Xaricdən gələnlər. Xaricdə
yazılanlar - Birinci Türkoloji qurultay
iştirakçılarının izi ilə
QURULTAYIN XARİCİ QONAQLARI. XARİCDƏ
DOĞURDUĞU ƏKS-SƏDA
Birinci Türkoloji qurultaydan cəmisi 100 il keçməsinə
baxmayaraq, xarici qonaqların sayı, tərkibi, təmsil etdikləri
ölkələrlə bağlı fikir ayrılıqları
hələ də davam etməkdədir. Fərqli rəqəmlər
səsləndirilir, ehtimallar irəli sürülür.
Türkoloji qurultayın mərkəzdə deyil, milli
respublikada keçirilsə də, rejim Bakıya mümkün
qədər çox sayda xarici qonağın gəlməsində
maraqlı idi. Çünki bu bolşeviklərin "insan
simasını" göstərmək, elmə və mədəniyyətə
yad olmadığını, qeyri-rus xalqlara dostanə
münasibətini nümayiş etdirmək baxımından əlverişli
fürsət idi. 1917-ci ildə qurulsa da, 1926-cı ilin
yanvarında SSRİ-ni cəmisi 21
dövlət rəsmən tanımışdı.
Dünyaya açılmaq, sərfəli əməkdaşlıq
əlaqələri yaratmaq və dost qazanmaq baxımından
Şərqlə Qərb arasında körpü kimi tanınan
regionda keçirilən forumun böyük əhəmiyyəti
vardı. Ona görə də dəvətlərdə
xüsusi məhdudiyyət qoyulmamışdı. İdeoloji tələblər
də qismən arxa plana
sıxışdırılmışdı.
Amma yenə də gözlənəndən qat-qat az
qonaq gəlmişdi. Tamilla Kərimovanın Türkoloji
qurultayın 90 illiyi ilə əlaqədar Azərbaycan
MEA-nın "Xəbərləri"ndə dərc olunan "Türk
dünyasını birləşdirən qurultay" məqaləsində
Bakı forumunda 30 xarici alimin iştirakdan danışır.
Müəllif onların kimliyini və hansı ölkələrdən
gəldiyini də açıqlayır: "Qurultayda rus şərqşünaslarından
başqa, Yaxın və Orta Şərqin, Qərbi Avropanın
görkəmli alimləri də təmsil olunmuşdu.
Onların arasında Mehmet Fuat Köprülüzadə,
Əli bəy Hüseynzadə, Sami Rüfət, Nəcib Asim,
Fuad Raif, Bursalı Mehmet Tahir bəy, Fərid Xurşid
(Türkiyə), Teodor Menzel, Mut Hartman, Gize, Paul Vitek, Valter
Radebold, V.Banq, Q.Yakob, Q.Ştumme (Almaniya), Yulius Mesaroş,
İqnati Konuş (əslində İqnasi Kunoş - V.Q.),
Yuliya (?) Nemet (Dyula Nemet - V.Q.), B.Munkaçi, M.Gorten
(Macarıstan), Məcid Soltane, İbrahim Şəbüstəri
(İran), J.Deni (Fransa), L.Bonelli (İtaliya), Setele (Finlandiya),
Sven Gedin (İsveç) kimi alimlər vardı". Eyni
siyahı kiçik dəyişikliklərlə rusca
vikipediyanın "Birinci Türkoloji qurultay" məqaləsində
də yer alıb. Təbii ki, Tamilla xanımın
siyahını vikipediyadan götürməsi iddiasında deyiləm.
Çünki dəqiq mənbə də göstərib. Amma
istənilən halda sadalanan şəxslərin tam tərkibdə
qurultayda iştirakını iddia etmək imkansızdır. Hələ
onu demirəm ki, adı siyahıda olan Bursalı Mehmet Tahir bəy
1925-ci ilin oktyabrında ölmüşdü. Bakıdakı
Türkiyə konsulu Fərid Tahirin, "toxucu-prokuror"
İbrahim Şəbüstərinin (Naxçıvan) necə
"görkəmli Avropa türkoloqu" olduğunu isə əvvəlki
yazıdan görmüşdük.
Çox güman, yuxarıdakı adlar dəvəti nəzərdə
tutulan qonaqların ilkin, qaralama siyahısıdır. Həm də
deyərdim ki, naşıcasına, siyasi reallıqları nəzərə
almadan hazırlanan bir siyahıdır. Məsələn,
1920-ci illərdə Moskva ilə Budapeşt arasında sərt
ideoloji qarşıdurma yaşanırdı. Macarıstan
bolşevik inqilabının ixrac olunduğu ilk və son Avropa
dövləti idi. Macar diktatoru Yanoş Xorti 1919-cu ildəki
Macarıstan Sosialist Respublikasının acı təcrübəsini
unutmamışdı. Ona görə də SSRİ-yə
münasibətdə tam təcrid siyasəti
yürüdürdü. 1926-cı ildə adları siyahıda
olan macar alimlər hətta istəsəydilər də,
Bakıya gələ bilməzdilər. Soruşula bilər: bəs
Mesaroş necə gəlmişdi? Aşağıda bu məsələyə
aydınlıq gətirəcəyəm.
Krımlı tədqiqatçı D.P.Ursu "Bəkir
Çobanzadə: Həyatı. Taleyi. Dövrü"
kitabında xarici ölkələrdən Bakıda 8 əcnəbi
alimin gəldiyini yazır: "Qurultayda iştirakla
bağlı dünya türkologiyasının görkəmli
simalarına dəvət göndərilmişdi.
Bütünlükdə 24 nəfər dəvət
olunmuşdu. Onların sırasında ilk növbədə
Orhun yazısını deşifrə edən Danimarka alimi
Vilhelm Tomsen, Budapeşt universitetində Bəkir Çobanzadənin
müəllimi olmuş Dyula Nemet, fransız Jan Deni vardı.
Almaniyadan 6, Türkiyədən 7, Macarıstandan 5, İtaliya,
Danimarka, İsveç və Finlandiyadan 1 nəfər gözlənirdi.
Lakin dəvətlilərin çoxu müxtəlif səbəblərə
görə gələ bilmədi. Nəticədə Bakı
forumunda xarici türkologiyanı cəmisi 8 nəfər əcnəbi
alim təmsil etdi. Onlar Teodor Menzel və Valter Radebold (Almaniya),
Paul Vittek (Avstriya), Dyula Mesaroş (Macarıstan), Mehmet Fuad
Köprülü, Əli bəy Hüseynzadə, Hikmət
Cövdətzadə və İsmayıl Hikmət (Türkiyə)
idilər. Aralarından iki nəfər - rusca sərbəst
danışan Teodor Mentsellə Mehmet Fuad qurultayın Rəyasət
heyətinə seçilmişdi. Həm də birinci hər
yerdə "Avropa elminin nümayəndəsi" kimi təqdim
olunmuşdu".
Professor D.Ursunun siyahısında da mübahisəli məqamlar
yox deyil. Əvvəla, həmin dövrdə Bakı
universitetində çalışan türk alimi İsmayıl
Hikmətin (1889-1967) adı qurultayın nümayəndələri
sırasında ümumiyyətlə yoxdur. Digər tərəfdən,
Bakıda yaşayıb-işləyən İsmayıl Hikmət
yalnız doğum yerinə görə "xarici alim"
sayılırdısa, eyni məntiqlə Ə.Hüseynzadəni
də Azərbaycan nümayəndəsi hesab etmək olardı.
Hikmət Cövdətzadəyə (1893-1945) gəldikdə isə
milli mənsubluğu "Osmanlı türkü" kimi
göstərilsə də, qurultayda Acarıstan nümayəndəsi kimi iştirak
edirdi. İstanbulda zəngin ailədə doğulan və
çox güman acar türkü olan Cövdətzadə
1918-ci ildən Batumda yaşayırdı. 1920-ci illərdə
Leninqrad Canlı Şərq Dilləri İnstitutunun tələbəsi,
nəhayət dosenti və professoru olmuşdu. "Türkce
konuşalım", "Türkce okuma kitabı",
"Çağdaş Türkçenin Grameri: Fonetik,
Morfoloji, Sentaksis (akademik A.Kononovla birlikdə) adlı türkcə
müntəxəbat və qrammatika kitablarının müəllifidir.
1937-ci ildə repressiyaya məruz qalmışdı. Bioqrafik məlumatlardan
da göründüyü kimi, Hikmət bəyi "xarici
alim", yaxud "Avropa türkoloqu" adlandırmaq metodoloji
baxımdan da o qədər də inandırıcı səslənmir.
Qurultayın xarici qonaqları: (sağdan sola) Əli bəy
Hüseynzadə, Paul Vittek, Teodor Menzel, Mehmet Fuat
Köprülüzadə, Dyula Mesaroş.
Qurultay işini başa çatdırandan iki gün
sonra, 1926-cı il martın 8-də hökumət ofisiozu -
"Kommunist" qəzeti üçüncü səhifəsində
"xaricdən gələn professorlardan" Mehmet Fuad
Köprülü (Türkiyə), Əli bəy Hüseynzadə
(Türkiyə), Dyula Mesaroş (Macarıstan), Teodor Menzel
(Almaniya) və Paul Vittekin (Avstiya) birgə foto-şəklini
vermişdi. Almaniyadan gəldiyi ehtimal edilən digər qonaq -
Valter Radebold haqda heç bir məlumat
tapılmadığından və təqdim olunan fotonun
personajları sırasına düşmədiyindən
(internet də onun barəsində bilgi verməkdən aciz
qaldı!) Türkoloji qurultayın keçmiş SSRİ-nin
hüdudları xaricindən olan
əcnəbi qonaqları kimi tam əminliklə yalnız
bu şəxslərin adını çəkmək
mümkündür.
Xarici qonaqlar hamısı akad. V.V.Bartoldla birlikdə
fevralın 16-da "Teodor Nette" paroxodu ilə İstanbuldan
Odessaya, oradan da Bakıya gəlmişdilər. Akad. Bartold TC
maarif nazirinin dəvəti ilə 1926-cı il yanvarın 3-dən
fevralın 16-da qədər İstanbulda elmi ezamiyyətdə
idi. Alimin ardıcıl qeydlər apardığı
"Konstantinopol gündəliyi"ndən də
görünüyü kimi, təxminən ay yarım çəkən
səfəri boyunca dəfələrlə Mehmet Fuat, Əli bəy
Hüseynzadə, Mesaroş, Vittek və Mentsellə
görüşmüş, hətta sonuncunun məruzəsinin
ilkin variantını dinləyib müzakirə etmişdilər.
Göründüyü kimi, Valter Radeboldun adı burada da
çəkilməmişdi.
Türkiyədə Bakı qurultayına maraq çox
böyük idi. Hələ forumdan bir neçə ay əvvəl
mətbuat və elmi dairələrdə geniş müzakirə
gedirdi. M.Ə.Rəsulzadə İstanbuldan Parisə,
Ə.Topçubaşova göndərdiyi 23 fevral 1926-cı il
tarixli məktubda yazırdı. "Türk alimləri
Bakıdakı "türkoloji konqresdə" iştirak etmək
üçün yola düşüblər.
Köprülüzadə ilə bizim Əli bəy Hüseynzadə
gedib. Rus bolşevikləri türk mədəniyyəti sahəsində
təşəbbüsü də öz əllərinə
keçiriblər".
Türkiyədən Simferopola, "Krasnıy
Krım" qəzetinin redaksiyasına göndərilən bir
məktub əsasında hazırlanmış "Türkoloji
qurultayın əks-sədası" adlı məqalədə
isə deyilirdi: "Görkəmli türk alimləri,
İstanbul universiteti tarix-filologiya fakültəsinin dekanı
Fuad Köprülü və Azərbaycan əsilli Əli bəy
Hüseynzadə Bakıda olublar. Geri dönəndən sonra təəssüratlarını
"Hakimiyyəti-Milliyə", "İqdam",
"Cümhuriyyət" və b. səhifələrində
bölüşüblər. Türkiyədə əlifba
islahatına münasibətdə üç fərqli
baxış olsa da, Bakıda alınan qərarlar latın əlifbasına
keçid tərəfdarı kimi tanınan radikalların
mövqeyini möhkəmləndirir. Qazi Mustafa Kamal hökuməti
artıq bu istiqamətdə praktiki addımlar atmağa
başlayıb".
Qonaqlar Bakını böyük təəssüratla
tərk etmişdilər. Əli bəy Hüseynzadə "Yeni fikir" qəzetinə (9
mart 1926-cı il) müsahibəsində tarixi vətəni
haqda məhəbbətlə söz açaraq demişdi:
"Azərbaycanın bugünkü iqtisadi-mədəni vəziyyəti
ilə onun çar vəqtindəki vəziyyətini
müqayisə edərkən hər yerdə və qismən
gözə çarpmaqda olan tərəqqini qeyd etməyə
bilməm. Mən Azərbaycanın çar zamanındakı həyatını
şəxsən görmüşəm. Bu gün
gördüyüm fəaliyyət bəni heyrətə
salmaqdadır. Azərbaycan kütləsinin bugünkü
fütuhat və tərəqqisini görürkən qəlbimin
şadlıq və məmnuniyyətlə döyünməsini
gizlətməm. Çünki bu kütlənin bütün bəşəriyyətlə
birlikdə tərəqqi etməsi mənim əsas qayəmi təşkil
edir".
İndi isə qurultayın sırf avropalı nümayəndələri
haqqında. Yuxarıda da qeyd etdiyim kimi, Valter Radebold haqda məlumat
əldə etmək mümkün olmadığından Kil
universitetinin professoru kimi Avropadan gələn və Rəyasət
heyətində "Avropa elminin nümayəndəsi" kimi
yer alan yeganə qonağın yəhudi əsilli alman şərqşünası
Teodor Menzel (1878-1939) olduğunu deyə bilərik. O, 1903-cü
ildə Münxen universitetindən hüquq doktoru dərəcəsi
almışdı. 1904-1914 və 1918-1922-ci illərdə Rusiya
imperiyasında, Odessada yaşamışdı. Birinci Dünya
müharibəsi (1914-1918) illərində isə alman təbəəsi
kimi Həştərxan vilayətinə
köçürülmüşdü. 1921-ci ildən Odessa
Arxeologiya institutunun professoru idi. Növbəti il vətəni
Almaniyaya qayıdandan sonra Kil universitetində çalışmışdı
(1929-cu ildən islam filologiyası professoru və Şərq
seminarlarının rəhbəri, 1934-1936-cı illərdə
Fəlsəfə fakültəsinin dekanı). Əsas tədqiqatları
türkologiya, türk folkloru və etnoqrafiya sahələrini əhatə
edirdi. Odessa şərqşünasları ilə əlaqə
saxlayır, A.Krımski ilə məktublaşırdı.
"İslam Ensiklopediyası" üçün
çoxsaylı məqalələr yazmışdı.
Teodor Menzel qurultayın martın 6-dakı on
altıncı iclasında "Anadolu-Balkan türkləri ədəbiyyatının
öyrənilməsinin nəticələri və perspektivləri"
mövzusundə məruzə etmişdi. İcmal xarakterli məruzədə
türk klassik ədəbiyyatı və folklorunun Avropada nəşri
və tədqiqinə ümumi nəzər
salınmışdı. Maraqlıdır ki, qurultay sənədlərində
alimin adı və soyadı iki fərqli şəkildə -
"Teodor Teodoroviç Menzel" və "F.F.Menzel"
şəklində verilmişdi.
Xarici qonaqlar arasında qurultayın təbliği, onun
müzakirə və qəbul etdiyi qərarların elmi
ictimaiyyətə çatdırılması vəzifəsinin
icrasına böyük məsuliyyət və həqiqi alman dəqiqliyi
ilə yanaşan, heç şübhəsiz, professor Teodor
Menzel olmuşdu. Bakıdan Əli bəy Hüseynzadə və
digər həmkarları ilə birlikdə Odessaya
dönmüşdü. Bir müddət burada ləngiməsindən
istifadə edib aprelin 4-də
yerli şərqşünaslar qarşısında
"Bakıdakı Birinci Türkoloji qurultayın nəticələri"
mövzusunda mühazirə oxumuşdu. Forumun beynəlxalq əhəmiyyəti,
perspektiv və praktiki imkanlarının ön plana çəkildiyi
məruzəni dinləyənlər arasında Almaniya və
Türkiyənin Odessadakı baş konsulları Dinstman ilə
Münif bəy də var idilər.
1927-ci ildə isə Teodor Menzel Leypsiqdə
çıxan "Der İslam" jurnalının iki
sayında (1927, ¹ 1, s. 1-76, ¹ 2, s. 169-228) "Bakıda Türkoloji
konqres" adlı geniş icmal-təhlil yazısı ilə
çıxış etmişdi. Ümumi həcmi 130 səhifəyə
çatan hesabatı əslində Avropada qurultay haqda ilk
monoqrafik nəşr də saymaq
mümkündür. Məqalədəki təhlillərdən
də göründüyü kimi, alimi diskussiyaların
gedişi zamanı hərtərəfli qeydlər
aparmış, onların əsasında Bakı forumunun
obyektiv, təfərrüatlı və tərəfsiz mənzərəsini
yaratmışdır. Teodor Menzelin qeydləri qurultaydan az sonra
Bakıda rus dilində çap olunan "Birinci Ümumittifaq
Türkoloji qurultay. 26 fevral - 5 mart 1926-cı il. Stenoqrafik
hesabat" kitabı ilə müqayisədə dolğun və
dəqiqdir. Çünki həmin kitabda yalnız rusca məruzələr
toplanmışdı. Türk dillərində
çıxış və məruzələr isə ya tamam
bir tərəfə qoyulmuş, ya da qısa icmal şəklində
verilmişdi. Rus və türk dillərini yaxşı bilən
Teodor Mezsel diqqətini hər iki səmtə proporsional şəkildə
yönəldə bilmişdi. Digər diqqətəlayiq və
qiymətli cəhət stenoqrafik hesabatda kəskin mübahisə
doğuran məqamların ciddi
ixtisar və ideoloji redaktəyə məruz qalması fonunda
Menzelin qeydlərində dəqiq, ən başlıca isə
siyasi konyukturaya tabe tutulmayan şəkildə əks
olunması sayıla bilər.
Azsaylı xarici alimlər arasında elmi məhsuldarlığına,
tədqiqat dairəsinin genişliyinə, nəhayət,
türk dilinə bələdlik səviyyəsinə görə
ilk yerdə heç şübhəsiz, macar türkoloqu Dyula
Mesaroş (1883-1957) dayanırdı. Təsadüfi deyildir ki,
qonaq barəsində məlumat verən "Yeni fikir" qəzeti
(14 mart 1926-cı il) onun türk dilinə bələdlik səviyyəsi
haqda yazmışdı: "Professor iki sənə
İstanbulda qalmış və türk - Osmanlı şivəsini
elmi üsul üzrə öyrənib. Professor Mesaroş
hazırda türk dili ilə o qədər mükəmməl
qonuşuyor ki, bir Osmanlı türkündən fərq edilməsi
çətin olur".
Macar alimi türkcəni Avropada ilk (1870) türkologiya
kafedrasına malik Budapeşt universitetində öyrənmişdi.
Biliklərini təkmilləşdirmək üçün
1904-1906-cı illərdə İstanbul Darülfünunda təcrübə
keçmişdi. 1906-cı ilin payızında Beynəlxalq
Orta və Şərqi Asiya Cəmiyyətinin Macarıstan Komitəsi
onu çuvaş, tatar dillərinin, folklor və
etnoqrafiyasının tədqiqi ilə bağlı materiallar
toplamaq üçün Rusiyanın Kazan və Simbirsk
quberniyalarına göndərmişdi. Mesaroşun toplayıb
1000 səhifəni aşan nəşr etdirdiyi
"Çuvaş folkloru toplusu. Əski çuvaş inanc
abidələri" (Budapeşt, 1909-1912) iki cildliyi
çuvaş dili və xalq ədəbiyyatının öyrənilməsinə
mühüm töhfə idi. Avropa türkoloqları
arasında ilk dəfə Mesaroş çuvaş türklərinin
zorla xristianlığı qəbul edənə qədər
müsəlman olduqlarını, mövcud dini inanclarının
isə zahirən xristianlıq sayılsa da, eklektik xarakter
daşıdığını sübuta yetirə bilmişdi.
Çuvaşlarla bir sırada digər Volqaboyu
türkləri - tatar və başqırdlar haqqında da
orijinal ədəbi, linqvistik və antropoloji
araşdırmaların müəllifi idi. Bu tədqiqatlar, eləcə
də 1909-cu ildə başqırdlar, 1910-cu ildə isə
Anadolu türklərinin yaşadıqları bölgələrə
təşkil olunan ekspedisiyalar Dyula Mesaroşa həm də mənsub
olduğu macar xalqının soy-kökü haqqında müəyyən
qənaətlərə gəlməyə imkan vermişdi. Yeri
gəlmişkən, Əli bəy Hüseynzadənin qurultayla
bağlı qeydlərində maraqlı bir məqam var.
Xatırladığına görə, müxtəlif türk
boylarına mənsub nümayəndələrin
toplandığı məclisdə "Mesaroş söz
aldı və özünün yabançı
olmadığını dedi". Yəni özünün də
onlardan biri olduğunu etiraf etdi.
1909-1915-ci illərdə Macarıstan Milli muzeyinin
etnoqrafiya bölməsinin elmi əməkdaşı olan
Mesaroş 1916-cı ildə yenidən Osmanlı imperiyasına
qayıdıb İstanbul darülfünunda ilk macar dili
kafedrası qurmuş, 1919-cu ilə qədər müdiri və
professoru kimi çalışmışdı. Əli bəy
Hüseynzadə ilə tanışlığı da həmin
dövrə təsadüf etmişdi. Azərbaycanlı həmkarının
"Sizlərsiniz ey qovmu-macar bizlərə ixvan"
misrası ilə başlayan məşhur şeirini macarcaya
çevirən Mesaroş onu orijinalı ilə birlikdə
1917-ci ildə özünün də redaksiya heyətinin
üzvü olduğu Macarıstan Turan Cəmiyyətinin eyni
adlı "Turan" jurnalında çap etdirmişdi.
Bəkir Çobanzadə (sağda) və Dyula
Mesaroş.
Klassik elm adamı kimi tanınmasına baxmayaraq, Dyula
Mesaroş görünür, macəralara da yad olmamışdı.
Rəhbərlik etdiyi bir qrup macar gənci 1921-ci ildə
Çexoslovakiya iqtisadiyyatını çökdürmək
məqsədi ilə Avstriyanın Qraz şəhəri
yaxınlığında 60 milyon çex kronu məbləğində
saxta əskinas hazırlamışdı. Nəticədə
Çexoslovakiya hökuməti milyonlarla kronu tədavüldən
çıxarmalı olmuşdu. Avstriya məhkəməsi
Mesaroşu və dostları üzərində mühakimə
qursa da, bu işi şəxsi qazanc məqsədi ilə etmədiklərini
nəzərə alaraq həbs qərarı
çıxarmamışdı...
1924-cü ildə Atatürkün dəvəti ilə
Türkiyəyə gələn və 1932-ci ilə qədər
burada yaşayan Dyula Mesaroş Budapeşt universitetinin tatar məzunu
Hamit Zübeyir Koşayla (1897-1984) birlikdə Ankara Etnoqrafiya
muzeyini qurmuşdu. Macar hökuməti onu rəsmən Birinci
Türkoloji qurultaya ezam etmədiyindən Bakıda macar
nümayəndəsindən daha çox Türkiyə təmsilçisi
olmuşdu. Həm də bu qərarı qəbul etməsində
Bakıdan (çox güman Təşkilat Komitəsinin
üzvü Bəkir Çobanzadədən) aldığı
şəxsi dəvətlə bir sırada dostu Əli bəyin
təlqinləri də az rol oynamamışdı.
Qurultayın fevralın 1-də keçirilən
dördüncü iclasında D.Mesaroş "Anadolu və
Balkan türklərinin etnoqrafik baxımdan öyrənilməsinin
müasir vəziyyəti və ən yaxın vəzifələri"
adlı məruzə etmişdi. Digər həmkarları ilə
birlikdə dövrün
tanınmış sovet türkoloqu N.Samoyloviç də
macar həmkarının Bakıya gəlişi və
maraqlı elmi təqdimatından məmnunluğunu bildirərək
demişdi: "Bu gün tarixi qurultayımızda bizə
başqırd dilinin tədqiqində iştirak edən mütəxəssislərdən
birini - macar alimi professor Dyula Mesaroşu görmək səadəti
nəsib oldu".
Hələ Bakı forumunda qızğın
diskussiyaların getdiyi günlərdə "Yeni fikir" qəzetinə
(material bağlanış mərasimindən üç
gün sonra, martın 9-da işıq üzü
görmüşdü - V.Q.) müsahibə verərək
"Qurultayın qəbul etmiş olduğu latın əlifbası
türk-tatar xalqlarını harsa (mədəniyyətə)
yanaşdırmaq üçün ən iyi bir vasitədir.
Qurultay iclasında baş vermiş olan mübahisə
Şuralar İttifaqında yaşayan türk-tatar
xalqlarının oyanmasına dəlalət edir. Zənnimcə,
bu qədər böyük bir kütlənin
oyanışı Şuralar İttifaqı xaricində
yaşayan Ural-Altay xalqlarının oyanışına təsir
etməkdən xali qalmaz" - deyən professor Dyula təəssüratlarını
daha geniş şəkildə Budapeşt mətbuatı
üçün hazırlasa da, çapına nail ola bilməmişdi.
Sonuncu əcnəbi qonaq Paul Wittek (1894-1978) Avstriya
şərqşünası və tarixçi idi. Osmanlı
imperiyasının yaranmasında qəzavatın (müqəddəs
müharibə) rolu haqda məşhur əsərin müəllifidir.
İxtisas etibarı ilə hərbçi idi. 1917-ci ildə hərbi
məsləhətçi kimi Osmanlı ordusuna göndərilmişdi.
İstanbulda qaldığı müddətdə türk dilini
mükəmməl öyrənmişdi. Vyanada erkən Roma
imperiyasının sosial-siyasi həyatına dair dissertasiya
müdafiəsindən sonra özünü
bütünlüklə Osmanlı tarixinin tədqiqinə həsr
etmişdi. Müəllimi Kraelitzlə birlikdə 1921 və
1926-cı illərdə iki cildi çıxan "Mitteilungen
zur osmanischen Geschichte" ("Osmanlı tarixinə dair qeydlər")
məcmuəsini nəşr etmişdi. 1924-cü ildə daimi
yaşamaq üçün İstanbula
köçmüşdü. Burada əvvəl alman və
türk dillərində çıxan "Turkische Post"
("Türk Poçtu") qəzetinə
çalışmış, 1926-cı ilin sonlarında isə
Almaniya xarici işlər nazirliyinin təqdimatı ilə
İstanbuldakı Alman Arxeologiya İnstitutunda türkoloq kimi
işə başlamışdı. Maraqları sırasına
ilkin Osmanlı epiqrafikası, xristian və türk sənəti
nümunələrinin toplanması və tədqiqi, bəyliklər
dövrü türk memarlığı və s. daxil idi.
Türk dostluğunun təsirli təzahürlərindən
biri 1931-ci ildə türk tarixçiləri ilə birlikdə
İsmət İnönü hökumətinin Osmanlı arxivlərini
kağız tullantısı kimi Bolqarıstana satmasına
qarşı çıxması sayıla bilərdi. İstanbulda
xüsusi etimadını qazandığı akademik Bartoldla
tanış olub dostlaşmışdı. Türkoloji qurultaya
isə şəxsi dəvət əsasında Avstriya təbəəsi
kimi yaşadığı İstanbuldan gəlmişdi.
1933-cü ildə faşistlər Almaniyada hakimiyyəti ələ
keçirəndə Paul Vittek on ilə yaxın
çalışdığı Alman Arxeologiya İnstitutu ilə
əməkdaşlığı dayandırıb
Belçikaya, sonra isə Britaniyaya
köçmüşdü. 1948-ci ildən Londonkı
Şərq və Afrika Tədqiqatları Məktəbinin
türk dili kafedrasına rəhbərlik etmişdi.
Professor Paul Vittek digər əcnəbi həmkarlarından
fərqli olaraq qurultayda məruzə, yaxud müzakirələr
zamanı çıxış etməsə də,
yazmağı özünə borc saydığı hesabat-təəssürat
xarakterli məqaləsini 1929-cu ildə alman şərqşünaslarının
mətbu orqanında -"Zeitschrift des Deutschen Morgenlandischen Gesellschaft"
("Alman Şərq Cəmiyyətinin Jurnalı")
adlı elmi nəşrdə (1929, ¹ 8, s. 114-120) dərc
etdirmişdi. Məcmuənin həmin sayında avstriyalı
müəllifin ön sözü ilə akademik V.V.Bartoldun
Türkoloji qurultayın birinci iclasında oxuduğu "Türk xalqları
tarixinin öyrənilməsinin indiki vəziyyəti və ən
yaxın vəzifələri" adlı məruzəsi də
(s. 121-142) alman dilinə tərcümədə özünə
yer almışdı.
Mətbuatda gedən məlumatlar,
iştirakçıların məqalə və qeydləri
qurultay haqdakı həqiqətlərin yalnız rus deyil, avropalı və
asiyalı alimlər, mütəxəssislər arasında
geniş çapda yayılmasına təsirsiz
qalmamışdı. Məsələn, uzun müddət Orta
Asiyada - Türküstanda yaşamış fransız
türkoloqu və siyasi tarixçi Jozef Kastanye (1875-1958) Parisin
"Revue du Monde Musulman" ("Müsəlman
dünyasının icmalı")
jurnalında "Bakıda 1926-cı ilin mart Türkoloji
konqresi" adlı geniş analitik məqalə ilə (1926,
cild 63, say 1, s. 15-90) çıxış etmişdi. Müəllif
yazısında Azərbaycan paytaxtını yeni "İslam
İntibahının" mərkəzi adlandırır,
qurultayın Sovet İttifaqında sayları 17-25 milyon
arasında tərəddüd edən türk-tatar
xalqlarının mədəni və siyasi həyatına
mühüm təsir göstərəcəyinə diqqət
çəkirdi. Maraqlıdır ki, J.Kastanye sanki sözlərinin
isbatı kimi əlavələr bölməsində
özünün rus dilindən fransızcaya tərcüməsində
Bakı qəzetlərindən götürülən, Azərbaycanda
mədəni quruculuq nailiyyətlərinə işıq salan
bütöv bir silsilə məqalələr yerləşdirmişdi.
Azərbaycanlı nümayəndələrə həsr
olunan yazıda da qeyd etdiyim kimi, 1926-cı il Bakı
qurultayının mühüm elmi-siyasi hadisə kimi
xatırladıldığı hələlik sonuncu saya biləcəyimiz
Qərb mənbələrindən biri, Harvard universitetinin
professoru Terri Martinin 2001-ci ildə ABŞ-da çap olunmuş
"The Affirmative Action Empire: Nations and Nationalism in the Soviet
Union, 1923-1939" ("Yaxşı işlər görən
imperiya. Sovet İttifaqında Millətlər və Millətçilik.
1923-1939") kitabıdır. Müəllifin fikrincə,
qurultayın Avrasiya insanına verdiyi ən mühüm dərslərdən
biri onlarda türklük ruhunu oyandırması, etnogenezi ilə
maraqlandırması idi:
"Özbək təmsilçi taciklərlə
qarışıq salınmasından narazı qalmış,
"Onların üz cizgilərində türklükdən əsər-əlamət
yoxdur" - deyə etirazını
bildirmişdi. Oyrat nümayəndəsi (qurultaya Həştərxan
vilayətindən qatılan, milli mənsubluğu
"kalmık" kimi göstərilən Xonin Kosıyevin
replikası nəzərdə tutulur - V.Q.) isə həyəcanla
danışırdı ki, "türklüyündən"
lap bu yaxınlarda xəbər tutub. Oyrotların sadəcə
türkləşdirilmiş monqollar olduğunu iddia edən digər
həmkarının replikası müqabilində isə
demişdi: "Mən belə bölgüyə etiraz edirəm.
Çünki qurultaydakı əsas millətin nümayəndəsi
olmaq istəyirəm". Sonra da xahiş etmişdi ki, "qoy
türkoloji qurultay oyrotların tarixini
açıqlasın"...
P.S. Sonda qurultayın xaricdən gəlməyən,
amma rejimdən xilas yolunu xaricə sığınmaqda tapan ən
uzun ömürlü nümayəndəsi haqqında qısa məlumat
vermək istərdim. Söhbət şəxsi dəvət əsasında
Leninqraddan gəlmiş türkoloq, monqolşünas və
altayşünas alim, LDU-nun professoru, SSRİ EA-nın
müxbir üzvü (1932) Nikolay Nikolayeviç Poppedən
(Nikolas Poppe, 1897-1991) gedir. "Altay dillərinin
qarşılığı qohumluğu məsələsinin
tarixi və müasir vəziyyəti" adlı akademik
üslublu məruzəsi fevralın 28-də keçirilən
4-cü iclasda dinlənmişdi.
1942-ci ildə indiki Qaraçay-Çərkəz
muxtar respublikasının ərazisində olan Poppe faşistlərlə
könüllü əməkdaşlıq yolunu tutub
düşmən tərəfə keçmiş, III Reyxin
informasiya qurumlarında çalışmışdı.
1949-cu ildə ABŞ vətəndaşlığını qəbul
edərək Birləşmiş Ştatlara
köçmüşdü. Akad. M.Alpatov onu "XX əsrin ən
görkəmli monqolşünası" hesab edir. Bonn universitetinin
fəxri doktoru, Britaniya və Finlandiya akademiyalarının
müxbir üzvü seçilmişdi.
Birinci türkoloji qurultay nümayəndələrinin
bəxti heç gətirməmişdi. Günahsız yerə
məhv edilmək bir ifrat olduğu kimi vətəni satmaq da
başqa bir ifrat hal idi...
Sarayevo, fevral, 2026-cı il.
Vilayət QULİYEV
525-ci qəzet .- 2026.- 20 fevral(¹7).-S.14-15.