Üzeyir və Ceyhun Hacıbəylilər
MƏKTUBLARDA YAŞANAN İLLƏR
(Əvvəli ötən sayımızda)
Üzeyir və Ceyhun Hacıbəyovların
yazışmasının Azərbaycanın 27 Aprel
işğalından sonra bir müddət kəsildiyini yəqin
etmək olar. Həmin günlərində Əli Mərdan bəy
Topçubaşovun Bakıya, Nəsib bəy Yusifbəylidən
tutmuş digər dövlət rəsmilərinə göndərdiyi
məktublardan məlum olur ki, Parisdə Azərbaycanda baş
verən hadisələrdən bir qədər gec, özü də
xarici mənbələrdən xəbər tutublar və
Bakıda müxtəlif ünvanlara müraciətlərdən
də cavablar alınmayıb. Bu baxımdan Üzeyir bəyin
sovet dövrü Ceyhuna ünvanladığı "11
iyun" tarixli məktubun məzmunundan çıxış
edərək, onun 1921-ci ildə yazıldığını və
bu sıradan ilk olduğunu yəqin etmək olar. Məktubun elə
ilk cümləsindən də - "çox şükürlər
olsun ki, sizə kağız yazmaq mümkün oldu" - Parislə
yazışmanın yenidən bərpa olunduğu
görünür. "Bizim əhvalımız bu günədir
ki..." - ifadəsindən sonra Üzeyir bəyin dərhal
Bakıda özünün və qohumların vəziyyəti
haqqında bir-bir məlumat verməsi və bu, sətiraltı
"salamatlıq" müjdələri Üzeyir bəyin
ehtiyatlı və "səliqəli" bir üslubla yeni
şəraitin müəyyən incəliklərini
qardaşının nəzərə çatdırmaq istəyindən
xəbər verir: "Əvvəla, mən hökumət
qulluğunda varam, musiqi şöbəsinin müdiriyəm.
İşlərimi ba-qayda aparıram və Maarif Komissarı
Dadaş Bünyadzadə məndən razıdır.
Bütün musiqi işlərini mənə həvalə
edibdir. Halbuki əvvəlcə bu işə başqaları dəxi
müdaxilə edib, işə xələl yetirirdilər. Mən
onlar ilə böyük mübarizələr etdim və
axırda müvəffəq oldum".
Dolanışığın xeyli ağır
olduğu: "maaşlar çox azdır, bu qədər az
ki, heç bir günün xərcini ödəməz",
"Buranın xərci çoxdur, yəni pulun, kağız
pulun qiyməti xeyli düşdügünə görə bir
külfəti saxlamaq üçün hər ay bir milyon
yarım və ya iki milyon manat pul istər" kimi cümlələrlə
çatdırılsa da, Üzeyir bəy özünün bu
pulu qazana bildiyini, hətta bacısı oğlu Camala da əl
tutduğunu vurğulayır.
Qardaşının maraqlana biləcəyi bir sualı
qabaqlayaraq Üzeyir bəy özünün hələ yeni musiqi
əsərləri yazmadığını, amma Şərq və
Azərbaycan musiqisinin əsasları haqqında tədqiqat
apardığını, bu mövzuda böyük bir məruzə
hazırladığını qeyd edir, onu Parisin musiqi dairələrində
belə oxumaq üçün dəyərli sayır və bu
arzusunu gizlətmir. Buradan aydın
olur ki, Üzeyir bəy özünün 25 ildən sonra nəşr
olunacaq məşhur "Azərbaycan xalq musiqisinin əsasları"
fundamental elmi əsərinin ilkin variantını hələ
1920-ci illərin əvvəllərində yazmağa
başlamış və onu ayrı-ayrı məruzələr
şəklində hətta xarici auditoriyalarda oxumağa layiq
bilmişdir. Üzeyir bəy sonrakı məktublarında da bu
məsələyə dönə-dönə qayıdacaq və
tədqiqatçı kimi fəaliyyətini davam etdirdiyini
vurğulayaraq bu əsərlərinin də geniş müzakirəyə
çıxarılmasını arzu edəcək.
Üzeyir Hacıbəyov bir qrup ziyalı və
Hökumət teatrının türk truppası üzvləri
ilə birlikdə. 5 iyun 1921-ci il.
İlk məktubunda Bakıdakı ailə üzvləri
və qohumlar haqqında ətraflı məlumat verən
Üzeyir bəy, yekun olaraq hamının arzusunu ifadə edir:
"Bu gün bizi bərk düşündürən şey -
sizinlə görüşmək imkanı bulmaqdır".
Lakin diqqətəlayiqdir ki, bu zaman o, Ceyhunun və ailəsinin
Bakıya qayıtmasından heç bir söz açmayaraq
görüşmək imkanını özünün səfərə
çıxmağında görür: "Mən böylə
qət etmişəm ki, sentyabr aylarına yaxın bir vaxta
buradan izn alıb İstanbula gedim ki, Şərq aləti-musiqiyyəsi
gətirəm. Əgər bu iş mümkün olsa, yəni
İstanbula gələ bilsəm, o halda oradan Parisə dəxi
gedib sizin ilə görüşərəm və sizi və
siz ilə bərabər Ceyçik ilə qardaşını
görüb, qayıdanbaş hamıya nəql edərəm".
Beləliklə, yeni hakimiyyətin mühacirətdə olanlara
münasibəti hələ aydınlaşmadığı bir
vaxtda, Üzeyir bəy bu mövzuya toxunmağı lazım
bilmir.
Bununla belə, Ceyhun Hacıbəylinin və ailəsinin
Bakıya qayıtmaq mövzusu Üzeyir bəyin 1921-1930-cu illər
sovet dövrünə aid əldə olan bütün 33 məktubdan
qırmızı xətt kimi keçir və hər
dövrün öz xüsusiyyəti nəzərə
alınmaqla bu və ya digər şəkildə qoyulur.
Artıq 5 aydan sonrakı - 26.11.1921 tarixli ikinci (?) məktubunda Üzeyir bəy
bütün bu müddətdə "Parisdən" bir xəbər
olmadığını təəssüflə qeyd etsə də,
artıq Ceyhun bəyin Vətənə qayıtmaq barədə
fikrini bilmək istəyir: "Sizin buraya gəlməyiniz nə
vaxt mümkün ola bilər? Sizi ordanmı buraxmırlar, yoxsa
bura gəlməkdənmi ehtiyat edirsiniz?" Və bu zaman,
özünün bu məsələyə baxışını
açıqlayaraq: "Mən böylə güman edirəm
ki, buraya gələsiniz, sizə heç bir söz deyən
olmaz" - deyə qardaşına öz köməyini təklif
edir: "Hərgah bilsəm ki, gəlmək istəyirsiniz, mən
piş əz vaxt bizim komissarlarla görüşüb, fikirlərini
bilərəm..."
Bu məktubda yeni hakimiyyət mövzusu bir daha gündəmə
gəlir və "bizim komissarlar" ifadəsi, eləcə
də sonrakı sətirlər Üzeyir bəyin Azərbaycan
sovet rəhbərliyi ilə artıq müəyyən dərəcədə
etimadlı münasibətlər qurduğunu göstərir. Məlum
olur ki, Üzeyir bəyin "müsəlmanlara məxsus"
açdığı və "konservatoriya"
adlandırdığı ilk Azərbaycan Dövlət Türk
Musiqi Məktəbinin rəsmi açılışına
"bütün komissar yoldaşlar, başda Nərimanov olmaq
üzrə" hamı gəlib: "Təbrik nitqlərdən
sonra çay verdim, çox canfəşanlıq oldu. Hökumət
mənə hər bir barədə kömək edəcəyini
vəd etdi".
Təbii ki, Üzeyir bəyin "komissar
yoldaşlarla" bu münasibətləri nə əvvəl,
nə də sonralar, hətta 1930-40-cı illərdə ölkənin
faktiki başçısı Mir Cəfər Bağırovla
birbaşa əlaqələri belə, Cümhuriyyət
dövrünün rəhbərləri - sadəcə "Məhəmməd
Əmin", sadəcə "Nəsib bəy" - deyə
çağırdığı və doğrudan da yoldaş
olduğu şəxslərlə ünsiyyəti
baxımından heç bir müqayisəyə gələ
bilməzdi. Bununla belə, Üzeyir bəyin məktublarda
adlarını çəkdiyi Azərbaycan sovet elitası ilə
özünün də müəyyən məsafə
saxlamaqla tənzim olunan əlaqələr sistemində bir
çox məsələləri müzakirə və həll
etmək imkanları vardı. Hərçənd onların
arasında iki ən mühüm məsələdən
heç biri - Ceyhun bəyin Azərbaycana qayıtması və
Üzeyir bəyin ali musiqi təhsilini tamamlamaq
üçün xaricə getməsi - son nəticədə
baş tutmayacaq! Və burada hansı amillərin əsas rol
oynadığı, xüsusilə Azərbaycan kommunist rəhbərliyinin
onların həllində nə dərəcədə səlahiyyətli
olduğu, "son sözün" Bakıda, yaxud Moskvada
deyildiyi kimi suallar, yenidən "Hacıbəyov"
imzasına qayıtmış Üzeyir bəyin məktublarında
cavabsız qalacaq.
Ceyhun Hacıbəyli Parisdə 1920-ci illər.
1920-ci illərin əvvəllərində Üzeyir bəy
üçün bu iki məsələ hələ bir-birilə
tam bağlı idi. Belə ki, həyatının ən
böyük arzusunun - xaricdə ali musiqi təhsil almaq - yerinə
yetməsinə artıq müvafiq vaxt və şəraitin
yetişdiyi qənaətini, yaxud kiçik müddətə
olsa da, Avropaya getmək, qardaşı ilə görüşmək
qərarını Üzeyir bəy birbaşa Ceyhunun Vətənə
qayıtması ilə əlaqələndirirdi: "O ki, qaldı
mənim oraya gəlmək məsələm, mən gəlmək
istiyorum və bu barədə çalışıram,
özüm də Nərimanov ilə Bünyadzadənin
Moskvadan qayıtmaqlarına müntəzirəm ki, onlardan
üç aylıq məzuniyyət alıb gələm..."
(10 mart 1922); "Paris səfəri o qədər, o qədər
pul istəyir ki, evimin bütün əşyasını
satsan, genə də öhdəsindən gəlməz. Ona
görə mən neçə gündür ki,
başlamışam əlimə düşən pulları
qızıla verirəm ki, qızıl yığıb Paris
pulunun xərcini düzəldim" (24 iyun, 1922); "Biz
çox istərdik gəlib sizin ilə görüşək,
ələlxüsus, Məleykə artıq-artıq istəyir,
fəqət qabağımızı kəsən şeylər,
əvvəla, yol kirayəsi-nin çox
ağırlığı və saniyən, nənəm məsələsi"
(22 sentyabr, 1922).
Lakin anasının qocalığı, başqa yerdə
qala bilmədiyi, uzaq yola çıxarmağın isə
müşküllüyü kimi gətirdiyi dəlillərin o
qədər də inandırıcı
olmadığını yəqin özü də başa
düşdüyündən Üzeyir bəy elə bu məktubun
sonunda əsas səbəbi açıqlayır: "Əlavə,
hökumət dəxi mənim getməyimə razı degildir,
deyirlər ki, onsuz da bizə işbilən adamlar
lazımdır".
Beləliklə, hər hansı səbəb göstərməyindən
asılı olmayaraq Azərbaycan hökuməti Üzeyir
Hacıbəyovun ölkədən çıxmasına hələ
ki, icazə vermir. Üzeyir bəy özü də sanki bu
"bəhanəyə" inanıb, işlərinin həqiqətən
çoxluğunu sadalasa da, artıq növbəti məktubunda
bu tədris ilinin sonunda, yəni 1923-cü ilin yayında ali təhsil
almağa gedəcəyinə ümidvar olduğunu bildirir:
"Ən böyük arzumuz sizi görməkdir. Amma indi nə
siz gələ bilirsiniz, nə də biz. Genə də fikir edəndə
bizim ora gəlməgimiz daha müvafiq görünür,
başqa məmaniətləri rəf edə bilsəm,
anamı qoyub da gələcəyəm" (22 sentyabr 1922).
Başqa məktubunda Üzeyir bəy qardaşına
müvafiq "təklif" edir: "Əlbəttə, mən
getməli və sən də gəlməli olsan, o halda əvvəl
məni gözlərsən ki, əvvəlcə bir
görüşək və məsləhətləşək,
ondan sonra sən gələrsən buraya, mən də təhsilə
məşğul olaram" (18 dekabr 1922).
1923-cü ildə yazılan məktublar Üzeyir bəyin
özünün xaricə səfərə
hazırlaşdığı və Ceyhunla bu barədə
açıq bölüşdüyünü nişan verir:
"...mən böylə qəsd etmişəm ki, bu yay Məleykə
ilə bərabər sizin yanınıza gəlib
görüşək və bir az qalıb, genə geri
qayıdaq". Üzeyir bəyin belə əminliklə
düşünməyinə əsası var: Musiqi məktəbinin
müdiridir, bu günlərdə böyük bir konsert verib:
"Bütün komissar yoldaşlar məndən razı
qalıb, dedilər ki, Üzeyir bəy bizim ümidimizi boşa
çıxartmadı". İşləri və hətta
maddi vəziyyəti də xeyli yaxşıdır: "Ayda
altı milyarddan çox məvacib alıram. Qərəz bu
yayı, əlbət, sizin yanınıza gəlmək istəyirik.
Yaz görüm, gəlməyimizi məsləhət
görürsənmi" (9 mart, 1923).
Ceyhunun Bakıya qayıtmaq məsələsi də
görünür ki, dəqiqləşməyə
başlayıb və hətta Ceyhun bəyin özünün də
meyli aydınlaşıb: "Bir neçə vaxt bundan qabaq məsul
yoldaşlardan birisi mənimlə görüşüb səni
soruşdu və çox təəccüb etdi ki, indiyə
kimi qayıtmırsan, dedi, hərgah bu xüsusda
kağız-filan lazım olsa, mən kağız verərəm".
Ceyhun Hacıbəyli Parisdə ailəsi – Zöhrə
xanım və oğlu Ceyhun ilə. 1922-23-cü illər.
"Məsul yoldaşa" bu məsələni
qardaşına çatdıracağını bildirən
Üzeyir bəy vədini yerinə yetirir: "Sənin əvvəlki
kağızlarından böylə anladım ki, sən buraya
payızda qayıtmaq istəyirsən. Hərgah ondan qabaq buraya
gəlmək fikrin olsa, mənə məlum et ki, mən bu
xüsusda çalışım" - amma eyni zamanda: "Mənim
də böylə fikrim var ki, bu yay özüm oraya gəlib səninlə
bərabər yayı keçirib sonra payızda hamımız
vətənə qayıdaq..."
Lakin 1924-cü ildə Üzeyir bəyin bu mövqeyi
qismən dəyişməyə başlayır. Cümhuriyyətin
1919-cu ildə xarici ölkələrə ali təhsil
almağa göndərdiyi 100 tələbədən biri -
Mustafa Vəkilov təhsilini başa vuraraq hüquqşünas
kimi Vətənə qayıdır və Ceyhundan məktublar,
uşaqlarının şəkillərini gətirir. Bu gənclə
ətraflı söhbət edən Üzeyir bəy öyrənir
ki, qardaşının ailəsi
Fransada maddi cəhətdən böyük çətinlik
çəkir, dolanışıqları ağırdır, hətta
İstanbula köçmək niyyəti də vardır. Bu xəbərlər
Üzeyir bəyi çox narahat edir. Ceyhuna məktubunda
eşitdiklərindən çox kədərləndiyini bildirən
Üzeyir bəy, daimi gəliri, yəni iş yeri olmasa,
dolanışığın hər yerdə ağır
olacağını vurğulayaraq, "İstanbulda öylə
bir gəlirə ümidin varmı?" - soruşur.
Digər tərəfdən, İstanbul söhbəti,
görünür ki, Üzeyir bəyə Ceyhunla
görüşmək üçün yeni fürsət
yaradır. Özünün də
bu yay mövsümündə - 1924-cü il - İstanbula getmək
niyyətini bildirən Üzeyir bəy: "Ümid edirəm
ki, müvəqqətən getməyimə razı olarlar.
Çünki İstanbuldan türk musiqisinə aid bir çox
şeylər əxz etmək lazımdır" - deyə bu
ümidinin "səbəbini" də göstərir. Ceyhun
bəyin artıq ciddi əsəb xəstəliyinə
tutulduğu xəbəri də Üzeyir bəydə hədsiz
narahatçılıq doğurub, toxtaqlıq
üçün özünün də "...dəxi
çox əsəbi olmuşam və çox işləməgimə
görə yorğunam" - yazaraq qardaşına daha
sağlam həyat-tərzi barədə məsləhətlər
verir.
Hələ gəncliyindən əsəbi və səbirsiz
olan, indi isə yad ölkədə, ailəsi, az yaşlı
uşaqları ilə ehtiyac içində yaşayan sevimli
kiçik qardaşının düşdüyü vəziyyət
Üzeyir bəyi çox düşündürür və bu
vəziyyətdən çıxış yolu axtarmağa
sövq edir. Parisdən digər qohumlara gələn məktublar
da onun bu narahatlığını artırır: "...bu
axırkı Zülfüqara yazılan kağızlarından
böylə görünür ki, əvvəla orada siz
çox pis dolanırsınız, və saniyən, böylə
bir güzəran səni qara-qara fikirlərə salıb əsəb
naxoşluğuna səbəb olubdur. İşin bu surəti həm
Zülfüqarı, həm də məni artıq fikirlərə
salıbdır, ona görə ciddi tədbirlər görmək
lazım gəlir" (12 iyul 1924).
Ceyhun Hacıbəyov Parisdə oğulları Ceyhun və
Timuçin ilə. 1920-ci illərin sonu.
Bakıdakı Hacıbəyov qardaşları bu məsələləri
görünür ki, həqiqətən ciddi müzakirə
edirlər və Üzeyir bəy "işin hər tərəfini"
fikirləşərək belə qərar verir ki, Ceyhun tezliklə
yığışıb ailəsi ilə birlikdə Bakıya
qayıtsın, çünki onların qayıtmağı,
Üzeyir bəyin xanımı ilə ora gedə bilməyindən
"çox-çox asandır". Bir siyasi mühacirin Vətənə
qayıtmasının tanınmış bəstəkarın
müvəqqəti olaraq Vətəndən
çıxmasından nə üçün
"çox-çox" asan olduğu isə belə izah
edilir: "Çünki əvvəla sən qaçaq deyilsən,
müxalif siyasi firqələrdə olmamısan, və saniyən,
komissar yoldaşlarımızın hamısı sənin kim
olduğunu və nə olduğunu çox yaxşı bilirlər".
Komissar yoldaşlara olan bu inam yəqin ki, hansısa
razılaşmalara əsaslanır və Üzeyir bəy
qardaşına: "Hərgah Vətənə qayıtsan
şübhəsidir ki, qulluq sahibi olub sairələrdən
artıq hörmət sahibi olarsan" - kimi vəd verməklə
Ceyhunun qarşısında məsələni birmənalı
qoyur: "Hərgah sənin oradan çıxmağına bir
məmaniət yoxsa və hərgah özün də gəlmək
istəyirsənsə mənə
açıq-açığına yaz ki, mən də bu
xüsusda çalışım və sənə xəbər
edim ki, gəl".
Məktubda bu sonuncu cümlənin altından Üzeyir
bəy xətt çəkib və öz mövqeyinin qətiliyini
hətta Parislə Bakı arasında müqayisə aparmaqla
nümayiş etdirir: "Səni inandıra bilərəm ki,
bizim Bakı bu saat sizin Parisdən heç də pis deyildir.
Biz burada çox yaxşıca dolanırıq. Siz gəlsəniz
siz də, biz də daha gözəlcə dolanarıq".
Ceyhun Hacıbəylinin xanımı Zöhrə
Hacıqasımova-Hacıbəyova.
Ceyhun bəyin xaricdə ehtiyac içində
yaşadığını bildikdən sonra onun Bakıya
qayıtması fikri, görünür ki, artıq Üzeyir bəyə
hakim kəsilib və bir aydan sonrakı məktub birbaşa bu
mövzu ilə başlayır: "Bu saat məni məşğul
edən məsələ sizi Bakıya gətirməkdir.
Əvvəllərdə mən bu fikirdə idim ki, özüm
oraya gəlim, sizinlə görüşüm, fəqət
indi baxıb görürəm ki, sizin Bakıya gəlməyiniz
daha məsləhətdir. Hamı sizləri görməyi arzu
edirlər, baxüsus, nənəm".
Bu məktubda Üzeyir bəy yəqin ki,
qardaşını ürəkləndirmək
üçün ilk dəfə ölkədəki ictimai-siyasi
durum, xüsusilə ziyalıların vəziyyəti
haqqında söz açır: "Bütün bizim
inteligentsiya hamısı məsul yerlərdə qulluq edirlər
və getdikcə də işlər daha
yaxşılaşıb layiqi-şikayət bir şey yoxdur.
Bütün hökumət idarələri türkləşir
və milliləşir, fəqət bilikli adamlarımız az
olduğuna görə bu iş bir az ağır gedir, ancaq hər
halda irəliləyir".
Üzeyir bəyin Parisə, Ceyhun bəyə
yazdığı 26 noyabr 1921-ci il tarixli məktub.
Bu sətirlərdəki səmimiyyət heç bir
şübhə doğurmur. Belə ki, 1923-1924-cü illərdə
rəsmi Moskva - Mərkəzi partiya və hökumət
orqanlarının qərarları ilə bütün ölkədə
"yerliləşdirmək" (korenizaüiə) adlanan
siyasi kursun əsası qoymuşdu. Onun kökündə
xüsusilə müttəfiq respublikalarda sovet hakimiyyətini
yerli əhali üçün anlaşıqlı etmək və
yaxınlaşdırmaq məqsədilə yerli millətlərdən
kadrlar yetişdirməyə və onların dillərini ictimai
həyatda geniş tətbiq etməyə yönəlik vəzifələr
dururdu. Bu məqsədlə qəbul edilən qərarlara
müvafiq olaraq, Azərbaycanda da milli kadrları bütün səviyyələrdə
dövlət idarəçiliyinə cəlb etmək, rəhbərliyə
irəli çəkmək kimi geniş kampaniya
başlanmışdı. Lakin
türk-müsəlman xalqlarının
yaşadıqları respublika və diyarlarda proletar
ideologiyasının tələblərinə cavab verən
yerli savadlı kadrların azlığı nəticəsində
bu proses olduqca ləng gedirdi. Ölkənin silah gücünə
işğalından, milli kadrlara qarşı ağır
repressiyalardan sonra yerli əhalinin hətta siyasətlə məşğul
olmayan savadlı, mütəxəssis zümrəsi də əksərən
ölkəni tərk etmişdi. Başqa bir qisim ictimai-siyasi fəal,
savadlı azərbaycanlılar qətl, həbs və
sürgünlərə məruz qalmışdılar.
Hökumət bu səbəbdən özünə loyal bildiyi
tanınmış ziyalılarla, mütəxəssislərlə
işləməyə ehtiyac duyurdu, onları əməkdaşlığa
çağırır və həqiqətən işləmək
üçün yaxşı şərait yaradırdı.
Odur ki, ölkədə qalmış, yaxud həbsdən azad
edilmiş ziyalı təbəqəsinin böyük bir qismi
sovet quruculuğunda iştirak edir, öz həyat və
dolanışıqlarını təmin etmək kimi məcburiyyətlə
yanaşı, bu əməkdaşlığı həm də
vətənə, xalqa xidmət kimi qiymətləndirirdi.
Üzeyir bəyin Parisə, Ceyhun bəyə
yazdığı 1 mart 1924-cü il tarixli məktub.
Həmin zümrəyə məxsus Üzeyir Hacıbəyov
da qardaşına: "Mən öz-özlügümdə
özümü çox sərbəst hiss edirəm və
türk musiqisi tərəqqisi yolunda hər nə fikrim olsa
hökumət mənə lazım olan köməgi edib fikrimi
yeridirəm" - yazarkən həqiqəti deyirdi. Üzeyir bəy
artıq öz işlərinin ilkin müsbət nəticələrini
görürdü, rəhbərlik etdiyi "Azərbaycan
hökumət türk musiqi məktəbi getdikcə tərəqqi
edib, əhali üçün ən vacib bir müəssisə
olmuşdur, inşallah, gələndə görərsiniz"
- deyə qardaşının da bu prosesdə iştirakına
nikbin baxırdı: "Sən burada olsan, sən də daha
artıq qulluqlarda ola bilərsən... siz gəlsəniz həm
bizim və həm də sizin üçün arxayınlıq
hasil olub, işlərimizə daha artıq tərəqqi verərik".
Lakin görünür ki, Ceyhundan hələ qəti
cavab gəlmir, çünki bir neçə aydan sonra Üzeyir
bəy, bir daha bu məsələyə qayıdır, amma bu dəfə
kiçik bir şərt də qoyulur: "Sizin Bakıya
qayıtmaq məsələsi xüsusundə səndən
kağız gözləyirəm ki, görüm bu barədə
sənin öz məsləhətin nə tövrdür. Hər
halda Bakıya qayıtmaq asan bir məsələdir, bu şərtlə
ki, məndən bu xüsusda müfəssəl kağız
alıb sonra qayıdasınız, kağız almayınca
gözləməyin lazım gəlir". 1924-cü il boyu
Üzeyir bəyin Ceyhunla yazışmasında daha bir mövzu
da var: Ceyhun Parisdə "Arşın mal alan"ı səhnəyə
qoymaq istəyir, bu haqda yalnız Üzeyir bəyə deyil,
böyük qardaşı Zülfüqar Hacıbəyova da
yazıb. Üzeyir bəy təbii ki, onu hər vəchlə dəstəkləyir:
"O halda, yəni "Arşın mal alan" Paris səhnəsində
müvəffəqiyyətlə keçərsə, onda mən
dəxi bir növ ilə izn alıb, oraya gələ bilərəm
və əz cümlə Şərq, Azərbaycan musiqisi əsasları
haqqında yazmış olduğum əsəri də orada sən
elə Fransa dilinə tərcümə edərsən".
"Arşın mal alan"ın Fransa, daha sonra Avropa
səhnələrində tamaşaya qoyulması baş tutarsa,
Üzeyir bəyə görə bu Ceyhun üçün həm
də bir dolanışıq mənbəyi olar, belə ki,
qardaşı tam müəllif hüququ ala bilər. 1924-cü ilin oktyabrında bu məsələ
daha dəqiq şəkil alır: "Arşın mal
alan"ın notlarını sənə göndərdim.
Havalarını yəqin ki, sən bilirsən, sözlərini
də kitabdan götürərsən. Mən istədim ki,
"Arşın mal alan"ın notlarını təzədən
düzəldib və bəzi havalarını dəyişim, fəqət
sən tələsdirdiyinə görə öyləcə
göndərdim. Yalnız bir müqəddiməsini düzəltmişəm.
Notların gəlib yetməsini yaz, bildir. Hər halda
"Arşın mal alan"dan sən ümid etdiyin nəticələr
hasil olsa çox gözəl olar və mətbuata-filana
düşərsə mənim oraya gəlməyim də asan
olar".
Üzeyir Hacıbəyov 1920-ci illərin sonu-30-cu illərin
əvvəllərində.
Beləliklə, "Arşın mal alan"ın səhnələşdirilməsi
Ceyhun bəyi hələ Fransada qalmağa sövq edən bir səbəb
kimi görünür və Üzeyir bəy əsərinin
uğuruna sevinməklə bərabər, bu səbəblə
özünün də nəhayət Avropaya səfər etməyə
icazə alacağına
çox ümid edir.
Burada bir haşiyə çıxaq: "Arşın
mal alan" operettasının Ceyhun Hacıbəylinin tərcüməsində,
fransız aktyorlarının ifasında 1925-ci il iyulun 4-də
Parisin "Femida" teatrında səhnəyə qoyulduğu
məlumdur. Onun hazırlanmasında Üzeyir bəyin
özünün də Bakıdan necə
çalışdığı, bu tamaşanı səbirsizlik
və böyük ümidlərlə gözlədiyi də əvvəlki
məktublarında bariz əks olunub.
Məhz bu baxımdan, artıq məlum faktın
Üzeyir bəyin 1925-1926-cı illər Ceyhuna
yazdığı məktublarda yer almaması, ümumiyyətlə,
Paris tamaşası haqda hər hansı söz
açılmaması ən azı təəccüb
doğurur. Çünki "Arşın mal alan"ın bir
daha tamaşaya qoyulması mövzusu sonralar da Ceyhun tərəfindən
qaldırıb və Üzeyir bəy 26 fevral 1927-ci il tarixli məktubunda
ona cavab verib: "Arşın mal alan"ın tərcüməsinə
gəldikdə, mən onun adeptə olmamağının, eynilə
tərcüməsini arzu edərdim, çünki Azərbaycan
həyatından yazılmış bir şeyi Fransız həyatına
yaraşdırmaq və illah Molyer yerişini etməməyin
ideyni cəhəti olması gərəkdir. Əlavə
etnoqrafik cəhətcə böylə şeylərin tərcüməsi
nə qədər əslinə mütabiğ olsa, bir o qədər
yaxşıdır. Mən bir də mətnin quruluş, lisan və
istili mənə məxsus bir şey olduğundan dəyişilməsini
istəməzdim. Sən onu əlbəttə, necə ki,
vardır tərcümə et və nəşr haqqı da
öz üzərinə al".
Burada Üzeyir bəyin öz əsərinə nə
qədər həssas və məsuliyyətlə
yanaşdığı məsələsinə toxunmadan daha
mühüm mətləb üzərində dayanaq. Beləliklə,
hələ Cümhuriyyət dövründən Parisdə
nümayiş etdirilməsi planlaşdırılan, daha sonra
Ceyhun Hacıbəylinin qardaşı ilə birbaşa əlaqələri
və məsləhətləşmələri sayəsində
baş tutan bir hadisəni - "Arşın mal alan"ın,
Azərbaycan bəstəkarının məşhur əsərinin
Paris səhnəsində ilk tamaşasını - "görməzlik" nə ilə
izah oluna bilərdi?
Təbii ki, Üzeyir bəyin bu hadisədən xəbəri
vardı. Əsərin səhnələşdirilməsində
Parisdəki azərbaycanlı mühacirlərin, eləcə də
onların ailə üzvlərinin, Əli Mərdan bəy
Topçubaşovun xanımı Pəri xanımın, Ceyhunun
həyat yoldaşı Zöhrə xanımın yaxından
iştirak etdikləri də məlum idi. Bakıdakı ailəsi,
xüsusilə anası Aişə xanım Hacıqasımova
ilə sıx yazışmada olan Zöhrə xanımın bu
haqda məlumat verməməsi, Ceyhunun Bakıdakı ailəsi
- anası, qardaşları, bacıları ilə yaxın
qohumluq əlaqələri saxlayan Aişə xanımın bu
qədər mühüm xəbəri əsərin müəllifinə
çatdırmaması mümkün deyildi. Nəhayət,
"Arşın mal alan"ın Parisdə səhnəyə
qoyulması istər Avropa, istər mühacirət mətbuatında
geniş işıqlandırılmış, tamaşanın
afişaları nümayiş etdirilmişdi. Görünür
ki, məhz bu səbəbdən həmin hadisə Azərbaycan
sovet rəhbərliyi tərəfindən birmənalı
qarşılanmayaraq, üstündən "sükutla"
keçilməsinə üstünlük verilmiş və
Üzeyir bəy də bununla razılaşmalı olmuşdu.
Bu fakt artıq özlüyündə Üzeyir
Hacıbəyovun məktublarının bütün nikbin
ruhuna baxmayaraq, yaşadığı mühitin şərtlərindən
və rəhbərliklə münasibətlərindən nə
qədər asılı olduğunu göstərir.
Qardaşı ilə ən intensiv və nisbətən azad
yazışma imkanı olduğu 1924-1926-cı illərdə
belə məktublarında nəzərə çarpan
kiçik "ziddiyyətlər" və "xəbərdarlıqlar"
da - "Arşın mal alan"la bağlı: "...bir
şey oldu-oldu, olmadı, "Vətən" deyib
qayıdarsınız" və elə həmin məktubdakı:
"Hətta, əgər Bakıya gəlmək istəməsəniz
dəxi biz buradan sizə maddi köməklik yetirə bilərik"
- kimi sətirlər Üzeyir bəyin nə qədər
çətin və mürəkkəb məsələlərin
yumağında davrandığının sübutu idi.
Digər tərəfdən, həmin illərdə
qardaşının Vətənə qayıtması məsələsinin
ən fəal şəkildə gündəmdə olduğu ilə
də hesablaşmaq lazım gəlirdi. Belə ki, Ceyhun
Hacıbəylinin ailəsinin xaricdə ehtiyac içində
yaşadığı, Bakıdan özünün və
xanımının ailəsindən göndərilən maddi
köməkdən tam asılı olduğu reallığı
qarşısında Üzeyir bəyin hər halda onun vətənə
dönməsini, buradakı böyük ailəsinə
qovuşmasını ürəkdən və səmimi şəkildə
istədiyi şübhə doğurmur.
(Ardı var)
Solmaz Rüstəmova-TOHİDİ
Tarix elmləri doktoru, professor
525-ci qəzet .- 2026.- 20 fevral(¹7).-S.22-23;24.