Millətin Anarı
Xalqları xoşbəxt edən dəyərlər
silsiləsi var ki, yerin altında və üstündəki,
suların içində və dərinliklərindəki sərvətlərdən
qat-qat qiymətlidir, onların hamısından daha əbədidir.
Millətlərə bəxtiyarlıq gətirən o dəyərlər
sırasında ən vaciblərindən biri məmləkətlərə
nəsib olan böyük şəxsiyyətlər, misilsiz
övladlardır. Elə millət yavruları ki, xalqın
tarixinin ayrı-ayrı parçalarını
işıqlandırır, Vətənin tarix içərisindəki
yolunu aydınladır, yurddaşlara uzun zamanlar
üçün başucalığı gətirirlər.
Azərbaycan xoşbəxtdir ki, onun Anarı var və
bu elə aydın həqiqətdir ki, 50 il, 40 il, 30 il əvvəl
də görünürdü, bu gün də dərk edilir,
ancaq sabahlarda bəlkə indikindən daha aydın duyulacaq.
Zamanlar keçdikcə Azərbaycanda millət
quruculuğu yolunda zəhmət çəkmiş insanların
fəxrli sırası daim xatırlanacaq və onlardan
hansının bu millətə nələr bəxş etdiyi
haqqında düşüncələrə həmişə
dalınacaq.
XX yüzil başlananda Azərbaycan büsbütün
yeni bir tarixə qovuşurdu. Ancaq XIX əsrin qoynunda artıq
Azərbaycanın yeni zaman içərisində irəliləyəcəyi
yolun özülləri hazırlanırdı. Həmin təməlqoyucular
sırasında ən öndə gedənlər Mirzə Fətəli
Axundzadə ilə Həsən bəy Zərdabi idi. XIX əsr
bitdi, XX əsr də tamamlandı, XXI əsr asta-asta yaşa
dolur. Ancaq Mirzə Fətəli də, Həsən bəy Zərdabi
də hər an minnətdarlıqla anılır. Onların
yaratdıqları irs daha çox öz zamanlarına
hesablanmışdı. Ancaq zaman keçsə də, o miras
köhnəlmir, yeni yarananların hamısında onların əks-sədası
duyulur. XX əsr başlananda meydanda Əli bəy Hüseynzadə
idi, Üzeyir Hacıbəyli, Mirzə Cəlil, Əbdürrəhim
bəy Haqverdiyevdi və onların neçə-neçə
silahdaşı.
Bütün ziyalı qırğınlarına rəğmən,
XX əsrdə Azərbaycan istedadı bunca parladısa, Azərbaycan
zövqü, Azərbaycan mənəviyyatı bunca yüksəldisə,
əlbəttə, bu söndürüləbilməzlik və
arasıkəsilməz ucalışlarda o təməlqoyucuların
müstəsna əməkləri var. Həmin səbəbdən
onlar yeni minillikdə də elə əvvəlki şəfqət
və məhəbbətlə yada salınır, gələcək
zamanlarda da onların adları dillərdə, sevgiləri
ürəklərdə, dərsləri düşüncələrdə
diri qalacaq.
Anar böyük ədəbiyyata gəldiyi 1960-cı
illərdən başlayaraq 1970-lərdə də, 1980-lərdə
də, 1990-larda da millətin sözünü deyən, millətin
ruhunu ifadə edən oldu, 2000-ci illərdir, Anar yenə həminki
Anardır.
Bu gün Anarın Azərbaycan mənəviyyatından,
Azərbaycan mədəniyyətindən, Azərbaycan ədəbiyyatından
keçən yoluna vaxtın hündürlüyündən nəzər
salarkən, altı onildən artıq bir zamana sığan bu
missiyanı ayrıntıları ilə göz önündən
keçirirkən ona şahid kəsilirik ki, Anarın
bütün fəaliyyətləri başlanğıcdan
bugünədək ilk növbədə millət
quruculuğundan ibarət olub.
Millətin ruhu, millətin zövqü bir musiqi aləti
kimidir. Gərək o, həmişə kökdə saxlana. Millət
ruhunun daim kökdə olması və yeni zamanların ahənginə
uyğun gəlməsi üçünsə belə
kökqoruyuculara (bu sözün həm rişələr, həm
də musiqidəki ritm sabitliyi mənasında) həmişə
ehtiyac var. Ancaq neyləməli ki, bu ehtiyaca cavab vermək
qabiliyyəti hətta öndəgedənlərdən də hər
kəsə nəsib olmur.
Anarın XX əsrin ikinci yarısını dolduran,
XXI əsrin ilk onilləri boyu davam edən
yaradıcılığı əslində şanlı
babaların fəaliyyətlərinin yekunudur. O işləri ki
Mirzə Fətəli, Həsən bəy Zərdabi
görürdü, o çalışmalar ki onların
ardınca Əli bəy Hüseynzadə, Üzeyir bəy
Hacıbəyli, Mirzə Cəlil və onların
silahdaşları aparırdı, həmin xətti Anar davam
etdirdi, babaların gördüyü böyük işlərin
ağırlığını sürətləri artan XX əsrdə,
inkişafın büsbütün yeni mərhələsinə
qalxan XXI əsrdə çiyinlərinə götürdü.
İrəlilətdi, daha da yüksəltdi, daha da parlaq elədi
və sürəklilik baxımından o, həmin işləri
onların hamısından daha uzun bir vaxt məsafəsi boyunca
gerçəkləşdirdi. Uca dağların əsl yüksəkliyini
nə qədər ki onlara çox yaxınsan, gərəyincə
dərk eləmək olmur. Zaman ötdükcə həmin
ucalıq daha artıq anlaşılır. Anarın
yaradıcılığı ilə Azərbaycan
insanlarının neçə nəsli tərbiyələndi,
zövqləndi, böyüdü. Anarın əsərləri
ilə tərbiyələnən, zövqlənən,
böyüyən nəsillərin özləri
ahıllaşdılar, ağsaqqallaşdılar. Yeni nəsillər
gəldi. Anarın o yeni nəsillərə də deyiləsi
yeni sözü oldu və var. Millət bəxtiyarlığı
elə bu deməkdir. Bir var klassiklərin, uluların yalnız
keçmişdə ola, xatirə kimi hafizələrdə
qala, uzaq dünənin yadigarı kimi anıla, bir də var
canlı klassik həyatın axarında səninlə birgə
addımlaya, faydalarını verməkdə davam edə. Bu
gün əlində qələmi (artıq yalnız qələmi
ilə də deyil, həm də bilgisayarı ilə) Anar
aydın düşüncəsini, tükənmək bilməyən
ilhamını səfərbər edərək Azərbaycan ədəbiyyatının,
Azərbaycan mədəniyyətinin, Azərbaycan mənəviyyatının
önündədir. Önündə olanlardan biri yox, məhz
önündədir. Bu öncüllük, bu qabaqdaolmaqlıq, əlbəttə
ki, gələcək zamanların içərisində də
davam edəcək. Çünki onun yaratdığı əsərlər
sabah da yaşayacaq, faydalarını verməkdə, təsirlərini
göstərməkdə davam edəcək. Çünki nə
yaradıbsa, hamısı millət irsi olmaq qiyməti
daşıyan incilərdir.
Anarın atası, böyük Azərbaycan şairi Rəsul
Rza hələ cavanlığında "mübarizə bu
gün də var, yarın da, mən də onun ən ön
sıralarında" demişdi. Bu sözlər elə Anara da
aiddir. Rəsul Rza o misraları qələmə alandan sonra
onillər boyu mübarizələrin, millətə xidmətin
ön cərgələrində oldu. Anar da həmin yolu tutub
gedən böyük yaradıcıdır. Ancaq ən gözəli
budur ki, 20 yaşlarında, 30-unda, 40-ında, 50-sində
olduğu kimi, 90-ın astanasında da Anar millətini
vaxtaşırı yaratdığı yeni-yeni incilərlə
sevindirməkdə, fərəhləndirməkdədir.
...Anar Azərbaycanın iki tanınmış
şairinin övladı kimi dünyaya gəldi. Göz
açıb sağında, solunda kitablar gördü. Ancaq
tale elə gətirmişdi ki, yalnız o kitablarla dolu bir mənzilin
içərisində yaşamırdı. Onların
yaşadığı bina da elə kitaba bağlı bir
mülk idi. Bir vaxtlar "Kitab pasajı"
bakılıların, bütün azərbaycanlıların ən
sevimli ünvanlarından idi. Ora camaat arasında elə
"Kitab evi" də deyirdilər. Anarın dünyaya
göz açandan yaşadığı,
uşaqlığının, yeniyetməliyinin, gəncliyinin
keçdiyi binanın birinci qatı kitablıq idi və evinin
içərisində də, mənzilindən
dışarı çıxınca da kitablarla üzbəüzdü.
Bu da başqa bir qismətdir ki, Anarın ömrü boyu
bağlandığı ayrı-ayrı iş yerlərinin
hamısı elə həmin həndəvərdə olub.
Oxuduğu məktəb də evlərindən az aralı idi -
piyada gedib-gəlirdi. İlk iş yerlərindən nisbətən
ən uzağı Radio və Televiziya Verilişləri Komitəsi
idi ki, əslində ora da çox aralıda deyildi, ora da ayaqla
getsən, 10-15 dəqiqəlik yoldu. Ən birinci iş yeri
Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyində
olmuşdu - bura evlərindən lap yaxın. Sonralar tale onu
"Qobustan" jurnalına bağladı, həyatının
20 ilini bu dərgiyə həsr etdi. Ardınca da
Yazıçılar Birliyi ki, burada iki "Qobustan"
müddəti qədər bağlıdır.
Övladlar köçəri quş kimidir. Geci-tezi
var, onlar qanadlanırlar, hərəsinin yeni yuvası olur.
Doğrudur, onlardan hansısa köhnə yuvada
ata-anasının yaşadığı mənzildə
qalır, ocağın çırağını sönməyə
qoymur, amma hər halda uşaqlar bir neçədirsə,
onların hər birinin təzə ünvanları yaranır.
Anarın yeni ev ünvanları da köhnə evlərindən
uzaqda deyildi. Vaqif küçəsində yarımzirzəmi
ikiotaqlıda yaşadı, o da tən mərkəzə yovuq,
sonra Üzeyir Hacıbəyli küçəsindəki mənzili,
ora da elə bu həndəvərdə. Anar arxada qalan onillər
ərzində nələr yaradıbsa, təbii, onların
böyük hissəsi ya evdə yazılıb, ya işdə.
Başqa sözlə, bir-birinə həddindən artıq
yaxın olan, bir-birindən məsafəsi heç bircə
kilometri aşmayan ünvanların qovuşağında. Ancaq
bu əsərlərin hamısının aqibəti eynidir, onların
hamısının alnına həm məsafəcə, həm
zamanca Azərbaycanın içərisində də, Azərbaycandan
kənarlarda da ağla gəlməyəcək qədər,
min kilometrlərdən də uzaq ünvanlara gedib çatmaq
yazılıb. Həm də bu, Anarın doğurduqlarına
sonradan, illərin keçişiylə nəsib olan məziyyət
deyil, elə cavanlığından həmin
xoşvaxtlılıq Anarı müşayiət edib. Buna da
şəkk yoxdur ki, gələcəkdə də Anar əsərlərinin
yayılma və oxunma coğrafiyası daha da artacaq, bu irs məqamı
yetişincə süni zəkadan usanan məkanlara da səpələnərək
düşüncələrə işığını
ötürəcək. Hara gedib çatacaqsa, oralarda Azərbaycana
sayğını, Azərbaycan istedadı və zövqünə
ehtiramı artıracaq. Çünki Anarın
yazdıqlarının hamısında millətin
böyüklüyü, dərinliyi, ruhca intəhasızlığı
döyüntüsü heç vaxt kəsilməyəcək
nəbz kimi çırpınmaqdadır.
Anar örnək əsərlər yaradıb, milləti
daha çox yaxşısıyla özünə göstərib,
insanımızın bütün milli ləyaqətləri və
üstünlükləri ilə özünü özünə
tanıtmağa səy göstərib. Ancaq Anar bütün həyatı
boyu həm də ülgü əsərlər yaradıb. Elə
əsərlər ki, onlarda Anarın arzuları, millətini
daha gözəl, daha uğurlu edə bilmək layihələri
var. Əslində Anarın böyük sələfləri də
eyni işi görmüşdülər, onların da amalı
millətə daha yaxşı olmanın yollarını,
üfüqlərini nişan verməkdən ibarətdi.
...Nizami Gəncəvinin adını daşıyan
Ədəbiyyat muzeyi Anarın ilk iş yeri olub. Əlbəttə,
burada da bir rəmz var. Həmin binada onun anasının - gələcəyin
tanınan şairi Nigar Rəfibəylinin
uşaqlığı keçmişdi - 1918-ci ilin 15
sentyabrında Qafqaz İslam Ordusu və igid Azərbaycan əsgəri
Bakını azad etdikdən sonra Cümhuriyyət hökuməti
də Gəncədən Bakıya köçür, Nazirlər
Kabinetinin ixtiyarına o vaxt Bakının əsas
mehmanxanası olan "Metropol" verilir, ilk nazirlərimiz
burada həm yaşayır, həm işləyir. Cümhuriyyət
dönəmindəki ilk səhiyyə nazirimizin qızı
Nigar xanım Rəfibəyli ahıl çağlarında ailə
söhbətlərində xırdaca qızkən qısa
müddətə də olsa evinə çevrilmiş əziz
binanın dəhlizlərində
oynayıb-qaçdığını xatırlarmış.
Və 1960-cı ildə Azərbaycan Dövlət
Universitetinin Filologiya fakültəsini yenicə bitirmiş Anar
40 ildən də bir az qabaq nənə-babasının,
anasının, dayılarının yaşamış
olduğu sabiq "Metropol"da, 1939-cu ildən söz məbədinə
çevrilmiş Nizami muzeyində işə
başlamışdı. Bu muzey həmişə
qonaq-qaralı olub və ötən illərdən onların təəssüratlarının
qovuşduğu rəy kitabları yadigar qalıb. İllərin
üstünə nə qədər il gəlir-gəlsin, o
qısa rəylərdəki heyran ovqat həmişə təzədir,
insanı həmin günlərə qaytarandır. İllah da
indi həmin rəyləri o günlərin içərisində
olmuş insan oxuya.
Bunlardan heç Anarın özünün xəbəri
yoxdur. Ancaq illərlə qatı açılmayan bu rəy
kitablarındakı təəssüratlar da Anarın elə
yolunun başlanğıcından seçilən
olmasının göstəricisidir. Həmin rəy
kitablarından birinin bu səhifəsində 1961-ci il sentyabr
ayının 10-udur. Bakı Dövlət Universitetinin Şərqşünaslıq
fakültəsinin bir dəstə tələbəsi Nizami
muzeyinə tamaşa etməyə gəlib və onlara bələdçilik
edən, ekskursiyanı aparan Anar Rzayevdir. Şərqşünaslıq
fakültəsinin tələbələri üçün bu
muzey bəlkə də digər tamaşaçılardan daha
artıq maraqlı idi. Çünki onların ixtisası elə
idi ki, Azərbaycanın əski ədəbiyyatına
başqalarına nisbətən daha yaxındılar, fakültələrində
ərəbdilli, farsdilli mirasımızı da öyrənirdilər.
Ancaq indi onlara izahatı gənc Anar verirdi. Vur-tut 22
yaşı vardı onda. Ekskursiyanı elə
aparmışdı, onun hekayəti o qədər cazibəli
olmuşdu ki, tələbələr rəy kitabında ürək
sözlərini yazmağı vacib bilmişdilər: "Biz,
Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq
fakültəsinin tələbələri bu gün Nizami
Muzeyində olduq. Yoldaş Rzayevin verdiyi izahlar əsasında
Azərbaycanın ən qədim tarixindən tutmuş indiyə
qədər olan ədəbiyyatı, incəsənəti və
mədəniyyəti ilə tanış olduq. Xüsusilə
ekskursiyaçının Nəsiminin fəlakətli həyatı
haqqındakı söhbəti, Füzuli və Nizami guşələrindəki
danışdıqları bizə çox təsir etdi. Qrup
yoldaşlarımız Rzayev yoldaşa öz təşəkkürünü
bildirir".
O vaxt bu yazıya imzanı atanlar - Əşrəf
Şəfiyev, Adil Yəhyayev, Qoşa Altıyev olub. Sonuncu
soyadın qəribə səslənişinin sualını
qabaqlayaraq imzaçı mötərizədə əlavə
edib: "Türkmən". Görünür, o vaxt şərqşünaslıq
fakültəsinə qəbul olunanlardan biri də Aşqabaddan
gələn qardaşımızmış. Lakin
yazılanları tam saymayaraq onlarla gələn başqa bir tələbə
də bu mətnin altında öz razılığını
bir neçə cümləylə ifadə edib. Həmin sətirlərin
yazıldığı vaxtdan 60 ildən də bir az çox
zaman keçir. Bu köhnə təəssüratları
oxuduqca yeni təəssüratlar yaranır: adətən muzeylərdə
ekskursiya aparanlar irəlicədən hazırlanıb təsdiqlənmiş
mətnlər əsasında ölçülü-biçili
bilgilər verib işlərini yola verirlər. Ancaq Anar yolunun
başlanğıcından məsələyə sadə
yanaşmırmış. Nəsiminin həyatı haqqında
elə təxminən özü ilə həmyaş olan bu gənclərə
elə danışıbmış ki, onlar valeh olubmuş.
Onillər ötəcək, Anar Nəsimidən də, Xətaidən
də, Füzulidən də başqa alim və
yazıçıların yüz dəfələrlə
yazmasından sonra elə esselər qələmə alacaq ki,
bu dəfə bütün Azərbaycan oxuyub heyran qalacaq.
Bu rəy kitabı bir az da köhnədir.
Açdığım vərəqdə 1960-cı il
dekabrın 11-idir. Bakı Texniki Peşə Məktəbinin
kollektivi gəlib. Müəllimlər də var, öyrəncilər
də. Onlar da Azərbaycan ədəbiyyatının tarixi,
ayrı-ayrı böyük ədəbi şəxsiyyətlər
haqqında gənc bələdçi Anarın
apardığı ekskursiyadan heyranlıqlarını ifadə
edirlər. Ya başqa bir rəy - rusca yazıblar, altında da
bir dəstə imza. 1960-cı il dekabr ayının 6-sı. Sən
demə, o vaxt Bakı səhiyyə işçilərinin təqaüdçülər
klubu varmış. Onlar təşəkkür edir ki, bələdçi
Anar çox dəqiq və çox geniş, çox
maraqlı bir ekskursiya aparıb. Ekskursiya da rusca olub. Anar orta məktəbi
Azərbaycan dilində oxumuşdu. Ancaq filologiya fakültəsini
rus bölməsində başa vurdu. Azərbaycancası da,
ruscası da ana dili səviyyəsində yüksək idi.
Muzeylərdə isə müxtəlif dilləri sərbəst
bilən insanlara həmişə ehtiyac var. Anar bu baxımdan
da muzeyçün çox münasibmiş.
Bu rəy isə 1960-cı il dekabr ayının 25-nin
saxlancıdır. Stalin adına zavodun işçiləri
yazır. Əvvəlcə muzeyi gəzərkən Azərbaycan
ədəbiyyatının, mədəniyyətinin müxtəlif
dövrləri ilə tanış olmaqdan zəngin təəssüratlar
qazandıqlarını bildirirlər və davam edirlər:
"Biz hədsiz dərəcədə minnətdarlığımızı,
sadəcə dil ilə yox, yazı vasitəsilə bildiririk.
Doğrudan da, çox gözəl bir şəkildə Anar
Rzayev Azərbaycanın keçmiş həyatına dair hadisələri
danışdı və bizim
dünyagörüşümüzü artırdı. Biz qrup
yoldaşları adından Anar Rzayevə və muzey
işçilərinə hədsiz dərəcədə
öz təşəkkürümüzü bildiririk".
Görün ekskursiyanı necə maraqlı aparıb, onlarda
necə dərin təəssüratlar qoyub ki, balaca yazıda
Anarın adını üç dəfə çəkiblər.
Daha bir vərəq çevrilir: 1960-cı ilin 30
dekabrıdır. "Biz respublikanın müxtəlif
rayonlarından Azərbaycan Müəllimləri Təkmilləşdirmə
İnstitutuna gəlmiş bir qrup - 25 nəfər dil-ədəbiyyat
müəllimi Nizami muzeyinə baxarkən elmi və tarixi cəhətdən
çox şey öyrəndik". Artıq bunlar sadə
tamaşaçılar deyillər, müəllimlərdir, Azərbaycanın
müxtəlif rayonlarında dərs deyən dil-ədəbiyyat
müəllimləri, onları heyrətləndirmək, əlbəttə
ki, daha çətindir. Ancaq Anar bunu da bacarıb. Rəylərini
belə yekunlaşdırırlar: "Muzeyin mühazirəçisi
Rzayev yoldaşın qısa, aydın və mənalı
izahatı bizə məlum olmayan çox şeyi
aydınlaşdırdığı üçün təşəkkürümüzü
bildiririk".
Zahirən sanki qeyri-adi heç nə yoxdur: muzeyin bələdçisi
ekskursiya aparıb, Azərbaycan ədəbiyyatı haqqında
danışıb, tamaşaçılar da
razılığını bildirir. Ancaq müqayisə var
axı! Muzeydə Anardan başqa, ondan da əvvəl burada
işləyən bələdçilər vardı, onlar da hər
gün eyni şəkildə bir neçə ekskursiya
aparırdılar. Ancaq nədirsə, muzeydən alınan
xoş təəssüratları əks etdirən digər rəylərdə
ekskursiyaçının adını çəkmirlər,
daha çox muzeyin öz gözəlliyindən bəhs edirlər.
O vaxt 22 yaşlı Anar gündəlik işini görür,
başqa sıravi ekskursiyaçıların etdiyini
edirmiş. Ancaq əhəmiyyətli bir fərqlə ki, bu adi
işi digərləri kimi deyil, Anar kimi yerinə yetirirmiş.
İllər sovuşdu, Anarın 32 yaşı da oldu,
42-yə də çatdı, 52-ni də haqladı, 62-ni də,
72-ni, 82-ni də arxada qoydu. Ancaq yolun əvvəlində
olduğu kimi, dəyişən onillərdə də eyni
faydalılıqda qaldı, yaşı və bilikləri
artdıqca millətəxeyir əməllərinin də
üfüqləri genişləndi.
Anar kimi bütün ömrü boyu fayda verməkdə
davam edən şəxsiyyətləri düşünürkən
həmişə xəyalımda köklü-köməkli tut
ağacı yaşıllanır. Tut ağacları adətən
yay günlərində insanları çətirinin kölgəsinə
toplayır. Başlanğıcdakı körpəcə fidan
asta-asta böyüyür, çətiri o qədər
genişlənir ki, altına onlarca adam sığır, ancaq
ağac həm də ahəstə-ahəstə yaşa dolub
qocalır. Fəqət payız ötür, qış arxada
qalır, yenə yaz gəlir. O qocaman ağac yenə
puçur-puçur tumurcuqlayır, sütül yarpaqlar
açır, yay yetişincə yeni bəhrələrini
verir. 10-20 il əvvəl, 30 il irəli, 60 il öncə, 70 il
qabaq olduğu kimi, şirin bəhrələri ilə sanki təzədən
doğulur. Vaxt ötüb, onillər sovuşub, ancaq o əvvəlki
dad, təravət yenə qalmaqdadır.
Anar ədəbiyyatımızın kökləri
çox dərinlərə işləmiş, çətiri
çox geniş açılmış belə qocalmaz tut
ağaclarındandır.
Anar böyük ədəbiyyatda olduğu yeddi onil
boyunca çox əsərlər yaradıb, ədəbiyyatın
ən müxtəlif istiqamətlərinə üz tutub.
Romanlar da, povestlər də, hekayələr də yazıb,
ssenarilər də, essələr də qələmə
alıb, tərcümələr də edib, şeirləri də
var. Amma etdiklərini içəridən yaxşı edə-edə,
heç üstünü vurmadan yolüstü digər
yenilikçiliklər də edib - ədəbiyyatımızdaklı
bəlli söz qəlibləri, məlum yazı şəkilləri
sırasına Anaracan olmayan ülgülər artırıb,
sonra neçələri o biçimdə yazıb, həmin
yolu tutub gedib. Məktəbə dönmək ayrı nə təhər
olur ki?!
Anarın bütün fəlsəfəsiylə millət
quruculuğuna səmtlənmiş ədəbi
yaradıcılığının yanında vacibdən-vacib
ayrı bir istiqamət də var. 1969-cu ildə gənc Anar Azərbaycanda
çıxan yeni bir dərgiyə - "Qobustan"a rəhbərlik
etməyə başlayır və 20 il o jurnalla yaşayır.
"Mən gəlmişəm"i dərginin adından və
onun yanındakı kəlmədən
başlamışdı. Saya camaatın ilan mələyən
yer kimi baxdığı Qobustanı milli kimlik
ünvanımızın ən qocamanlarından hesab etdiyindən
nəşrinə başlayacaq jurnala bu adı
seçmişdi.
Əgər son "hə"ni verən Azərbaycan
Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi Cəfər
Cəfərov kimi işıqlı insan olmasa idi, belə sərlövhəli
bir jurnalın tariximizə düşəcəyi
mümkünsüz olardı. Həm də Anar yeni işıq
üzü görəcək məcmuəni Azərbaycan
oxucusuna "jurnal" kimi deyil , "toplu" deyə təqdim
edirdi.
Millətimizin tarixində düşüncə dəyişən,
vaxtın rənginə və sürətlərinə təsir
göstərən qəzetlər də, jurnallar da olub. XX əsrin
başlanğıcında Mirzə Cəlillə Ömər
Faiq Nemanzadənin "Molla Nəsrəddin", Əli bəy
Hüseynzadənin "Füyuzat"ı millətin yeni vaxt
kəsiyində inkişafına təkançıya
çevrildi. Həm məzmunlarıyla, ətraflarına
topladıqları nur daşıyıcısı zəka və
qələm sahibləri ilə, həm də onların
dalğasıyla, yaranan yeni dərgilər, yeni nəşrlərlə.
Eyni siqlətli və həm də vətəndaşlıq
hünəri sayıla biləcək təpərli işi
ayrı bir zaman çərçivəsində doktor Cavad Heyətin
Güneydə yaratdığı "Varlıq" dərgisi
yerinə yetirdi.
O qütblə bu qütbün arasında Anarın
"Qobustan"ı dayanır.
"Qobustan" Azərbaycan ədəbi-mədəni
mühitinə saf səhər havası kimi gəldi. 1969-cu ildə
doğularaq oxucularla ilk dəfə 1970-ci ildə
görüşən "Qobustan" toplusunun ilk sayı
başqa mətbuat kimi qəzet köşklərində yox,
kitab dükanında satılırdı. Yəni əvvəldən
bu topluya istər-istəməz kitab kimi
baxılmışdı və indi, üstündən zaman
keçəndən sonra Anarın yaratdığı
"Qobustan"ları üst-üstə qalaqlayarkən
görürsən ki, bu dərgi, həqiqətən, çox
mühüm millət kitabı imiş.
Anar "Qobustan"ın ilk addımlarından bu gəlişin
adilikdən uzaqlığını əyan etməyi
bacarmışdı. Sovet dövründə təzə bir qəzetin-jurnalın
nəşrinə başlamaqçün Moskvayadaək uzanan
bürokratik razılıqalma labirintindən keçilməli
idi. Ancaq Cəfər Cəfərov fənd işlətmişdi,
bu nəşri yeni jurnal kimi yox, 1957-1958-ci illərdə Mehdi Məmmədovun
redaktorluğu ilə 3 sayı buraxılmış "İncəsənət"
jurnalının sadəcə adının dəyişdirilərək
davam etdirilməsi kimi qələmə vermişdi.
"Qobustan" gəldi və ilk görsənişindən
dili, üslubu, təlqin etdiyi yenilikçi düşüncə
ifadəsi ilə o dövrdəki qəzetlərin,
jurnalların heç birinə bənzəmədi. Azərbaycanın
1970-1990-cı illər gəncliyinə, bütövlükdə
ziyalılığımıza "Qobustan"dan daha artıq
təsir edən ayrı bir nəşri təsəvvür etmək
mümkün deyil. Di gəl, "Qobustan" lap
başlanğıcdan həm də paxıl və rəzil
müqavimətlərlə, hikkəli həmlələrlə,
irinli süngülərlə qarşılanmışdı.
Özü də bu dərgiyə hücum edənlər
respublikada tanınmış vəzifə və nüfuz yiyələri,
adlı-sanlı qələm sahibləri idilər. 1971-ci il
iyun ayının 27-də o vaxt Azərbaycanın ən birinci
qəzeti sayılan "Kommunist"in birinci səhifəsində
dərc edilən "Solmaz ilham çeşməsi" adlı
məqaləni Azərbaycanın ən tanınmış
şairlərindən biri yazmışdı və qeyzlənirdi
ki, Azərbaycan dilinin indiki yüksək inkişaf səviyyəsinə
çatdığı bir dövrdə "Qobustan"
jurnalının dilini başa düşmək
üçün azərbaycancadan Azərbaycan dilinə tərcümə
edən bir lüğət lazımdır.
Həmin dövrün digər sözükeçər
nəşri "Kirpi" isə "Qobustan"da yeni rəsm"
adlı tikanlı məqaləsinin yanında bir karikatura da
vermişdi. Rəsm "Qobustan"ı digər
"günah"ları ilə yanaşı, həm də
vaxtlı-vaxtında çıxmadığına,
tısbağa ləngliyi ilə irəlilədiyinə görə
məsxərəyə qoyurdu. Elə həmin günlərdə
Dövlət Mətbuat Komitəsinin sədri də bekar
durmamış, Mərkəzi Komitəyə, sözün elə
birbaşa mənasında, donos göndərmişdi. Məsələ
qaldırırdı ki, "Qobustan" jurnalını
bağlamaq lazımdır. Guya dövlət xəzinəsinin qeydinə
qalaraq jurnalın əməkdaşlarının iş görməyərək
havayı yerə maaş aldığını, dövlətin
pullarının yelə sovrulduğunu bəyan edir, jurnalı,
onun rəhbərini az qala cinayət törətməkdə
suçlayırdı.
Fəsildə bir yol çıxan
"Qobustan"ın nəzərdə tutulan vaxtda buraxılmaması
əslində düz irad idi, ancaq bu, redaksiyadan asılı məsələ
deyildi. "Qobustan" ilk dərgi idi ki, orada müntəzəm
olaraq rəssamların əsərləri, miniatürlər dərc
edilirdi, həmin vaxtlarsa rəngli çapın
müşkülləri çox idi. Toplunun yazıları bir
neçə ay öncədən hazır olsa da, mətbəənin
imkansızlığı ucbatından onların vaxtında nəşri
mümkün olmurdu. Ancaq "Qobustan"a diş qıcayanlar
bu kəsiri də "Qobustan"ın ayağına
yazır, yuxarılara həqiqəti baş-ayaq edərək
çatdırırdılar.
Hələ bu
harasıdır?! Yuxarıdan daha yuxarı - Moskva da vardı
axı. Bakıdan Kremlə göndərilən
evyıxıcı donoslardasa atılan çamur, vurulan ləkə
daha qorxunc idi. "Qobustan"ı və onun redaktoru Anarı
pantürkizmdə, siyasi səbatsızlıqda ittiham edirdilər.
Bu, istəməyənlərin, qara qüvvələrin birbaşa
Anara və Rəsul Rzaya qarşı yürüşü idi.
O mərdümazarlar Anarın Türkiyədə, siyasi
mühacirətdə olan qohum-əqrəbasından gözəlcə
agah idilər və hansı nöqtədən vurmağın
çəmini mükəmməl bildiklərindən zərbəni
türkçülük sarı yönəldirdilər.
Görün nə təhər yazıblarmış ki,
SSRİ rəhbərliyində olanlardan biri, Mərkəzi Komitə
katibi İvan Kapitonov təəccüblə soruşubmuş
ki, məgər bu jurnal Bakıda türk dilində
buraxılır?
Oaragüruhçular ona nail olmuşdular ki,
"Qobustan"ın məsələsi Azərbaycan Kommunist
Partiyası Mərtkəzi Komitəsinin Bürosunadək gedib
çıxmışdı, qəzet-jurnalda, donoslarda
yazdıqlarını oradakı müzakirələrdə
açıqca da söyləmişdilər, Anarı az qala
siyasi cəhətdən zərərli, sosialist
dünyagörüşü ilə uyğun gəlməyən
yazıların dərc edilməsinə rəvac verən şəxs
kimi qaralamışdılar. Elə çıxışlar
etmişdilər ki, 1937 olsa idi, gərək həmin
yığıncaqdan sonra Anarın sorağı Dövlət
Təhlükəsizlik Komitəsinin təcridxanasından gələ
idi.
Və bu da ayrı
tarixdir ki, insanlarımızın bilməsi hökmən
lazımdır.
1969-cu ilin yayında Heydər Əliyev Azərbaycana rəhbərliyə
başlamışdı və ona Moskvadan verilən ilk əsas
tapşırıqlardan biri ideoloji sahədə nizam yaratmaq,
daha əvvəl baş vermiş bir para ideoloji
"şuluqluqların" bir daha təzahür etməsinə
yol verməmək idi. Anarın əleyhdarları elə yüksək
məqamlı adamlar idilər ki, belə pərdəarxası
təfərrüatları göydə tuturdular və o səbəbdən
də "Qobustan" məsələsini Heydər
Əliyevin hüzurunda müzakirəyədək gətirib
çıxarmağa müvəffəq olmağı artıq
qəti qələbələri sanırdılar. Stenoqramlar
yaddaşını zamanın poza bilmədiyi müddətsiz
şahidlərdir. O müzakirələri olduğu kimi
canlandırırlar.
"Qobustan" əleyhinə yazıların ortaya
çıxmasının fitnəsini verənlər
çıxış edir, olmazın ittihamlar
yağdırır, töhmətləndirmələrin ən
ağırını da Anarın və onun
"Qobustan"ının siyasi cəhətdən bel
bağlanası olmaması tərəfə vururlar. Əllərinə
girəvə düşmüşdü, Anarın taleyini birdəfəlik
şikəst etmək əzmində idilər. O
danışır, bu danışır, sonra başqa məsələlər
müzakirə olunur və nəhayət, plenumun sonunda Heydər
Əliyev yekun nitqini edir. Müşavirə
iştirakçılarına sualla başlayır ki, bu
günlərdə "Pravda" qəzetində yeni dərs
ilinin başlanması ilə əlaqədar Anarın hekayəsi
dərc edilib, oxumusunuzmu?
Və dərhal əlavə edir ki, mən oxudum, heyran
qaldım, həm siyasi nöqte-yi nəzərdən son dərəcə
məzmunlu, bizim xəttimizi ifadə edən, həm də gəncliyin
tərbiyəsi baxımından son dərəcə
faydalı.
Bu müdrik şəxsiyyət bir-iki cümləsi ilə
bayaqdan boğaz yırtanların hamısının
cavabını verir. Ən əvvəl o cavabı verir ki, bu
cavan yazıçını siyasi baxımdan vurmağa cəhdlər
əbəsdir, o, doğru yoldadır, dövlətə də,
xalqa da gərək olan işləri görür.
Heydər Əliyev Azərbaycan Sovet Respublikasına
yenicə rəhbərlik etməyə
başlamışdı. O, özü də cavan idi, Anarsa daha
gənc idi. Ancaq elə o vaxtlar çox uzaq sabahları
görməyə qadir Heydər Əliyev gənc Anardakı
işığı sezmişdi, ona görə də
köksünü qabağa verərək onu xəbis
düşüncə ziyanvericilərindən qorumağı qət
etmişdi. Böyük ölçüdə bu qoruyuculuq
unudulmaz Heydər Əliyevin həm də Azərbaycan ədəbiyyatına,
Azərbaycan mədəniyyətinə, Azərbaycan mənəviyyatına
əvəzsiz xidməti idi.
...Anarın zəngin yaradıcılığı
haqqında az yazılmayıb, yəqin, gələcəkdə
də yazanlar olacaq. Məqalələr, kitablar, dissertasiyalar bəs
deyincədir, amma yenilərinin də gələcəyi istisna
deyil. Böyük yaradıcılıqlar yeni gözlə
baxmanı hər yeni nəsildən özü tələb
edir. Ancaq Anarın ayrı-ayrı əsərlərinin bədii
məziyyətləri öz yerində, gərək onun
yaradıcılığının, ədəbi
missiyasının, bir ziyalı olaraq Azərbaycan
varlığından keçən yolunun da dürüst qiyməti
verilə. Anar hansı səmtə üz tutubsa, harada fəaliyyət
göstəribsə, həm də bu, yalnız ədəbi, bədii
yaradıcılığa aid deyil, onun iş gördüyü
bütün istiqamətlərə aiddir, yenilikçi və
qurucu izləriylə fərqlənib.
Azərbaycan Radiosunda 1960-cı illərin əvvəllərində
qısa müddət işləyib. Ancaq onun o vaxt
gördüyü işlərin əks-sədası bu günə
də gəlib çatmaqdadır. Radioda çalışarkən
"Səslər muzeyi" adlı veriliş düzəldib.
İndi Azərbaycanın ayrıca Dövlət Səsyazma
Arxivi var. Səs irsimizin toplandığı müstəsna xəzinə.
Azərbaycan Radiosunun özü də səs sərvətlərimizin
cəm olduğu ayrı bir dəfinədir. Ancaq Anarın o
vaxt yaratdığı "Səslər muzeyi" verilişi
gününə görə bir yenilik, xatirəyə,
keçmişə hörmətin əlaməti idi. Həmin
verilişdə artıq həyatda olmayan seçkin
insanların yadigar səsləri toplanmışdı.
Verilişə qoyduğu ad da Anarın sabah
görücülüyünün, gələcək
"inşaatçılığı"nın bir işartısı,
illər sonra fəaliyyətə başlayacaq Dövlət Səsyazma
Arxivinin təklif-layihəsi kimi qavranıla bilər. Ancaq o
vaxt mühafizəkar rəhbərlik həmin verilişi efirə
buraxmırmış. Deyirlərmiş ki, bu nədir,
ölüləri yığmısan bir verilişə, yasxana
açırsan. Lakin hazırlanıb rəfdə qalan o
verilişin qapısını açan Moskvada yüksək
çinli bir dövlət adamının vəfat etməsi
olur. Moskva - Mərkəzi televiziya matəm xəbəri
yayır, kədərli musiqi nömrələri səslənir
və Anar da o günlərdə çoxdan hazırlansa da,
efirə getmədən qıraqda qalan "Səslər
muzeyi"ni rəhbərliyin yadına salır. O zaman
Radio-televiziya Verilişləri Komitəsinin radio üzrə
müavini qayıdır ki, hə, yaxşı, verin getsin,
onsuz da yasdır.
Veriliş səslənir, elə rəğbət
qazanır, o qədər dinləyici məktubları gəlir
ki, qərara alınır, bundan sonra silsiləyə
çevrilsin. Beləcə, daha bir Anar qəlibi yaranır, həmin
veriliş son illərədək davam etdirilirdi.
1987-ci ildə Anar Yazıçılar Birliyinin rəhbərliyinə
gəldi və buradakı mühafizəkar şəbəkəni
qısa müddətdə sındırdı, gənclərə,
işıqlı yaradıcılığa meydan açdı.
İndi bəzən gileylənənlər tapılır ki, Azərbaycan
Yazıçılar Birliyinə Anarın
başçılığı dönəmində üzvlərin
sayı artıq neçə minə çatıb. Ancaq bu da
unudulmasın ki, Azərbaycan Yazıçılar Birliyinə
Anarın rəhbərlik etdiyi müddətəcən orada
üzvlərin sayı 200-300 arasında idi və əsl
yazıçı olan o qədər istedadlılar vardı ki,
onların üzvlüyə gedən yolunda Çin səddi
kimi aşılmaz maneələr yaradılırdı.
...1969-cu ildə Anarın Azərbaycandan kənarda,
"Drujba Narodov" jurnalında Bakıda çapına imkan
verilməyən "Anlamaq dərdi" adlı məqaləsi
dərc edilmiş, yazı İttifaq miqyasında əks-səda
doğurmuşdu. Ancaq bu yazının başqa əks-sədaları
da oldu ki, bu, artıq Anarın özü üçün
müəyyənləşdirdiyi ömür və
yaradıcılıq düsturu ilə əlaqədar məsələdir.
O yaradıcıları ki Anar millət və yurd
üçün açar simalar kimi dərk edib, onlardan
ömrü boyu ayrılmayıb. Çünki vəzifələri
millət quruculuğu olmuş həmin şəxsiyyətlərlə
Anar özü də məsləkdaş, ürəkdaş,
fikirdaş idi. Mirzə Cəlillə bağlı məqalə
yazmışdı, ardınca telepyes gəldi, Ancaq bunu da kifayət
hesab etmədi, şəbəkə tamamlansın deyə Mirzə
Cəlil haqqında "Qəm pəncərəsi"
adlı filmi də araya-ərsəyə gətirdi. Eyni şəkildə
ana kitabımız, Qorqud oğuznamələri və Dədə
Qorqudun özü haqqında düşünüb, bu barədə
elmi əsər də yazıb, uşaqlardan ötrü povest də,
kinossenari də. Üzeyir bəy də eyni cür, Hüseyn
Cavid də həmin təhər, Cəfər Cabbarlı da həmin
sayaq. Millətin bel sütunu və dayağı olan şəxsiyyətlərimizlə
Anar ömrü uzunu ruh yoldaşlığı edib, onlardan
ayrıldığı olmayıb. Özü də həmin
qafilədən olduğundan, Anar bütün yaradıcı
ömür boyu o yolu davam etdirib, bu gün də həmin yolda əvvəlki
inamıyla, əvvəlki qətiyyəti ilə irəliləməkdədir.
...Hərənin bəxtinə bir ömür
düşür, hansısa uzun, hansısa qısa. Ancaq
ömrün uzunluğunu-qısalığını müəyyən
edən başlıca cəhət heç də illərin
çoxluğu, ya azlığı deyil. Əsas olan həmin
ömrü dolduran hadisələr, insanlardır. Anarsa şəxsiyyətlərlə,
olmuşlarla, bir-birindən munis çöhrələrlə,
mübarizələrlə dolu ömür yaşayıb. Elə
bir ömür ki, əslində təqvimdə olduğundan
qat-qat uzun bir həyatdır.
Əli qələmli yaradıcı
babalarımızın şakərlərindən biri də
toplayıcılıq olub. Təzkirələr, cünglər,
bəyazlar düzəldiblər və bu məcmuələrdə
sevimli şeirlərini cəm ediblər. Günlərin birində
Anar da həmin işə girişdi, "Min beş yüz ilin
oğuz şeiri" adlı bir toplu düzəldib nəşr
etdirdi. Orxon-Yenisey kitabələrindən tutmuş yeni zamanadək
hər mahir qələmdən bir çiçək dərib
dəstə bağladı.
Bu 1500 illik yol əslində Anarın içəri
dünyasıdır. Anarın
yaradıcılığının vaxt hüdudları elə
bu 1500 il deməkdir. Onun duyğularında, düşüncələrində,
millətimizə bağışladığı qələm
bəhrələrində həmin 1500 illik yolun təcrübələri
və o təcrübələrin üstünə
özünün əlavə etdikləri var. Anar nə
yaradıbsa, hamısı yurdun, millətin, oğuzluğun
1500 il yol müddətindəki ürək döyüntüləri
ilə səs-səsədir.
Və bunun özü elə bir işarətdir ki, bu
yaradıcılıq nə qədər yaşayacaq.
Ömür ilahi töhfəsi olduğu kimi, ömrü
dolduranlar da Tanrının insana hədiyyəsidir. Belə bir
böyük sağlam bütövün ayrılmaz
parçası olan irsin, yaradıcılığın və
şəxsiyyətin ömrü də, əlbəttə, elə
həmin bütövün ömrü qədərdir.
...Anarın yaşı nə qədərdir? Bir tərəfdən
sənədlərdəkilərdən qat-qat uzun - belə bir zəngin
ömür, belə bir əngin yaradıcılıq bu balaca
illərin içərisinə sığmaz. Amma Anar bu gün
də yazıb-yaratmaqdadır.
Bu an da onun, köhnə ifadə ilə desək, qələmindən,
yeni ifadə ilə söyləsək, bilgisayar üzərində
gəzən barmaqlarının ucundan yeni-yeni əsərlər
pöhrələnir, təzə yazdıqlarının hər
biri də ədəbi mühitimizdə tərpəniş
yaradan daha bir yeniyə çevrilir. Bunca parlaq, bunca tükənməz
Anarı olan xalq bəxtiyar sayılmazmı?!
15 fevral 2026
Rafael HÜSEYNOV
Akademik
525-ci qəzet .- 2026.- 20 fevral(№7).-S.18-20.