"Daimi dəyişimin davamlı vəziyyəti"  

 

"Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı sənətşünas Ülkər Əliyevadır. Müsahibimizlə rəssam Billurə Ələkbərlinin "Daimi dəyişimin davamlı vəziyyəti" əsərindən danışmışıq.

Billurə Ələkbərli müasir Azərbaycan incəsənətində formalaşmaqda olan gənc nəslin diqqətçəkən nümayəndələrindəndir. Yaşının az olmasına baxmayaraq, son illərdə yaratdığı işlər həm texniki cəsarəti, həm də ideya axtarışları ilə seçilir. Onun yaradıcılığı hələ inkişaf mərhələsindədir və məhz bu axtarış halı bədii işlərini çoxşaxəli edir.

Gürcüstanda aldığı sənət təhsili ona akademik baza qazandırmaqla yanaşı, müxtəlif material və texnikalarla sərbəst eksperiment aparmaq imkanı yaradıb. Bu təcrübə onun yaradıcılığında hiss olunur, klassik təsviri prinsiplərlə müasir yanaşma arasında balans axtarışı müşahidə edilir. Lakin bu balans artıq tamamlanmış bir sistem kimi deyil, formalaşmaqda olan fərdi plastik dilin ilkin konturlarıdır.

Onun əsərlərində tez-tez mövcudluq, kimlik, dəyişmə və daxili "mən" anlayışları ilə bağlı düşüncələrə rast gəlinir. Bu mövzular gənc yaş üçün iddialı görünə bilər, lakin məhz bu iddia onun yaradıcılığında intellektual potensialın mövcudluğundan xəbər verir. Eyni zamanda, bu düşüncələr hələ yekun fəlsəfi sistemə çevrilməyib, daha çox sual vermək, araşdırmaq və sınamaq mərhələsindədir.

Rəssam Azərbaycanda yerli sərgilərdə iştirak edərək öz işlərini ictimai mühitə təqdim edir. Bu proses onun yaradıcılığının inkişafı üçün mühüm mərhələdir. Ümumilikdə, Billurə Ələkbərlinin yaradıcılığı artıq müəyyən bir bədii istiqamətə malikdir. Bütün bu məqamlar qarşıdakı mərhələlərdə rəssamın axtarışlarının daha da yetkin ifadə formasına çevriləcəyinə böyük əminlik yaradır.

- Əsərin adı onun çoxqatlı bir iş olması barədə vacib mesaj verir.

- Bəli. Burada müəllif mövcudluq hissi ilə bağlı məsələləri insanın daxili "mən"ində araşdırmağa çalışır. Çox gənc olmasına baxmayaraq, Billurə Ələkbərli yaradıcılıq prosesində texnikalarla yanaşı, düşüncələr üzərində də araşdırmalar aparır. Bu əsərini də bir növ ontoloji xarakterli düşüncə vizualizasiyası adlandıra bilərik. Əsərdə sabitlik yox, hərəkət görürük - daxilə doğru hərəkət edən bir oval forması. Yəni insan "mən"inin sabit substansiya deyil, proses olduğu fikri ilə uyğunlaşır.  Burada kimlik tamamlanmış formadan daha çox, fasiləsiz çevrilmə aktı kimi təqdim edilir.

Dölü xatırladan forma başlanğıc, potensial və yaranış ideyasını daşıyır. Bu, insanın özünə qayıdışını - ilkin, hələ formalaşmamış halını simvolizə edir. Yəni prosessuallıq və dəyişmə aktının yaşam boyu davam etməsi fikri önə sürülüb. Buna görə də, mən burada insan "mən"ini tamamlanmış kimlik olaraq yox, daim formalaşan, çevrilən, özünü yenidən quran bir varlıq kimi şərh edə bilərəm. Məhz bu baxımdan əsər ontoloji xarakter daşıyır.

- Əsərin kompozisiyası necədir?

- Kompozisiyanın əsasını mərkəzə yaxın yerləşdirilmiş oval-elliptik forma təşkil edir. Kompozisiya quruluşunda spiralvari hərəkət aparıcı rol oynayır. Faktura səthindəki dairəvi axınlar baxışı müəyyən istiqamətə yönəldir və tamaşaçını vizual olaraq əsərin daxilinə çəkir. Qızıl nisbətə uyğun quruluş yaratmaq istəyi bu hərəkəti harmonik balansda saxlayıb. Əsərin səthi teksturalı forması ilə seçilir. Bu əsərə səth boyu dinamika qazandırır.

- Əsərin rəng həlli haqqında nə deyə bilərsiniz?

- Rəng həllində isti və soyuq tonların qarşılıqlı münasibəti diqqət çəkir. Arxa planda üstünlük təşkil edən qırmızı, narıncı və torpaq çalarları var. Bu, sanki həyat impulsunu ifadə edir. Mərkəzi formadakı yaşılımtıl, boz və mavi tonlar isə əsərə bir qədər də kosmik dərinlik hissi qatır. Bu kontrasta həmçinin insanın daxili ziddiyyətləri kimi də yanaşıla bilər. Xaos və sakitlik, materiya və ruh, bədən və şüur və s. Nəticədə, insanın bir fərd kimi formalaşmasında bu ziddiyyətlərin böyük rolu var.

Teksturalı səth, boyanı qat-qat işləmə və relyefvari faktura əsərdə rəngi yalnız vizual element kimi deyil, fiziki mövcudluğunu da göstərir. Rəssam qeyd edir ki, əsərdə yalnız rəssamlıq boyalarından yox, həmçinin "apilka", yapışdırıcı maddələr, toz və kağız halında qızılı və gümüşü rənglərdən də istifadə edib.

Onu da qeyd edim ki, Billurə Ələkbərli yaradıcılığında bir istiqamətlə kifayətlənmir. Rəssam rəngkarlıq, qrafika və konseptual instalyasiyalar üzərində paralel işləyir. Rəngkarlıq işlərində faktura və material qatları ilə eksperimentlər aparır, qrafik əsərlərində xətt və boşluq münasibətlərini araşdırır, instalyasiyalarda isə ideya və məkan arasında əlaqələr qurmağa çalışır. Bu çoxşaxəlilik bir tərəfdən onun maraq dairəsinin genişliyini göstərirsə, digər tərəfdən hələ axtarış mərhələsində olan yaradıcı istiqamətin müxtəlif istiqamətlərdə sınaqdan keçirildiyini göstərir.

- Sizcə, bu rəsm bizə nə deyir?

- Əsər tamaşaçıya insanın sabit kimlik deyil, dəyişən enerji olduğunu deyir. Zaman və məkanla məhdudlaşmış varlıq kimi görünsək də, daxili potensialımız kosmik ölçüdədir. Biz eyni anda həm keçici, həm də əbədiyik, həm "heç nə", həm də "hər şey"ik. Hipnotik faktura tamaşaçını öz daxili qatlarına baxmağa vadar edir. Burada özünü itirmə hissi əslində özünü tapmağa aparan mərhələdir. Əsər sanki deyir ki, dəyişmək qorxulu deyil, dəyişmək varlığın öz mahiyyətində var.

Beləliklə, "Daimi dəyişimin davamlı vəziyyəti" yalnız estetik obyekt deyil, fəlsəfi düşüncə kimi də qəbul edilə bilər. O, insanın ontoloji qeyri-sabitliyini qəbul etməyə və bunu zəiflik deyil, varoluşun təbii qanunu kimi görməyə dəvət edir.

Rəssam Billurə Ələkbərli özü qeyd edir ki, bu şərh müəllifin özünün əsəri üçün yaratdığı interpretasiyadır. İzləyicinin gözündə o, fərqli məna qatlarına sahib ola, müxtəlif hekayələrə çevrilə bilər. Bu qeydlə rəssam izləyicini əsəri ilə səmimi dialoqa səsləyir.

 

Aytac SAHƏD

525-ci qəzet .- 2026.- 20 fevral(№7).-S.25.