Ədəbiyyatşünas-alim Araz Dadaşzadənin 90 illiyi qeyd edilib

 

Azərbaycan Yazıçılar Birliyində (AYB) ədəbiyyatşünas-alim Araz Dadaşzadənin 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

525.az xəbər verir ki, tədbirdə AYB rəhbərliyi, millət vəkilləri, tanınmış ictimai xadimlər, ədəbiyyatşünaslar, mərhum alimin ailə üzvləri və media nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli alimin ötən əsrin 60-80-cı illərində apardığı tədqiqatlar, xüsusən Molla Pənah Vaqifə, Qarabağ ədəbi mühitinə, onun görkəmli simalarına həsr etdiyi tədqiqatlardan söz açaraq bildirib ki, bu tədqiqatlar bu gün Qarabağın işğaldan azad edildiyi bir dövrdə yenidən aktuallıq kəsb edir və bugünkü nəsillər üçün də o tədqiqatların böyük əhəmiyyəti var.

İ.Həbibbəyli əlavə edib ki, Araz Dadaşzadənin Molla Pənah Vaqifin həyatı və yaradıcılığı haqqında hələ ötən əsrin 60-ci illərində ərsəyə gətirdiyi monoqrafiya qiymətli mənbələrə və arxiv sənədlərinə, həmçinin istinadlılıq və analitik təhlillərinə görə bu gün də böyük şairimiz haqqında ən qiymətli monoqrafik tədqiqatlardan biri kimi qəbul olunur. A.Dadaşzadənin “XVIII əsr Azərbaycan lirikası” adlı kitabı ölkəmizdə bir epoxanın ədəbiyyatına həsr olunmuş ilk ümumiləşmiş tədqiqat əsəri kimi böyük elmi əhəmiyyətə malikdir.

Akademik Nizami Cəfərov çıxışında A.Dadaşzadəni ən böyük vaqifşünaslardan biri kimi səciyyələndirib. O bildirib ki, Araz Dadaşzadə vaqifşünaslıqda sıradan bir tədqiqatçı deyil: “İlk növbədə ona görə ki, geniş elmi-nəzəri dünyagörüşü olan ədəbiyyatşünas öz sələflərindən fərqli olaraq Vaqifə həm dünya ədəbiyyatı, həm də 60-cı illərdən etibarən meydana çıxan yeni ideya-estetik mühakimə və mükalimələr kontekstində baxa bilmişdi”.

Professor Vaqif Yusifli çıxışında bildirib ki, Araz Dadaşzadə əsl ədəbiyyat adamı idi, ədəbi prosesdə fəallığı ilə seçilirdi. Onun həm klassik ədəbiyyatla, həm də müasir ədəbi proseslə bağlı məqalələri, namizədlik və doktorluq dissertasiyalarına verdiyi rəylər, onlarla elmi əsərlərdə redaktor kimi çalışmaları, ayrı-ayrı tamaşalara həsr etdiyi resenziyalar, Yazıçılar İttifaqında keçirilən mötəbər müşavirələrdə çıxışları buna sübut ola bilər.

AYB-nin sədri, Xalq yazıçısı Anar mərhum alimlə dostluq münasibətlərindən söz açıb, onunla bağlı unudulmaz xatirələrini tədbir iştirakçıları ilə bölüşüb. Onu təkcə bir ədəbiyyatşünas kimi deyil, həm də zərif musiqi duyumuna malik bir insan kimi səciyyələndirən natiq A.Dadaşzadənin Şostakoviç musiqisinin mahiyyətinə varmaq iqtidarına malik olduğunu da nəzərə çatdırıb.

Daha sonra tədbirdə akademik Teymur Kərimli, Xalq yazıçısı Çingiz Abdullayev, “Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə, professor Rüstəm Kamal, AYB-nin katibi Elçin Hüseynbəyli, professor Kamilə Dadaşzadə, Əməkdar jurnalistlər Namiq Əhmədov, Tahir Aydınoğlu, filologiya üzrə fəlsəfə doktoru Aqşin Dadaşzadə çıxış edərək görkəmli alimin elmi irsindən söz açıb, Azərbaycan ədəbiyyatşünaslığı üçün gördüyü əvəzsiz xidmətlərdən danışıblar.

Sonda ailəsi adından çıxış edən- A.Dadaşzadənin qızı, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Zümrüd Dadaşzadə göstərilən hörmət və ehtirama görə, tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.

 

Şahanə Müşfiq

525-ci qəzet .- 2026.- 20 fevral(¹7).-S.17.