Qərbi Azərbaycandan son deportasiyanın ağrıları

VƏ ƏZƏLİ YURDLARA QAYIDIŞLA BAĞLI GÜNBƏGÜN ARTAN ÜMİDLƏRİMİZ

 

 

Qərbi Azərbaycan (indiki Ermənistan ərazisi) tarix boyu azərbaycanlıların ata-baba torpaqları olub. Lakin XX əsrdə erməni millətçiliyinin güclənməsi və sovet hakimiyyətinin siyasəti nəticəsində Ermənistan adlanan tarixi Azərbaycan torpaqlarından azərbaycanlılar dəfələrlə (1905-1920, 1948-1953, 1988-1991-ci illərdə) deportasiyaya məruz qalıblar. 1988-ci il bu deportasiyaların sonuncusu və ən faciəvi olanlarından biridir. Ötən əsrin 80-ci illərinin sonunda sovet imperiyasının başına gətirilən Qorbaçov kimi ermənipərəst və yarıtmaz rəhbərin himayəsi ilə Qərbi Azərbaycanda yaşayan soydaşlarımız öz ata-baba torpaqlarından zorla deportasiya edildi, 300 min azərbaycanlı öz torpaqlarından qovuldu. Ermənistandan çıxarılarkən 217 nəfərdən artıq azərbaycanlı həlak oldu. Bunlardan 20 nəfər yandırılmış, 35 nəfər müxtəlif işgəncələrlə öldürülmüşdü. Basarkeçər və Çəmbərək (Krasnoselo) rayonundan olan 70 nəfər uşaq, qadın və qoca yol getdikləri dağlarda borana düşərək məhv oldu. 18 nəfər güllə yarasından, 48 nəfər ağır döyülməkdən ölüb, 10 nəfərin meyiti tapılmayıb. Bu proses təkcə insanların fiziki məhv edilməsi ilə bitmədi, eyni zamanda onların tarixi və mədəni irsinin izləri də sistemli şəkildə silindi. Azərbaycanlıların yaşadıqları kənd və qəsəbələr dağıdıldı, onların adları dəyişdirildi. Məsələn, Ağbulaq, Göyçə kimi qədim türk mənşəli toponimlər erməni adları ilə əvəz olundu. İrəvanda, Zəngəzurda və Göyçə mahalında mövcud olan yüzlərlə məscid, qəbiristanlıq və tarixi abidə vandalizmə məruz qaldı. Bu gün İrəvanda cəmi bir məscid (Göy məscid) qalıb ki, o da İran mədəni irsi kimi təqdim edilir. Tarixin bu qara səhifəsi beynəlxalq hüquq normalarının kobud şəkildə pozulmasının nümunəsidir. Amma beynəlxalq təşkilatlar, xüsusilə də UNESCO və BMT bu vandalizmə qarşı hələ də konkret tədbirlər görməyib.

Mənim də ata yurdum - Basarkeçərin Böyük Məzrə kəndi Qərbi Azərbaycanımızın əzəli parçasıdır. 1988-ci ilin dekabr ayını heç vaxt unuda bilmərəm. O zaman çox ağır günlər yaşadıq. Yurdumuzu gavurlar taladılar, imperiya tör-töküntüləri daşnaklarla əlbir olub kəndimizin, cəmi Göyçə mahalının, bütün Qərbi Azərbaycan əhalisini hərbçilərin gücü ilə, silah gücünə evindən-eşiyindən qovdular, onları yurd-yuvalarından didərgin saldılar. Qərbi Azərbaycan sinəmizdə, ürəyimizin başında özündən də ağır bir dərd oldu.

Tarixi-etnik torpaqlarından deportasiya olunanların problemlərinin həlli məqsədilə 1989-cu ildə "Azərbaycan Qaçqınlar Cəmiyyəti" ictimai birliyi təsis edildi. Həmin cəmiyyətin bazası əsasında 2022-ci il avqustun 3-də "Azərbaycan Qaçqınlar Cəmiyyəti" İB-nin hüquqi varisi kimi "Qərbi Azərbaycan İcması" yaradıldı. Hazırda Qərbi Azərbaycan icması vaxtilə Qarabağ icması üçün tikilən binada yerləşib. Bu, rəmzi məna daşımaqla özü çox şey deyir. Cənab Prezidentimizin dediyi kimi, "bu yer icma üçün təsadüfən seçilmədi, rəmzi mənası var. Bu binada yerləşmiş qarabağlılar artıq Qarabağa  qayıtdılar. Qərbi azərbaycanlılar da qayıdacaqlar. Soydaşlarımızın Qərbi Azərbaycandan deportasiya olunmasından 37 il keçir. Bu gün biz, tarixin amansız burulğanlarında, zamanın sərt hökmü altında 1988-ci ildə Qərbi Azərbaycandan zorla köçürülən soydaşlarımızın, yurdumuzun ah-nalə ilə dolu olan ağrısını, kədərini və unudulmaz izlərini xatırlayırıq.

Prezident İlham Əliyev Kəlbəcərdə olarkən Basarkeçər-Göyçə istiqamətinə işarə edərək öz tarixi ərazilərimizin bir addımlığında olduğumuzu işarə etməklə Ermənistan rəhbərliyini soydaşlarımızın pozulmuş hüquqlarının bərpa etməyə çağırdı. Bu həm də ona işarədir ki, indiki Ermənistan adlı ölkə bizim torpaqlarımız hesabına yaradılıb, bir addımlığında olduğumuz Göyçə mahalında minilliklər boyu soydaşlarımız yaşayıb. Göyçə Aşıq Ələsgər, Aşıq Alı və digər qüdrətli sənətkarlarımızın doğma yurdudur, bu ərazilərdə erməni tarixini əks etdirən heç bir tarixi nümunə yoxdur.

Göyçə mənim ata ocağım, tarixim, mənim köküm... Hər bir daşında, hər bir çiçəyində, hər bir meşəsində bir keçmiş var. Bu torpaq mənim ən dəyərli xatirələrimi saxlayır. Ulu dədə-babalarımızın yurd saldıqları məkan, nənə-babalarımızın, əzizlərimizin qəbirləri olan torpaqlardır. Göyçə mənim uşaqlığımdır, yuxularımdır, həsrəti ilə göynədiyim elim-obamdır, hər şeyimdir. Hər dəfə Göyçə haqqında düşündükdə ürəyimdə bir nisgil yaranır. Həmin torpaqda böyümüş, əcdadlarımın izlərindən ruh almış bir övlad olaraq, o yerlərə qayıtmaq mənim ən böyük arzumdur. Mənim üçün Göyçəyə qayıtmaq, sadəcə bir fiziki geri dönüş deyil. Bu, keçmişimə, kimliyimə, mədəniyyətimə və bu torpaqda yaşayan əcdadlarıma olan ehtiramımı ifadə etmək deməkdir. Bütün Qərbi azərbaycanlılar da mənim kimi yurd həsrəti ilə yaşayırlar, çünki hər insanın ruhu, qəlbi doğulduğu torpağa bağlıdır. İllər keçsə də, Vətən həsrəti soyumadı, əksinə, qəlblərdə daha da dərinləşdi.

Dərd sarıdan bəxtəvərəm, ay ellər,

Dərdimin şahıdı Göyçə həsrəti.

Yurd-yuva oduynan, yanan qəlbimin,

Amanı-ahıdı Göyçə həsrəti.

Öldürsə həsrəti öldürəcəkdir,

Ömrümə yağıdı Göyçə həsrəti...

Vətən müharibəsindəki tarixi qələbəmizdən sonra xalq olaraq əsas hədəfimiz Qərbi Azərbaycana qayıdışdır. Qərbi Azərbaycana qayıtmaq, sadəcə bir yerə geri dönmək deyil, eyni zamanda azərbaycanlı kimliyimizi, mədəni irsimizi və millətimizi təkrar bərpa etmək deməkdir. Bu baxımdan Qayıdış Konsepsiyası da çox təqdirəlayiqdir. Bu qayıdış hamımızın mənəvi borcudur. Qərbi Azərbaycana qayıdış bizim haqqımızdır! O torpaqlara dönmək, onu yenidən abadlaşdırmaq və gələcək nəsillər üçün yaşanacaq bir məkan halına gətirmək bizlərə düşən müqəddəs bir vəzifədir.

44 günlük müharibədəki möhtəşəm qələbədən sonra Qərbi Azərbaycandan olan insanların öz torpaqlarına geri dönmək ümidləri çoxalıb. Ancaq bu yolda həm diplomatik, həm siyasi, həm də psixoloji hazırlıqlı olmaq lazımdır. Bunun üçün isə bizim müdrik, qətiyyətli dövlət başçımız var. İnanırıq ki, 21-ci əsrin qarşıdakı illərində Qərbi azərbaycanlılar da öz dədə-baba torpaqlarına qayıdacaqlar. Aşıqlar yurdu Göyçə mahalında Cəngi çalınacaq, köç karvanları geri dönəcək. Cıdır düzündəki kimi, Göyçə gölünün nəğməli sahillərində dövrə vurub yallı gedəcəyik. Qayıdışımız sadəcə məcburi köçkünlüyün sonu olmayacaq, həm də bir yenidən doğuluş, bir yenidən varlıq olduğumuzu bizə hiss etdirəcək!

 

Vəfa MƏHƏRRƏMOVA

Mingəçevir Dövlət Universiteti Ömürboyu Təhsil Məktəbinin direktoru,

filologiya üzrə fəlsəfə doktoru,

 dosent

525-ci qəzet .- 2026.- 20 fevral(№7).-S.24.