“Ruh” Akademik Milli Teatrın səhnəsində
Fevralın 18-də Akademik Milli Dram Teatrında Xalq
yazıçısı Kamal Abdullanın “Ruh” əsəri əsasında
hazırlanan eyniadlı tamaşa nümayiş olunub.
Bu barədə Mədəniyyət Nazirliyindən məlumat
verilib.
Bildirilib ki, bu, Füzuli Dövlət Dram
Teatrının repertuarında olan və ötən ilin
noyabrında premyerası keçirilən səhnə əsərinin
Bakıda ilk nümayişidir. Tamaşanın
quruluşçu rejissoru Mirzə Nicat, quruluşçu rəssamı
Ellinaz Balaşova, musiqi tərtibatçısı Sənan
Sevindikzadə, rejissor assistenti Gülgəz Soltanovadır.
Əsərin əsas qayəsi insanın
özünüdərk prosesindən, onun öz ruhu ilə
qarşılaşmasından və daxili aləmin dərinliklərinə
enməsindən ibarətdir. Qəhrəmanla Ruh arasında
aparılan dialoqlar, rəmzi səhnələr və təkrarlanan
mistik motivlər insanın öz varlığına verdiyi
sualların poetik ifadəsinə çevrilir. Əsərdə
zaman və məkan sabit deyil. Hadisələr bəzən
keçmişə qayıdır, bəzən gələcəyə
keçir.
Personajlar gerçək kimlikdən daha çox rəmzi
mahiyyət daşıyır. Onlar qəhrəmanın mənəvi
halətlərini, daxili parçalanmasını,
qorxularını, ümidlərini və düşüncələrini
təcəssüm etdirir. Ruh yalnız metafizik kateqoriya deyil, həm
də qəhrəmanın içindəki işıq, həqiqət
və mənəvi axtarışın rəmzidir.
Personajların ruhla qarşılaşması onların daxili təmizlənməsinə,
özünü tanımasına səbəb olur.
Tamaşada rolları aktyorlar Anar Buludov (Tərki
Dünya), Sevinc Məmmədova (Qorxacaq Qadın), Qaçaq
Qarayev (Şübhəli Məxluq), Elçin Məmmədov
(Narahat Adam), Əli Hüseynov (Ağciyər), Səbuhi
Əhmədov (Kimsəsiz) oynayıb.
Azərbaycan Teatr Xadimləri İttifaqının sədri,
Xalq artisti Hacı İsmayılov çıxış edərək
Füzuli Dövlət Dram Teatrının “Ruh”
tamaşasının Milli Teatrın səhnəsindəki
nümayişini əlamətdar mədəni hadisə kimi dəyərləndirib,
kollektivi və müəllifi təbrik edib.
Xalq yazıçısı Kamal Abdulla
yaradıcılığına müraciət etdiyi
üçün Füzuli Dövlət Dram Teatrının
kollektivinə və yaradılan şəraitə görə
Akademik Milli Dram Teatrının rəhbərliyinə öz təşəkkürünü
bildirib.
525-ci qəzet .- 2026.- 20 fevral(¹7).-S.17.