"Medianın dili elmi müzakirə
müstəvisində" adlı konfrans keçirilib
Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi
Elmi Kitabxanasında "Medianın dili elmi müzakirə
müstəvisində" adlı konfrans keçirilib.
APA xəbər verir ki, konfrans Azərbaycan Milli Elmlər
Akademiyası və Azərbaycan Mətbuat Şurasının
birgə təşkilatçılığı ilə
baş tutub.
Konfransda kütləvi informasiya vasitələrində
dil normalarına əməl edilməsi, mövcud problemlər
və çıxış yolları müzakirə edilib.
İsa Həbibbəyli: "Beynəlxalq terminlərin
qarşılığı tapılmalıdır"
Açılış nitqi ilə
çıxış edən Azərbaycan Milli Elmlər
Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli
bildirib ki, mütləq Azərbaycan dilində yeni sözlər
yaradılmalı, beynəlxalq terminlərin
qarşılığı tapılmalıdır:
“Dil ilə bağlı dövlət səviyyəsində
təqdim edilən tapşırılqar müstəqil Azərbaycanın
dövlətçilik ideologiyasının irəli
sürülməsinin, dilimizin zənginləşməsinin,
dilə qayğının ifadəsidir. Azərbaycan dilinin
qorunub saxlanması ilə bağlı cənab Prezidentin irəli
sürdüyü müddəalar içərisində beynəlxalq
terminologiya ilə bağlı məsələlər yer tutur.
Prezidentin qeyd etdiyi kimi, problemin çıxış yolu beynəlxalq
terminologiyadan istifadə ilə yanaşı, digər terminlərin
Azərbaycan dilində qarşılığını tapmaq,
milli terminologiyanı genişləndirməkdən ibarətdir.
Mütləq Azərbaycan dilində yeni sözlər
yaradılmalı, beynəlxalq terminlərin
qarşılığı tapılmalıdır”.
Rəşad Məcid: "AMEA ilə mətbuatın əlaqələri
daha da sıxlaşdırılmalıdır"
Daha sonra çıxış edən Azərbaycan Mətbuat
Şurasının sədri Rəşad Məcid deyib ki,
jurnalistlər dildə mövcud olan müxtəlif sözlərin
yayılmasında əhəmiyyətli rol oynayan peşə
sahibləridir: “Ona görə də Mətbuat Şurasında
fəaliyyət göstərən Dil Kommisiyasını yenidən
formalaşdırdıq. Hesab edirəm ki, bu Kommisiyanın fəaliyyəti
ilə MŞ ilə AMEA-nın aidiyyəti intututları
arasında əməkdaşlıq möhkəmlənəcək.
Arzu edirik ki, AMEA ilə mətbuatın əlaqələri daha
sıx olsun”.
Vüsalə Mahirqızı: Azərbaycan dili ilə
bağlı lüğətlərin
elektronlaşdırılmasına ehtiyac var
Konfransda çıxış edən "APA Media
Group”un baş direktoru, Azərbaycan Mətbuat Şurası Dil
Komissiyasının sədri Vüsalə Mahirqızı
bildirib ki, Azərbaycan dili ilə bağlı lüğətlərin
elektronlaşmasına ehtiyac var: "Azərbaycan dili yalnız
kommunikasiya vasitəsi deyil, milli düşüncə modelidir.
Prezident İlham Əliyevin Azərbaycan dilinin qorunması ilə
bağlı çıxış və müsahibəsində
də Azərbaycan dilini milli kimliyimizin mühüm atributu
hesab edib. Media dilin qorunması üçün dilçi alimlərlə
daim əməkdaşlıq etməlidir”.
“Milli Elmlər Akademiyası Azərbaycan dilinin
orfoqrafik, orfoepik, leksik, terminoloji lüğətlərini
hazırlayıb. Əlbəttə, bu, çox vacibdir. Lakin həm
media, həm də kütləvi əlçatanlıq
üçün lüğətlərin elektronlaşması
və süni intellekt alətlərinə inteqrasiya edilməsi
vacibdir. Əsas məsələ orfoepiya lüğətinin
elektronlaşdırılmasıdır. Bu həm televiziya
aparıcıları, həm də dilimizi yeni öyrənənlər
üçün çox dəyərli vəsait olar. Təəssüf
ki, insanlar bəzən televiziya verilişlərindən, sosial
mediadan sözün səhv tələffüzünü
eşidirlər, bu cür də yadda saxlayırlar", -
Vüsalə Mahirqızı bildirib.
Media rəhbəri onu da qeyd edib ki, hazırda onlayn
mediada Azərbaycan dilində sözlərin düzgün
yazılışını yoxlayan alətlərdən istifadə
edilir: “Burada ən yaxşı köməkçi vasitə xəbər
yazılan kimi mətnin bir neçə saniyə içərisində
alətlər tərəfindən yoxlanılmasıdır.
Amma Azərbaycan dili ilə bağlı o alətlər
keçmişdə yaradılıb və həmin alətlərdə
yenilənmiş qaydalar nəzərə alınmayıb. Hesab
edirəm ki, Dilçilik İnstitutu bu elektor alətləri
yeniləyə və ya yenidən yarada bilər. Bu, Azərbaycan
dili ilə bağlı mediada və kütləvi istifadə
zamanı baş verən səhvlərin sürətlə
aradan qaldırılmasına kömək edə bilər".
Professor Sevinc Əliyeva: "Dərsliklər
uşaqlar tərəfindən tam başa
düşülmür"
Dilçilik İnstitutunun Monitorinq və linqvistik təhlil
şöbəsinin müdiri professor Sevinc Əliyeva deyib ki, dərsliklər
uşaqlar tərəfindən tam başadüşülən
deyil: “Biz dildə gedən prosessləri diqqətlə izləməli,
sözlərin düzgün yazılışı və tələffüzü
ilə bağlı narahat olmalıyıq. Azərbaycan dili digər
dillərdən fərqli olaraq morfoloji quruluşa malik dildir.
Belə olan halda, biz niyə şəkilçilərimizi
ixtisar etməliyik? Axı dilimiz şəkilçilər
üzərində qurulub. Azərbaycan ədəbi dilinin
qorunması üçün yazdığımız kimi
danışmalıyıq”.
Qulu Məhərrəmli: "Azərbaycanda dillə
bağlı ən ciddi problemlərdən biri orfoqrafiya ilə
orfoepiyanı ayıra bilməməkdir"
Bakı Dövlət Universitetinin Televiziya və radio
jurnalistikası kafedrasının professoru, Azərbaycan Mətbuat
Şurasının Dil Komissiyasının üzvü, professor
Qulu Məhərrəmli deyib ki, Azərbaycanda dillə
bağlı ən ciddi problemlərdən biri orfoqrafiya ilə
orfoepiyanı ayıra bilməməkdir: “İnsanlar
yazdığı kimi danışmağa, ya da
danışdığı kimi yazmağa vərdiş edib. Azərbaycan
dilini korlayan faktlardan biri də televiziya, yaxud radioda futbol şərhçilərinin,
digər aparıcıların səsləndirdiyi səhv ifadələrdir.
Nümunələrin əksər hissəsində məna səhvləri
mövcuddur. Bundan əlavə söz sırasının
pozulmasına, eləcə də sözlərin işlənməsində
məna səhvlərinə də rast gəlinir. Cümlələr
düz qurulmadıqda ciddi şəkildə diqqəti cəlb
edir”.
Sayalı Sadıqova: "Azərbaycan dilinin
qorunmasını korlayan nüanslardan biri də ictimai iaşə
obyektlərinin adıdır"
Azərbaycan alimi, filologiya elmləri doktoru, professor,
AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda
"Terminologiya" şöbəsinin müdiri və AMEA Rəyasət
Heyəti yanında Terminologiya Komissiyasının sədr
müavini Sayalı Sadıqova bildirib ki, terminologiya məsələsində
qəbul edilmiş yeni terminlər siyahısı, terminlərin
yaradılması qaydası və s. qəzetlərdə, mətbuatda
elan edilməlidir: “Dildə olan problemlərdən biri də
dilin tədqiqi prosesidir. “Dövlət dili haqqında Qanun”da
yazılıb ki, ölkə daxilində fəaliyyət
göstərən iaşə müaəssisələrində
reklamlar və adlar öncə Azərbaycan dilində, sonra
xarici dildə yazılmalıdır. Amma küçədəki
reklamların ingilis dilində yazıldığını
görürük. Hazırda Azərbaycan dilinin
qorunmasını, gənclərin təfəkkürünü
korlayan nüanslardan biri də ictimai iaşə obyektlərinin
adıdır”.
Teleaparıcı Nərgiz Cəlilova: "Orfoepiya
lüğətinin rəqəmsallaşdırılması
çox vacibdir"
Mətbuat Şurasının Dil Komissiyasının
üzvü, teleaparıcı Nərgiz Cəlilova bildirib ki,
orfoepiya lüğətinin rəqəmsallaşdırılması
çox vacibdir: “Düzdür, süni intellektdə sözlərin
vurğusu və digər orfoepik qaydalarla bağlı məlumatlar
əldə etmək olur. Amma yaxşı olar ki, bunu xüsusi
olaraq özümüz daha asan, anlaşıqlı formada təsis
edək. Burada alınma sözlərin də heca vurğusu
verilməlidir. Bundan əlavə, ölkə adları, xarici
soyadlar və adlar, toponimləri ancaq rus və ingilis dilində
axtarışa verdikdə düzgün tələffüzünü
öyrənə bilirik. Bu bizim dildə də öz əksini
tapmalıdır”
Mətbuat Şurasının İdarə Heyətinin
sədr müavini Səadət Məmmədova: "Mətbuat
katiblərinin dili ilə bağlı tədbir görülməlidir"
Mətbuat Şurasının İdarə Heyətinin
sədr müavini, Əməkdar jurnalist Səadət Məmmədova
deyib ki, gələcəkdə bu tədbirlərdən biri də
mətbuat xidmətləri ilə bağlı olmalıdır:
“Gələn press-relizlərin dilindən qan
ağlayırıq. Mediadan gəlməyən mətbuat xidməti
əməkdaşları öz yazdıqlarını doğru
sayırlar. Biz onu anlaşıqlı dilə çevirmək
istəyəndə də küsürlər, hətta təzyiq
göstərirlər ki, mətnlərimizi dəyişməyin”.
O qeyd edib ki, gənclərin dil bilikləri bəsitləşib:
“Düzdür, gənclərin içində orfoepiya
qaydalarını bilən, yaxud duyumla daha yaxşı tələffüz
edən gənclər var. Amma onların mütaliəsi
olmadığına görə, söz bazaları zəifdir.
Müxbirlərə nə qədər təlimat versək də,
canlı bağlantıda öz bildiyini edirlər. Ona görə
Vüsalə Mahirqızının təklifinə dəstək
olaraq bildirirəm ki, Orfoepiya qaydaları süni intellektlə ən
müasir, ən zəngin qaydada inteqrasiya edilməlidir ki,
kitabdan istifadə etməyənlər heç olmasa, virtual
orfoepiya lüğətlərindən istifadə etsinlər”.
Azərbaycan Mətbuat Şurasının İdarə
Heyətinin üzvü, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri
Umud Rəhimoğlunun sözlərinə görə, mediada
dilimizə zərər gətirən ifadələrdən,
başlıqlardan istifadə edilir: “Məsələn,
“şok” başlıqlı ifadələr və s. dilimizin
çirklənməsinə səbəb olur, fikri
çaşdırır. Bütün bu qüsurlar dil
üçün böyük zərərdir”.
Əməkdar jurnalist, "Xalq qəzeti"nin baş
redaktoru Əflatun Amaşov bildirib ki, qəzetin qapıları
ziyalılar üçün açıqdır: "Qəzetdə
ziyalıların töhfələrindən bəhrələnməyə
hazırıq". Həmçinin o qeyd edib ki, teatrlarda
klassik tamaşalar azdır: "Dilin öyrənilməsində
televiziyalar qədər teatrlar da rol oynayır. Bu baxımdan,
teatrlarlarda dilin istifadəsinə baxılmalı, həmçinin
klassik tamaşaların sayı
artılırmalıdır".
Xalq qəzetinin baş redaktor müavini Tahir
Aydınoğlu hesab edir ki, ana dilimizin qorunmasında qəzetin
rolu böyükdür: “Amma dilimizlə bağlı məsələləri
təşfiq edə bilmirik. Bu baxımdan audiovizual medianın,
onlayn medianın rolu böyükdür. Bundan əlavə, bəzi
dilçi alimlərin yazılarında qüsurlara rast gəlirik.
Dilçi alimin yazısı bizə elə gəlir ki, az
qalırıq onu elə verib, oxuculara güldürək”.
"Bakı-Xəbər" qəzetinin baş
redaktoru Aydın Quliyev: "Sözlərin
yazıldığı kimi deyilməsi kobud səhvdir"
Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin
üzvü, "Bakı-Xəbər" qəzetinin baş
redaktoru Aydın Quliyev deyib ki, əksər hallarda sözlər
yazıldığı kimi deyilir: “Bu çox kobud səhvdir.
Sözün yazılışı ilə deyilişi
arasındakı qaydalara riayət etmək lazımdır.
Bundan əlavə, bəzən dilimizin qrammatik qaydalarına hədsiz
yaradıcı yanaşmaq da dilin korlanmasına səbəb ola
bilir”.
525-ci qəzet .- 2026.- 20 fevral(¹7).-S.12.