Türkologiya tarixində Birinci
Türkoloji Qurultayın müstəsna yeri
1926-cı ilin fevralında Bakı şəhəri təkcə
regional miqyasda deyil, bütövlükdə türk
dünyasının elmi və mədəni xəritəsində
simvolik bir mərkəzə çevrildi. Birinci Türkoloji
Qurultay – elmi ədəbiyyatda “Birinci Türkoloji Qurultay”,
“Bakı Türkoloji Qurultayı”, “1926 Bakı Qurultayı”
adları ilə də tanınan bu mötəbər tədbir,
türk xalqlarının dilləri, mədəni irsi və
elmi əməkdaşlıq perspektivləri üzərində
düşünən alimləri ilk dəfə bu qədər
geniş və sistemli şəkildə bir araya gətirdi. Qeyd
edilməlidir ki, Qurultayın rəsmi və orijinal adı Azərbaycan
dilində nəşr olunmuş proqramın cildində “Birinci
Ümumittifaq Türkoloji Qurultay” kimi göstərilmişdi.
Qurultay çərçivəsində türk dillərinin
elmi müzakirəsi yeddi əsas problem sahəsi üzrə
aparılmış və bu istiqamətlərdə müvafiq
qərarlar qəbul edilmişdi: əlifba məsələsi,
imla və orfoqrafiya problemləri, terminologiya, tədris və
metodika məsələləri, qohum və qonşu dillərin
qarşılıqlı əlaqəsi və interferensiya
problemləri, türk dillərinin ədəbi dil məsələləri,
o cümlədən ortaq ədəbi dil problemi, həmçinin
ulu dil nəzəriyyəsi və türk dillərinin tarixi məsələləri.
Bu müzakirələr türk dünyasında elmi birlik
ideyasının formalaşmasında mühüm
dönüş nöqtəsi oldu. Türkologiyanın
inkişaf istiqamətini müəyyən edən, türk
xalqlarını ortaq mədəniyyət və dil
platformasında birləşdirən bu intellektual təşəbbüs
– 1926-cı il fevralın 26-dan martın 6-dək Bakı şəhərində
İsmailiyyə sarayında keçirilmiş Birinci
Türkoloji Qurultay – XX əsrdə türk xalqlarının mədəni
inteqrasiyasında yeni bir mərhələnin əsasını
qoydu, geniş coğrafiyada yaşayan müxtəlif türk
toplumları üçün taleyüklü məsələlərin
müzakirə edildiyi və elmi əsaslandırılmış
həll yollarının formalaşdırıldığı
tarixi bir tribuna rolunu oynadı.
Bu Qurultay təkcə Azərbaycan elmi mühitində
deyil, bütövlükdə Türk dünyasında
türkologiya elminin sistemli inkişaf mərhələsinin
formalaşmasında mühüm rol oynadı, türk
xalqlarının dillərinin, ədəbiyyatının,
etnoqrafiyasının və tarixi-mədəni irsinin elmi əsaslarla
öyrənilməsi üçün möhkəm nəzəri
və praktik baza yaratdı. Qurultay yalnız əlifba və
orfoqrafiya məsələləri ilə məhdudlaşmadı,
elmi terminologiyanın sistemləşdirilməsi, türk dillərinin
orfoqrafik tədqiqi, ölkəşünaslıq, arxeoloji və
etnoqrafik araşdırmalar kimi sahələri də əhatə
etməklə türkologiyada multidissiplinar yanaşmanın əsasını
qoydu.
Bu gün Birinci Türkoloji Qurultayın keçirilməsindən
bir əsr ötür. Tarixi sınaqlardan keçmiş bu
ideyalar çağdaş dövrdə yenidən aktuallıq
qazanmaqdadır. Qloballaşmanın artan təsiri fonunda
türk xalqları arasında ortaq əlifba və dil məsələlərinin
həlli həm elmi və akademik birliyin güclənməsinə,
həm də milli-mənəvi bütövlüyün bərpasına
xidmət edən mühüm amillərdən biri kimi
çıxış edir.
Birinci Bakı Türkoloji Qurultayının tarixi və
elmi əhəmiyyətini daha dolğun təsəvvür etmək
üçün bir sıra faktlar xüsusilə diqqətəlayiqdir.
Qurultayda ümumilikdə 12 ölkədən: Azərbaycan,
Türkiyə, Almaniya, Macarıstan, Rusiya, Ukrayna, Qazaxıstan,
Özbəkistan, Qırğızıstan, Türkmənistan,
Gürcüstan və Ermənistandan – nümayəndələr
iştirak etmişdi. Bununla yanaşı, Krım,
Tatarıstan, Başqırdıstan, Dağıstan,
Çuvaşiya, Kalmıkiya, Kabarda-Balkar, İnquşetiya,
Noqay ordası, Çeçenistan və digər bölgələrdən
müxtəlif türk toplumlarını və muxtar
qurumları təmsil edən nümayəndələr
qatılmışdı.
Qurultayda ümumilikdə 134 nəfər iştirak
etmiş, 17 iclas keçirilmişdi. Bu iclaslarda türk
xalqlarının, bütövlükdə Türk
dünyasının dili, tarixi, etnogenezi, etnoqrafiyası, ədəbiyyatı
və mədəniyyəti ilə bağlı 38 elmi məruzə
təqdim olunmuşdu. Qurultaya Azərbaycan SSR Mərkəzi
İcraiyyə Komitəsinin sədri Səmədağa
Ağamalıoğlu sədrlik etmiş, Rəyasət Heyətinə
isə həm yerli, həm də xarici nüfuzlu alimlər
seçilmişdi. Onların sırasında Azərbaycandan
Ruhulla Axundov və Həbib Cəbiyev, tanınmış şərqşünas
və tarixçi alim akademik Vasili Bartold, akademik Sergey Oldenburq,
Avropa alim heyətinin nümayəndəsi professor Teodor Menzel,
RSFSR Xalq Maarif Nazirliyindən İosif Naqovitsin, professor Bəkir
Çobanzadə, SSRİ Elmlər Akademiyasının
müxbir üzvü Aleksandr Samoyloviç, Qazaxıstandan
Əhməd Baytursun, Yakutiyadan İsidor Baraxov, Şərqşünaslıq
Assosiasiyasından İlya Borozdin və Mixail Pavloviç,
Tatarıstandan Qalimcan İbrahimov, Başqırdıstandan Kərim
İdelqujin, Türkiyədən SSRİ EA-nın xarici
müxbir üzvü professor Fuad Köprülüzadə,
Dağıstandan Cəlaləddin Qorxmazov, Özbəkistandan Rəhim
İnoqamov, Qırğızıstandan Qasım
Tınıstanov, Türkmənistandan Bekki Berdiyev, Krımdan
Hüseyn Ağçokraklı və Həbibulla Odabaş,
Şimali Qafqazdan isə Umar Əliyev kimi tanınmış
alim və ictimai xadimlər var idi.
Bundan əlavə, Azərbaycan nümayəndə heyətinin
və digər respublikaların təklifləri əsasında
Əli bəy Hüseynzadə, Villi Banq, Mustafa Quliyev, akademik
Nikolay Marr, Anatoli Lunaçarski və Vilhelm Tomsen Qurultayın
Rəyasət Heyətinə fəxri üzv
seçilmişdi. Bu geniş və nüfuzlu tərkib
Qurultayın həm elmi baxımdan yüksək səviyyəli,
həm də siyasi və mədəni cəhətdən əhəmiyyətli
bir tədbir olduğunu göstərir. İştirakçıların
müxtəlif coğrafi bölgələri və elmi məktəbləri
təmsil etməsi, məruzələrin elmi-metodoloji zənginliyi,
eləcə də etnoqrafiya, dilçilik və
tarixşünaslıq sahələrində multidissiplinar
yanaşmaların tətbiqi Qurultayı XX əsr Azərbaycan
elmi-mədəni həyatının ən parlaq və
yaddaqalan hadisələrindən birinə çevirmişdi.
Təəssüf ki, stenoqramda adı çəkilən
59 çıxışın bu günədək nə müəllif
əlyazmaları, nə də tam stenoqrafik mətnləri
aşkar edilib. Ehtimal olunur ki, bu çıxışların
bir hissəsi ərəb, digər hissəsi isə latın
qrafikasında təqdim olunub. Qurultayın qərarına əsasən,
türk dillərində səsləndirilən
çıxışlar katibliyə təqdim edilməli,
orijinal mətnlər rus dilinə tərcümə olunaraq
protokollarda dərc edilməli idi. Lakin görünür, bu qərar
tam şəkildə icra olunmayıb.
Xalid Səid Xocayev, Nemət Hakimov və Həbibulla
Habitov kimi nümayəndələrin çıxış mətnləri
nə Milli Arxiv İdarəsində, nə də Əlyazmalar
İnstitutunun materialları sırasında yoxdur. Ehtimal edilir
ki, bu materiallar ya şəxsi arxivlərdə
saxlanılır, ya da 1930-cu illərin repressiyaları
zamanı məhv edilmiş əlyazmalar arasında olmuşdur.
Ümid edilir ki, Qurultayın 100 illik yubileyi ərəfəsində
bu qiymətli materialların heç olmasa bir hissəsi
aşkarlanaraq elmi ictimaiyyətə təqdim ediləcək.
İclasda SSRİ Mərkəzi İcraiyyə Komitəsinin
sədri Qəzənfər Musabəyovun təbrik nitqi ilə
çıxış etməsi də Qurultayın mötəbərliyini
bir daha təsdiqləyir. Qeyd etmək lazımdır ki, Qurultay
məşhur türkoloq V.V.Radlovun və İsmayıl bəy
Qaspıralının xatirəsinə həsr edilmişdir.
Akademik Vasili Bartold, Mehmet Fuad Köprülüzadə, Əli
bəy Hüseynzadə, Aqafangel Krımski, Nikolay Poppe, Nikolay
Aşmarin və Sergey Malov kimi tanınmış türkoloq və
şərqşünasların iştirakı da bu elmi
toplantının yüksək statusunu və nüfuzunu
göstərirdi.
Qurultayda çıxış edən alimlər
yalnız öz sahələrinin spesifik problemlərinə
toxunmaqla kifayətlənməmiş, həm də
iştirakçıları türkoloji tədqiqatların
metodologiyası, elmi terminologiyanın
formalaşdırılması, müqayisəli dilçilik və
coğrafi-etnoqrafik yanaşmalar barədə düşünməyə
sövq etmişlər. Bu məruzələr nəticəsində
geniş fikir mübadiləsi aparılmış, müxtəlif
türk xalqlarının dil və mədəniyyət
xüsusiyyətlərinin öyrənilməsində yeni elmi
perspektivlər müəyyənləşdirilmişdi.
Qeyd edilməlidir ki, Birinci Türkoloji Qurultayın qəbul
etdiyi qərarlar arasında ortaq əlifba, ortaq ədəbi
dil, ortaq terminologiya və digər əlaqəli məsələlər
xüsusi əhəmiyyət kəsb edirdi. Bu problemlər
yalnız XX əsr üçün deyil, müasir dövrdə
də türkologiyanın və türk xalqlarının mədəni
inteqrasiyasının aktual istiqamətləri kimi qiymətləndirilir.
Qurultay tərəfindən irəli sürülən ortaq
yazı və dil prinsipləri, elmi terminologiyanın sistemləşdirilməsi
və ədəbi dilin inkişafına dair tövsiyələr
bu gün də strateji və elmi əhəmiyyətini qoruyub
saxlayır.
Azərbaycan XX əsrdə dövlət müstəqilliyini
bərpa etdikdən sonra I Bakı Türkoloji Qurultaya dövlət
səviyyəsində hüquqi qiymət verildi. Belə ki, 5
noyabr 2005-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyev Qurultayın 80 illik yubileyinin keçirilməsi
haqqında sərəncam imzaladı və 2006-cı ildə
Bakıda bu yubileyə həsr olunmuş Beynəlxalq konfrans təşkil
edildi. Sonrakı illərdə isə Birinci Türkoloji
Qurultayın 90 illik yubileyi dövlət səviyyəsində
qeyd olundu; 18 fevral 2016-cı ildə Prezident İlham Əliyev
həmin hadisənin dövlət səviyyəsində
keçirilməsini təmin edən Sərəncam
imzaladı. Bu Sərəncamda xüsusi olaraq
vurğulanırdı ki, XX yüzilliyin sonlarına doğru Azərbaycan
Respublikasının dövlət müstəqilliyini bərpa
etməsi ilə Azərbaycan dilinin rəsmi dövlət dili
statusu təsbit edilmiş, Türkoloji Qurultay tərəfindən
irəli sürülmüş qərar və tövsiyələrin
müasir şəraitdə həyata keçirilməsi
üçün əlverişli zəmin
yaranmışdır. Ötən dövr ərzində
türkologiyaya dair yeni elmi konsepsiyalar formalaşmış, Azərbaycan
dünya miqyasında nüfuzlu türkoloji araşdırma mərkəzlərindən
biri kimi tanınmış və türk xalqlarının mədəni-mənəvi
birliyinin nəzəri-elmi bünövrəsi
yaradılmışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin imzaladığı “Birinci Türkoloji
Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında” Ssərəncam
bu yubileyin dövlət səviyyəsində qeyd olunmasına
yol açdı. Bu, təsadüfi deyil, əksinə tarixi
ardıcıllığın və ideya varisliyinin təbii nəticəsidir.
Çünki Birinci Türkoloji Qurultayda irəli sürülən
bir çox ideyalar bu günün reallığında
uğurla həyata keçirilir və Türk
dünyasının yenidən vahid ailə kimi
formalaşması istiqamətində mühüm və diqqətəlayiq
nailiyyətlər əldə olunub.
Bu sərəncam Qurultayın tarixi və elmi əhəmiyyətini
daha da möhkəmləndirir, türkologiya elminin
inkişafına, türk xalqlarının mədəni-mənəvi
irsinin qorunması və təbliğinə dövlət səviyyəsində
dəstək göstərir, eyni zamanda Qurultayın irsinin
müasir elmi mühitdə aktual və əhəmiyyətli
olmasını təmin edir.
Sərəncamda xüsusi olaraq qeyd olunur ki, Birinci
Türkoloji Qurultay ortaq zəngin keçmişə və qədim
irsə malik türk xalqlarının mədəni
inteqrasiyasında mərhələ yaratmış müstəsna
əhəmiyyətli hadisələrdəndir. Beynəlxalq
miqyaslı bu unikal elmi forumda türkologiyanın ən aktual məsələləri
geniş və sistemli müzakirə obyektinə
çevrilmiş, Türk dünyasının dili, tarixi,
etnoqrafiyası, ədəbiyyatı və mədəniyyətinin
gələcəyi ilə bağlı vacib qərarlar qəbul
edilmiş, latın qrafikası əsasında vahid
ümumtürk əlifbasına keçilməsi xüsusi diqqət
mərkəzində saxlanılmışdır.
Türk dövlətləri arasında qardaşlıq
və qarşılıqlı etimada əsaslanan müttəfiqlik
münasibətləri möhkəmlənir, mədəni əməkdaşlıq
əlaqələri isə getdikcə daha da dərinləşir.
2025-ci il oktyabrın 6-7-də Qəbələ şəhərində
keçirilən Türk Dövlətləri Təşkilatına
üzv ölkələrin Dövlət
Başçılarının 12-ci Zirvə
Görüşünün Bəyannaməsində Birinci
Türkoloji Qurultayın 100 illik yubileyinin qeyd olunması ilə
bağlı çağırışın yer alması da bu
prosesin bariz göstəricisidir.
Bütün bu qeyd olunanlar və qeyd olunmayan digər
önəmli məsələlət bizi Birinci Türkoloji
Qurultayı başqa bir aspektdən də araşdırmağa
sövq etmişdir. Məhz buna görə, bu tarixi hadisənin
arxa planı və onun davamı da diqqətdən kənarda
qalmamalıdır.
Qurultay nə qədər elmi-intellektual zirvə idisə,
onun ardınca baş verən hadisələr bir o qədər
faciəvi olmuşdur. Tədbirdə iştirak etmiş,
Türk dünyasının gələcəyi naminə
çalışan bir çox ziyalı, alim və mütəfəkkir
sonrakı illərdə totalitar sovet rejiminin repressiyalarına
məruz qalmış, edam, sürgün və susdurma siyasətinin
qurbanına çevrilmişdir. Onların bəziləri fiziki
məhvə, bəziləri isə mənəvi təcridə
düçar olmuş, əsərləri yasaqlanmış, əlyazmaları
və kitabları məhv edilmiş, adları uzun illər
tarixdən silinmişdir.
Bu proses bütövlükdə türk xalqlarının
intellektual inkişafına, milli yaddaşına və mədəni
irsinə ağır zərbə vurmuşdur. Birinci
Türkoloji Qurultayın ideyaları, elmi baxışları və
gələcək layihələri uzun müddət arxa plana
atılmış, onların gerçəkləşməsi
onilliklər boyu yubadılmışdır. Bu da Qurultayın təkcə
elmi deyil, həm də siyasi və ideoloji baxımdan nə qədər
mühüm və həssas bir hadisə olduğunu sübut
edir. Bu gün həmin tarixi hadisəyə qayıdarkən
yalnız onun nailiyyətlərini deyil, həm də bu nailiyyətlərin
müqabilində baş verən acı təcrübələri
unutmamalı, intellektual yüksəlişin qorunması və
davam etdirilməsi üçün güclü hüquqi və
ictimai zəmin yaratmalıyıq.
XX əsrin sonlarında Sovet İttifaqının
süqutundan sonra türk dünyasında yenidən intellektual
reaktivasiya yaşandı. Müstəqil türk dövlətləri
formalaşdı, təhsil və elmi institutlar yenidən quruldu
və türk dünyasında ortaq elmi məkan ideyası yenidən
gündəmə gəldi. Bu yeni kontekstdə, Birinci
Türkoloji Qurultayın 1926-cı ildə səsləndirdiyi
ideyalar yenidən aktuallaşdı. 100 il sonra, Türk Dövlətləri
Təşkilatının dəstəyi və Beynəlxalq
Türk Akademiyası ilə Türk Dil Qurumunun nəzdində
fəaliyyət göstərən Ortaq Əlifba
Komissiyasının fəaliyyəti nəticəsində
Türk dünyasında ortaq əlifba qəbul edildi. Bu,
Qurultayın 100 illiyinə də töhfə verdi.
Yuxarıda qeyd olunan siyasətin məntiqi davamı
olaraq ortaq türk əlifbası ilə nəşr edilən
ilk kitablar Türk dünyasında bu problemin həlli istiqamətində
atılmış uğurlu addımlar kimi qiymətləndirilə
bilər. Ortaq əlifba ilə çap olunmuş ilk kitablar
arasında Türk Akademiyası tərəfindən nəşr
edilən Abay Kunanbayın “Qara sözlər” və Çingiz
Aytmatovun “Ağ gəmi” əsərləri yer alır. Bu əsərlərin
təqdimatları Qazaxıstan və
Qırğızıstanda keçirildi və Türk Dövlətləri
Təşkilatının zirvə toplantısında
iştirakçılara hədiyyə edildi.
Bu baxımdan, 2026-cı ilin 100 illiyi təkcə
yubiley deyil, Türk Dünyasında elmi birlik ideyasının
tarixi bir mərhələsinin təntənəsidir.
1926-cı ildəki Qurultayı yalnız keçmişin hadisəsi
kimi qiymətləndirmək kifayət deyil; bu hadisə
müasir türkoloji tədqiqatlarda, tədris metodikasında,
ümumtürk elm və mədəniyyət əlaqələrində
öz əksini tapmışdır. 100 illik perspektiv göstərir
ki, elmi birlik yalnız ideya deyil, konkret praktik fəaliyyətin
məhsulu olmuş və türk dünyasında uzunmüddətli
intellektual prosesə çevrilmişdir.
Birinci Türkoloji Qurultay Türk Dünyasının
elmi həyatında dönüş nöqtəsi olmuşdur.
O, yalnız əlifba və dil məsələsi ilə məhdudlaşmır,
həm də elmi birlik, kollektiv qərarvermə və metodoloji
vahidlik ideyalarının formalaşması baxımından
tarixi əhəmiyyət kəsb edir. 100 illik yubiley təntənəsi
də göstərir ki, elmi birliyin ideyası keçmişdə
başlamış, indiki dövrdə inkişaf etmiş və
gələcək üçün perspektiv
yaratmışdır. Birinci Türkoloji Qurultay həm tarixi
hadisə, həm də Türk Dünyasında elmi
inteqrasiyanın davamlı təşəbbüsü kimi qiymətləndirilə
bilər.
Elçin İBRAHİMOV
Qarabağ Universiteti Elm şöbəsinin müdiri,
filologiya elmləri
doktoru
525-ci qəzet .- 2026.- 20 fevral(¹7).-S.16.