"Azərbaycan sabitləşdirici,
birləşdirici qüvvədir"
Zaur Məmmədov: "Bölgədəki proseslərə
mane olmaq yox, dəstək vermək hər kəs
üçün daha yaxşı olar"
Son bir həftə Azərbaycan diplomatiyası
üçün mühüm hadisələrlə zəngin
oldu. Prezident İlham Əliyev Münxen Təhlükəsizlik
Konfransında iştirak etdi, təkcə regional deyil, beynəlxalq
gündəm üçün əhəmiyyətli mesajlar
verdi, bir sıra görüşlər keçirdi. Dövlət
başçısı daha sonra Serbiyaya səfər etdi. Bu səfər
həm ikitərəfi, həm də Balkanlarla münasibətlərin
inkişafında yeni bir səhifə açır.
Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov "525"ə
müsahibəsində qeyd edilən məsələlərlə
bağlı sualları cavablandırıb.
- Bu il keçirilən Münxen Təhlükəsizlik
Konfransının Azərbaycan üçün əhəmiyyəti
nədən ibarətdir?
- Builki Mühxen Təhlükəsizlik
Konfransının mövzusu və qarşıya qoyulan məqsədlər
dünyadakı konfrantasiya, qeyri-sabitliklə bağlı idi.
Konfransın ilk günündə ABŞ-la Avropa
İttifaqı (Aİ) arasındakı gərginliyin aradan
qaldırılmasına ümidlərin olduğunu
müşahidə etdik. Bununla yanaşı, hələ də
Vaşinqton və Brüssel arasında əsas məsələlərlə
bağlı, o cümlədən Avropanın təhlükəsizliyi,
sülh məsələlərində ciddi fikir
ayrılıqlarının olduğunu gördük. Bu fonda Azərbaycan
Prezidentinin iştirakı əlbəttə ki, fərqli bir
ab-hava yaradırdı. Çünki Azərbaycan sülh əldə
edən və sülhü inkişaf etdirən tərəf
kimi çıxış edirdi. Əgər orda bir çox
ölkələr arasında fikir ayrılıqları var idisə,
bir çox ölkələrin bu və ya digər şəkildə
baxış bucağında üst-üstə düşməyən
məqamlar var idisə, Azərbaycan əksinə, həm
ABŞ, həm Aİ, həm də digər tərəflərlə
balanslı siyasət aparan, sabitləşdirici və birləşdirici
tərəf olaraq beynəlxalq subyekt qismində
çıxış edirdi. Prezident İlham Əliyevin
çıxışını sülhdən başlaması
onu deməyə əsas verirdi ki, Cənubi Qafqazda nəhayət
ki, sülh əldə edilib və bu, Qərblə Şərqin
yolayrıcında yerləşən bir bölgədə
sabitlik deməkdir ki, bu sabitlik və sülhü dəstəkləmək
lazımdır. Bu, gələcək perspektivdə həm də
Avropanın, bütövlükdə Avrasiyanın təhlükəsizliyi
üçün vacib məqamlardan biridir. Bəli, bu sülhə
qarşı çıxan tərəflər var, sülhü
istəməyən qüvvələr var, dünyada
qeyri-sabitlik yaratmaq istəyən qüvvələrin sayı
da az deyil, amma ümumilikdə Azərbaycanın
atdığı addımları qiymətləndirmək,
sülhlə bağlı prosesi gücləndirmək və
buna dəstək olmaq lazımdır. Çünki məlum məsələdir
ki, Bakıda separatçılara hökm oxunması fonunda
başda fransız parlamentariləri olmaqla, erməni diasporası
və bir qrup şəxs tərəfindən dünya ictimaiyyətini
çaşdırmağa istiqamətlənən
çağırışları görürük. Biz həm
ABŞ hökumətinə, həm də Avropa parlamentarilərinə
və hökumətlərinə bu və ya digər şəkildə
ismarıcları və təzyiqləri görürük. Bu mənada
təbii ki, Prezident İlham Əliyevin
çıxışı və bölgədəki vəziyyətlə
bağlı fikirləri ilə dünya bir daha bölgədəki
prosesləri başa düşmüş oldu. Eyni zamanda,
çıxışda bir daha vurğulandı ki, bölgədə
yeni layihələr icra olunmaqdadır, Azərbaycan artıq
daha çox Avropa ölkəsinə təbii qaz satır və
bu, Avropanın enerji təhlükəsizliyi üçün
çox vacib məqamdır. Gələcəkdə qaz alan
ölkələrin sayı artacaq ki, bu, ümumilikdə
bölgənin iqtisadi-siyasi durumuna təsir etmiş olacaq. Amma
ölkəmiz bununla kifayətlənmir, biz bir çox digər
yollarla da Avropanı qazla təmin edə bilərik. Bu aspektdə
Transsxəzər layihələrinə də daha çox
Avropaya vurğu etsəydik, yaxşı olardı. Bu da təsadüfi
deyil, çünki hazırda Zəngəzur dəhlizinin -
Tramp yolunun açılmasından söhbət gedir. Ənənəvi
Azərbaycan-Gürcüstan vasitəsilə Avrasiyanın orta
xəttində biz əlaqələrin genişləndirilməsinə
şahidlik etməkdəyik. Belə olan halda, Xəzərin o
tayından Qərb istiqamətinə həmin layihələri
Avropa dəstəkləməlidir. Bu çıxış həm
də topu Avropaya verir. Onların özləri bu kimi iqtisadi və
kommunikasiya layihələrində maraqlı olduqları
üçün daha qərarlı, daha prinsipial
olmalıdırlar.
Ümumilikdə, Azərbaycan Prezidentinin hər zaman
olduğu kimi, bu beynəlxalq tədbirdə də
çıxışına diqqət böyük idi, nəticə
etibarilə coğrafi cəhətdən Azərbaycan
kiçik dövlət olmasına baxmayaraq, ərazicə
böyük dövlətlər arasında, o cümlədən
bu və ya digər şəkildə iqtisadi-siyasi potensialı
kifayət qədər yüksək olan ölkələr
arasında öz mövqeyini qorumağı və
çatdırmağı bacardı. Bir çox ölkələrdən
fərqli olaraq hansılar ki, dünyanın ayrı-ayrı
bölgələrində sabitsizləşdirici faktor rolunda
çıxış edirlər, Azərbaycan sabitləşdirici
qüvvədir, birləşdirici qüvvədir, Münxen
konfransında da bir daha hər kəs bunu görmüş
oldu.
- Münxendə "France 24" telekanalına
müsahibəsində Prezident Fransa ilə münasibətlərdən
də danışdı. Dövlət başçısı
bildirdi ki, bizə hər hansı ölkə, o cümlədən
Fransa ilə heç bir problem lazım deyil, hər iki tərəf,
xüsusən də Ermənistan ilə Azərbaycan
arasında artıq əldə olunmuş sülhdən sonra
normal münasibətlərə daha çox hazırdır.
Fransa ilə münasibətləri necə
görürsünüz?
- Fransanın regionla bağlı əsas hədəfi
ondan ibarət idi ki, yaranmış vəziyyətdən istifadə
edərək Cənubi Qafqazda daha çox təsir imkanları
əldə etsin, qərbpərəst Paşinyanın köməyindən
istifadə edərək həm Türkiyənin, həm də
Rusiyanın vacib qonşuluğunda olan strateji nöqtədə
öz hərbi, siyasi rolunu artırsın. Eyni zamanda, təbii
ki, ənənəvi olaraq fransız syasətçiləri tərəfindən
Qarabağ mövzusunda və erməni məsələsi ətrafında
türkfob və Azərbaycana qarşı bəyanatlar səsləndirərək
Aİ-də öz mövqeyini gücləndimək niyyətində
idi. Bu və ya digər şəkildə biz Fransanın bir
neçə hədəfinin olduğunu gördük. Amma bu hədəflərin
hər biri darmadağın edildi. Son beş il ərzində
onlar dəfələrlə BMT Təhlükəsizlik
Şurasına Azərbaycanla bağlı məsələ
çıxardılar. Avropa Parlamentində, AŞPA-da,
Aİ-nin özündə Azərbaycana qarşı
sanksiyaların, bəyanatların qəbuluna və tətbiq
edilməsinə çalışdılar. Yəni ölkəmizə
qarşı bütün düşmənçilik
mövqeyini maksimum şəkildə istifadə etdilər.
Bütün bunlara baxmayaraq, heç bir hədəflərinə
çatmadılar. Prezident Makron da çox yaxşı bilir
ki, əgər müharibə vaxtında, müharibənin nəticələrinin
həzm edildiyi bir dövrdə onlar məqsədlərinə
çatmadılarsa, bundan sonra da mümkün deyil. Bununla belə,
bu günlərdə Fransa parlamenti tərəfindən yenidən
qərəzli bir sənədin qəbuluna şahidlik etdik.
Bütün bunlar onu göstərir ki, Fransada hakimiyyətdə
kimin olmasından asılı olmayaraq erməni məsələsi,
ermənilərin müdafiəsi bundan sonra da bu və ya digər
şəkildə davam etdiriləcək.
Hazırkı dövrdə Makronun qarşısında
daha böyük çağırışlar var və o, həm
hakimiyyətini sonadək davam etdirməsini
düşünür, həmçinin Ukrayna məsələsi
və s. var, yaxşı olar ki, Fransanın koalisiyalı
hökuməti öz işi ilə məşğul olsun. Bütün
bunların fonunda biz Azərbaycanın Fransaya qarşı
çox uğurlu siyasət apardığını
görürük. Azərbaycan sübut etdi ki, Fransa
qarşısında müdafiə siyasəti aparası deyil,
tamamilə kəskin və konkret şəkildə Fransa ilə
bağlı bəyanatlar verildi, sistemli siyasət
aparıldı.
Nəticə etibarilə biz nəyi gördük,
Fransa dünyada Azərbaycanla bağlı hansısa qərarların
qəbulunu istəyirdi, amma əksinə, bu, özünə
qarşı oldu. Nəticədə Qlobal Cənub
platforması yarandı, Afrika və Okeaniya ölkələrinin
Fransa neokolonializminə qarşı birləşməsini
gördük və ciddi şəkildə Fransaya qarşı
bir ideoloji qrupun kollektiv şəkildə fəaliyyətinə
şahidlik etmiş olduq. Çünki Fransanın
apardığı siyasət doğrudan da antihumanist, kolonial
idi. Azərbaycanı ermənilərin hansısa
hüquqlarının tapdanmasında, müharibə vaxtı
onlara qarşı guya ki, hansısa davranışda
günahlandıran Fransa gördü ki, elə dünyada
soyqırımı siyasətini aparan, hərbi, siyasi cinayətləri
davam etdirən, ölkələrin suverenliyinə və
müstəqilliyinə bais olan, təzyiq edən məhz bu
ölkənin özüdür. Makronun daxili siyasətdə də
uğursuzluğu vəziyyətinin daha da pisləşməsinə
gətirib çıxardı.
- Azərbaycan Balkanlar istiqamətində də fəal
siyasət aparır. Bu baxımdan dövlət
başçısının Serbiyaya səfərinin əhəmiyyətini
necə şərh edərdiniz?
- Bu gün çox nadir hallarda dünyada hansısa
lider, - xüsusilə, söhbət Avropa liderlərindən
gedir, - kimisə tərifləyir, barəsində xoş
sözlər deyir. Biz dəfələrlə digər liderlərlə
yanaşı, Serbiya Prezidenti Aleksandar Vuçiçin
İlham Əliyevin ünvanına siyasi leksikonda desək,
tamamilə nümunəvi və xoş sözlər dediyinə
şahidlik edirik. O, İlham Əliyevi özü
üçün örnək bir lider adlandırır. Bu da
hesab edirəm ki, hər bir azərbaycanlı tərəfindən
çox xoş qarşılanır. Prezidentin səfəri ilə
bir daha təsdiq edildi ki, Azərbaycanla Serbiya arasında
ümumilikdə həm təbii qaz ilə bağlı ciddi
şəkildə fəaliyyət mexanizmləri gücləndirilir
və genişləndirilir, eyni zamanda, artıq enerji siyasəti
ilə bağlı yeni layihələr həyata keçiriləcək.
Əgər buna qədər söhbət təkcə Azərbaycandan
Serbiyaya təbii qazın ötürülməsindən
gedirdisə, bundan sonra Serbiya da həmin o enerjinin şaxələndirilməsində,
istehlakında əsas aktora çevriləcəkdir ki, bu da
olduqca vacib nüanslardan biridir. Bilirik ki, Azərbaycan Balkanlarda
son beş ildə öz mövqeyini kifayət qədər
gücləndirib, demək olar ki, əksər Balkan ölkələri
və Şərqi Avropa ölkələri Azərbaycanla enerji
sahəsində əməkdaşlıq edir. Bu, təkcə təbii
qazla, neftlə bağlı deyil, eyni zamanda, yaşıl eneri
ilə bağlıdır, Qara dənizin dibi ilə çəkiləcək
fiber optik xətlərlə əlaqədardır ki, biz Şərqi
Avropa və Balkanlarda Azərbaycanın demək olar ki,
qeyri-Avropa ölkələri arasında bir nömrəli tərəfdaşa
çevrildiyinə də şahidlik etməkdəyik.
Ümumilikdə həm Serbiyaya səfər, həm
Münxen Konfransında iştirak, imzalanan sənədlər,
ikitərəfli, çoxtərəfli görüşlər
Azərbaycanın siyasi-iqtisadi mövqeyinə təsir edəcəkdir.
Hazırda dünyanın çox çətin
çağırışlarla
qarşılaşdığı bir vaxtda və qeyri-sabit bir
dünyada bunlar bölgənin inkişafına töhfə
vermiş olacaq. Bu, həm də bir daha onu göstərir ki, Azərbaycanla
dost olmaq lazımdır, Azərbaycanın maraqlarını əlbəttə
ki, qarşılıqlı şəkildə nəzərə
almaq lazımdır, bölgədəki proseslərə mane
olmaq yox, dəstək vermək hər kəs üçün
daha yaxşı olar.
Pərvanə SULTANOVA
525-ci qəzet .- 2026.- 20 fevral(№7).-S.9.