yorğunluq
göstərilmir, şübhələr etiraf edilmir.
Müqayisə isə sakit, amma dağıdıcı
mexanizmdir. O, insanın diqqətini öz inkişafından
başqasının vitrininə yönəldir. Ana öz
övladının fərdi ritmini izləmək əvəzinə,
başqa uşaqların nailiyyətləri ilə
ölçməyə başlayır. Bu ölçmə
çox vaxt real deyil, çünki sosial şəbəkə
bütöv hekayəni əks etdirmir. O, yalnız nəticəni
göstərir, prosesi yox.
Digər tərəfdən, analar arasında
görünməz bir rəqabət də formalaşır. Kim
daha çox məşğuldur? Kim daha çox
inkişafetdirici fəaliyyət göstərir? Kim daha məlumatlıdır?
Kim uşağına daha faydalı yeməklər bişirir? Təəssüf
ki, bu kimi rəqabətlər analığın daxili
sakitliyini pozur. Halbuki analıq yarış deyil, sevinci ilə,
yorğunluğu ilə, hər gün daha çox öyrənmək
ehtiyacı ilə doyunca yaşanılası ən gözəl
hissdir.
Analıq mükəmməl olmaq deyil. Heç bir anaya
"sən mükəmməl olmalısan" kimi qanun qoyula
bilməz. Analıq insan olmaqdır, insan yetişdirməkdir,
bizim eqolarımızı tətmin edən vitrin məhsulu yox.
İnsan olmaq isə zəifliyi qəbul etmək,
yorulduğunu demək, bəzən bacarmadığını
etiraf etməkdir. Sosial şəbəkədə bu etiraflar
azdır, çünki zəiflik çox vaxt uğursuzluq kimi
qəbul edilir. Halbuki uşağa öyrədiləcək ən
böyük dərs məhz budur: insan səhv edə bilər
və o, səhv etsəm belə, yenə də dəyərlidir.
Uşaq isə valideynin sosial statusunu sübutu edən
layihə deyil. O, öz daxili dünyası, ritmi, zəif və
güclü tərəfləri olan müstəqil bir şəxsiyyətdir.
Onu daim nümayiş obyektinə çevirmək, həyatını
ictimai tamaşaya döndərmək uzunmüddətli psixoloji
izlər buraxa bilər.
Psixoloji baxımdan uşağın təhlükəsizlik
hissi əsasdır. O bilməlidir ki, valideyninin sevgisi şərtsizdir
və performansdan asılı deyil. Əgər uşaq hiss edərsə
ki, valideynin məmnunluğu onun nailiyyətinə
bağlıdır, bu zaman sevgi şərtli kimi qəbul edilə
bilər. Bu isə gələcəkdə özünüqiymətləndirmə
problemlərinə yol aça bilər.
Bəlkə də problem sosial şəbəkədə
deyil. Problem təsdiqə olan aclıqdadır. Müasir insan
görünmək istəyir. Görünmək təsdiqlənmək,
təsdiqlənmək isə dəyərli hiss etmək deməkdir.
Bu təsdiq ehtiyacı təkcə analara xas deyil, ümumilikdə
müasir insanın psixoloji fonudur. Amma analıq kontekstində
daha həssasdır. Çünki burada söhbət valideyn və
uşağın emosional dünyasından gedir. Əgər
valideyn öz dəyər hissini xarici reaksiyalardan alırsa, bu
model istər-istəməz uşağa da
ötürülür.
Uşaq düşünür ki, görünmək, bəyənilmək,
təsdiqlənmək vacibdir. Beləliklə, daxili dəyər
hissi yerini xarici qiymətləndirməyə verir. Amma valideynin
dəyəri uşağın nailiyyəti ilə
ölçülməməlidir. Analıq performans, uşaq isə
kontent deyil.
Əlbəttə, heç kim heç kimə nəyisə
qadağa qoya bilməz. Kim nəyi necə istəsə
paylaşar, göstərər. Əsas məsələ
balansı qoruyub-saxlaya bilməkdir. Bəzən paylaşmaq təbii
və gözəldir. Xatirələri bölüşmək,
sevincini ifadə etmək insanidir. Amma hər anı ictimailəşdirmək
ehtiyacı düşündürücüdür. Hər
duyğunu yayımlamaq, hər uğuru elan etmək, hər
inkişaf mərhələsini hesabat kimi təqdim etmək,
özü də bunları süni müdaxilələr vasitəsi
ilə etmək zaman keçdikcə şəxsi ilə ictimai
arasında sərhədi silir.
Bəlkə də yeni analıq etikası
formalaşdırmaq zamanıdır. Uşağın
razılığına həssas yanaşmaq, onun məxfiliyini
qorumaq, paylaşım qərarını emosional ehtiyac yox, məsuliyyət
prizmasından vermək ən önəmli məsələlərdir.
Rəqəmsal dünyada ana olmaq mümkündür, hətta bəzən
gözəldir, amma öz həqiqiliyini qoruyaraq. Bəzən
paylaşmamaq da qorumaqdır. Bəzən göstərməmək
də sevgidir. Çünki uşağın ən
böyük ehtiyacı izləyici deyil, təhlükəsiz
mühitdir.
Təhlükəsiz mühit isə görünməzlikdə
də mövcud ola bilər. Uşağın xatirələri
hər kəsə aid olmaq məcburiyyətində deyil. Onun
sevincinin şahidi olmaq üçün minlərlə izləyiciyə
ehtiyac yoxdur. Bəzən bir valideyn baxışı, bir sakit
qucaq, bir söz kifayətdir. Bəlkə həqiqi analıq
heç kimin görmədiyi anlarda başlayır?!
Rəqəmsal dövr bizə görünmək
imkanı verdi. Amma analıq bizə görünmədən də
dəyərli olmağı öyrədə bilər. Əgər
biz uşaqlarımıza həqiqi sevginin nümayişə
ehtiyacı olmadığını göstərə bilsək,
bəlkə də gələcək nəsil təsdiqə
daha az ac, daxili baxımdan daha sabit və azad olacaq.
Çünki uşağın ən böyük haqqı ona
biçilən hekayədən daha çox, öz hekayəsinin
sahibi olmaqdır.
Şahanə MÜŞFİQ
525-ci qəzet .- 2026.- 20 fevral(№7).-S.26.